Elşən NƏSİBOV
Siyasətşünas alim
Bütün dövlətlər məlumatlar mübadiləsi şəraitində birləşirlər. Dövlətlərin mübarizəsi də hadisələr barədə məlumatların yayılmasından baş verir. Məlumatların yayılması və bəyan edilməsi ilə dövlətlərin qarşılıqlı şəkildə mövqeləri bəlli olur. Məlumatlar sayəsində münasibətlər və əlaqələrin tərzi, yönü müəyyənləşdirilə bilir. Məlumatlar axını, qarşılıqlı mübadilə, keçicilik özlüyündə beynəlxalq münasibətlər, beynəlxalq mövqelər şəbəkəsini formalaşdırır. Burada məlumatları daşıyan rəsmi siyasət vasitələrindən biri də diplomatiya sahəsidir. Diplomatiya əyani və qiyabi, birbaşa və dolayı vasitələrlə məlumatların yayılmasını təmin edir.
Diplomatiya söz və xəbər çatdıran, xahiş və müraciət yerinə yetirən elçilik və təmsilçilik, ictimai və siyasi vəkalət sahəsidir, vasitəsidir.Diplomatiya dövlətin xarici siyasət sahəsində etibarnamə təqdim etdiyi baza sahədir. Diplomatiyada dövlətin, xalqın vəkaləti ilə dövlət rəhbəri (konstitusiya səlahiyyəti ilə), hökumət rəhbərləri (dövlət rəhbərinin verdiyi səlahiyyətlər, qanunvericilikdə nəzərdə tutulan səlahiyyətlərlə), mərkəzi icra hakimiyyətinin rəhbərləri və diplomatik nümayəndələr özlərində vəkalət verən tərəfin keyfiyyətlərini məcmulaşdırır. Bu baxımdan da diplomatiya mədəni, mənəvi, etik-estetik peşə sahəsi kimi önəm daşıyır.
Xarici siyasəti zəruri edən vasitələr diplomatiyanı da zəruri etməkdədir.Ona görə ki, diplomatiya bir fəaliyyət sahəsi kimi xarici siyasət və beynəlxalq münasibətlərdə taktiki gedişlərdən, icra olunan aktlardan, bu baxımdan da mədəni, iqtisadi, siyasi və hüquqi norma və qaydalardan ibarətdir.
Müasir qloballaşma şəraitində dövlətlər birgə yaşamaq zərurəti ilə üzləşirlər. İnformasiya texnologiyalarının sürətli inkişafı dünya xalqlarının həyatlarını bir-birinə daha da yaxınlaşdırmaqdadır. Dünyanın texnoloji statusu xarici siyasətin güclənməsini və beynəlxalq münasibətlər fonunda əlaqələrin sürətlənməsini tələb etməkdədir. Bu gün beynəlxalq aləmdən təcrid olunmuş vəziyyətdə yaşamaq qeyri-mümkündür. Dünya xalqlarının birləşməsi prosesləri sürətlənib. Bu baxımdan da dövlətlər xarici siyasətlərinə xüsusi diqqət yetirməkdədirlər. Digər tərəfdən də açıqlıq şəraitində böyük dövlətlərin dünyanı bölüşdürmək və yeni nəzarət mexanizmlərini yaratmaq istəkləri yeni xarakterli diplomatiyanın formalaşmasını zəruri etməkdərir. Bu baxımdan da aktiv və açıq diplomatiya, sakit və bu baxımdan da “lal” və passiv, eləcə də gizli diplomatiya növləri yaranmaqdadır. Dövlətin beynəlxalq münasibətlərə qoşulması diplomatiyanı zəruri etməkdədir. Diplomatiyanın məqsədi dünya düzəninin formalaşması proseslərində dövlətin, təşkilatın maraqlarını təmin etməkdən və qorumaqdan ibarətdir.
Diplomatiya dövlətə (beynəlxalq münasibətlərin, beynəlxalq əlaqələrin əsas subyektlərinə) və onun fəaliyyət sahələrini ixtisaslaşdıran, ayırd edən, qruplaşdıran, təsnifat yaradan və kəmiyyət baxımından dərəcələndirən, sahələrə bölən təşkilatlara (beynəlxalq münasibətlərin, beynəlxalq əlaqələrin və beynəlxalq hüququn törəmə subyektlərinə) aid olan siyasi, hüquqi, iqtisadi, mədəni və hərbi xarakterli peşə sahəsidir. Diplomatiya təhlükəsizlik və müdafiə strategiyasının taktiki-icraçı sahəsidir, vasitəsidir. Diplomatiya dövlət siyasətini, dövlət fəaliyyətini və aktlarını daxildən xaricə çıxarır və digər dövlət fəaliyyəti ilə bağlayır. Diplomatiya dövlətin ana qanunu olan konstitusiya öhdəliyini yerinə yetirmək vəzifəsini öz üzərinə götürür və xarici siyasət sahəsində dövlətin siyasətini hüquqi normalara və qaydalara salır. Xarici siyasətin ölçülərini və hədlərini müəyyən edir, eləcə də subyektlərin, tərəflərin müvafiq ölçü və hədlərlə hərəkətlərini yerinə yetirir. Bu yöndə diplomatiya siyasət aktlarının əhatəliliyini, tətbiqi sferasını müəyyən edən və hərəkətləri, xətləri cızan real və praktiki fəaliyyət sahəsidir.
Diplomatiya beynəlxalq münasibətlərdə müəyyənedici, təyinedici və icraçı vasitə kimi siyasi fəaliyyətin əsasıdır və hüquqi prinsipləri, norma və qaydaları özündə ehtiva edir. Xarici siyasətdə hüquq sərhədlərini müəyyən və təyin edir. Diplomatiya mədəni, ictimai, hüquqi və hərbi formalıdır, həmçinin hüquq və səlahiyyətlərinə görə, eləcə də bu peşə sahəsini həyata keçirilmə formasına görə tiplərə, növlərə ayırmaq olar. Məsələn, diplomatiyada birbaşa və dolayı siyasət, ikitərəfli və çoxtərəfli danışıqlar formatı, vasitəçilik missiyası, barışdırıcılıq funksiyası, faktaraşdırıcılıq, təmsilçilik səviyyəsi, təmsilçilik və vasitəçilik müddəti, səlahiyyət müddəti, müvəqqəti və müddətli xarakter baxımından diplomatik fəaliyyətin və peşə kimi diplomatik sahənin (məşğuliyyət sahəsi kimi) növlərini, dərəcələrini və tiplərini ayırd etmək olar. Məsələn, diplomatiya öz hüquq və səlahiyyət böyüklüyünə görə ali (dövlət başçıları və hökumət rəhbərləri arasında), orta (mərkəzi icra hakimiyyəti səviyyəsində) və yerli (diplomatik nümayəndəlik) tiplərə bölünə bilər. Burada bağlayıcılıq diplomatik nümayəndəlikdən dövlət başçıları səviyyəsinə qədər və müəyyənedicilik ali səviyyədən aşağı səviyyəyə qədər mərhələlərə bölünə bilər. Təşəbbüskarlıq, ideyavericilik, təkliflər irəli sürmək baxımından da diplomatiya dərəcələnir, hüquqları fərqləndirilir. Diplomatiya ayıredicidir, aşkarlayıcı və müəyyənedicidir. Hadisələrin təfərrüatını araşdırır. Baş vermə səbəblərini müəyyən edir. Önləyici tədbirlər görür, gərginlikləri aradan qaldırır. Diplomatiya təyinat ölkələrdə hadisələr barədə məlumatlar toplayır və məxsus ölkəyə çatdırır. Təyinat ölkədə gündəlik baş verən prosesləri toplayır, analiz edir, bu baxımdan da dövlətlərin beynəlxalq sferada qarşılıqlı münasibətlərini aşkarlayır.
Diplomatiya formaca və məzmun etibarilə təmsilçilik və nümayəndəlik funksiyalarını özündə daşıyan fəaliyyət sahəsidir. Diplomatiya funksional xarakter baxımından vasitəçilik, birləşdiricilik, koordinasiyaedicilik, tənzimləyicilik sahəsidir. Eyni zamanda mərkəzləyici və periferiya üzrə yayıcı vasitədir. Diplomatiya fəaliyyəti məcmu olaraq bir aparatdır, strukturlu mexanizmdir. Bu aparat özü ilə beynəlxalq aləmdə, sferada “gəzir”. Diplomatiya öz ölkəsinin xarici və daxili vəziyyəti, eləcə də xarici və daxili siyasəti barədə beynəlxalq ictimaiyyəti məlumatlandırır. Dipolomatiya regional miqyasda və qeyri-regional əsaslarla dövlətlərin birləşməsini, ittifaqlaşmasını müəyyən edən fəaliyyət sahəsidir. Bu baxımdan da dövlətlərin beynəlxalq aləmdə müştərək maraqlarını, hədəf və niyyətlərini müəyyən edən vasitədir.
Diplomatiya pozitiv mənada etik və estetik bir peşə sahəsidir. Əxlaqi, təminedici öhdəlikli və qoruyucu məsuliyyətli əhəmiyyət daşıyır. Humanizm diplomatiyasının məqsədləri sülh, əmin-amanlıq, barışıq və dinamik inkişafdır. Bu yöndə addımlar ədalətlə atılır. Tərəflərin maraqları tarazlı olaraq idarə olunur. Vəsaitlər ədalətli pay bölgüsü ilə tərəflərə çatdırılır. Hər dövlətin öz gücünə və imkanlarına görə beynəlxalq əlaqələr sferasında iştirakına yol verilir. Beynəlxalq təşkilatların nizamnamələrinə əməl olunur. Pozitiv diplomatiya ideyadır və idealları özündə cəmləşdirir. Pozitiv diplomatiyada belədir ki, böyük və kiçik dövlətlər, müqayisədə orta gücə malik olan dövlətlər arasında əlaqələr sağlam prinsiplərə və sağlam ideyalara söykənir. Mərkəzdə (xidməti fəaliyyətin əsasında) milli eqonun əvəzinə bəşəri maraq amili dayanır. Say tərkibindən asılı olmayaraq bütün xalqlara mədəni dəyər kimi baxılır. Dünya bütöv maraq, birgə mənafe məkanı kimi nəzərdən keçirilir. Xalqlara dünya sivilizasiyasının çaları kimi baxılır. Bütün xalqların mədəni və siyasi ruhuna hörmətlə yanaşılır. Pozitiv diplomatiya gərginlikləri, münaqişələri, müharibələri rədd edir. Münaqişələrə və böhranlara qarşısını alan önləyici funksiya kəsb edir.
Digər tərəfdən, diplomatiya məqsədlərə xidmət edən reallıq sənətidir.Məkrli niyyətlərin, oyunların peşəsidir. Diplomatiya strategiya və taktika məfhumudur. Dövlətin beynəlxalq münasibətlərdə və əlaqələr sferasında strateji və taktiki addımlarını müəyyən edir və müvafiq hərəkətləri yerinə yetirir. Diplomatiya burada rəqabət mübarizəsi amilinə çevrilir. Rəqabətdə birgə iştirak və qarşılıqlı mübarizə və qalibiyyət şərt rolunu oynayır. Bu baxımdan da diplomatiya danışıqlar məharətini özündə ehtiva edən bir peşə sahəsi kimi önəm kəsb edir. Bu sahə və vasitə dövlətin xarici siyasətini icra edir və siyasi hadisələri qoruyan qurşaq, sərhəd siyasətini həyata keçirir. Xarici siyasətlə beynəlxalq münasibətləri, beynəlxalq münasibətlərin ruhuna və fizikasına uyğun şəkildə isə xarici siyasəti şərtləndirir. Diplomatiyanın qoruyuculuq və təminedicilik siyasəti diplomatiyanın şaxələnməsindən, iyerarxiyalaşmasından (ali, orta və aşağı mərhələli diplomatiya sahələrinə ayrılmasından) dərəcələrə, kəmiyyətlərə ayrılır. Diplomatiya fəaliyyət və səlahiyyət, bu baxımdan hüquq və vəzifələrə görə dərəcələnir. Ali, mərkəzi və diplomatik nümayəndəlik səviyyəsində fəaliyyət həyata keçirilir. Diplomatiya məharət və yüksək qabiliyyət tələb edən peşə sahəsidir. Burada oyunların qurulması və gedişlərin müəyyən olunması böyük göstəricilər tələb edir. Ola bilir ki, diplomatiya bu məsələdə qalibləri və uduzan tərəfləri müəyyən edir. Bu yöndə diplomatiya fəndləri, taktiki hiylələri, aldatmları, yalanları, riyakarlığı, etimadsızlığı, etibarsızlığı, güvənsizliyi və digər mənfi halları özündə cəmləşdirən bir sahədir. Diplomatiya ümumi pozitiv, fərdi pozitiv, çoxtərəfli faydalı, birtərəfli faydalı, ümumi faydalı kimi məzmunu özündə əks etdirir.
Diplomatiya öz fəaliyyətinə, hüquq və vəzifələrinə görə, həmçinin tətbiqi dairəsinə görə ümumən genişlənən məfhumdur. Bu baxımdan da silsilə xarakterlidir, şəbəkə məzmunludur. Diplomatiyanın tərkib elementləri zəngindir, bu baxımdan da tərifi ümumi və məxsusidir.
Diplomatiyanı məzmuun və miqyas baxımından müharibələr və qələbələr diplomatiyası-hərbi diplomatiya, barışıq və sülh diplomatiyası, möhkəmləndirici və statuslar müəyyənedici diplomatiya, strateji-konseptual diplomatiya, humanitar diplomatiya, geosiyasət diplomatiyası kimi forma və məzmunlara da ayırd etmək olar.
Diplomatiyanın gücü dövlətlərin güclərinə və beynəlxalq aləmdə nüfuzuna görə bölünə, təsnif oluna bilir. Bu baxımdan da böyük dövlətlərin diplomatiyası təbii olaraq güclü tərəf kimi çıxış edir və böyük təsir gücünə, potensialına malik olur. Dövlətlərin diplomatik gücü onların əlllərində olan vəsaitlərlə də bağlı olur. Belə ki, iqtisadiyyatı güclü olan dövlətin diplomatiyasına da xüsusi hörmət olunur. Bu baxımdan da böyük dövlətlərin diplomatiyası əksər hallarda “Qalib diplomatiya” kimi əhəmiyyət kəsb edir. Qalib diplomatiya danışıqlarda məqsədlərə nail olunmağı əks etdirən diplomatiyadır.
Diplomatiya dövlətin xarici siyasətini, beynəlxalq əlaqələrdən irəli gələrək daxili siyasətini şaxələndirən məfhum olduğundan, bu anlayışın ümumi geniş və törədici, birləşdirici və məhdud çərçivəli tərifləri mövcuddur:
-diplomatiya forma etibarilə və vasitə kimi fiziki hadisədir, fenomendir;
-diplomatiya siyasi aktlar və ardıcıl proseslər məcmusudur;
-diplomatiya siyasət vasitəsi (siyasəti reallaşdıran vasitə) kimi hüquqi aktlardan ibarət olan fenomendir;
-diplomatiya dövlət siyasətinin beynəlxalq münasibətlərdə baza prinsiplərini, fundamental axarlarını müəyyən edən vasitədir;
-diplomatiya beynəlxalq münasibətlərdəki şəraitdən istifadə edərək daxili siyasət və xarici siyasət xətlərini uzlaşdıran bir sahədir;
-diplomatiya milli maraqları bəşəri maraqlarla birləşdirən və bəşəri mahiyyət kəsb edən vasitədir;
-diplomatiya sülhü yaradan və sülh təşəbbüslərini reallaşdıran aktlar cəmidir;
-diplomatiya gərginlikləri yatıran və tərəflərin ortaq maraqlarını müəyyən edən bir sahədir;
-diplomatiya xarici siyasəti icra edən və bununla da beynəlxalq münasibətlərin ruhunu ehtiva edən vasitədir;
-diplomatiya xarici siyasət aktlarını, həmçinin beynəlxalq hüquq aktları və beynəlxalq əlaqələr yaradan, aktları qruplaşdıran və sistemləşdirən aktlar cəmidir;
-diplomatiya dövlət siyasətinin ruhunu təqdim edən praktiki formalı hadisələr kompleksidir;
-diplomatiya ayrı-ayrı məkanlarda (burada dövlətlərdə və beynəlxalq ümumi ərazilərdə) dövlət maraqlarını təmin edən və mənafeləri qoruyan vasitədir;
-diplomatiya dövlətin fiziki sərhədlərini siyasi və hüquqi üsullarla müəyyən edən və icrasını həyata keçirən vasitədir;
-diplomatiya dövlət rəmzlərini əks etdirən və dövlət simvollarını daşıyan və tanıtdıran vasitədir;
-diplomatiya dövlət siyasətinin əsas daşıyıcısıdır, xarici sferasını müəyyən edəndir;
-diplomatiya beynəlxalq sferada dövlət siyasətinin uzlaşdırıcı vasitəsi və sahəsidir;
-diplomatiya dövlətlərin aidiyyatı qurumlarının fəaliyyətini uzlaşdıran, əlaqələndirən aktlar məcmusudur;
-diplomatiya dövlət quruluşunu özündə ifadə edən siyasi mexanizmıərin fəaliyyətini beynəlxalq üsul və metodlarla birləşdirən, uzlaşdıran vasitədir;
-diplomatiya dünya siyasət təcrübəsini öyrənən və milli səviyyədə tətbiqini reallaşdıran sahə və vasitədir;
-diplomatiya xarici siyasətin hüquqi tənzimlənməsini müəyyən edən vasitədir;
-diplomatiya forma baxımından beynəlxalq münasibətlərin ruhunu duyan ən güclü strateji və taktiki vasitədir, xarici siyasət müstəvisində ən çevik aktdır. Diplomatiya xarici siyasətin trayektoriyasını cızan vasitələri: danışıqların aparılması, görüşlərin təşkili və görüşlərin həyata keçirilməsi, sənədlərin hazırlanması, imzalanması və ratifikasiyası kimi aktları özündə cəmləşdirən vasitələri toparlayan mexaniki bir strukturdur, sistem və şəbəkədir;
-diplomatiya siyasi aktlar, hərəkətlər müstəvisində xətlər cızan aktiv fəaliyyət növüdür (siyasi fəaliyyət növü olaraq);
-diplomatiya dövlətlərin və onların törəməsi olan təşkilatların siyasət və fəaliyyət mexanizmisinin əsaslarını təşkil edən strukturlarının bir-birinə üzvi bağlanmasını və xətti tamamlanmasını həyata keçirən, bununla da beynəlxalq mahiyyətli bir vasitəçi olaraq vəhdət müstəvisi yaradan, icra məzmunlu mədəni bir aktdır, aktlar toplusudur. Onun vasitəçiliyi və birləşdirici həlqə rolunu oynaması sayəsində dünya siyasəti formalaşır;
-diplomatiya dünya siyasətində dövlətlərin və beynəlxalq təşkilatların, beynəlxalq birliklərin elementlərini, hərəkət aktlarını, bununla da maraq, məqsəd və mənafelərini, eləcə də hüquqdan irəli gələrək, vəzifə və səlahiyyətlərini (diplomatiya aktlarını təşkil edən istiqamətləri və elementləri) kompleksləşdirən, uzlaşdıran, uyğunlaşdıran bir fəaliyyət sahəsidir. Siyasi kompleksli (bu kompleksin tərkibini siyasət, mədəniyyət, iqtisadiyyat məzmunlu aktlar təşkil edir) məşğuliyyətdir, peşədir, sənətdir.
-diplomatiya həm qərarların icrası (xarici siyasət müstəvisində) sahəsidir (səfirliklərin, konsulluqların və digər diplomatik missiya nümayəndəliklərinin, eləcə də xarici siyasət həyata keçirən mərkəzi icra hakimiyyəti qurumunun fəaliyyətlərini nümunə göstərmək olar), həm də xarici siyasət və beynəlxalq münasibətlərdə qərarların qəbul edilməsi sferasıdır. Dövlət rəhbərlərinin və hökumət rəhbərlərinin görüşlərin nəticələri ilə bağlı qərarlarını (məsələn, bəyanatları) buna nümunə göstərmək olar. Eləcə də danışıqların nəticələri olaraq bağlanan sülh müqavilələrini, iqtisadi sazişləri və digər razılaşmaları göstərmək olar. Diplomatiya bu baxımdan siyasət vasitəsidir, eləcə də hüquqi mexanizmləridən ibarətdir. Dövlətin siyasət peşəsi fəaliyyətidir. Burada məqsədlər və hədəflər cəmləşir, istiqamətlər müəyyən olunur, aktlar qruplaşır. Diplomatiya siyasət və onun tərkibi olan hüquq normalarının və qaydalarının məcmusunu ifadə edən peşə fəaliyyətidir. Bu yöndə diplomatiya anlayışı forma etibarilə meyarlardan, hədlərdən, miqyaslardan ibarətdir. Diplomatiya məcmu vasitə olaraq universal və məxsusi peşə sahəsidir. Bu peşə dövlətin xarici siyasət aktları ilə beynəlxalq münasibətlərdə iştirakını təmin edir;
-diplomatiya təmsilçilik, nümayəndəlik vəziyyətlərini və sahələrini müəyyən edən etik-estetik vasitədir;
-diplomatiya dövlətin milli və beynəlxalq etikasını müəyyən edən vasitədir, fəaliyyət sahəsidir, etik təmsilçilik peşəsi və sferasıdır;
-diplomatiya dövlətin, xalqın dəyərlərini bəşəri, dünyəvi sahələrlə, amillərlə bağlayan aktlar məcmusudur;
-diplomatiya xarici siyasətin aktlarını ifadə edən, onların xarakterini müəyyən edən və bu baxımdan da realizə edən mexanizm vasitəsidir;
-diplomatiya dövlətin xarici siyasət və beynəlxalq münasibətlər sferasında strateji-konseptual doktrinalarını, bu baxımdan strategiya və konsepsiyalarını həyata keçirən ali siyasi vasitədir;
-diplomatiya dövlətin milli maraqları ilə beynəlxalq maraqlarını regionlarda və regionlardan kənarlarda uzlaşdıran, tamamlayan və bütövləşdirən bir vasitədir, uyğun, şərtləndirici aktlar cəmidir;
-diplomatiya danışıqlarda tərəflərin mövqelərini milli mənafe naminə dəyişən, əks tərəfin (tərəflərin) mövqeyini yaxınlaşdıran və ortaq birləşdirici xətlər yaradan vasitədir, sahədir;
-diplomatiya immunitet və imtiyazlar fəlsəfəsini yaradan sahədir, anlayışdır, məfhumdur;
-diplomatiya xalqın siyasi mədəniyyətini əks etdirən, təmsil edən və transfer etdirən mühüm vasitədir;
-diplomatiya dövlətin siyasi sistemini başqa dövlətlərin siyasi sistemləri ilə uzlaşdıran nəzəri və təcrübi vasitədir;
-diplomatiya dünya siyasətinin axarlarını, xətlərini birləşdirən ali və orta, eləcə də aşağı mərhələli və sahəli bir vasitədir;
-diplomatiya danışıqlar tərzini müəyyən edən, siyasi dialoqları və danışıqları, müzakirələri özündə cəmləşdirən vasitədir;
-diplomatiya beynəlxalq maraqları milli maraqlarla birləşdirən və dövlətin regional miqyaslı geosiyasi maraq sferasını yaradan vasitədir;
-diplomatiya danışıqların aparılması və qərarların dövlətin xeyrinə çıxarılmasını təmin edən siyasi-hüquqi aktlar cəmidir;
-diplomatiya milli və beynəlxalq maraqları, eləcə də vəsaitləri bəşəri amallar uğrunda toparlayan vasitədir;
-diplomatiya xalqın mədəni ruhunu, siyasi məfkurəsini real xarici siyasətlə uyğunlaşdıran əsas vasitələrdəndir;
-diplomatiya milli maraqları xarici vəsaitlər, xarici fondlar hesabına təmin edən vasitədir;
-diplomatiya dövlətin xarici siyasətini zəruri edən aktlar toplusudur;
-diplomatiya siyasətin həyata keçirilməsi üçün hüquqi sistem və baza yaradan əsas vasitədir;
-diplomatiya xarici siyasət və beynəlxalq münasibətlər üçün ideyalar müəyyən edən, təşəbbüslər verən, təkliflər irəli sürən əsas vasitədir;
-diplomatiya dövlətin xarici siyasətinin reallaşması üçün vəsaitlər axtaran və danışıqlar həyata keçirən vasitədir;
-diplomatiya xarici siyasət aktlarının kollektiv əsaslarını müəyyən edən bağlayıcı vasitədir;
-diplomatiya beynəlxalq münasibətlərdə dövlətin və xalqın, dövlətin yaratdığı təşkilatların və qeyri-hökumət təşkilatlarının maraqlarını və hüquqi əsaslarını norma və qaydalara salan əsas vasitədir;
-diplomatiya dünyada sabitliyi və dinamik inkişafı təmin edən beynəlxalq vasitədir;
-diplomatiya beynəlxalq hadisələri reallaşdıran, aktlaşdıran və mexanizmləri özündə cəmləşdirən hüquqi-siyasi kompleksdir;
-diplomatiya dövləti beynəlxalq əlaqələr və beynəlxalq münasibətlər sisteminə qoşan və siyasət müstəvisi yaradan bağlayıcı və uzlaşdırıcı vasitədir;
-diplomatiya beynəlxalq əlaqələr və münasibətlər sistemini zənginləşdirən əsas vasitədir;
-diplomatiya xarici siyasət aktlarını mərkəzləşdirici və genişləndirici, yayıcı funksiya kəsb edən vasitədir;
-diplomatiya dövləti başqa dövlətdə və beynəlxalq təşkilatlarda təmsil edən siyasi (səfirlik, elçilik, işlər vəkilliyi institutu), mülki (konsulluq) və iqtisadi (ticarət nümayəndəliyi), hərbi (hərbi attaşelik) vasitədir;
-diplomatiya milli hökumətlər və təşkilatlar arasında əlaqələr yaradan, üzvi bağlılığı ehtiva edən ideyaverici, təşəbbüsverici vasitədir;
-diplomatiya dövlətlər və təşkilatlar arasında danışıqları və kompromisləri sistemləşdirən və təsnif edən, ayırd edən vasitədir;
-diplomatiya dünyanın ruhunu əvvəlcədən duyan həssas xarakterli, ön gedişatlı xarici siyasət aktıdır;
-diplomatiya qloballaşma şəraitində dövlətin qloballaşma müstəvisində aktiv iştirakını təmin edən hüquqi-siyasi və mədəni fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq inkişaf meyarlarını, tendensiyaları və yönləri müəyyən edən xarici siyasət aktlarının icrası sahəsidir;
-diplomatiya dövlətlərin milli siyasətlərini uyğunlaşdıran və yaxın standartlarla müəyyən edən siyasət peşəsi sahəsidir;
-diplomatiya münaqişələrin, müharibə və böhranların baş verməməsi üçün vəsaitlərdən tarazlı istifadəni təmin etmək üçün bağlayıcı vasitədir;
-diplomatiya insanlığı yaşadan və dünyaya nəzarət edən mexanizmlərə malik olan fəaliyyət sahəsidir;
-diplomatiya insan resurslarından səmərəli istifadəni təmin edən fəaliyyət sahəsidir;
-diplomatiya diaspora və lobbiçilik fəaliyyətini özündə əks etdirən və bu yöndə milli mədəniyyəti bəşəri mədəniyyətlə bağlayan amildir;
-diplomatiya dünyada xalqların köçünü, bu baxımdan da miqrasiya proseslərini təmin edən, proseslərə nəzarət edən fəaliiyət sahəsidir;
-diplomatiya bəşəri cinayətkarlığın qarşısını alan, xalqları soyqırım təhlükələrindən qoruyan və cinayətkarların ekstradisiyasını təmin edən fəaliyyət sahədidir;
-diplomatiya dünya vətəndaşlarına beynəlxalq tranzitlər zamanı mülki-siyasi yardımlar göstərən humanist vasitədir;
-diplomatiya ölkələrin maddi ehtiyaclarını təmin edən və maddi tələbatları tarazlaşdıran, əhatəli şəkildə bölən bağlayıcı vasitədir (humanitar və sülh diplomatiyası, ədalətli və bəşəri diplomatiya);
-diplomatiya müharibələrdə sülhü qalib edən zəfər vasitəsidir;
-diplomatiya ölkələrin bəşəri ruhunu müəyyən edən və bir-birinə bağlayan vasitədir;
-diplomatiya dövlətlərin milli maraqlarını beynəlxalq maraqları ilə uzlaşdıran və dünyanın qlobal problemlərinə birgə maraq və diqqəti yaradan əsas vasitədir;
-diplomatiya beynəlxalq sövdələşmələri milli siyasətə, milli siyasəti ilə beynəlxalq razılaşmalara uyğunlaşdıran siyasət vasitəsidir;
-diplomatiya gərginlik yaşayan tərəflər arasında “yastıq” rolunu oynayan vasitədir;
-diplomatiya dövlətin beynəlxalq siyasət müstəvisində yerini və siyasi çəkisini müəyyən edən, dövləti söz sahibinə çevirən avtoritar fəaliyyət vasitəsidir (geosiyasi diplomatiya buna nümunə ola bilər);
-diplomatiya xalqları bilavasitə, açıq şəkildə bir-birinə bağlayan gücdür (xalq diplomatiyası misaldır);
-diplomatiya beynəlxalq aləmin sosial statusunu müəyyən edən vasitədir və beynəlxalq sosial vəziyyətləri müəyyən edən araşdırıcı fəaliyyət sahəsidir;
-diplomatiya dünya standartlarından milli standartları və modelləri formalaşdıran siyasət vasitələrindən biridir;
-diplomatiya dövlətləri beynəlxalq aləmdə faktiki və hüquqi baxımdan tanıdan ümdə vasitədir;
-diplomatiya dövlətlər arasında ilkin siyasi bağlantını və münasibətləri müəyyən edən və təmin edən vasitədir (ilk diplomatik danışıqları və müqavilələri buna misal çəkmək olar);
-diplomatiya beynəlxalq sferanın regional və qeyri-regional müstəvilərində dövlətlərin hüquqi-siyasi statuslarını müəyyən edən vasitədir;
-diplomatiya dövlətləri və xalqları universal maraq və məqsəd uğrunda birləşdirən həlqədir;
-diplomatiya dövlətləri universal fəaliyyət, birgə maraq uğrunda birləşdirən, təşkilatlandıran vasitədir (beynəlxalq təşkilatlara qoşulmaq və təşkilatlarda fəaliyyət buna bariz nümunədir);
-diplomatiya xarici siyasət sferasında müxtəliflikləri bir arada cəmləşdirən mozaik sferadır;
-diplomatiya beynəlxalq təşkilatların fəaliyyət prinsiplərini və vəzifələrini, həmçinin öhdəliklərini müəyyən edən təminedici və bağlayıcı vasitədir (beynəlxalq təşkilatların nizamnamələrinin hüquqi və siyasi əsasları buna nümunədir);
-diplomatiya beynəlxalıq aləmdə dövlətin və təşkilatın nüfuzunu qoruyan və təmin edən əsas vasitələrdəndir;
-diplomatiya dövlətlər və təşkilatlar arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın və tərəfdaşlığın əsaslarını müəyyən edən əsas bağlayıcı vasitədir;
-diplomatiya siyasi fəaliyyət sahəsində hərəkətlərdə və davranışlarda əxlaq yaradan nümunəvi vasitədir;
-diplomatiya xalqları dövlətlər (siyasət) yolu ilə bağlayan və dəyərləri inteqrasiya edən yaxınlaşdırıcı və bağlayıcı vasitədir;
-diplomatiya xalqların mədəniyyətini ölkələrdən-ölkələrə transfer edən ictimai-siyasi və mədəni bir fenomendir;
-diplomatiya xalqın və dövlətin şəxsiyyətini (dövlət rəhbərinin, hökumət rəhbərinin, mərkəzi icra hakimiyyəti rəhbərlərinin və diplomatik nümayəndələrinin timsalında) nümayiş etdirən ictimai-siyasi və mədəni bir fenomendir;
-diplomatiya bir dövləti və təşkilatı başqa dövlət və təşkilatlarda təmsil edən və xidməti ezamiyyət məzmunlu fəaliyyət sahəsidir.
Elə təsəvvür yaranmasın ki, diplomatiya furşetlər (axşamlar), səhər və günorta tədbirləri təşkil edən və imtiyazlı və immunitetli istirahəti və yaşayış tərzini əks etdirən və rahat, toxunulmaz, həmçinin üstün həyat yaşadan fəaliyyət sahəsidir. Əksinə, diplomatiya olduqca incə məqamlarla, böyük vəzifə və məsuliyyətlərlə, ehtiyatlı davranışlarla dolu olan məcmulaşmış sistemdir. Diplomatiya çevik reaksiyalara şərt verən və hadisələrə adekvat fəaliyyətlə cavab verən uyğun, simmetrik, harmonik formalı fəaliyyətdir. Diplomatiya dövlətin beynəlxalq münasibətlərdə iştirakına zəmanət verən, uğurlu edən inamlı və güvənli siyasət vasitəsidir. Diplomatiya bəşəri sabitlik, dinamik inkişaf və sülh üçün məsuliyyət daşıyan əsas fəaliyyət sahəsidir. Diiplomatiya ixtisaslaşmış, maraqla sistemləşmiş sahələr üzrə aktları təmin edən, hadisələri uyğunlaşdıran və bağlayan siyasət vasitəsidir. Bu yöndə diplomatiyada təminedicilik, nəzarət və müşahidə kimi funksiyalar var. Diplomatiya həm zəruri, həm məcburi, həm də könüllü şərtlər önəm kəsb edir və fəaliyyətin ana məzmun xəttini təşkil edir.
Diplomatiyanın tərifinə dairə bəzi fikirlər:
-diplomatiya xarici siyasətin məntiqi icra sahəsidir, xarici siyasətin məqsədlərini, hədəf və niyyətlərini aidiyyatı punktlara, ünvanlara çatdıran məlumatdaşıyıcı vasitədir;
-diplomatiya təyinat ölkələrdə öz milli siyasətinin xüsusiyyətlərini əks etdirən vasitədir;
-diplomatiya beynəlxalq vəziyyətləri, məqsəd və məramları, bəşəri idealları milli səviyyələrdə yayan vasitədir;
-diplomatiya dünya siyasətində ümumidən xüsusiyə, xüsusidən də ümumiyə doğru keçidlər edən keçici, daşıyıcı, mərkəzləşdirici və yayıcı vasitədir;
-diplomatiya beynəlxalq hüququn forma və məzmununu müəyyən edən sistemləşmiş sahədir;
-diplomatiya beynəlxalq hüququn prinsiplərini müəyyən edən və bu prinsiplərə hörməti və əməli əks etdirən norma və qaydalar şəbəkəsini, strukturunu ifadə edən vasitəçi sahədir;
-diplomatiya beynəlxalq siyasətin nəzəri əsaslarını işləyib hazırlayan və icrasını təmin edən strukturlu mexanizmdir;
-diplomatiya beynəlxalq hüquq sənədlərinin tətbiqi əhatəsinə və dairəsinə görə qruplaşmasını müəyyən edən fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq hüquq sənədlərinin hazırlanmasını həyata keçirən tərtibçi və müəyyənedici sahədir;
-diplomatiya dövlətin və təşkilatın beynəlxalq əlaqələrdə və beynəlxalq münasibətlərdə niyyət və məqsədlərini elan və bəyan edən məlumatverici sahədir;
-diplomatiya dövlətin və beynəlxalq təşkilatın beynəlxalq aləmdə mövqeyini açıq və qapalı şəkildə bildirən fəaliyyət sahəsidir;
-diplomatiya xarici siyasətin praktiki tərəfini əks etdirən nəzəri sistemdir;
-diplomatiya xarici siyasət və beynəlxalq münasibətlər sahəsində obyekt və predmetləri, məqsəd və vəzifələri, funksiya sahələrini və məsuliyyət tərəflərini razılaşmalarla, beynəlxalq sənədlərlə ehtiva edən fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq əlaqələrdə və beynəlxalq münasibətlərdə imtiyazlı və immunitetli tərəfləri qruplaşdıran, hüquqi-siyasi toxunulmazlıq müəyyən edən fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq müstəvidə beynəlxalq təşkilat maraqlarını dövlət maraqları ilə uzlaşdıran fəaliyyət sahəsidir;
-diplomatiya dövlətlərin gücünə və potensialına görə təsnifatını əks etdirən güc və təsir vasitəsidir (beynəlxalq münasibətlərdə güc amili və real diplomatiya buna misaldır);
-diplomatiya geosiyasi gedişatlarda qalibiyyəti və məğlubiyyəti müəyyən edən təyinedici siyasət vasitəsidir;
-diplomatiya dövlətləri mədəni amillərə, göstəricilərə görə əks etdirən, potensial təsnifatı yaradan və qruplaşdıran siyasət vasitəsidir;
-diplomatiya təyinat ölkələrdə diplomatik nümayəndəliklərin vəzifə və funksiyalarını, məsuliyyət və öhdəliklərini ifadə edən siyasət vasitəsidir;
-diplomatiya beynəlxalq aləmdə dövlətlərin qarşılıqlı inam və etibarlılığını, inam və etiqadını yaradan bağlayıcı vasitədir;
-diplomatiya beynəlxalq hörmət vasitəsi kimi birgə razılıqları, birgə fəaliyyət prinsiplərini müəyyən edən və həyata keçirən siyasət vasitəsidir;
-diplomatiya beynəlxalq aləmdə razılıq etikasını ifadə edən (məsələn, diplomatik nümayəndəliklərə təyinat ölkələr tərəfindən razılıq bildirilməsi, fəaliyyət üçün icazə verilməsi) etik bir peşə sahəsidir;
-diplomatiya dövlətlər və təşkilatlar (universal və çərçivə təşkilatları) arasında qarşılıqlı hörməti ifadə edən mənəviyyat sahəsi və vasitəsidir;
-diplomatiya təbii fəlakətlərdə, müharibələrdə və münaqişələrdə humanitar funksiyalar yerinə yetirən fəaliyyət sahəsidir;
-diplomatiya dövlətin siyasi sistemini beynəlxalq aləmdə ifadə edən əksetdirici fəaliyyət sahəsidir;
-diplomatiya dünya təsərrüfatında qlobal iqtisadiyyatı stimullaşdıran və iqtisadiyyata təkan verən baza və üst sahələr arasında uyğunluq və sintez yaradan siyasət vasitəsidir;
-diplomatiya beynəlxalq aləmdə qaçqın və məcburi köçkün hallarının qarşısı alan və belə hallarda yardımlar göstərən humanitar fəaliyyət sahəsidir, humanist peşədir;
-diplomatiya beynəlxalq situasiyaları analiz edən və adekvat siyasət aktları həyata keçirən fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq gərginliklərdə tərəflər arasında təhlükəsizlik qurşaqları yaradan fəaliyyət sahəsidir;
-diplomatiya müharibə aparmaq qaydalarını müəyyən edən fəaliyyət sahəsidir;
-diplomatiya müharibələri rədd edən və baş verən müharibələrdə silahlı qarşıdurmaları yumşaltmağa çalışan, sülh təşəbbüsü ilə çıxış edən fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq gərginliklərdə mülki əhali üçün təhlükəsiz məkanlar müəyyən edən humanitar siyasət sahəsidir;
-diplomatiya müharibələrdə əsir və girov düşmüş şəxslərlə davranış müəyyən edən humanitar fəaliyyət sahəsidir;
-diplomatiya müharibələr zamanı əsir və girov düşmüş şəxslərin qaytarılması qaydalarını müəyyən edən fəaliyyət sahəsidir;
-diplomatiya kütləvi qırğın silahlarının yayılmasının və tətbiqinin qarşısını alan birgə və kollektiv təşəbbüsvericilik fəaliyyəti sahəsidir;
-diplomatiya kütləvi qırğına səbəb ola biləcək strateji silahların və onların ehtiyat hissələrinin istehsalını, satışını və tətbiqini qadağan edən fəaliyyət sahəsidir;
-diplomatiya qlobal sülhə təhdidlərin qarşısının alınmasında problemlərə birgə yanaşmanı müəyyən edən kollektiv təşəbbüslər sahəsidir;
-diplomatiya insanlığa xələl gətirən bütün milli və beynəlxalq hadisələrə qadağa qoyan, vasitələri səfərbər edən, hadisələrin baş verməsinin qarşısını alan fəaliyyət sahəsidir;
-diplomatiya dövlət başçılarını ölkələrdə layiqincə təmsil edən və ölkənin tanıtım rəmzlərini özündə əks etdirən mədəni və siyasi vasitədir;
-diplomatiya dövlətlərin fəlsəfi məzmunlarını əks ertdirən xeyirxahlıq, müdriklik və zəngin mənəviyyat sahəsidir;
-diplomatiya humanitar fəlakətlər zamanı dövlətlərin və təşkilatların birgə fəaliyyətinin məğzini əks etdirən fəzilət sahəsidir;
-diplomatiya dövlətlərin bəşəri problemlərə dair biganəliyinin qarşısını alan xeyirxah missiya sahəsidir;
-diplomatiya beynəlxalq münasibətlərdə bütün dövlətlərin hüquq bərabərliyini tərənnüm edən ideal fəaliyyət sahəsidir;
-diplomatiya dünya sərvətlərinin bəşəri prinsiplərlə bölünməsini, paylanmasını özündə daşıyan ideal fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq cinayətkarlıqda cinayətkarların cəzalarını müəyyən edən hüquqi-siyasi fəaliyyət sahəsidir;
-diplomatiya bəşəri təqsirlərin, günahların və cinayətlərin təsnifatını, dərəcəsini müəyyən edən hüquqi-siyasi fəaliyyət sahəsidir;
-diplomatiya beynəlxalq hüququ məcəllələşdirən (aidiyyatı sahələr üzrə norma və qaydaları birləşdirən) mexanizm vasitəsidir;
-diplomatiya beynəlxalq münasibətləri hüquq norma və qaydalar sferası ilə zənginləşdirən təminedici vasitədir;
-diplomatiya beynəlxalq hüququn mexanizmini yaradan hüquqi-siyasi vasitədir;
-diplomatiya beynəlxalq hüququ milli hüquqa gətirən siyasi vasitədir;
-diplomatiya dünya siyasətinin ali səviyyəsi ilə milli səviyyəsi arasında bağlantı yaradan, ideya və təşəbbüslər irəli sürən əsas vasitədir.
strateq.az
Paylaş: