Xəbər lenti
27-11-2024, 19:25

 

Bu gün və sabah Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək. 120 dövlətin qoşulduğu qurumun Bakı sammitinə dünəndən gələnlər də var. Bunlardan biri İran prezidenti Həsən Ruhanidir.

Ovqat.com-un məlumatına görə, rəsmi Tehranın bütün ermənipərəst mövqeyinə baxmayaraq, Həsən Ruhani digər ölkə başçılarına göstərilməyən xüsusi təmtəraqla qarşılanıb.

Hətta Azərbaycanı bütün beynəlxalq tədbirlərdə ən çox müdafiə edən Pakistan prezidenti Arif Alviyə belə çox görülən diqqət Həsən Ruhanidən əsirgənməyib. Arif Alvi hər kəs kimi, Həsən Ruhani isə fəxri qarovul dəstəsilə qarşılanıb. Əlbəttə ki, bu, Ermənistana xüsusi sayğıyla yanaşan rəsmi Tehrana və onun təmsilçisinə deyil, eyni mədəniyyət dairəsinə daxil olduğumuz, aralarında milyonlarla azərbaycanlının yer aldığı İran xalqına bəslənən hörmətdir. Tarix boyu evinin ən yaxşı guşəsini yalnız qonağına ayıran, qonaqsız ailə üzvlərinin belə, həmin otağa girməsinə icazə verməyən Azərbaycan xalqının bu müsafirpərvərliyinin xüsusilə İrana göstərilməsinin yaxın qonşumuz üçün də nümunə olması bizim ən təbii gözləntilərimizdəndir.

 

AzərTac-ın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı bu qarşılanma mərasimində ali qonağı Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar. Maraqlıdır ki, İran prezidenti həmin gün öz yerli həmkarı ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə də görüşüb və bu görüşlər rəsmi informasiya kanallarımızın, o cümlədən AzərTAC-ın gözündən yayınıb. İran prezidentinin rəsmi saytı isə bu görüşlərə diqqətli yanaşıb.

President.ir-in məlumatına görə, “höcətülislam və elmlər doktoru” Həsən Ruhani dünən axşam Azərbaycan şeyxülislamı Allahşükür Paşazadə ilə bir araya gəlib və ona dini təməllərin möhkəmləndirilməsi ilə bağlı məruzə söyləyib. Deyib ki, zülm, ekstremizm və terrorizmlə mübarizə bütün ilahi dinlərin, o cümlədən müsəlmanların borcudur: “Getdikcə İslamın Rəhmani siması dünyaya yayılır”.

Prezident eyni zamanda iki ölkə dindarları arasındakı əlaqələrinin  artmasını dövlətlər arasındakı münasibətlərin və yaxınlığın genişləndirilməsi baxımından dəyərli addım hesab etdiyini vurğulayıb.

 

Xəbərdə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərinin fikirlərinə də yer verilib. Maraqlıdır ki, yazıda İran prezidentinin sözləri məruzə, Allahşükürün fikirləri isə hesabat kimi təqdim olunub. Allahşükür Paşazadə həzrətlərinin kimə hesabat verməli olub-olmadığını Çeçenistandan Azərbaycana qədər coğrafiyada məskunlaşan və fərqli məzhəblərə mənsub dindarların öhdəsinə buraxaraq, onun İran prezidenti qarşısında səsləndirdiyi fikirlərə diqqət çəkmək istəyirik. President.ir-in bildirdiyinə görə, şeyxülislam həzrətləri öz hesabatında bölgədə və Azərbaycanda dini duyarlığın getdikcə artdığından danışıb: "Din indi bölgə və Azərbaycan xalqının birliyinin əsasını təşkil edir və gündən-günə məscidlərə getdikcə daha çox insanın gəldiyini görürük. Bu il Azərbaycan xalqının Ərbəin  yürüşlərində daha aktiv iştirakını alqışlayırıq”.

Qeyd edək ki, Ərbəin yürüşləri hər il İmam Hüseynin 40 mərasimində keçirilir. Dünyanın bir çox ölkələrindən İraqın Nəcəf şəhərinə toplanan şiə dindarlar 80 km aralıda yerləşən Kərbəlaya yürüş edir və İmam Hüseynin qəbrini ziyarət edirlər. Hər il milyonlarla insanın qatıldığı bu yürüşdə iştirak etmək istəyən azərbaycanlı zəvvarlar İrandan keçərək İraqa daxil olurlar. Bu il ziyarət marşrutları üzərində İranın Qarabağ şəhidlərinin xatirəsinə çadırlar qurduğu və zəvvarlarımızın həmin çadırda dincəldiyini, İran mollalarının möizələrinə qulaq asdığı barədə daha əvvəl məlumat vermişdik.

 

Ərbəin yürüşlərində Qarabağ “kartı”: Xocalıya ağlamaq nədir, erməni rəsmilərilə ağız-ağıza öpüşmək nə?

Maraqlıdır ki, Ərbəin yürüşlərindən geri qayıdan zəvvarlarımız Azərbaycana əliboş dönməyəcəklər. İranın yarırəsmi Mehrnews.com saytının məlumatına görə, Azərbaycanlı Ərbəin zəvvarlarına İranın Astara gömrüyündə mədəni paketlər paylanılacaq. Məlumatda deyilir: “Ərbəin xarici zəvvarları çərşənbə axşamı səhər saatlarından başlayaraq Astara gömrük-keçid məntəqəsi vasitəsilə öz ölkələrinə qayıtmağa başlayıb. Zəvvarların yola salınması istiqamətində bir sıra tədbirlər həyata keçirilib, gömrük-keçid məntəqəsində namaz otaqları, qarşılama mokəbləri yaradılıb.

Bu il əsasən Azərbaycan, Gürcüstan və Rusiyadan olan 17 mindən çox xarici zəvvar Astara sərhədindən keçərək Kərbəlaya yola düşmüşdü. Biləsuvar gömrük-məntəqəsindən də yola düşənlərin bir hissəsinin Astara gömrüyü vasitəsilə öz ölkələrinə qayıtması gözlənilir.

Astara Ərbəin İdarəsi qonaqların qarşılanması üzrə komitəsinin sədri Cəmşid Məhdəvi deyib: “Astara imamzadələri xadimlərinin və xeyriyyəçilərin iştirakı ilə möhür, təsbeh, səccadədən ibarət 15400 ədəd mədəni paket hazırlanmışdır və sərhəd terminal mokəbində zəvvarlara paylanacaq.””

İranın Azərbaycan şiələrini maarifləndirmək üçün ərsəyə gətirdiyi AranNews saytı isə ölkəmizdən Ərbəin yürüşlərinə qatılanların daha artıq – 20 min zəvvar olduğunu bildirir. Saytın zəvvarlarımız üçün qələmə aldığı təbrik mesajında bildirilir: “Azərbaycan Respublikası şiələri illər öncə min-min piyada Kərbəlaya gedirdilər və bu il 20 min hüseynçi müştaq və riyasız zəvvar kərbəlayi oldu”.

 

Şeyxülislam həzrətlərinin qarşısında hesabat verdiyi İran dövlətinin Ərbəin zəvvarlarımıza uzun təbrik mesajındakı bu cümlə isə xüsusilə gözə batmaqla qalmır, həm də əməlli-başlı göz çıxarır:

“Bizim salamımızı İslam torpağından aralı düşmüş mehriban və qəhrəman Qarabağ diyarına çatdırın, nəsimə deyin ki, İranın dilavər müsəlmanları sizin dövlət adamlarınızın qərbin hiyləgərliyini buraxıb, birlik və həmrəylik üçün İran, İraq və Livanın hüseynçilərini səsləməsini gözləyirlər”.

Bizi maraqlandıran əsas məsələ isə başqadır. Sirr deyil ki, Azərbaycan reallığında nəinki Ərbəin zəvvarları və hansısa cansız nəsim yeli, hətta bir çox dövlət məmurları belə istənilən mesajı rəsmi Bakıya çatdırmaq gücündə deyil. Amma tez-tez Bakıya səfərə gələn İran yetkililəri ən yüksək rəsmilərimizlə görüşürlər. Heç uzağa getməyək, AranNews-in bu mesajı yayınladığı gün İran prezidenti də öz Azərbaycanlı həmkarıyla görüşüb. Hətta bizim rəsmi kanalların gözündən yayınan bu görüş də İran mediasının diqqət ayırdığı xəbərlərdən olub. Yenə Mehrnews-in yazdığına görə, cənab Ruhani öz həmkarı ilə regional məsələlərdən, enerji və tranzit sahələrində iki ölkə arasında imzalanan müqavilələrin nəticəsindən danışıb. Bəs nə əcəb “İranın dilavər müsəlmanları və Hüseyniçiləri” ürək sözlərini öz Ruhaniləri ilə deyil, imama ağlamaqdan başqa əlindən heç nə gəlməyən bizim zavallı ruhanilərimizlə ünvana çatdırmaq istəyirlər? Olmaya, burada nəzərdə tutulan mətləb təkcə mesaj çatdırmaq deyil. Ümidvarıq ki, bu sualımızı İran olmasa da, onlara hesabat verməyi öz vicdani borcu sayan Allahşükür Paşazadə həzrətləri cavablandıracaq.

Yeri gəlmişkən, şeyxülislam həzrətlərinə onu da xatırlatmaq istəyirik ki, əyləşdiyi vəzifəyə ömürlük seçilməsinə baxmayaraq, yaşı bu ilin avqustunun 26-da 70-i haqlayıb. Ümid edirik, bunun mətləbə nə dəxli olduğunu şeyx həzrətlərinin özü bizdən daha yaxşı anlayar.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 659          Tarix: 25-10-2019, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma