Xəbər lenti

  

 

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 virusunun bütün dünyada yayılaraq pandemiya halına keçdiyini elan edib. Təşkilatın statistikasına görə, indiyədək 720 mindən artıq insan bu xəstəliyə yoluxub. 34 minə yaxın xəstə isə dünyasını dəyişib. Dünya tibb mütəxəssisləri koronavirusa yoluxanların cəmi 2-3%-nin öləcəyini bildirsə də, ÜST-ün açıqladığı statistik məlumatlar bu nisbətin gözləniləndən qat-qat artıq olduğunu göstərir. Belə ki, indiyədək COVİD-19-un caynağından yaxasını qurtara bilən xəstə sayının 151 min 766 olduğu bildirilir. Ölənlərin sayı ilə müqayisə etsək, bu, 5 dəfə çox göstəricidir. Belə çıxır ki, COVİD-19-un öldürücü gücü 2-3% yox, ən azı 20%-dir. Nəzərə alsaq ki, bir çox dövlətlər koronavirus qurbanlarının sayını gizlədir, bu nisbəti daha da artıra bilərik.

 

ABŞ prezidenti Donald Trampın bu gün Ağ evdə jurnalistlərə verdiyi açıqlama da COVİD-19-un düşündüyümüzdən qat-qat dəhşətli olduğu qənaətini formalaşdırır. O, jurnalistlərin sualına cavab olaraq bildirib ki, ölkəsində 2.2 milyon insanın koronavirusun bu yeni növündən öləcəyi gözlənir, ABŞ isə bütün gücünü səfərbər edərək, bu sayı heç olmasa 100-200 minə endirməyə çalışır.

Dünyanın super gücünü bu ağır faciənin gözləyəcəyini yalnız Donald Tramp da demir. Bir müddət əvvəl Ağ evin COVİD-19-la mübarizə komissiyasının üzvü Antoni Fauci də ölkəsində bu bəladan ölüm rəqəmlərinin 100-200 min olacağını bəyan etmişdi. Əslində Tramp da həmin açıqlamanı şərh edərkən hər kəsi dəhşətə düşürüb.

 

Şəkildə: Trampın "koronavirus" salamlaşması


Tramp ABŞ xalqı ilə bu qədər açıq və səmimi danışmasının səbəbini də məhz ölüm nisbətini azaltmaq niyyətilə əsaslandırıb. Onun fikrincə, ABŞ-da COVİD-19-a yoluxma sahəsində rəsmi statistikaya görə, ilk yeri tutması vətəndaşlar üzərində aparılan analizlərlə bağlıdır: “Biz 900 min nəfəri testdən keçirmişik deyə yoluxma sayına görə ilk pillədəyik. Heç bir ölkə bu qədər test etməyib".

ABŞ prezidenti koronavirusu ciddiyə almayıb xalqı maarifləndirməyən ölkələrin daha dəhşətli faciə ilə üzləşəcəklərini də vurğulayıb. Onun fikrincə, “zəfəri qazanmadan qalibiyyət elan etməkdən daha pis heç nə ola bilməz”.

 

Yeri gəlmişkən, Trampın təşviş doğuran bu çıxışından cəmi 10 saat əvvəl Naxçıvan MR Səhiyyə naziri Niyazi Novruzov da koronavirusla bağlı açıqlama vermişdi. Nazirin sözlərinə görə, “Naxçıvan yeganə yerdir ki, orda koronavirus yoxdur”. Sözsüz ki, bu şad xəbər hər kəsi sevindirir. Blokada şəraitində yaşayan Muxtar Respublikada bu bəlanın yayılması Allahın xalqımızı ağır sınağa çəkməsi mənasına gələrdi.

Bununla belə, bəzi mətbu orqanlar Muxtar Respublikadakı vəziyyətlə bağlı “təxribatçı” məlumatlar yaymaqdadırlar. Məsələn, Meydan TV-nin dünən yaydığı məlumata görə, Muxtar Respublikada karantində saxlanılan Türkiyədə təhsil alan tələbələr arasında şübhəli hallar qeydə alınıb.

Aktuallığını nəzərə alıb həmin məlumatı olduğu kimi təqdim edirik:

  

Naxçıvanda karantində: 30-dan artıq tələbədə qızdırma 37-ni keçib

 

“Dezinfeksiyaedici vasitələr yoxdur, sadəcə tualetdə 2 sabun qoyulub”

 

100 nəfər eyni otaqda qalırıq. İndi yoxladılar, 30-dan artıq şəxsdə qızdırma 37-dən yuxarıdır. Sabah kimdəsə virus aşkarlansa, bu, hamımızın yoluxduğumuzu göstərəcək”.

Martın 29-da Naxçıvandakı hərbi hissədə karantində olan tələbələr Meydan TV-yə belə deyib.

Adının açıqlanmasını istəyən tələbə deyir ki, hərbi hissənin hələ istifadəyə verilməmiş 5 mərtəbəli yataqxanasına yerləşdiriliblər. “Əgər əsgər olsaydıq, ideal şərait hesab edilərdi. Amma bura virus qorxusuyla yığılmışıq. Hər mərtəbədə 50 yataq var. Alt-üst, iki nəfərlik. Yəni 100 nəfər eyni qapalı otaqda qalırıq. 6 ümumi tualet var. Hamı ondan istifadə edir. Binada hamam yoxdur, bazar günü hərbi hissənin ümumi hamamından istifadə etməyə icazə verilir. Dezinfeksiyaedici vasitələr yoxdur, sadəcə tualetdə 2 sabun qoyulub. Yeməyi binanın xaricindəki ümumi yeməkxanada yeyirik. Yemək az olsa da, idarə edirik. Yalnız su qıtlığı var. Hərəmizə yarım litrik su verilir”.

Başqa bir tələbə isə buraya yeni gəldiyini deyir: “Biz dünən gəlmişik. Eşitmişik ki, etiraz edən bir neçə nəfəri aparıb zirzəmidə döyüblər. Bunu hərbçilərin özləri deyir. Amma dəqiq bilmirəm, neçə nəfəri döyüblər. Döyülənlər aşağı mərtəbədə saxlanıldığından bizimlə əlaqəsi yoxdur. Ümumiyyətlə, mərtəbələrin bir-birləri ilə əlaqəsi yoxdur".

 

Tələbələrin sözlərinə görə, onlara 14-21 gün ərzində burada qalacaqları deyilib: “Hər gün qızdırmamızı ölçməkdən başqa heç nə etmirlər. Bir də sərhəddə dedilər ki, Bakıda yer olan kimi bizi ora aparacaqlar”.

Məsələ ilə bağlı rəsmi açıqlama almaq mümkün olmayıb.

 

Ovqat.com xəbər verir ki, Naxçıvan MR-də “koronavirus mənə heç nə edə bilməz” arxayınlığı Operativ Qərargahın bir sıra izoliyasiya qərarlarına əhəmiyyət verilməməsinə yol açır. Belə ki, Operativ Qərargahın qərarı ilə martın 29-da saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilib. Hətta bu barədə məlumat Naxçıvan MR-in rəsmi informasiya agentliyi “Nuhçıxan”da da dərc olunub. Martın 29-da saat 00:00-dan ölkə ərazisində xüsusi karantin rejimi gücləndirilir

 Qərarın “Ticarət obyektləri üzrə” bölümündə eynilə belə deyilir: “Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət dayandırılır, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir”.

 

Sosial şəbəkələrdə yayılan məlumatlarda isə Naxçıvanda kafe və restoranların saat 17.00-a qədər işlədiyi bildirilir. Qeyd edək ki, ictimai iaşə obyektlərinin saat 17.00-a işləməsi barədə qərar martın 24-də Muxtar Respublikanın Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən verilib. Halbuki, ondan 3 gün əvvəl - martın 21-də Azərbaycan Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarıyla  isə həmin obyektlərdə iş vaxtı rejimi saat 15.00-a qədər qısaldılmışdı: “Növbəti addım kimi Azərbaycan Respublikası ərazisində  fəaliyyət göstərən kafe, restoran, çayxana, internet klubları və adamların toplaşdığı başqa ictimai-iaşə müəssisələrinin iş müddəti martın 22-dən başlayaraq səhər saat 09.00-dan 15.00-dək müəyyən edilir”, - Operativ Qərargahın 21 mart tarixli qərarında belə deyilirdi.

     

Əldə etdiyimiz məlumata görə, Naxçıvan MR hakimiyyətinin 3 gün ləng tərpənməsi səbəbsiz deyildi. Bildirilir ki, Muxtar iradə ümumiyyətlə Naxçıvanda karantin saatı tətbiq etmək istəməyibmiş. Azərbaycanın müvafiq qurumlarının dəfələrlə xəbərdarlığını kobud şəkildə geri çevrilməsi nəticəsində məsələ ölkənin ən ali orqanlarına çatdırılır. Yalnız yuxarı instansiyaların müdaxiləsi nəticəsində Naxçıvan MR hakimiyyəti məlum qərarı verir. Bu qərarda belə 2 saatlıq muxtariyyət yeri qoyur.

İddialara görə, Naxçıvan Səhiyyə Nazirliyinin son açıqlaması da əslində Operativ Qərargahın tamamilə izoliyasiya tədbirlərinə qarşı verilib. Zira Muxtar Respublika rəhbərliyinin tam izoliyasiya rejiminə keçməməsi yenə paytaxt tərəfindən xoş qarşılanmayıb. Dəfələrlə bu barədə iradlara Muxtar Respublikanın cavabını kiçik torpağın Səhiyyə naziri paytaxtın nəzərinə çatdırıb.  

 




Ana səhifəyə qayıt        Baxış: 4 485          Tarix: 30-03-2020, 11:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma