Xəbər lenti


Azərbaycan koronavirus bəlasına düçar olan məmləkətlərdəndir. 
Operativ Qərargahın rəsmi məlumatına görə, ölkəmizdə dünən 41 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb: “Xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 8 nəfərin vəziyyəti ağır, 11 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
Hazırkı dövrədək ölkəmizdə 400 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 26 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 369 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir”.
Sözsüz ki, ən inkişaf etmiş ölkələriylə müqayisədə ölkəmizdə qeydə alınan bu rəqəmlər xeyli aşağıdır və “Qaçqınkom” (artıq keçmiş) Əli Həsənovun təbirincə desək, dünyanın ən aparıcı dövlətlərini belə paxıllıqdan öldürür. Belə getsə, dünya ölkələri koronavirusla yanaşı ikinci bir xəstəliklə də üz-üzə qalacaq – Azərbaycana paxıllıq pandemiyası.



Nyu-yorkda yayımlanan “The Jewish Voice” (Yəhudilərin səsi”) qəzetinin müəllifi Mayan Hoffman Koronovirusla mübarizə İsrail-Azərbaycan əlaqələrində yeni mərhələ ola bilərmi?” sərlöhhəli məqaləsi Əli Həsənovu haqlı çıxarır. M.Hoffman məqaləsində həqiqətən də qibtə hissini gizlətməyərək yazırdı: “Azərbaycan əhalisinin sayı İsrail əhalisinin sayından bir qədər çox – 10 milyon nəfərdir. Martın 12-dək orada 9 nəfərin koronovirusa yoluxduğu, bir nəfərin bu xəstəlikdən vəfat etdiyi məlumdur. Martın 5-dək ölkədə artıq 500 insan karantində idi. İsraildə isə martın 12-nə qədər 126 nəfər bu virusa yoluxmuşdu.
Azərbaycanın İranla həmsərhəd olduğunu nəzərə alsaq, bu ölkədə koronovirusa yoluxma hallarının aşağı olduğunu söyləyə bilərik”.
Mayan Hoffmanın sözügedən yazısı ötən ayın 16-da dərc olunub. Həmin vaxtdan indiyədək 18 gün keçib. Əminik ki, müəllif bu gün Ümumdünya Səhiyyə Təşkilatının koronavirus statistikasına nəzər salsa, heyrəti və ya “Qaçqınkom” Əli Həsənovun diliylə desək, paxıllığı birə-on artar. Çünki ÜST-ün məlumatına görə, İsraildə bu günə qədər 6 min 857 nəfər koronavirus daşıyıcısı qeydə alınıb. Onlardan 107-nin vəziyyəti isə ağır və kritikdir. Yuxarıda da qeyd etdiyimiz kimi Azərbaycanda bu rəqəmlər müvafiq olaraq 400 və 19-dur.

Dünya koronavirusla bu cür mübarizə aparır.




Biz isə belə.




Ölüm sayına görə də yəhudilər bizi üstələyib. İsrailin koronavirus qurbanlarının sayı 36-dır, bizdə isə 5 nəfər bu səbəbdən dünyasını dəyişib. Nəzərə alsaq ki, İsrail koronavirusa qarşı mübarizədə uğurları ilə fərqlənən ölkədir, bizim bu sahədə onu belə üstələməyimiz doğrudan da təqdirəlayiqdir. 

Bəs, görəsən, Azərbaycanın bu uğurunun sirri nədədir?

Hesab edirik ki, həm bu sualın, həm də beynəlxalq yəhudi lobbisinin sözçüsü olan The Jewish Voice” (Yəhudilərin səsi”) qəzetinin müəllifi Mayan Hoffmanın paxıllığının ən dolğun cavabı aşağıda təqdim etdiyimiz videoda öz əksini tapıb. Buyurun, siz də tanış olun!



Videodan da göründüyü kimi, Azərbaycanda koronavirus daşıyıcılarının müalicə olunduğu xəstəxananın həkim və tibb bacıları belə xüsusi geyimlərdən istifadə etmirlər. İstifadə etdikləri ağızlıq da tibbi yox, adi texniki maskadır. Hansı ki insanı heç tozdan da qorumur. Amma bu fakt bizim tibb əməkdaşlarımıza təsir etmir. Halbuki, qardaş Türkiyədə xüsusi tibbi geyimlər belə tibb işçilərini qoruya bilməmiş və 601 nədər koronavirusa yoluxmuşdu. Hazırda dünyada ən çox yoluxma təhlükəsi ilə qarşı-qarşıya qalanlar məhz tibb işçiləridir. Bizdə isə koronavirus deyilən nəsnə Azərbaycanın tibb işçilərinin yanından heç yel olub keçə bilməz.




 
Xəstələr isə deyəsən Azərbaycanda ac və susuz saxlanılmaqla müalicə olunurlar. 
Azərbaycanın koronavirusla mübarizədə uğurla sınaqdan çıxardığı bu metoda nəzər salanda iki qənaət ortaya çıxır: ya xalqımızın koronavirusa immuniteti yaxşı inkişaf edib, ya da koronavirusun əsl dərmanı elə budur – xəstəni ac-susuz saxlamaq, koronavirusu ümumiyyətlə “adam” yerinə qoymamaq.


Ana səhifəyə qayıt        Baxış: 6 800          Tarix: 3-04-2020, 09:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma