Xəbər lenti
Dünən, 19:25


Vətəndaşlarımızın 80%-i Allahın umuduna buraxılıb

Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq məqsədilə martın 31-dən küçəyə çıxmaq qadağası tətbiq olunur. Nazirlər Kabinetinin yanında Operativ Qərargahın qərarıyla arpelin 20-nə qədər evdən bayıra çıxa bilməyəcəyik. 
Sirr deyil ki, bu qərara görə, əksər vətəndaşlarımız gündəlik çörəyə möhtac qalıb, necə dolanacağını bilmir. Hökumət vətəndaşların bu ehtiyacını aradan qaldırmaq üçün müəyyən tədbirlərə əl atsa da, bunlar qənaətbəxş deyil. Prezident İlham Əliyevin imzaladığı 19 mart 2020-ci il tarixli Sərəncamına uyğun olaraq məşğulluğa və sosial rifaha dəstək məqsədilə Tədbirlər Planı hazırlanıb. Planda 1 milyon 900 min vətəndaşın minimum ehtiyaclarını qarşılamaq üçün 394 min manat vəsaitin ayrılması nəzərdə tutulub. Azərbaycanda isə əhalinin sayı rəsmi statistikaya görə, 10 milyondan artıqdır. Belə çıxır ki, bu Tədbirlər Planı əhalimizin yalnız 20%-dən azını ayaqda tuta biləcək. Vətəndaşlarımızın 80%-i isə Allahın umuduna buraxılıb.
Karantin tədbirləri aprelin 20-də bitsə, bəlkə də heç bir yardım ala bilməyəcək insanlarımız canını dişinə tutub bu mərhələni adlamağa çalışardı. Operativ Qərargahın dünənki açıqlamaları isə ev karantini müddətinin artırılacağından və şərtlərinin daha da sərtləşəcəyindən xəbər verir. Bunu Qərargahın sözçüsü İbrahim Məmmədov açıq şəkildə dilə gətirərək deyib: “İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu, bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların xüsusi karantin rejimi qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünütəcridin səmərəsi olacağına inam var idi. Ancaq bugünkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir”.


 
Əbədi qonaq elə ev sahibi deməkdir
 
Dünyanın bəzi tibb mütəxəssislərinin səsləndirdiyi fikirlər isə koronavirusa qarşı mübarizədə karantində saxlama metodunun faydalılıq əmsalını şübhə altına alır. Onların fikrincə, koronavirusdan qaçmaq əvəzinə ona yoluxmaq daha ağıllı variantdır. Rusiyanın məşhur həkimlərindən olan Aleksandr Myasnikovun koronavirusa qarşı mübarizə “resepti” də bu yöndədir.
Ovqat.com-un məlumatına görə, A.Myasnikov Rusiya mətbuatına verdiyi açıqlamasında bildirib ki, pandemiya bitdikdən sonra da COVİD-19 tipli koronavirus tamamilə yox olmayacaq: “COVİD-19 insanlığa əbədi qonaq gəlib və heç vaxt da ümumi evimiz olan dünyanı tərk etməyəcək. COVİD-19 da digər 6 koronavirus qardaşları ilə birlikdə kəskin tənəffüs xəstəliklərinin bir növünə çevrilərək həmişə qalacaq və koronavirus ailəsinin 7-ci qardaşı olacaq”.
Hətta karantin tədbirləri nəticəsində pandemiyanın ağır nəticələri maksimum səviyyəyə ensə belə, dünyanı növbəti yoluxma dalğalarının gözlədiyini bildirən Myasnovun fikrincə, bu şərtlər altında ən doğru yol bəşəriyyətin bu virusa qarşı kollektiv immunitet qazanmasıdır və yalnız bu zaman koronavirus indiki qədər təhlükəli olmayacaq.
Qeyd edək ki, bu fikirlər təkcə Myasnikova da aid deyil. Dünyanın bir sıra ölkələri vətəndaşlarına kollektiv immunitet qazandırmaq üçün hər hansı bir karantin tədbirləri görmədi və insanlarını koronavirusla “baş-başa” buraxdı. Baxmayaraq ki, indi həmin ölkələr koronavirusla “zarafat etməyin” ağır bədəllərini ödəyirlər.
Söhbət təkcə imkansızlıq ucbatından koronavirusla mübarizə apara bilməyən Şərq ölkələrindən də getmir. Avropanın İsveç, Böyük Britaniya, Niderland kimi inkişaf etmiş ölkələri də COVID-19 virusuna qarşı mübarizədə “kollektiv immunitet” strategiyasına üstünlük verirlər.


 
Bəs Kollektiv immunitet strategiyası nədir?
 
Əslində Kollektiv immunitet strategiyası tibbə yad olan metodologiya deyil. Loru dillə adına “peyvəndləmə” və ya “vaksinasiya” dediyimiz bu metoddan bir çox yoluxucu xəstəliklərə qarşı istifadə olunur. Məntiqi isə çox sadədir: insana bir çox mikroblar nəzarət altında saxlanılacaq dozada yoluxdurulur və onun bədənində həmin xəstəliyə qarşı immunitet formalaşdırılır. Bəzi Avropa ölkələrinin koronavirusa qarşı bu mübarizə üsuluna əl atmasında yeganə qorxulu məqam isə onun pandemiya halını almış dozasını yoluxdurmaq məcburiyyətindən irəli gəlir. Bu isə həmin xəstəliyə həssas olan zəif orqanizmlərin ölümünə qərar verməkdən başqa bir şey deyil. Ümumdünya Səhiyyə Təşkilatının proqnozlarına görə, bu virusa yoluxanların 3-4 faizi dünyasını dəyişək. Belə çıxır ki, Böyük Britaniya, İsveç və Niderland kimi ölkələr artıq əhalinin bu hissəsini gözdən çıxarıblar.
Avropada Kollektiv immunitet strategiyasını ilk həyata keçirən İngiltərədir. İngiltərə Baş naziri Boris Conson açıq şəkildə dəstəklədiyi bu strategiyanın az qala qurbanına çevriləcəkdi. Belə ki, onun koronavirusla “zarafatı” ağır şəkildə virusa yoluxması ilə nəticələndi. On gün öz iqamətgahında özünütəcridə qapanan Baş nazirin vəziyyəti ağırlaşınca dərhal xəstəxanaya aparıldı və bir gün sonra xoş xəbər yayıldı: “Boris Conson komadan ayılıb və normal palataya keçirilib. O indi yavaş-yavaş yeriməyə çalışır və ilk addımlarını artıq atıb”.
 


Kollektiv immunitetin 3 mərhələsi
 
Baş nazirin canı bahasına Böyük Britaniyada həyata keçirməyə çalışdığı Kollektiv immunitet strategiyasında 3 mərhələ nəzərdə tutulmuşdu: nəzarəti ələ keçirmək, yoluxmanı gecikdirmək və təsirini azaltmaq
Koronavirusu nəzarət altına almağın çətinliyini anlayan hökumət çox vaxt itirməmək üçün ikinci mərhələyə - yoluxmanı gecikdirmə mərhələsinə keçdiyini bəyan etdi. Hökumət bu qərarını ötən ayın 12-də  keçirdiyi mətbuat konfransı ilə xalqa çatdırdı. Həmin strategiyanın çox bəsit tələbləri vardı və bunlardan bəziləri Azərbaycan insanına da tanışdır: daha uzun müddət ərzində əlləri yumaq və gigiyena qaydalarına riayət etmək. İngiltərə hökumətinin təlimatlarında, həmçinin öskürəyi və yüksək hərarəti olanların könüllü olaraq yeddi gün evdə özlərini karantinə almaları tövsiyə edilirdi. Ən son təlimatda isə bu simptomları olan və eyni evdə yaşayan insanların da bir-birindən ayrı qalmaları tələb olunmuş, yaşlı və xəstə ziyarətlərində daha çox ehtiyatlı olmağın vacibliyi vurğulanmışdı.
Ötən ay pandemiya ilə yenicə tanış olan Böyük Britaniyada hər şey vətəndaşın öz ixtiyarına buraxılmış, hamıdan fərdi məsuliyyət, könüllü özünütəcrid və həssas vətəndaşlıq mövqeyi tələb olunmuş və bu tələblər çərçivəsində həyata keçiriləcək tədbirlərdən başqa hətta təhsilə, sosial və iş həyatına da heç bir məhdudiyyət qoyulmamışdır. 
Rəsmi Londonun koronavirusa qarşı Kolletiv immunitet strategiyasının 2-ci mərhələsi də bir işə yaramayınca, mart ayının 24-dən etibarən son mərhələyə qədəm qoyuldu. Yuxarıda da qeyd etdiyimiz kimi koronavirusun təsirlərinin azaldılması tədbirləri adlanan bu mərhələdə qismi karantin saatları nəzərdə tutulurdu. Bu tədbirlər nəticəsndə əhalinin bir-biriylə təmasları 70% azaldı və virusa yoluxdurma tədrici üsullarla həyata keçirildi.



Üçüncü mərhələyə əsasən, kütləvi tədbirlərin dayandırılması və yüksək risk qrupuna daxil olan yaşlıların və xəstələrin təcrid edilməsi nəzərdə tutulur. Bu tədbirlər çərçivəsində risk qrupuna daxil olan insanların alış-veriş və digər ehtiyacları evlərinə aparılır, onların çölə çıxmasının maksimum qarşısı alınır. Xatırladaq ki, Azərbaycan da tam karantin qaydalarına keçməmişdən əvvəl bu tədbirləri həyata keçirirdi.
 
İngiltərənin “Hacıqaralığı”
 
 Maraqlıdır ki, koronavirusla mübarizəyə 500 milyard dollar civarında vəsait ayıran rəsmi London tam karantin şəraitinə keçməməsini və Kollektiv immunitet strategiyasına üstünlük verməsini “kadr, xidmət və maliyyə mənbəyiçatışmazlığı ilə əlaqələndirmişdi. Eyni məqsəd üçün İngiltərədən 100 dəfə aşağı maliyyə ayıran və tibbi səviyyəsi Avropanın sözügedən ən imkanlı ölkəsiylə ümumiyyətlə müqayisə edilməyəcək qədər aşağı olan Azərbaycanın daha geniş miqyaslı karantin tədbirləriylə “əsrin vəbası”nı beşikdə boğacağı bu mənada inandırıcı görünmür.
Kollektiv immunitet strategiyasının uğur qazanması üçün, mütəxəssislərin fikrincə, ölkənin ən azı 60 faizinin bu infeksiyaya yoluxması lazımdır. Qəribə səslənsə də mütəxəssislər bu nisbətdə yoluxmanın baş verdiyi toplumlarda virusa immunitetin formalaşdığına və infeksiyanın artıq təhlükə əxz etməkdən çıxdığına inanırlar. Tibbi bilgilərimiz yetərsiz olduğundan bunun niyə belə olduğunu əsaslandırmaq qüdrətində deyilik. Amma bildiyimiz bir həqiqət var ki, İngiltərənin bu təhlükəsizlik xəttinə yaxınlaşması üçün 36 milyon vətəndaşının koronavirusa yoluxması lazımdır. Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə isə, İngiltərədə indiyədək cəmi 78 min 991 adam koronavirusa yoluxub. Deməli İngiltərə hələ yolun başlanğıcında belə deyil. Hər gün ölkədə 5 min civarında yoluxma faktının aşkarlandığını nəzərə alsaq, Kollektiv immunitet strategiyası ilə Böyük Britaniyanın hələ uzun müddət koronavirus əsarətindən xilas olmayacağı ortadadır. 


 
Koronavirusun növbəti "dəcəlliyi"
 
Rəsmi London üçün yeganə ümidverici amil odur ki, koronavirusa yoluxanların yalnız 20%-də simptomlar açıq şəkildə özünü büruzə verir. Dolayısıyla ölkənin 80%-nin bu mərəzə yoluxub-yoluxmadığından belə xəbəri olmayacaq. Qeyd edək ki, həmin bəxtəvərlik təkcə ingilislərə deyil, bütün dünya xalqlarına, o cümlədən Azərbaycan vətəndaşlarına da xasdır.
İngiltərənin “kasıbçılıqdan” məcburən seçdiyi Kollektiv immunitet srtategiyasi daha sonra İsveç və Niderland hökumətləri tərəfindən də qəbul olundu. Mart ayının ikinci yarısında Niderlandın Səhiyyə naziri Bruno Bruins Böyük Britaniyanın nümunəsinə uyğun olaraq heç bir karantin elan etməmək qərarına gəldi. O, mətbuat açıqlasında bildirdi ki, karantin tədbirləri başa çatdıqdan sonra da virusun yenidən baş qaldırması mümkündür. Buna görə də hər hansı karantinə ehtiyac yoxdur. 
Koronavirusun dəcəlliyinə baxın ki, Niderland Səhiyyə naziri də eynilə bu strategiyanın banisi İngiltərə Baş naziri Boris Consonla eyni taleyi yaşadı. Yəni o da koronavirusun hədəfi oldu. Özü də Boris Consondan fərqli olaraq, elə həmin açıqlamanı verdiyi sırada. Məlumata görə, Niderlandın Səhiyyə naziri Haaqada koronavirus pandemiyası ilə bağlı parlamentdəki debatlarda çıxış edən zaman özündən gedib və dərhal parlament binasından çıxarılıb. Nazir bu bayılmasının səbəbini daha sonra sosial şəbəkələrdə bir həftəlik intensiv iş rejiminin yorğunluğundan irəli gəldiyini bildirsə də, istefa verməli oldu. Hər kəs isə həmin istefanı nazirin koronavirusa yoluxmasının əlaməti kimi qarşıladı. Bir sözlə, Niderlandda koronavirusun ilk siyasi qurbanı kimi tarixə düşdü.


 
Evdə qalmaq intihardır
 
Bütün bu deyilənlərdən gəlinən qənaət bundan ibarətdir ki, Azərbaycanın koronavirusa qarşı apardığı mübarizə yalnız bir işə yaraya bilər: yoluxma halını gecikdirmək. Əslində Kollektiv immunitet nəzəriyyəsində bu da nəzərdə tutulur. Fəqət bu virusa yoluxmanın qarşısını almaq çətin məsələdir və “əsrin vəbası” dünyadan silinməyənədək heç kim ona yoluxmaqdan sığortalanmayacaq. Tibb mütəxəssislərinə görə isə, COVİD-19 ədəbi olaraq bizimlə yoldaşlıq etməyə gəlib. Əbədi qonağın ev sahibindən fərqli olmadığını nəzərə alsaq, biz də onu öz “ailəmizin bir fərdi” kimi qəbul etməliyik və yalnız qlobal kollektiv immunitetə, başqa sözlə desək, koronavirusun adi xəstəliyə çevrilməsinə ümid bağlamalıyıq.
“Əsrin vəbası”nın adi xəstəliyə çevrilməsi üçün isə bəşəriyyətin ən azı 60%-nin yoluxması lazımdır. Buna isə uzun illərdən sonra nail olmaq mümkündür. Yəqin razılaşarsınız ki, ölkəmizin iqtisadi gücü bizim uzun illər boyu evlərimizdə gizlənməyimizi təmin etməyə yetərli deyil. Xüsusilə neft erasının bitdiyi, yeni iqtisadi mərhələnin qapımızı döyüdüyü bir zamanda evdən bayıra çıxmadan ölkəmiz qarşısında dayanan bu çətin problemin də öhdəsindən gələ bilmərik.
Bu cür dilemmaların qarşısında Azərbaycanın tuta biləcəyi yol karantin şərtlərini ağırlaşdırmaq ola bilməz. Fikrimizcə, biz qismi özünütəcrid sisteminə keçməliyik. Qismi özünütəcid sistemi pandemiyaya qarşı risk qrupuna aid olan insanların izoliyasiya edilməsi, kütləvi tədbirlərin dayandırılmasıdır. İş dünyasını özünütəcridə məcbur etmək isə indiki şəraitdə intihara bərabərdir.

Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 5 458          Tarix: 12-04-2020, 13:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma