Xəbər lenti

 
Millət karantin altındadır. Heç bir kütləvi tədbirlərdə iştiraka icazə verilmir. Hakimiyyət əhalinin sağlamlıq təhlükəsizliyini təmin etmək üçün faktiki olaraq ev həbsinə aldığı milyonlarla insanın necə yedirib-içirəcəyinin dərdini çəkir. Bir tərəfdən də dünya neft bazarında “qara qızıl”ın qiyməti durmadan ucuzlaşır. Neft ölkələri bu böhrandan çıxmaq üçün hasilatları azaltmağa qərar verib, Azərbaycan da bu kampaniyaya qoşulub. Dolayısıyla bu, ölkənin maliyyə gücünün 85%-nin təşəkkül tapdığı neft gəlirlərinin kəskin şəkildə azalması deməkdir. Bəzi iqtisadçı ekspertlər bu gedişlə Azərbaycanın defolt ola biləcəyini də istisna etmirlər.
Hər manatın qızıldan qiymətli olduğu belə bir zamanda Azərbaycan Diasporuna Dəstək Fondu Avropada konsertlər təşkil etməyə hazırlaşır.
Ovqat.com xəbər verir ki, bu barədə məlumatı Diaspora ilə İş üzrə Dövlət Komitəsi yayıb.



Komitənin məlumatına görə, Avstriyadan Fransaya qədər bir çox ölkələrdə təşkil olunacaq və karantin müddəti davam edəcək bu konsertlərin əsas məqsədi “dünyada karantin rejiminin tətbiq olunduğu zamanda xaricdə yaşayan azərbaycanlıların asudə vaxtlarının səmərəli təşkilinə kömək etmək, xaricdə yaşayan soydaşlarımıza yüksək əhval-ruhiyyə bəxş etmək”dir.
“Konsert proqramları dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı musiqiçilərin iştirakı ilə Fondun facebook sosial şəbəkə hesabı üzərindən canlı yayımlanacaq”,-Komitənin bu gün yaydığı məlumatda belə deyilir.



 Lap "Nəsimi" filmindəki “Vəsf vaxtı deyil, Afət” deyimini xatırladan bu silsilə konsetlərin ilki sabah təşkil olunacaq. Məlumatda deyilir:
“İlk konsert proqramı ilə bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə və həyat yoldaşı, Vyana Konservatoriyasının məzunu, musiqiçi Karen Danger-Manafzadə aprelin 11-də, Bakı vaxtı ilə 22:00-da çıxış edəcəklər. Qeyd edək ki, Abuzər Manafzadə dünyanın ən məşhur musiqi təhsil ocaqlarından olan Vyana Musiqi və Səhnə Sənətləri Universitetində dirijorluq təhsili almış ilk azərbaycanlı olmaqla yanaşı, eyni zamanda Linz şəhərində Anton Bruckner Universitetində piano üzrə magistratura təhsilinə yiyələnib”.



Növbəti proqramın isə Paris şəhərində keçirilməsi gözlənilir: “Prezident təqaüdçüsü olan Ağarəhim Quliyev aprelin 13-ü, saat 18:00-da  Paris şəhərindən konsert proqramı ilə çıxış edəcək. Fransanın Ecole Normale de Musique de Paris-Alfred-Cortot ali məktəbinin tələbəsi olan Ağarəhim Quliyev fleytada ifa edəcək. Ağarəhim Quliyev dünyanın ən nüfuzlu beynəlxalq musiqi müsabiqələrindən biri olan “Qızıl açarlar” müsabiqəsində fleyta aləti üzrə “Qızıl açar” mükafatına layiq görülüb.



Azərbaycanın Əməkdar artisti Nərgiz Əliyarova   aprelin 16-ı, saat  22:00-da ABŞ-ın Nyu York şəhərindən fortepiano ifası ilə çıxış edəcək. Nərgiz Əliyarova Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin yaradıcısıdır. O, bir çox beynəlxalq müsabiqələrin laureatı, Azərbaycan Dövlət Fortepiano Triosunun solisti və Bakı Musiqi Akademiyasının dosentidir.



Tanınmış pianoçu Səidə Zülfüqarova 18 aprel 19:00-da Fransanın Paris şəhərindən növbəti konsert proqramı ilə çıxış edəcəkdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan Səidə Zülfüqarova bir çox milli müsabiqələrin qalibi olmaqla yanaşı, IV Sorbon Universitetində musiqişünaslıq üzrə ali təhsil alıb və Fransa Dövlət Diplomuna layiq görülüb.
Proqram karantin müddətində davam edəcək”.



Yəqin ki, bu konsertlərin heç biri elə-belə başa gəlməyəcək. Qərb ölkələrinin ən nüfuzlu konsert salonlarında təşkil edilməsi gözlənilən bu proqramlar üçün xeyli vəsait xərclənəcək. Əlbəttə, biz mədəniyyətə çəkilən xərclərə qarşı deyilik. İntəhası, hər tədbirin də öz zamanı var. Azərbaycanda olduğu kimi, Qərb ölkələrində də koronavirusla ölüm-dirim savaşı aparıldığı bir zamanda heç konsertin yeridirmi? Koronavirusdan əziyyət çəkən insanların, evlərinə həbs edilmiş vətəndaşların bu dəqiqə “asudə vaxtlarının səmərəli” keçirməkdən daha çox çörəyə, dərmana ehtiyacı var. Azərbaycanın əlaqədar qurumları açıq şəkildə xəstəxanalarımızda koronavirus daşıyıcılarından yer olmayacağı ehtimalı dilə gətirirlər. Cəmiyyəti psixoloji cəhətdən çətin günlərə hazırlayırlar, Diasporla İş üzrə Dövlət Komitəsi isə sanki Azərbaycanda deyil, başqa planetdə yaşayır. Toxun acdan xəbərinin olmadığı zamanəmizdə, belə görünür ki, Fuad Muradov cənabları da böyük hissəsi günəmuzd çalışan Azərbaycan insanın bu ağır günlərdə nəyə daha çox ehtiyac duyduğunu bilmir.


Ana səhifəyə qayıt        Baxış: 5 222          Tarix: 11-04-2020, 00:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma