Xəbər lenti

 

 “Mən Əli Həsənovu ilk dəfə Heydər Əliyevin Naxçıvan Ali Məclisinin sədri olarkən, onun qəbul otağında tanımışam. Həmin vaxtı Əli Həsənov özü haqqında mənə söhbət edirdi. Söhbət zamanı məlum oldu ki, Əli Həsənov xalam oğlu Rafiqin işçisidir. Xalam oğlu isə həmin vaxtı Naxçıvan Universitetində tədris hissəsinin müdiri vəzifəsində çalışırdı. Xalamoğlu Rafiq Naxçıvan universitetini bitirmişdi, adi müəllim idi. Əli Həsənov isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib və orada müdafiə edərək, elmlər namizədi olub, sonra da Naxçıvan universitetini bitirən xalam oğlunun yanında dəftər daşıyan işləyirdi”.

NDU-da “dəftərdaşıyanlıq” vəzifəsi

  

Ovqat.com xəbər verir ki, Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından biri və mərhum Heydər Əliyevin partiyadakı müavini, professor Əli Nağıyev Demokrat.az-a açıqlamasında belə deyib.

Hazırda Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsini icra edən Əli Həsənovun bu qeyri-adi yüksəlişinin sirrinə işıq tutan Əli Nağıyev bildirib ki, adaşının karyera əldə etməsində onun da ciddi rolu olub və buna görə xeyli peşmandır. Açıqlamasının sonunda prezidentə səslənən Əli Nağıyev “bu cür üfunətçi adamları” ətrafına yığmasının onun adına xələl gətirdiyini  iddia edib. Oxuduqca şok olacağınız bir yüksəlişin sirrinin əsas təfərrüfatını təqdim edirik:

“Mən təhsilimi Sankt-Peterburqda davam etdirib, elmlər namizədi disretasiyasını müdafiə etmişəm və təhsilin insan həyatında nə qədər əhəmiyyətli olduğunu yaxşı dərk edirəm. Təhsil mənim təəssübümdür”-deyən Əli Nağıyev adaşının “M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirib, sonra da gəlib Naxçıvan Dövlət Universitetində adi bir vəzifədə işləməsini qəbul edə bilmədiyini” deyib. Buna görə də onu irəli çəkməyə qərar verib:

“Ziya Bünyadova dedim ki, bunu elmlər doktoru elə”

  

“Bu təəssüb mənə yer edirdi. Bu, Əli Həsənovun deyil, onun təhsilinin təəssübü idi. Yəni, mənə görə Əli Həsənov ən azı Naxçıvan Dövlət Universitetində kafedra müdiri olmalı idi. Mən növbəti dəfə ora gedəndə akademik Ziya Bünyadova Əli Həsənovu göstərərək dedim ki, bu adam tarixçidir, M.V.Lomonosov adına Universiteti bitirib, bunu elmlər doktoru elə. Həmin dövrdə Əli Həsənov Tamerlan Qarayevin partiyasının qurucularından biri idi, mən bunları bilirdim. Sadəcə olaraq mən yaxşı təhsilli gənclərin irəli çəkilməsinə çalışırdım...

Əli Həsənəvu da işə götürəndə yalnız və yalnız təhsilinə görə bunu etmişəm...

Sonradan 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçiriləndə də Əli Həsənovun Siyasi Şuranın üzvü seçilməyinə təsir etmişəm. Bakıya gələndən sonra isə onu YAP-ın Aparatında işə götürmüşəm”.

Maraqlıdır ki, Əli Nağıyevin bu xeyirxahlığı YAP-da birmənalı qarşılanmayıb. Hətta mərhum Heydər Əliyev də ona öz iradını bildirib. Buna baxmayaraq, Əli Nağıyev adaşına dəstəyini əsirgəməyib və bütün basqılara öz arqumentilə sinə gərməyi bacarıb:

“Heç utanmırsan sən?!”

 

“Həmin dövrdə Sürət Hüseynovun adamı olan Nizami rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzimov var idi. O vaxtı Əli Həsənov mənə zəng edib xahiş etdi ki, Eldar Əzimova zəng edib, ondan poçtun 2 otağını Əli Həsənova verilməsini xahiş edim, Əli də oradan öz biznesini qurmaq üçün ofis kimi istifadə etsin. Mən dərhal telefonda Əli Həsənova iradımı bildirib dedim ki, heç utanmırsan sən? Axı sən M.V.Lomonosov adına Moskva Dövlət Universitetini bitirmisən! Dur gəl bura! O gələndən sonra Əli Həsənovu əvvəlcə Aparata işə götürdüm, sonra isə ideologiya şöbəsinin müdiri təyin etdim. Həmin vaxtı Əli Həsənova vəzifə verəndə bütün YAP üzərimə qalxdı, məni qınayırdılar. Xeyrəddin Qoca qəzetdə yazdı ki, Heydər Əliyevin partiyasının idealogiya şöbəsinin müdiri gərək böyük adam olsun.

Yəni, mən Əli Həsənovu vəzifəyə götürəndə partiyada mənə çox böyük etirazlar oldu. Sözsüz ki, o vaxtı mənim YAP-da imkanlarım elə idi ki, bu etirazların hamısının qabağını almağı bacarırdım. O dövrdə partiyanın fəaliyyəti Heydər Əliyevin daim nəzarətində idi. Bu məqamda Heydər Əliyev mənə zəng edib, Əli Həsənovu işə götürməyimə görə irad bildirdi”.

Mərhum Heydər Əliyevin iradının isə olduqca ilginc səbəbi varmış. Əli Nağıyev bu səbəbi belə izah edir:

Heydər Əliyev Əli Həsənovu niyə bəyənmirdi?

 

“Çünki YAP-ın Naxçıvanda təsis konfransının 1 ili tamam olmamış, Əli Həsənov partiyanın quruculuğu işini ataraq, gedib alverlə məşğul idi. Heydər Əliyev də bunu yaxşı bilirdi. Ona görə Heydər Əliyev mənə zəng edib dedi ki, axı Əli Həsənov vaxtilə bizi ataraq, getdi alverlə məşğul olmağa! Sən də buna gətirib yüksək vəzifə verirsən! Mən Heydər Əliyevə dedim ki, ay Heydər Əliyeviç, axı bunun balası evdə acdır, bəs nə edəydi?... Mənim bu sözümdən sonra rəhmətlik Heydər Əliyev mənə bir kəlmə dedi: “Yaxşı, ciddi nəzarət elə”. Mən də hər zaman Əli Həsənova dəstək verirdim”.

Əli Həsənovun “ayaq altı qazanlığı”

 

Əli Həsənov isə öz himayədarının bu xeyirxahlığına onun ayağının altını qazmaqla cavab verir. Hər halda bunu himayədarın özü etiraf edir:

“Amma sonradan Əli Həsənov elədiyim bütün yaxşılıqları unudaraq, ayağımın altını qazmağa başladı. Mən hələ nazir idim, Heydər Əliyev məni çağırıb, Əli Həsənovun arxamca danışdığını söylədi. Heydər Əliyev mənə bildirdi ki, Əli Həsənov Əli Nağıyevin YAP-ı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çevirdiyini deyir. Mən də Heydər Əliyevə bildirdim ki, Əli Nağıyev partiyanı deyil, Nazirliyi YAP edir. Əsaslandırdım ki, məndən əvvəl Rafael Allahverdiyevi və Əli İnsanovu daha böyük qurumlara vəzifəyə qoymusunuz, ancaq onlar partiyadan demək olar ki, heç kimi irəli çəkməyiblər. Axı məni bu nazirliyə partiyadakı fəaliyyətimə görə nazir təyin etmisiniz. Bəs onda mən lazım olan kadrları haradan seçməliyəm? Sözsüz ki, partiyadan! Bu cavabımdan sonra Heydər Əliyev mənə bir kəlmə də artıq söz demədi”.

Əli Həsənovun yalanı necə ifşa olunur?

 

Əli Nağıyevin iddiasına görə, növbəti dəfə Heydər Əliyevin yanında keçirilən böyük müşavirədə o, NDU-nun sabiq “dəftərdaşıyanı”nın yalanını televiziyada canlı yayım zamanı üzünə söyləyib. Bəs, Əli Həsənovun bu ifşaya reaksiyası necə olsa yaxşıdır? Gəlin sualımıza cavabı himayədarın öz dilindən eşidək:

 “Heydər Əliyev Əli Həsənova üzünü tutaraq dedi ki, deyirlər ki, Əli Nağıyev partiyanı nazirliyə çevirir. Mən də Əli Nağıyevi çağırıb soruşuram, o da deyir ki, mən partiyanı nazirliyə yox, nazirliyi partiyaya çevirirəm. Bəli, Əli Nağıyev düz deyir.

Heydər Əliyevin bu sözlərindən sonra Əli Həsənov yerindən səsini çıxarıb dedi ki, yox, mən elə deməmişəm və sairə. Bu səhnəni bütün Azərbaycan canlı yayım zamanı görmüşdü”.

Himayədarın qəyyuma verdiyi qiymət – “XƏYANƏTKAR”!

 

Açıqlamasında Əli Nağıyev himayəyə götürdüyü adaşının bu hərəkətlərinə qiymət verərək onu “xəyanətkar” adlandırıb:

Bilirsiniz, xəyanətkarı Allah heç zaman bağışlamaz. Əsl kişi yediyi qaba tüpürməz. O vaxtı Əli Həsənovu bağıma aparmışdım, evimdə çörək yemişdi, amma sonra gedib Heydər Əliyevin yanında deyib ki, Əli Nağıyevin evində bir “lüsturası” var ki, düşsə Prezident Aparatı uçar. İndi gedin Əli Həsənovun da bağına baxın, mənim də, görün hansı dəbdəbəlidir?!”




Ana səhifəyə qayıt        Baxış: 3 362          Tarix: 8-11-2019, 09:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma