Xəbər lenti


Azərbaycanlı iş miqrantlarının ən çox üz tutduğu ölkələrin ilk sırasında Rusiya gəlir. Odur ki, Rusiyada yaşanan hadisələrə Azərbaycan xalqı da həssas yanaşır. Baxmayaraq ki, ölkəmizin başına gəlmiş, gələn və gələcək əksər çox problemlərin arxasından Rusiya çıxıb, çıxır və yəqin ki hələ uzun müddət çıxacaqdır.
Dünyanı bu gün qasıb-qovuran koronavirusun şimal qonşumuza təsiri də bizi narahat edən məsələlərdəndir. Çünki bu virus Rusiyada yayılarsa, bizim əmək miqrantlarımız da bu təhlükə ilə üz-üzə qala bilərlər.
Bəs, Rusiyada koronavirus pandemiyasının son durumu nə yerdədir? 
Rusiyada 198 min 124 nəfər COVİD-19 virusuna yoluxma şübhəsi ilə tibbi nəzarət altındadır. Virusa yoluxa biləcəyi düşünülən insanlarda edilən testlərin sayı 697 mini keçib.
Ovqat.com Rusiyanın səhiyyə agentliyi “Rospotrebnazdor”-a (Роспотребнадзор) istinadən xəbər verir ki, indiyədək ümumilikdə 401 min 808 vətəndaş müəyyən müddətə tibbi nəzarət altında tutulub. 
Rospotrebnazdor səlahiyyətlilərinin açıqlamalarına görə, koronavirus simptomları olan 697 mindən çox insan müayinədən keçirilib və ən çox ölkənin paytaxtında yoluxma halı təsbit edilib. Məlumata görə, təkcə paytaxtda COVİD-19 diaqnozu qoyulanların sayı 3 893 nəfər olub.
Moskva meri Sergey Sobyanin də paytaxt sakinlərinə bu barədə xəbərdarlıq edib: "Şəhərimiz koronavirus üçün ən yüksək risk daşıyan məkandır, çünki bir çox insanlar buradan keçirlər".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, Rusiyada indiyədək 4 min 731 nəfər koronavirusa yoluxma halı qeydə alınıb. Onlardan 43-ü ölüb, 8-nin vəziyyəti ağırdır. Yoluxanların 3 min 893-ü Moskvada təsbit olunubsa, belə çıxır ki, digər ərazilərdə cəmi 838 nəfər koronavirusa yoluxub. Nəzərə alsaq ki Rusiya ərazinin ölçüsünə görə dünyanın birinci, əhalisinin sayına görə isə 9-cu böyük dövlətdir, bu rəqəm xeyli aşağı göstəricidir.


Ana səhifəyə qayıt        Baxış: 2 545          Tarix: 5-04-2020, 20:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma