Xəbər lenti

  

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı vəliəhdi  Məhəmməd bin Salmanla görüşüb. Görüşdə Camal Qaşıqçının öldürülməsi ilə bağlı aparılan araşdırma müzakirə edilib və ABŞ prezidenti həmsöhbətinin vədlərini bəyənməyib.

Ovqat.com xəbər verir ki, bunu görüşdən sonra jurnalistlərə açıqlama verən Donald Trampın özü etiraf edib.

Onun bildirdiyinə görə, vəliəhd istintaqın tamamlanması üçün 1 ay vaxt istəyib, bu isə Trampı qane etməyib: “Bu, çox uzun müddətdir, buna ehtiyac yoxdur".

Trampın Səudiyyə krallığının bu şəkildə üstünə getməsi təəccüb doğurub.

Əvvəla, ona görə ki, Tramp daha əvvəl Səudiyyə Ərəbistanının Camal Qaşıqçının öldürülməsinə dair verdiyi bəyanatı "etibarlı" hesab etmişdi. İndi birdən-birə ritorikasını dəyişdirməsi və cinayətin araşdırılmasına bir aydan daha az möhlət verməsi vəliəhdin qələminin qırılması barədə ehtimalları ağla gətirir.

İkinci müəmma ondan ibarətdir ki, jurnalistin qətlə yetirilməsində ABŞ-ın da rolunun ola biləcəyi iddia edilir. Hətta qətlin sifarişində açıq-aşkar Trampın yəhudi əsilli kürəkəni Jared Kuşnerin adı hallanır. İddianı irəli sürənlər isə sensasiyalı xəbər axtaran və “istehsal edən” jurnalistlər yox, ABŞ-ın öndə gələn siyasətçiləridir. ABŞ Nümayəndələr Palatasının Texasdan seçilən millət vəkili, Demokrat partiyasının üzvü Joaquin Kastro bir müddət əvvəl bu iddia ilə ortaya çıxmış və Trampın kürəkəninin vəliəhdə ölüm siyahısı göndərdiyini bildirmişdi: "Jared Kuşner ABŞ kəşfiyyatı vasitəsilə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmana ölümünə fitva verilmiş düşmən siyahısı göndərmiş və şahzadə bu istiqamətdə hərəkət etmiş ola bilər”.

Trampın məsələni bu qədər tez-tələsik həll etməyə çalışması da mümkün olduğu qədər ittihamlardan yaxa qurtarmaq istəyinin nəticəsi təəssüratı yaradır. O da mümkündür ki, ABŞ prezidenti öz əleyhinə formalaşmış və getdikcə artan sosial təzyiqlər sayəsində bu qədər prinsipial mövqe tutmağa məcbur olub.

ABŞ prezidenti dünənki açıqlamasında Səudiyyə Ərəbistanının qətli etiraf etdiyini bir daha alqışlayıb. Riyadın rəsmi etirafı isə ölkənin Baş Prokurorluğunun yaydığı məlumatdan ibarətdir. Həmin məlumata görə, Oktyabrın 2-də İstanbul Baş Konsulluğuna girdikdən sonra xəbər alınmayan jurnalist "konsulluq binasında baş verən dava-dalaş nəticəsində öldürülmüşdü”. Mətbuata sızdırılan məlumatlarda isə Qaşıqçının konsulluq binasında ağır işgəncəyə məruz qaldığı, əvvəl barmaqlarının dibindən qoparıldığı, sonra başının və bütün bədən üzvlərinin elektrik mişarıyla kəsildiyi bildirilir.




Ana səhifəyə qayıt        Baxış: 589          Tarix: 23-10-2018, 09:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma