Bir müddət əvvəl Prezident köməkçisi Əli Həsənov mətbuata açıqlama verərək, bütün vətənsevərləri 2015-cü ildə “Qafqaz triosu” filmini çəkmiş Rüstəm İbrahimbəyova qarşı cihada səslədi. Beləcə, indiyədək davam edən amansız yarış başladı. Əlinə qələm alan bütün “vətənsevər”lər dünyaca tanınmış kinorejissorun üstünə töküldü, ən yağlı söyüş yazmaq qabiliyyətini nümayiş etdirdilər.
“Vətənsevərlərin” kinonun çəkilməsindən 3 il sonra, özü də saraydan gələn əmrin ardından vəcdə gəlməsi mənə bir vaxtlar yazdığım “Vətən sevgisi” şeirimdən bir parçanı xatırlatdı:
“Kimisi üçün səni sevmək
Bir neft buruğudur.
Kimisi üçün isə
Ağa buyruğudur”.
Bəli, Azərbaycan “patriotları” məhz bu vəcdə gəlişlərilə vətən sevgisinin onlar üçün bir ağa buyruğu olduğunu sübuta yetirdilər. Mən də onlara həsr etdiyim acizanə əsərimi öz sahiblərinə ünvanlamağa qərar verdim.
Heydər Oğuz
Vətən sevgisi
Hər kəs səni
sevdi sevməyinə, Vətən!
Birisi sənə
Sahibdir - deyə, sevdi.
Birisi sahibindən
Ayıbdır - deyə, sevdi
Birisi də çörəyini
Yeyibdir - deyə sevdi.
Hər kəs səni sevdi, Vətən!
Kimisi üçün səni sevmək
Bir neft buruğudur.
Kimisi üçün isə
Ağa buyruğudur.
Bəzən quyruqlu yalanları
Bəzəyən naxışdır - Vətən.
Bəzən hər damlası
Qızıl olan yağışdır - Vətən.
Bəzənsə varlı süfrəsində bir tikə kabab,
Yağlı dolmadı.
Kasıb həyətindəsə
Son ümid yeri kimi
Ağac altına düşüb
Çürüyən almadı.
Hər kəs səni
Bir səbəbə görə sevdi, Vətən!
Alma kimi, buruq kimi,
Hətta yağlı quyruq kimi,
Bircə səni Vətən kimi
sevən olmadı.
Paylaş: