Xəbər lenti

 

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın Xarici İşlər naziri Masis Mayilyan Misirə işgüzar səfərə gedib.

Ovqat.com xəbər verir ki, məlumatı Ermənistan İctimai radiosu qondarma respublikanın Xarici İşlər Nazirliyinə istinadən yayıb.

Məlumata görə, Mayilyan bu qısa işgüzar səfərdə  Misir  Ərəb Respublikasının işgüzar  dairələriylə  görüşlər keçirib. Görüşlərdə “DQR”-dakı böyük sərmayəçilər üçün vergi siyasəti və güzəştli şərtləri təqdim  edilib və qondarma respublika iqtisadiyyatının bəzi sahələrinə investisiya qoyuluşunun perspektivləri  ilə bağlı fikir mübadiləsi aparılıb.

 

“Səfər çərçivəsində  Masis Mayilyan  Misirin Cənub Sina  valisi Xaled  Fuda  Sidik Məhəmməd ilə  görüşüb.  XİN rəhbəri  Misir  hakimiyyəti tərəfindən  erməni  icmasına  dair ənənəvi dostluq davranışını olduqca  yüksək qiymətləndirərək ölkənin inkişafında ermənilərin mühüm rolunu və  əməyini qeyd edib.

Görüş zamanı Masis Mayilyan Artsax Respublikasında iqtisadi inkişafın  önəmli istiqamətlərini təqdim  edib. Bu çərçivədə Xarici işlər naziri xüsusilə turizm sektorunu diqqətə çatdıraraq, Artsax Respublikada turist cəlbediciliyinin artırılmasına yönəlmiş və olduqca qənaətbəxş nəticələr verən müxtəlif təşəbbüslərə toxunub.

Görüş nəticəsində turizm, mədəniyyət və idman sahələrində əməkdaşlığın qurulması və inkişafı barədə  razılaşmalar əldə edilib”, Ermənistan XİN-nin rəsmi məlumatında belə deyilir.

 

Maraqlıdır ki, dünya dövlətləri arasında ən az erməni yaşayan ölkələrdən biri Misirdir. Ermənistanın şişirtdiyi statistik rəqəmlərə görə, bu ölkədə cəmi 4500 erməni yaşayır. Onların da böyük əksəriyyəti 1915-ci il hadisələri zamanı bu ölkəyə köçmüş erməni ailələrindən törəyiblər Üzərindən 100 ildən artıq zaman keçməsinə baxmayaraq, ermənilərin Misirdə artıb-ağarmaması və saylarının cəmi bir neçə minli rəqəmlə ifadə olunması yalnız bir səbəblə izah edilə bilər: Misir ermənilərə yaxşı baxmamış və bu ölkəyə sığınan 1915-ci il köçkünləri Qərb dövlətlərinə getməyə məcbur olmuşlar. Buna baxmayaraq, rəsmi Qahirə 100 ildən sonra erməni hamiliyinə can atır və Azərbaycanın torpaq bütünlüyünü belə şübhə altına alan siyasətlər yürüdür.

Misirin erməni sevgisi xüsusilə Sisi hakimiyyəti dövründə daha da böyümüş və yalançı “soyqırım” iddialarının ölkə parlamentinə gətirilməsinə qədər varmışdır. Təsadüfi deyil ki, 2016-cı ildə millət vəkili Mustafa Bəkri tərəfindən hazırlanan “erməni soyqırımı” qətnaməsi 337 deputatın imzasıyla Misir parlametinə təqdim olunmuşdur. Qətnamədə “1915-1922-ci illərdə erməni xalqına qarşı türklərin genosid siyasəti həyata keçirdiyi” vurğulanır və Misir parlamenti ilə yanaşı digər dövlətlərə də bu barədə qərar qəbul edilməsi tövsiyə olunur. Nəzərə alsaq ki, Misir parlamentinin 596 deputatı var və ölkə qanunvericiliyinə əsasən, bu cür qərarın qəbul edilməsi üçün mütləq səs çoxluğu (50%+1) tələb olunur, layihəyə imza atan deputatların səsvermə zamanı müsbət rəyi belə sənədin qüvvəyə minməsi üçün kifayətdir. Üzərindən 3 il keçməsinə baxmayaraq, Misir parlamentinin hələ də bu qətnaməni müzakirəyə çıxarmaması “erməni kartı"ndan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini göstərir. Zira Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanın hərbi çevrilişlə devrilən Musri hakimiyyətini dəstəkləməsi, indiki ölkə başçısı Sisiyə qarşı sərt çıxışları rəsmi Qahirəni bu addımı atmağa sövq etmişdir.

 

“Erməni soyqırımı”qətnaməsinin hələ də parlamentdə müzakirəyə açıq vəziyyətdə saxlanılmasına baxmayaraq, Misirin bu yöndə başqa konkret addımları atdığının şahidi oluruq. Məlumata görə, ölkənin siyasi həyatında ciddi nüfuzu olan Qipti kilsəsi “erməni soyqırımı”nı artıq tanıyıb. Qahirədə vaxtaşırı bu iddialarla bağlı beynəlxalq konfransların keçirildiyinə dair xəbər gəlməkdədir. Bütün bu tədbirlər yuxarıda qeyd etdiyimiz kimi Sisi hakimiyyətinin Ərdoğana qarşı təzyiqi kimi qiymətləndirilsə də, qondarma “DQR”-nın “Xarici İşlər naziri”nin Misirə son səfərini və orada rəsmi şəxs kimi qəbul edilməsi rəsmi Qahirənin erməni sevgisinin sadəcə siyasi konyukturadan doğmadığını və sistematik xarakter daşıdığını təsdiqləyir.

 

Halbuki, Azərbaycanla Misir arasında yaxın dostluq əlaqələri var. Eyni mədəniyyət sahəsinə daxil olan ölkələrimizin dostluq münasibətlərini təsdiqləyən kifayət qədər dəlillər var. Azərbaycanın Abşeron rayonu ilə Misirin Qalyubiyyə vilayəti qardaş diyarlar elan olunub. Bu dostluq münasibətilə Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərindəki 7 hektar ərazidə “Misir-Azərbaycan“ dostluq parkı salınıb. Parkın ortasında isə mərhum prezidentimiz Heydər Əliyevin heykəli ucalır. Baxmayaraq ki, həmin park Qanatır əl-Xeyriyyənin mərkəzindən 50 km aralıda inşa edilib, Nil çayı vasitəsilə oraya daha qısa müddətə getmək mümkündür. Azərbaycan müstəqilliyini elan etdiyi gündən indiyə qədər iki ölkə arasındakı qarşılıqlı rəsmi səfərlər 50-ni ötüb. Müstəqilliyimizin cəmi 27 illik yaşı olduğunu nəzərə alsaq, bu, hər il iki rəsmi səfər deməkdir.

 

Ötən il Misirə rəsmi səfərə gedən indiki Baş nazirin müavini, ovaxtkı iqtisadiyyat naziri Şahin Mustafayevin Misirin Baş naziri Şərif İsmayıl ilə görüşündə səsləndirdiyi fikirlərə inansaq, ölkələrimiz ticarət, investisiya, enerji, turizm, sosial və s. sahələrdə əməkdaşlıq edir. Şahin Mustafayev həmin görüşdə rəsmi Qahirəyə Misir şirkətlərinin daşımalar zamanı Azərbaycanın tranzit potensialından - Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Transxəzər marşrutundan yararlana biləcəklərini vurğulamış və iqtisadi münasibətləri daha da genişləndirmək təklifində bulunmuşdu.

Rəsmi Bakının bu qədər ürək genişliyi ilə qardaşlıq təklifinə baxmayaraq, Misir Azərbaycanın ərazi bütövlüyünə daxil olan Dağlıq Qarabağın “Xarici İşlər naziri”ni rəsmi şəxs kimi qəbul edir və onunla iqtisadi əməkdaşlıq perspektivlərini müzakirəyə çıxarır. Nə yazıq ki, bu skandala indiyədək nə Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında Hökumətlərarası İqtisadi, Texniki və Elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev, nə də Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib. Yenicə Baş nazirin müavini vəzifəsinə təyin olunan və keçmiş təcrübəsindən dolayı ölkə iqtisadiyyatının inkişafına Baş nazirdən daha çox başı qarışan Şahin müəllimi hardasa anlamaq olar. Onun ölkədə korrupsiyaya qarşı tutatutların başladığı indiki mərhələdə bir də Misirə vaxt ayırmasını gözləmək həqiqətən ədalərsizlik olardı; özü də ötən il etdiyi gül kimi iqtisadi əməkdaşlıq təklifinə gözucu belə baxmayan və Azərbaycan iqtisadiyyatı üçün o qədər böyük əhəmiyyət daşımayan Misirə.

 

Bəs Xarici İşlər Nazirliyi hara baxır? Axı Misir ölkə iqtisadiyyatımız üçün o qədər əhəmiyyət kəsb etməsə də, xarici siyasət sahəsində eyni sözləri demək mümkün deyil. Təkcə ərəb ölkələri üçün deyil, həm də islam dünyası üçün mühüm hərbi qüdrətə malik olan, məhz bu  keyfiyyətinə görə ərəb dövlətlərinin liderliyinə iddia edən Misiri itirmək beynəlxalq arenada güvəndiyimiz yerlərdən birini əldən vermək mənasına gəlir.

Azərbaycan Xarici İşlər Nazirliyi isə başını belə əhəmiyyətli işlərə qatmaq əvəzinə “muxtar özbaşınalıqlar”a haqq qazandırmaq və özünü də bu qanunsuzluqlara ortaq etməklə məşğuldur.

Heydər Oğuz

Ovqat.com

 

 

 




Ana səhifəyə qayıt        Baxış: 3 149          Tarix: 21-12-2019, 11:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma