Xəbər lenti
27-11-2024, 19:25

 

İranın müxtəlif şəhərlərində Qarabağ şəhidlərinin xatirəsinə yas çadırları qurulub.

Ovqat.com-un “Müsəlman xalq" youtube kanalı və qafqaz.ir saytına istinadən verdiyi məlumatına görə, Ərbəin mərasimləri çərçivəsində qurulan bu çadırlarda erməni vəhşilikləri ilə əlaqədar fotolar nümayiş etdirilir, Qarabağ şəhidlərinin adına mərsiyələr oxunur. Mərsiyələrdə xüsusilə bu sözlər diqqəti cəlb edir:

“Bu azərilər

Ölüncə səslər:

Ya Hüseyn, mədəd!”

Bir çox şəhidlərin adına qurulan çadırlarda Ərbəin mərasiminə qatılan zəvvarlara xidmət göstərildiyi bildirilir. Yol boyu düzülən afişalarda Azərbaycan əlifbasıyla yazılmış elanlardan da aydın olur ki, bu yas çadırları ölkəmizdən Ərbəin mərasiminə gedən zəvvarlar üçün nəzərdə tutulub. Zəvvarlar yol boyu bu çadırlarda dincələ-dincələ, deməli həm də İranın rəsmi ideoloji təbliğatının təsirinə məruz qala-qala İraqla həmsərhəd Şələmçə qəsəbəsinə qədər  gedə bilərlər. Qəsəbədəki sərhəd-keçid məntəqəsindən keçib İraq torpaqlarına daxil olan azərbaycanlı zəvvarlar Bəsrəyə gedir və Ərbəin yürüşünə qatılırlar.

 

Qeyd edək ki, Ərbəin ziyarəti dünyanın ən qələbəlik toplantısı hesab olunur. Hər il imamın 40-da dünyanın müxtəlif ölkələrindən İraqın Nəcəf şəhərinə axışan şiələr burda İmam Hüseyni yad edirlər. Quranda müsəlmanlara fərz buyurulan Həcc səfərinə ildə uzağı 3 milyon zəvvar qatılırsa, Ərbəin yürüşünə qatılanların sayı bundan 10 dəfə çox olur. Ötən il bu yürüşlərə 40 milyon zəvvarın qatıldığı bildirilir. Doğrusu, bu məsələdə Həcc səfərlərini təşkil edən Səudiyyə Ərəbistanının bacarıqsızlığı mühüm rol oynasa da, hər halda İran və İraq rəsmilərinin Ərbəin mərasimlərinə bu dərəcədə önəm verməsi təkcə dini vəzifənin həyata keçirilməsi ilə də bağlı deyil. Bir çox ekspertlərin iddiasına görə, İran və İraq şiə liderləri Ərbəin mərasimlərindən həm də siyasi təbliğat kimi istifadə edirlər. Qarabağ şəhidlərinin xatirəsinə qurulmuş xeymələrin “Müsəlman Xalq” you-tube kanalı tərəfindən təbliğ olunması da bu versiyanı gücləndirir. Həmin youtube kanalının sahibi Tofid İbrahimbəlidir ki, onun fəaliyyəti haqqında yazılarımızdan birində bəhs etdiyimizdən bir də eyni fikirləri təkrarlamaq istəmirik. Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş xeymələrin təbliğatı ilə məşğul olan “Hizbullahın Azərbaycan üzrə Şeyx Nəsrullası”nı daha yaxından tanımaq istəyənlər Ovqat.com-un eyni adlı yazısını oxuya bilərlər.

 

Hizbullahın Azərbaycan üzrə Şeyx Nəsrullası – Töfid İbrahimbəyli kimdir?

Ərbəin yürüşlərinin maraqlı tərəfi ondan ibarətdir ki, zəvvarlar toplandıqları Nəcəf şəhərindən Kərbəla çölünə piyada yollanırlar. Nəcəfdən Kərbəlaya qədər məsafə 80 km.-dir. Hər il milyonlarla insanın 80 km. məsafəni piyada qət etməsi həqiqətən möhtəşəm görüntülər meydana gətirir. Ötən il Ərbəin mərasimlərində azərbaycanlı zəvvarlar da öz fəallıqları ilə fərqləniblər. Təqdim etdiyimiz videoda da bu, aydın görünür.

İraqlılar bəzən bu yürüşlərdə öz təqvalarını göstərmək üçün daha uzun məsafələri belə seçə bilirlər. Məlumata görə, ötən il bir çox zəvvarlar Ərbəin yürüşlərinə İraqın ən cənub bölgəsi olan Bəsrə əyalətinin Fav şəhərindən başlayıblar. Buradan Kərbəlaya məsafə isə 550 km-dir. Sözsüz ki, bu qədər məsafəni piyada getmək asan deyil və zəvvarlar yol boyu qurulan çadırlarda dincəlir, mərsiyyələrə qulaq asır, İslam şəhidləri və onların apardığı mübarizələrlə tanış olurlar. Həmin yas çadırlarına xeymə deyilir.

 

İranın müxtəlif yerlərində Qarabağ şəhidlərinin xatirəsinə qurulan xeymələrdə də bu qaydalar əsas götürülüb. Həmin xeymələrin hər biri bir şəhidimizin adına qurulub. Aşağıda təqdim etdiyimiz video-görüntüdə xatirəsinə xeymə qurulan bəzi Qarabağ şəhidlərinin adına rast gəlirik: Allahverdi Bağırov, Mehman Ələkbərov, Dostəli Mirzəlizadə, Emin Bağırov və s. kimi. Xeymələrin üzərində yazılmış “Qarabağ İslam torpağıdır” şüarları da diqqəti cəlb edir.

 

İranın rəsmi dairələrinin ermənilərlə yaxın münasibətləri fonunda Qarabağ şəhidlərinin adına qurulan bu yas çadırları xeyli qəribə görünür və istər-istəməz insanın beynində bəzi suallar yol açır: Məhərrəm ayının ilk günlərində, İmam Hüseynin qətlə yetirildiyi Aşura günündə Erməni olimpiadası keçirmək nədir, Həmədandan Şələmçəyə qədər xeymə çadırları qurmaq nə? Azərbaycanlı deputat Qüdrət Həsənquliyevin təbirincə desək, əli Qarabağ şəhidlərinin qanına batan erməni rəsmilərilə ağız-ağıza öpüşmək nədir, Qarabağ şəhidlərinə yas tutub ağlamaq nə?

Ümidvarıq ki, Azərbaycandan Ərbəin ziyarətinə qatılan zəvvarlara bu sualın cavabı veriləcək. Bunun üçün isə önümüzdə hələ 5 gün var. Belə ki, bu il Ərbəin miladi təqvim ilə 19 oktybar tarixinə təsadüf edir.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 486          Tarix: 14-10-2019, 22:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma