Xəbər lenti

 

İran xalqının narahatlığının digər bir mənbəyi isə diaqnostik avadanlıqların olmaması ilə bağlıdır

 

İran hökuməti insanları koronavirusa (Covid-19) qarşı ciddi mübarizə aparıldığına inandırmaq məqsədilə ciddi tədbirlər görür. Bu məqsədlə məktəblər, universitetlər və bəzi dini məktəblər bağlanıb.

 

İranda artıq ən az 47 insana Covid-19 diaqnozu qoyulub, 16 nəfər isə ölüb. Virusun ilk meydana gəldiyi, Tehranın cənubunda yerləşən Qum şəhərinin 1,2 milyon nəfərdən çox əhalisi var. Şəhərdə, Çin vətəndaşları da daxil olmaqla, yüz minlərlə İran və əcnəbi din xadimi, tələbələr yaşayır.

 

AYNA xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur “Financial Times”a açıqlamasında, xəstəliyin yalnız Qumda kütləviləşdiyini, Tehran kimi digər şəhərlərdə isə nadir rast gəlindiyini deyib.

 

Xalqın etimadını artırmaq məqsədilə ölkənin Səhiyyə Nazirliyi hər gün günorta saatlarında dövlət televiziyasında brifinq keçirir. K.Cahanpur virusun daha çox insana yoluxa biləcəyini etiraf edib: "Biz heç bir siyasi və iqtisadi amilləri nəzərə almırıq, insanların sağlamlığını prioritet sayırıq".

Картинки по запросу

Ancaq İran əhalisi rəsmi açıqlamalara o qədər də inanmır. Çünki ötən ilin sonunda İran silahlı qüvvələri tərəfindən Ukrayna təyyarəsi vurulandan sonra rəsmi açıqlamalara olan ictimai etimad zədələnib.

 

İran əhalisinin əksəriyyəti Qumdakı müqəddəs türbənin bağlanılması tələbini səsləndirir. Lakin bəzi ruhanilər virusun Qumla əlaqələndirilməsinin ABŞ planının bir hissəsi olduğunu irəli sürərək bu fikri rədd ediblər.

 

İran siyasətçiləri isə koronavirusun ötən həftə ölkədə keçirilən parlament seçkilərində aşağı fəallığa səbəb olduğunu iddia ediblər. Seçkilərdə əldə olunan 42.57% nəticə 1979-cu il İslam inqilabından bəri ən aşağı göstərici olub.

 

İran xalqının narahatlığının digər bir mənbəyi isə diaqnostik avadanlıqların olmaması ilə bağlıdır. Bununla belə, İran Səhiyyə Nazirliyinin rəsmiləri israr edirlər ki, Donald Trampın 2015-ci ildə dünya gücləri ilə bağladığı nüvə sazişindən imtina etdikdən sonra tətbiq olunan ABŞ-ın sərt sanksiyalarına baxmayaraq, ehtiyac duyulan bütün tibbi avadanlıqlara sahibdirlər.

 

K.Cahanpurun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı indiyə qədər İrana Avropa istehsalı olan dörd diaqnostik avadanlıq dəsti almağa kömək edib: “Çoxu da yoldadır. Sanksiyalar indiyə qədər avadanlıq idxalı üçün heç bir problem yaratmayıb və gələcəkdə də hər hansı bir problemə səbəb ola bilməz”.

Sözçü onu da əlavə edib ki, İran virusu aşkar etmək üçün laboratoriya imkanlarına malikdir və bir ay əvvəldən ölkəyə zəruri avadanlıqlar idxal edilməyə başlanılıb: “Ötən həftə virusdan ölənlər qeydə alındıqdan sonra həm həkimlər, həm də insanlar bu məsələyə daha həssas yanaşdılar. Minlərlə insan bizə müraciət edib və ya həkimlər tərəfindən göndərilib. Onlardan 800-dən çoxunun müayinəyə və başqa xidmətlərə ehtiyacı var idi”.

 

Koronavirusla bağlı ölüm xəbərləri ilk dəfə yayılanda, iranlılar məcburi karantin tətbiq olunacağını düşündüklərinə görə ərzaq tədarükü görməyə başlayıblar. Son bir neçə gündə ölkədə sterilizatorların, maskaların və bəzi qida məhsullarının qiyməti beş dəfəyə qədər artıb. Bəzi apteklərdə üz üçün maskalar bitib. Bütün bunlara baxmayaraq, Kiyanuş Cahanpur vurğulayıb ki, virusla mübarizə bütün məhdudiyyətlərdən və çətinliklərdən üstündür.  

Rumiyyə Miraslan

Siyasi-İctimai Araşdırmalar Mərkəzi




Ana səhifəyə qayıt        Baxış: 1 377          Tarix: 25-02-2020, 23:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma