Xəbər lenti
27-11-2024, 19:25

  

 

 Hacı Tahir Abbaslı

İslam Demokrat Partiyasının sədri

Bəzi siyasilərin siyasəti bir kənara buraxıb dini mövzularda mühakimə yürütməsi ənənə halına gəlib. Belə mövzulardan biri də siğə məsələsidir.

Əvvəla, onu qeyd edim ki, Qurani-Kərimin Nisa surəsinin 24-cü ayəsində məhz müvəqqəti evlilikdən bəhs edilir. Bunun da islam kəlam ədəbiyyatındakı adı siğədir. İslamda müvəqqəti nigahın – siğənin qanuni olduğunu həm sünni həm də şiə təfsir kitablarına baxmaqla asanlıqla görmək olar. Müqəddəs dəyərləri öz nəfsinin tələblərinə uyğun şərh edənlərdən fərqli olaraq biz ilahi ehkamlara dini fərdi aspektdən yox, dini hikmət işığında yanaşmağa çalışır və təhrif olunmuş yanaşmanı nəinki günah, Allaha və rəsuluna hörmətsizlik sayırıq.

Siğə nigahının İslamın ilk çağlarında və peyğəmbərin vəfatından sonra mövcud olmasını inkar edən heç bir məzhəb yoxdur. Sadəcə bəzi məzhəbə görə, bu nigah növü sonradan qadağan edilmişdir. Bizə görə isə, peyğəmbərin qadağan etmədiyini sonrakı xəlifələrin ortadan qaldıra bilməzlər və Məhəmməd peyğəmbər xatəmi-ənbiya, yəni son nəbi olduğundan bu evlilik növü qiyamət gününə qədər qüvvədə qalacaq.

Siğənin mahiyyəti isə cəmiyyətdə əxlaqsızlığın və qeyri-qanuni uşaq doğumlarının qarşısını almaqdan ibarətdir. Əksini iddia edənlər zina ilə nigahın fərqini anlaya bilmirlər. Əgər bir izdivacda kəbin oxunursa və hər iki tərəf izdivaca razıdırsa, buna necə zina demək olar?

Mənim fikrimcə, siğə məsələsini tez-tez gündəmə gətirənlərin əsas məqsədi təkcə kəlami polemikalar təşkil etmək deyil. Bu cür polemikaların daha dərin və qorxulu səbəblər də var. Bunlardan biri də vaxtaşı qonşu ölkədən sitat gətirməklə düşünülmüş şəkildə məzhəbçiliyi və kin-küdurəti təbliğ etmək, ölkə müsəlmanları arasında təfriqə salmaqdır. İslami mənbələrdən xəbərsiz olan bu adamlar həqiqi müsəlmanların arqumentləri qarşısında acız qalanda isə çarəsizlikdən saxta millətçiliyi özlərinə qalxan edirlər. Halbuki, türk millətçiliyi də islami rədd etmir, əksinə “dini dinimdən, dili dilimdən” tezisini özünün əsas devizi - dəyəri kimi ön plana çıxarır.

Siğəyə zina kimi baxan fikirlərdə məntiqdən zərrə qədər əlamət də yoxdur. Hər bir insanın ailəsi dağla, yoldaşını itirə bilər, o zaman həmin insanlar nə etməlidirlər?

Azərbaycan xalqının böyük hissəsinin dini məzhəbini vələdizinalıq hesab edənlərin nail olmaq istədikləri əsas məqsəd isə vətəndaşlarımızın zülmə və xarici istilalara qarşı müqavimət gücünü sındırmaqdır. “Sən zinadan doğulansan” deyib aşağıladığın insanlardan hansı qəhrəmanlıq gözləməyə bilərsən? Sonra şikayətlənirlər ki, qeyrət, namus, vicdan, iradə, cəsarət, şücaət, mərhəmət, səxavət, abır, həya və ismət hara getdi? Məhz bu cür aşağılanmağın nəticəsidir ki, insanlarımız ictimai-siyasi sahələrdə fəallığı yox dərəcəsindədirlər.

Görünən odur ki, bəziləri "Dədə Qorqud"çuluqla məhşurlaşıb, həm də cəmiyyəti avam yerinə qoymaqla dindarlara "sahib" durmaq fikrindədirlər. Müasir seyxnəsrullahlığı təqlid edənlər bu mövzularda dartışmalar yaratmaqla ictimai-syasi gündəmdə qalmaq, dövlət və hakimiyyət üçün yararlı "fiqur" kimi görünmək niyyətindədir. Məhz belə qarayaxmalar və dini dəyərlərdə siyasi çalarlar axtarmaqla yadda qalmaq istəyirlər. Onlar daim məhərrəm ayının ritualları və eləcə də siğə barəsində süni datışmalar yaradaraq, müqəddəs ehkamlara belə həqarət etməkdən çəkinmirlər.

Qeyd edim ki, siğə haqqında yazdıqlarımla əslində bir jurnalist xanımın ünvaladığı suallara cavab vermişəm. Yoxsa bu mövzuda açıqlama vermək fikrimdən belə keçməyib.

Mən üzümü tutub bu adamlara səslənmək istəyirəm: deyək ki, əstəğfrullah siğədə yanlışlıq var. Bəs siz nə təklif edirsiniz? Bu cür naqislikdən necə xilas olaq? Forslana - forslana təmsil olunduğunuz hakimiyyət qollarında elə bir qanun hazırlayın ki, cəmiyyətdə belə neqativ hallar olmasın, siz də onu fahişəlik adlandırmayasınız.

Bir də unutmayın ki, qınanılası şey siğə deyil. Qınanılası və utanılası şey odur ki, ölkədə məişət zəminində nə qədər cinayətlər, ölüm faktları baş verir, qadın alveri getdikcə vüsət alır. Bu gün turizm adı altında başqa ölkələrə qazanc üçün gedib seksual xidmətlər edən xeyli sayda qadın var. Narahat olunası hal, bax, budur. Ölkədə boşanmalar, abortlar artır, qızları soyundurub oynadaraq videoları çəkilib paylaşılır, masajist adı altında seksul xidmətlər göstərilir, otellərdə seksual xidmətçilər ordusu yaranıb. Bu gün siğə davası saldığınız halda, kəbinsiz ailə qurulmasını niyə gündəmə gətirmirsiniz? Dinimiz bəlkə heç kəbin oxutmağı da bizə buyurmayıb və ya müqəddəs kitabımışda bu barədə nəsə deyilməyib? Nədir sizin qarnınızın dərdi? Bəlkə belə oyunları quran yazıq dindarlardır? Əlinizdə faktlar olsaydı indi yaxanızı cırıb, fəryad etməzdinizmi?

Özlərini millətçi kimi göstərənlərin bəziləri dini və dindarları aşağılamaqla yanlış fikirləri cəmiyyətə sırıyır, onu təhqir edirlər. Bu milləti yiyəsiz görüb, hissiyyatlarını və dini inancalarını, lütfən, aşağılamayın!




Ana səhifəyə qayıt        Baxış: 1 658          Tarix: 17-09-2019, 10:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma