Xəbər lenti

   

Tibb elmində muzikaterapiya deyilən bir metod var. Bu metod bəzi xəstəliklərin musiqi ilə müalicə edilməsi prinsipinə əsaslanır. Müasir çağımızda muzikaterapiyadan əsasən nevroloji və psixiatrik xəstəliklərin müalicəsində istifadə olunsa da, qədim dövrlərdə bu müalicə üsulunun tətbiq edildiyi sahələr daha genişdi - göz xəstəlikləri, spazmalar, əzələ və oynaq xəstəlikləri, yorğunluq və s. Bir sözlə, insanoğlu hansı xəstəliklə mübarizədə çarəsiz duruma düşübsə, dərhal son çıxış yoluna – musiqiyə pənah aparıb. Hazırda muzikaterapiyanın onkoloji xəstəliklərin müalicəsində istifadə olunmasının səbəbi də, yəqin ki, bu çarəsizlikdən irəli gəlir.

Ovqat.com xəbər verir ki, İranda koronavirusun müalicəsində də muzikaterapiya metodunu tətbiq etməyə başlayıblar.

 

Muzikaterapiyanın tətbiq edildiyi xəstəxana  Xuzistan əyalətinin Dezful şəhərində yerləşir. Qeyd edək ki, əsasən ərəblərin yaşadığı Xuzistanın bu şəhəri bir çox etniklərin məskunlaşdığı yer olması ilə məşhurdur. Şəhər əhalisinin böyük əksəriyyəti isə dezfulca deyilən nadir dildə danışır. Əhalinin əksəriyyəti şiədir.  Di gəl ki, Dezful xəstəxanasında yatan koronavirus xəstələri erməni mahnısı ilə müalicə olunurlar.

Mahnının əsli

 

Sözsüz ki, biz buna etiraz etmirik. İstənilən mahnı bəşəri dəyər daşıyır və insanoğlunun tək ortaq dili sayılır. Odur ki, mahnının ermənicə olması dezfulların onu anlamasına mane deyil və videoadan da göründüyü kimi, mahnının sədaları həqiqətən də xəstələri və tibb bacılarını cuşa gətirib. Deməli melodiyanın ortaq dili Dezfulda da rahat anlaşılıb.

Bizə maraqlı gələn isə dezfullu şiə qardaşlarımızın niyə öz musiqiləriylə müalicə olunmamalarıdır. Axı, musiqi bütün insanların ortaq dili olsa da, sirr deyil ki, milli melodiya muzikaterapiyanın təsir gücünü daha da artırır. Məsələn, “Ara, vay, vay” əvəzinə, “Tormoz Hüseyn” mahnısını səsləndirmək dezfullu koronavirus xəstələrinə daha xoş gələ bilərdi.




Ana səhifəyə qayıt        Baxış: 7 218          Tarix: 20-03-2020, 09:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma