Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılovun Milli Məclisin nüfuzuna xələl gətirən hərəkətlərlə məşğul olması səbəbindən deputat mandatından istefasının qəbul edilməsi barədə Milli Məclisin sədrinə etdiyi yazılı müraciəti aidiyyəti üzrə baxılması üçün Mərkəzi Seçki Komissiyasına göndərilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Milli Məclisin deputatı imtina ilə bağlı müraciət etdikdə aidiyyəti orqan tərəfindən o, deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisin deputatı R.K.Cəbrayılovun deputat mandatından məhrum edilməsi üçün əsas yaranmışdır.
Seçki Məcəlləsinin 176.3-cü maddəsinə əsasən Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda Mərkəzi Seçki Komissiyası tərəfindən qərarın qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
Mərkəzi Seçki Komissiyası Milli Məclisdən daxil olmuş müraciəti əsas götürərək Konstitusiyanın 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə və Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci, 176.3-cü maddələrinə uyğun olaraq qərara alır:
1. Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rafael Kamil oğlu Cəbrayılov deputat mandatından məhrum edilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov\\Azertag.az
Paylaş: