Xəbər lenti

  

Xatırlayırsınızsa, BAXCP sədri Qüdrət Həsənquliyev bir müddət əvvəl Quranın daha rahat anlaşılması üçün duaların və ibadətlərin öz dilimzdə edilməsi təklifini irəli sürmüşdü. İranın bəzi azərbaycanlı legionerlərinin süngüylə qarşıladığı müsahibəsində partiya sədri demişdi: “Hüzr yerlərində “Quran”dan surələr və ayələr Azərbaycan dilində oxunmalı, dini ayinlər öz dilimizdə icra olunmalıdır. Mollalar maarifçiliklə məşğul olmalı, dinimizdə qadın hüquqlarına, təhsilə, xeyriyyəçiliyə, halal yaşamağa, vətənpərvərliyə, böyüklərə ehtiram göstərilməsinə, ədalətli olmağa və s. ali dəyərlərə verilən yüksək qiymətdən bəhs etməlidirlər. Bu məqsəd üçün xüsusi kitabçaların kütləvi nəşri təmin edilməli və mollalardan tələb olunmalıdır ki, yalnız tövsiyyə olunan mövzularda moizələr oxusunlar. Xüsusilə də “Quran” dirilər üçün nazil olduğuna görə O, Azərbaycan dilində oxunmalıdır ki, insanlar başa düşsünlər. Bəzi mollaları cəhalətin onların maraqlarına cavab verməsi düşüncəsindən uzaqlaşdırmaq lazımdır. İzah olunmalıdır ki, ərəb dilində hətta ərəblərin başa düşmədiyi tələffüzlə “Quran”ın oxunması onları savadlı göstərmir, günaha batırır. Bir sözlə, cəhalət və dini ekstremizmə qarşı mübarizə gücləndirilməlidir”.  

 

Bəs, Qüdrət bəyin bu fikirləri niyə İran legionerlərini narahat edib? Doğrudanmı Quranın Azərbaycan dilində oxunması qəbahətdir? Məqsəd əgər qəlbindəki duanı dilə gətirməksə, onun öz ana dilində söylənməsi daha məqbul deyilmi?

Qeyd edək ki, bu suallar Türkiyədə də uzun illər mübahisə mövzusu olmuş, hətta qardaş ölkənin məşhur aşıqlarından Mahzuni Şərif “Allah Türkcə bilmiyormu?” adlı türküsüylə müzakirələrə qatılmışdı:

“Ey ərəbcə oxuyanlar,

Allah türkcə bilmiyormu?

İngiliscə, fransızca,

Haqqa xitab olmuyormu?

Əsrlər boyu türk örf və ənənələrinin tərənnümçüsü olan, hətta Dədə Qorqud kimi el ağsaqqalı timsalında obrazlaşan, zaman-zaman “Haqq aşiqi” adıyla anılan milli mentalitetimizin öndə gələnlərinin məsələyə bu cür yanaşması başadüşüləndir. Bəs görəsən, ilahiyyat elmi bu barədə nə düşünür?

Ovqat.com-un suallarını cavablandıran ilahiyyatçı alim Elşad Miri də Quranın öz dilimizdə səsləndirilməsi fikrini alqışlayır. Onun fikrincə, İslam dini gələndə peyğəmbərimiz ərəb dilində danışırdı. Elə buna görə də ilahi mesajlar ərəbcə nazil olmuşdu: “Quran ingilis dilində gələsi deyildi ki. Allah Qurani Kərimin İbrahim surəsinin- 4-cü ayəsində müqəddəs kitabımızı niyə ərəb dilində göndərdiyinin səbəbini belə açıqlayıb: “Biz hər bir peyğəmbəri yalnız öz millətinin dilində (danışan) göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin. Allah istədiyi kimsəni zəlalətə salar (haqq yoldan sapdırar), istədiyini də doğru yola yönəldər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”

 

Yəni Allah İbrani dilində danışan peyğəmbərlərinə ayələrini ibrani dilində, ərəb dilində danışan peyğəmbərə isə ərəb dilində göndərib. Əgər Qurani-Kərim həqiqətən bütün insanlara şamil edilirsə, hər kəsə aiddirsə, onu istəyən rus, ingilis, çin  dilində də oxumalı və başa düşməlidir. Çünki göndərilən ayələrin məqsədi odur ki, burada yazılanları başa düşüb, oxuyub, dərk edib, onu həyata keçirəsən. Bu təklifi ancaq alqışlamaq olar. Kaş digərləri də bu məsələ ilə bağlı elə çıxış edələr. Kaş Qafqaz Müsəlmanları İdarəsi də bunu dəstəkləyə”.

 

 

Elşad Mirinin fikrincə, Qurani-Kərimin Azərbaycan dilində oxunmasına qarşı çıxanların etirazlarının əsasında mənəvi yox, maddi istəklər dayanır. Çünki Quran hər kəsin anladığı dildə oxunsa, dinləyicilər söhbətin nədən getdiyi anlaya bilirlər. Bununla da molla tayfasının asan çörək qazanmaq imkanları əllərindən çıxar: “Quranı açıb oxuyan bir insan bəzi mollaların özlərindən uydurduqları nağılların mif, əfsanə olduğunu görərlər. Məsələn, Yasin surəsini oxuyacaq, baxacaq yazılıb ki, Quran diriləri xəbərdar etmək üçün göndərilib. Amma bu adam Quranı ölü üçün oxuyur. Onu Azərbaycan dilində necə oxusun? Sonra baxacaq ki, Yasin surəsində günəşin hərəkət istiqamətindən bəhs olunur. Bunu dinləyən adam fikirləşəcək ki, bunun ölüyə nə dəxli var, axı. Bundan əlavə, Yasin surəsini oxuyan adam görəcək, orada deyilir ki, sizdən heç bir mənfəət istəməyən insanlara tabe olun. Amma bu insan gəlib orada ərəbcə Quranı oxuyub, pul qazanır. Molla bunu necə Azərbaycan dilində oxusun, özünüz fikirləşin”.

Axı biz qanmırıq; sən nə danışırsan?

 


E.Miri Türkiyədə olmuş bir hadisəni də nəzərə çatdırdı: “Türkiyədə bir yerdə Quran oxunur. Ora bir nəfər də ərəb gəlir, görür ki, oxuyan insanın gözəl səsi var, tələffüzü gözəldir, oxuyur, onu dinləyənlər də ağlayırlar. Soruşur ki, bunlar niyə ağlayırlar? Deyir, necə yəni Qurana görə ağlayırlar. Ərəb deyir, üzr istəyirəm, o ayə qadınların reql dövrünü ilə bağlıdır, burada ağlamalı nə var ki? Təsəvvür edin, biz də başa düşmədən Quranı necə gəldi oxuyuruqsa, o zaman gəlib çıxdığı nəticə tamam fərqli yerlərə gəlib çıxır”.

 Şamo EMİN,

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 900          Tarix: 1-02-2020, 18:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma