Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına mənfi təsirinin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün 1 milyard manat ayrılıb.
Ovqat.com xəbər verir ki, bununla bağlı Azərbaycan prezidenti İlham Əliyev dünən Sərəncam imzalayıb.
Bir çoxumuza Azərbaycan hakimiyyətinin koronavirusun iqtisadi zərərlərini aradan qaldırmaq üçün 1 milyard manat ayırması böyük səxavət nümunəsi kimi görünsə də, əslində dünyanın əksər dövlətləri bənzər addımlar atıblar. Hətta bəzilərinin səxavət damarı bizdən daha geniş olub.
Məsələn, Səudiyyə Ərəbistanı eyni məqsəd üçün 32 milyard dollar ayırıb. Krallığın Maliyyə naziri Məhəmməd bin Abdulla əl-Cudanın bildirdiyinə görə, hökumət bundan əlavə xüsusilə kiçik və orta sahibkarlığa və baş verən hadisələrdən ən çox təsirlənən iqtisadi fəaliyyətlərə dəstək vermək üçün 70 milyard rialdan çox vəsaitindən keçib. Səudiyyə riyalının 0.27 ABŞ dolları olduğunu nəzərə alsaq, bu hardasa 18.9 milyard dollar deməkdir. Deməli, rəsmi Riyad koronaviruslu iqtisadiyyatı tənzimləmək üçün üst-üstə 50.9 milyard dollar ayırıb.
Azərbaycan manatının 0.59 ABŞ dolları olduğunu nəzərə alsaq, bu, 590 milyon dollar deməkdir. Yəni hardasa Səudiyyə Ərəbistanından 100 dəfə az. Təbii ki, Səudiyyə Ərəbistanının ilə bizim dövlət büdcəmiz eyni deyil. Bizim 2020-ci ildə dövlət büdcəmizin 25,62 milyard manat olacağı nəzərdə tutulur ki, bu da hardasa 15 milyard dollara bərabərdir. Üstəlik, dövlət büdcəmizin 52%-nin neftdən gələn gəlirlər təşkil edəcəkdi ki, büdcə proqnozunda qara qızılın ortalama qiyməti 55 dollardan götürülmüşdü. Neft isə son zamanlar 25-27 dollar arasında var-gəl edir və uzun zaman ərzində qiymətlərin xeyrimizə dəyişməyəcəyi gözlənilir. Bu baxımdan Azərbaycan əslində dar büdcəsiylə koronavirusa qarşı mübarizə aparır.
Səudiyyə Ərəbistanına gəlincə, bu dövlətin 2020-ci il büdcəsi kifayət qədər qabarıqdır – 272 milyard dollar. 272 milyardı bizim büdcə tutarımızla müqayisə etsək 18.4 dəfə fərq ortaya çıxır. İmkanlara görə müqayisə etsək, təbii ki, Azərbaycan dövlətinin 18.4 dəfə dar büdcəylə 100 dəfə az vəsait ayırması heç də səxavət nümunəsi kimi görünmür.
Səudiyyə Ərəbistanı isə koronaviruslu iqtisadiyyatla mübarizədə Qərb dövlətləri ilə müqayisədə də xeyli geri qalır. Koronavirusa ayrılan vəsaitlərə nəzər salanda Qərb ölkələrinin ən xəsisi belə, Səudiyyə Ərəbistanından 2 dəfə çox səxavətli davranıb.
Almaniya: 550 milyard avro (Almaniyanın 2019-cu il dövlət büdcəsi 1 trilyon 122,6 milyard avro idi. Hökumət ötən ili 13.5 milyard dollar qənaətlə başa vurmuşdu. Bu ilin büdcəsinin də aşağı-yuxarı eyni həcmdə olduğunu nəzərə alsaq, koronavirusla mübarizəyə 550 milyard dolların ayrılması təxminən büdcənin yarısının bu işə sərf edilməsi deməkdir. Bu isə alman hökumətinin sağlamlıq məsələsinə böyük diqqət ayırmasından və səxavətli davranmasından xəbər verir);
Hollandiya: 100 milyard avro (Dövlət büdcəsi 305 milyard avrodur. Bunun 1/3-i koronovavirusla mübarizəyə həsr olunacaq);
ABŞ: 1.2 trilyon dollar (20 trilyondan böyük büdcənin hardasa 1/5-ni koronavirusla mübarizəyə ayırması onu da səxavətlilər sırasına daxil edir);
İngiltərə: 300 milyardlıq sterlinq;
Fransa: 300 milyard avro;
İspaniya: 200 milyard avro;
Hollandiya: 100 milyard avro;
İsveç: 30 milyard avro;
Çin: 25 milyard avro (3 trilyonluq dövlət büdcəsiylə Çinin koronavirusa cəmi 25 milyard ayırması onu ən xəsis dövlətə çevirir);
Türkiyə: 15 milyard dollar (100 milyard TL);
Cənubi Koreya: 4,4 milyard dollar;
Polşa: 7.4 milyard avro;
Macarıstan: 5.6 milyard avro;
İspaniya: 4.1 milyard avro;
Rumıniya: 3.1 milyard avro;
Slovakiya: 2.5 milyard avro;
İtaliya: 2.3 milyard avro (Elə xəsisliyindən o gündədir də);
Yunanıstan: 1.8 milyard avro;
Litva: 1.5 milyard avro;
Portuqaliya: 1.4 milyard avro;
Xorvatiya: 1.2 milyard avro.
Paylaş: