“OPEK və əməkdaşlıq etdiyi digər istehsalçılar bazarı tarazlaşdırmaq üçün, lazım gələrsə, hasilatı aşağı salacaq və bu yolla qiymətləri tənzimləyəcək”.
Ovqat.com xəbər verir ki, bu sözləri OPEK prezidenti və Birləşmiş Ərəb Əmirliklərinin Energetika naziri Suhail əl-Mazrouei mətbut açıqlamasında deyib.
Neft hasilatının gözlətilərin üstündə olduğunu vurğulayan Mazrouei OPEK və tərəfdaşlarının strategiyalarını dəyişdirməsinin vacibliyindən danışıb. Onun fikrincə, bu strategiya dəyişikliyi hasilatın azaldılması istiqamətində olmalıdır:
"Bazarda tarazlığın qorunana bilməsi üçün keçmişdə istehsalı azaltdıq, bunu yenə etməliyik. OPEK neft bazarını tənzimləmək üçün, hər nə lazımdırsa, bunun üzərində fikir birliyinə varacaq".
OPEK prezidentinin bu çıxışı təsadüfi deyil. İki gün öncə dünya bazarında neftin qiyməti 7%-dən çox düşüş yaşadı və dünən özünü qismən toparlaya bildi. Onu da qeyd edək ki, bu ucuzlaşma artıq 12 gün idi ki, davam edirdi, iki gün öncə isə kulminasiya nöqtəsinə çatmışdı.
Beynəlxalq Enerji Agentliyi (IEA) Çərşənbə günü yaydığı aylıq hesabat da OPEK üzvlərinin və digər neft ölkələrinin kürkünə birə salmışdı. Hesabatda sənayeləşmiş ölkələrdəki xam neft ehtiyatlarının dörd aydır ki, dayanmadan artdığını və mövcud istehsalın davamı halında 2019-ci ilin ilk yarısında gündəlik 2 milyon barel artım olacağını proqnozlaşdırmışdı. Bu isə İranın gündəlik neft ixracına yaxın rəqəmdir, dolayısıyla embarqoya məruz qalan sözügedən ölkənin dünya bazarındakı payının kompensasiya ediləcəyi və 2019-cu ildə qiymətlərin sürətlə düşməsi mənasına gəlir.
OPEK-in çərşənbə axşamı yaydığı hesabatda da eyni təhlükədən bəhs edilmiş, səngiyən qlobal iqtisadiyyatın neftə tələbatının azalmasını və qiymətlərin gözlənəndən daha sürətlə ucuzlaşacağını proqnozlaşdırmışdı. Mazroueinin açıqlamasının bu bədbin proqnozlardan sonraya təsadüf etməsi gözlənilməz deyildi.
OPEK rəhbərinin açıqlamasının qismən işə yaradığı hiss olunur. Belə ki, ötən günlə müqayisədə bu gün neft birjalarında bahalaşma meylləri özünü göstərir. Dünən 65.04 dollara qədər enən “Brent” markalı neftin bir barreli bu gün 66.21 dollara qədər yüksəlib. “WTI” markalı neftin qiymətləri də 55.20 dollardan 56.30 dollara qalxıb.
Ovqat.com
Paylaş: