Xəbər lenti

 

Deputat vəsiqəsini girov qoyub, sələmə milyonlarla dollar pul götürən və həmin vəsaitləri geri qaytarmayan Rəfael Cəbrayılovun deputat səlahiyyətlərinə oktyabrın 2-də rəsmən xitam verilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Cəbrayılovun səlahiyyətlərinə xitam verilməsi məsələsinə baxılıb. Müraciət MSK üzvləri tərəfindən səsə qoyularaq qəbul edilib. 

Məsələ ilə bağlı BAKU.WS deputatların da mövqeyini öyrənməyə çalışıb. Onların bizneslə məşğul olan həmkarlarına hansı tövsiyyələr edə biləcəyini dəqiqləşdirib. Milli Məclis üzvlərinin bizneslə məşğul olan deputatlarla bağlı mövqeyi belə olub:

Fazil Mustafa: “Qanun qadağan edir. Deputat bizneslə məşğul ola bilməz. Hər kəsin özünün ağlı və şüuru var. Hər kəs bilir ki, qanun nə tələb edir. Biznesmen olmaq istəyən gedir bizneslə məşğul olur. Olmaq istəməyənlər isə siyasətlə məşğul olur. Hər kəs çalışmalıdır ki, gələcəkdə belə təhlükələrə düşməmək üçün bizneslə siyasəti qarışdırmasın. Mənim kiməsə tövsiyyə verməyim düzgün deyil. Qanun özü bunun üçün düzgün yol göstərir. Yetər ki, qanunlara riayət edilsin. 

Təbii ki, parlamentdə hər kəsə normal əməkhaqqı verirlər. Məncə əlavə biznesə ehtiyac yoxdur. Ola bilər ki, deputatın hansısa yaxın adamı bizneslə məşğul olsun. Amma deputatın bizneslə məşğul olmasını mən başa düşmürəm. Əgər kimsə yaxşı biznesmendirsə, onun siysətlə məşğul olması şərt deyil. Hər sahə ayrılmalıdır”.  

Aqil Abbas: “Açığı deyim ki, mən kiməsə tövsiyyə vermək hüququna malik deyiləm. Mən bildiyim qədər heç bir deputatın öz adına biznesi yoxdur. Parlamentə seçilən şəxsin ola bilsin ki, xalası oğlu, dayısı oğlu və ya qardaşının biznesi olsun. Həm də ki, deputatlar öz boyunlarına öhdəlik götürüblər ki, bizneslə məşğul olmasınlar. 

O ki qaldı Rəfael Cəbrayılova, onunla bağlı da açıqlama oldu ki, biznes qardaşınındır. Rafael də ona deputat kimi köməklik edib, bu da başqa məsələdir. Amma mən hansısa deputatın bizneslə məşğul olduğunu deyə bilmərəm, çünki əlimdə sənədim yoxdur. Həm də o, məni məhkəməyə verər ki, burda yoldaşıq. Harda görmüsən mənim biznesimi? Hər bir halda deputat bizneslə məşğul olmamalıdır. Deputatlar təbii ki, normal maaş alırlar və bu məvaciblə yaşamaq mümkündür”. 

Elmira Axundova: “Bilirsiniz, bu barədə ətraflı danışmaq istəmirəm. Mənim heç bir tövsiyyəm yoxdur. Çünki mənim ixtiyarım yoxdur ki, bunu şərh edim. Hər kəs öz işini özü bilməli və qurmalıdır. Mən deputatlara heç bir tövsiyyə edə bilmərəm. Çünki onlar mənim həmkarlarım və mənimlə eyni səviyyədə olan şəxslərdir. Tövsiyyəni gərək mən yox, parlamentin sədri və onun müavinləri etsin. 

Ümumiyyətlə mən məlumatlı deyiləm ki, kimsə bizneslə məşğul olur, yoxsa yox. Mən bildiyim budur ki, belə bir hal yoxdur. Əgər kiminsə qardaşı, kürəkəni və ya oğlu məşğul olursa, bu, başqa məsələdir. Şəxsən deputatların hansısa bizneslə məşğul olmasına inanmıram”. 

Araz Əlizadə: “Mən özümə cavabdehəm və biznesim yoxdur. Həmkarlarıma məsləhət görə bilmərəm. Hərənin öz həyatı var. Qanunvericiliyə görə, deputat bizneslə məşğul ola bilməz. Şəxsən Milli Məclisin deputatı olaraq ayrılan maaş məni və ailəmi qane edir. Düşünmürəm ki, mən bizneslə məşğul olmalıyam. Siyasətlə biznes bir araya sığmır”.




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 3-10-2019, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma