Qasim Süleymaninin öldürülməsindən sonra ABŞ diplomatik yolla İrana maraqlı mesaj göndərib. Mesajda bildirilib: “Qasim Süleymaninin qisasını almaq istəyirsinizsə, sui-qəsdə adekvat cavab verin”.
Ovqat.com xəbər verir ki, məlumatı İran İslam İnqilabı Keşikçiləri korpusunun (SEPAH) komandir müavini Əli Fədavi yayıb.
Fədavinin sözlərinə görə, İran ABŞ-ın bu “xahişinə” əməl etməyəcək: “İranın necə cavab verməsini müəyyənləşdirəcək güc ABŞ deyil. Süleymaninin qisası ən sərt şəkildə alınacaq”.
SEPAH-ın komandiri Qulaməli Əbu Həmzənin cavabı isə daha konkret olub. Komandir ABŞ-a aid 35 hədəfin ovuclarının içində bulunduğunu və bunların əsasən Fars körfəzindəki gəmilərdən təşəkkül tapdığını vurğulayıb: “Hörmüz boğazı Qərb üçün həyati bir nöqtədir. Oradan çox sayda ABŞ gəmisi və destroyeri keçir. İran ABŞ-ın bölgədəki həyati hədəflərini çoxdan müəyyənləşdirib. Bölgədə Təl-Əvivlə yanaşı, ABŞ-a aid 35 hədəfimiz var. İran harda olursa olsun, gördüyü ABŞ-a aid bütün hədəfləri və şəxsləri cəzalandıracaq. İran Süleymaninin qisasını almaq haqqına sahibdir”.
Maraqlıdır ki, İranın Xarici İşlər naziri Cavad Zərif də ABŞ-ın İrana bu cür mesaj göndərdiyini təsdiqləyib. Onun sözlərinə görə, mesajı İsveçrəli bir diplmat çatdırıb: “Bu mesajı aldıqdan sonra İsveçrənin Tehrandakı səfiri İran XİN-ə çağırılıb və ona “alçaq” mesajın cavabı verilib”.
Qeyd edək ki, İsveçrənin Tehran səfirliyi 1980-ci ildə ABŞ-ın səfirlik binası islam inqilabçıları tərəfindən işğal olunduqdan sonra həm də bu ölkənin maraqlarının müdafiəçisi kimi çıxış edir.
Paylaş: