ABŞ hərbi donanmasına aid "USS Bataan" amfibiya gəmisi Afrikadakı hərbi təlimlərini təxirə salıb Yaxın Şərqə göndərilib.
Ovqat.com xəbər verir ki, ABŞ mediası bu məlumatı yayıb.
Məlumata görə, İran İnqilab Keşikçiləri korpusunun Qüds gücü komandanı Qasim Süleymaninin öldürülməsindən sonra Yaxın Şərqdə yaranan gərginliyi ortadan qaldırmaq üçün bölgəyə göndərilən amfibiya gəmisini ABŞ Silahlı Qüvvələrinin 26-ci Dəniz Qoşunları Ekspedisiya Korpusu da müşayiət edəcək.
Xatırladaq ki, yanvarın 2-dən 3-ə keçən gecə Bağdad hava limanında raket zərbəsiylə öldürülən İranın əfsanəvi generalının qətlindən sonra rəsmi Tehran intiqam andı içmiş və dünən bu istiqamətdə ilk addım atılmışdı. İraqın Səlahəddin bölgəsindəki ABŞ əsgərlərinin qaldığı bir hərbi bazaya və ABŞ-ın Bağdad səfirliyinin yaxınlığına ard-arda raket zərbələri endirilmişdir. Hər hansı tələfat barədə heç bir məlumatın verilmədiyi hücumların məsuliyyətini hələ ki boynuna götürən olmasa da, bu zərbələrin İran tərəfindən endirildiyinə inanılır.
O da mümkündür ki, İran-ABŞ müharibəsində maraqlı olan qüvvələr bu hücumları törətsinlər. Zira ağır embarqolara məruz qalan İranın ABŞ-a dərhal cavab verəcəyi inandırıcı görünmürdü. Baxmayaraq ki, iki gün əvvəl ABŞ prezidenti Donald Trampın təlimatı ilə reallaşdırılan sui-qəsd qurbanı Qasim Süleymani İranın hərbi simvollarından sayılırdı. İranın xarici hərbi əməliyyatlarına rəhbərlik edən generalın sıradan çıxarılmasına rəsmi Tehran laqeyd qala bilməzdi, əks halda hərbi imici böyük zədə alardı. Amma o da var ki, İranın cavab verəcəyi qüvvə sıradan bir dövlət deyil, dünyanın ən qüdrətli hərbi gücüdür. İran ən azı bu amili nəzərə alıb, and içdiyi intiqamını daha sonrakı zamanlara saxlamalı və endirəcəyi zərbələri ən xırda detallarına qədər incələməli idi.
Dünən ABŞ-ın Bağdad səfirliyinə atılmış raketlərin səfirlik binasının yanına düşməsi 3 ehtimaldan xəbər verir: ya İran cavab zərbələri üçün tələsdiyindən hədəfi dəqiqliyi ilə müəyyənləşdirə bilməmiş, ya da öz hərbi imicini xilas etmək üçün qəsdən hədəfdən “yayınmışdır”. Məqsəd ABŞ-a “vura bilərdim, amma gərginliyin daha da böyüməsində maraqlı deyiləm” mesajını vermək idi.
Üçüncü versiya isə yuxarıda da qeyd etdiyimiz kimi, İranı ABŞ-a yem etmək istəyənlərin bu təxribatı törətməsi ehtimalıdır. Bu gərginliyi ən çox arzulayan isə İsraildir. İranı özünün təhlükəsizliyi üçün təhdid olaraq görən Təl-əvivin bu müharibədə maraqlı olması İsrailin Baş naziri Benjamin Netanyahunun Qasim Süleymaninin öldürülməsinə münasibətdə də özünü büruzə vermişdi. Generalın öldürüldüyü gün məlumatı şərh edən İsrail baş naziri bu sui-qəsdin çoxdan törədilməsinin lazım olduğunu bildirmişdi.
İranla münaribəyə başlamaq üçün bəhanə axtaran ABŞ-ın özünə də bu hücumlar lazım ola bilərdi. Mümkündür ki, istər Qasim Süleymaninin öldürülməsi, istərsə də ABŞ hərbi strateji obyektlərinə edilmiş hücumlar öncədən hazırlanmış planın tərkib hissədir və super gücün İrana müdaxiləsinə əsaslı zəmin hazırlamaq üçün həyata keçirilib. Görünən budur ki, Qasim Süleymani sui-qəsdindən sonra İran rəsmilərinin intiqam ritorikalı açıqlamaları da müharibə bəhanəsi axtaranların işinə yarıyıb.
Paylaş: