İki cür diplomatiya var: rəsmi diplomatiya, xalq diplomatiyası.
Rəsmi diplomatiya ölkə rəhbəri tərəfindən müəyyənləşdirilib, Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilən xarici siyasətlərin məcmusudur. Bu siyasətin məqsədi dövlətlər arasında münasibətləri sülh yoluyla tənzimləmək, ticari, iqtisadi, mədəni əlaqələri genişləndirməkdir.
Xalq diplomatiyası isə xalqların qonşularıyla qurduğu təbii əlaqələrdir. Bu əlaqələr dostluq çərçivəsində də qala, düşmənlik xarakteri də daşıya bilər. Dövlətlərin yürütdüyü xarici siyasətin əsas lokomotivi də məhz ictimai diplomatiyadır. Hətta ən əzazil hökmdarlar belə, xalqın iradəsinə zidd xarici siyasət yürütməmiş, buna cəsarət edənlər sərt ağır şəkildə cəzalandırılmışlar. Yaxın keçmişimizdə bunun ən bariz örnəyi 1979-cu ildə Misirlə İsrail arasında bağlanmış 6 oktyabr (İsraillilər ona “Yom Kippur” də deyirlər) müqaviləsidir. Təkcə Misir xalqını deyil, bütün ərəb dünyasını narazı salan bu müqavilə Ənvər Sədatın öldürülməsiylə nəticələnmişdi. Bu hadisə bir daha sübut etmişdir ki, hökumətlər xalqların iradəsinə rəğmən xarici siyasətlərini müəyyənləşdirə bilməzlər və istənilən diplomatik fəaliyyətdə bu məqam diqqətə alınmalıdır.
Xalq diplomatiyası ilə rəsmi diplomatiya arasında üzvi bağlılıq bəzən onların birgə fəaliyyətilə yürüdülür. Rəsmi diplomatiyanın deyə bilmədiyini dövlətlər ictimai diplomatiya ilə dilə gətirərək xarici güc mərkəzlərinə cavab verirlər. Zamanında Heydər Əliyev də bu metoddan uğurla istifadə etmiş və Dağlıq Qarabağ probleminin həllində xarici basqılardan yayınmağa çalışmışdı. Eynilə ermənilər də bu gün eyni metoddan bizə qarşı istifadə edirlər.
Azərbaycanın Qarsdakı Baş konsulu Nuru Quliyevin fəaliyyəti də artıq Türkiyənin xalq diplomatiyasının mövzusuna çevrilib. Diplomatik fəaliyyətində bir sıra bağışlanmaz səhvlərə yol verən və “iməclik diplomatiyasının nadir nümayəndəsi” adıyla tanınan baş konsula qarşı etirazlar günü-gündən artır. Baş konsulun xüsusilə FETÖ və kürd separatçılarıyla əlaqələrinin Türkiyə ictimaiyyətində yaratdığı etirazlar ölkənin mətbu orqanlarında gündəmə gətirilir və sərt tənqid olunur. Yaxınlarda qələmə alacağımız yazılarda bu məsələ üzərində geniş dayanacağımızdan hələlik, Azərbaycana yaxınlığı ilə seçilən və özünü müxtəlif platformalarda erməni iddialarını yalanlamağa həsr edən ASİMDER (Uluslararası Asılsız Ermeni İddialarıyla Mücadele Derneği) adlı təşkilatın dünən baş konsulumuz barədə yaydığı bəyanat üzərində dayanmaq istəyirik.
ASİMDER-in sədr müavini və mətbuat sözçüsü Erhan Hacıqasımoğlunun (Erhan bəy həm də İğdır Jurnalistlər Birliyinin sədr müavinidir) dilindən səsləndirilən həmin bəyanatın sonlarında deyilir: “Azerbaycan ve Türkiye siyasetini bilmez bir Konsolosunun yapmış olduğu hatadan dolayı, bizler Azerbaycan’ın da milli meselesi olan Ermeni işgali, soykırımları konusundaki tutumuzdan ve faaliyetlerimizden asla vazgeçmeyerek çalışmalarımızla her zaman Azerbaycan’ın yanında olmağa devam edeceğiz. Ama sayın Genel Başkanımız Göksel Gülbey’i de sınırlarını aşan bir konsolosun iftiralarına ve hatalarına kurban etmeyeceğiz”.
Bəyanatda həmçinin vurğulanır ki, nə qədər ki, Nuru Quliyev bu vəzifəsini davam etdirir, ASİMDER təşkilatı Azərbaycanın Qarsdakı Baş konsulluğunun düzənlədiyi heç bir tədbirdə iştirak etməyəcək. Açığını desək, ASİMDER-in bu çıxışı bizə xalq diplomatiyasında “Persona Non Grata” edilmək mənasına gəlir. “Persona Non Grata” kəliməsinin latınca “arzuolunmaz şəxs” olduğunu nəzərə alsanız və ASİMDER-in təqdim etdiyimiz bəyanatını dinləsəniz, siz də bizim fikrimizlə razılaşarsınız.
Yuxarıda da qeyd etdiyimiz kimi, rəsmi diplomatiya bəzən özü deyə bilmədyini xalq diplomatiyası vasitəsilə qarşı tərəfə çatdırır. Kim bilir, bəlkə bu gün Türk vətəndaşlarının diliylə səsləndirilən bu “Persona Non Grata” bəyanatı da rəsmi Ankaranın da səsidir. Bəyanatda xüsusilə “Azerbaycan ve Türkiye siyasetini bilmez bir Konsolosunun yapmış olduğu hata” kəlməsinin vurğulanması da buna işarədir. Bəlkə də Türkiyə qardaşlıq əlaqələrinə qısılıb deyə bilmir ki, sənin diplomatının HDP yetkilisi Ayhan Bilgen kimi PKK uzantısı olan şəxslərlə nə əlaqəsi ola bilər? Olmaya, rəsmi Bakı diplomatik toxunulmazlığına güvənib istədiyi cür addım atanların rəsmi Ankaranın tərəfində “Persona Non Grata” elan edilməsinimi gözləyir?
Xalq diplomatiyası ilə dilə gətirilənlərin rəsmi möhtəvaya bürünməsini gözləmədən rəsmi Bakı təcili addım atmalıdır. Ağıllı dövlətlər öz diplomatının rəsmən ölkədən qovulmasına şəriat yaratmadan onu geri çəkməlidir. Əks halda öz məsuliyyətinin fərqində olmayan bir şəxsin dövlətə vurduğu zərbəni bütün ölkə yığışa düzəldə bilməz.
İctimai diplomatiya yoluyla XİN-nə və dövlət yetkililərimizə göndərilən mesaj-bəyanatı təqdim edirik.
Paylaş: