Xəbər lenti
 
 

Orxan Bağırov, 
BMTM-in aparıcı məsləhətçisi
 
COVİD-19-un yayılması ilə əlaqədar olaraq Ermənistanda martın 16-dan etibarən fövqəladə vəziyyətin tətbiq edilməsi və onun iyunun 13-nə qədər uzadılması iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyətin əsaslı şəkildə zəifləməsinə səbəb olmuşdur. Bu isə iqtisadiyyatın inkişafı imkanlarını kəskin şəkildə daraldaraq bir sıra problemlərə yol açmışdır. Yaranacaq iqtisadi və sosial problemlərin qarşısını almaq məqsədilə hökumət tərəfindən həyata keçirilən tədbirlər iqtisadiyyatın dəstəklənməsinə şərait yaratsa da, Ermənistanın maliyyə resurslarının azlığı bir sıra problemlərin yaranmasına səbəb olmuşdur.
 
Ermənistan hökuməti COVİD-19-un yaratdığı iqtisadi problemlərin aradan qaldırılması üçün 307 milyon ABŞ dolları   (Dram-ABŞ dolları mübadilə kursu aprel ayının orta göstərici üzrə 1AMD=488.43 səviyyəsində götürülmüşdür) həcmində (bundan sonra dollar) yardım paketi ayırmışdır. Bu vəsaitin 51.2 milyon dolları sosial-iqtisadi problemlərin aradan qaldırılmasına, 163.8 milyon dolları uzunmüddətli  iqtisadi və inkişaf  proqramlarının  həyata keçirilməsinə, 40.95 milyon dolları isə rezerv vəsaitlərinin yenidən bölüşdürülməsinə xərclənəcəkdir.



Ermənistan hökuməti tərəfindən 2020-ci il üçün qəbul edilmiş büdcə layihəsində iqtisadiyyatın artım proqnozu 4,9% səviyyəsində, inflyasiya 4% ətrafında, büdcə gəlirləri 3.46 milyard dollar, büdcə xərcləri 3.79 milyard dollar, büdcə kəsri isə 330 milyon dollar həcmində proqnozlaşdırılsa da koronavirusun yaratdığı iqtisadi problemlər ilin sonuna qədər bu göstəricilərin dəyişməsinə səbəb olacaqdır. Belə ki, hökumətin yeni proqnozlarına əsasən ilin sonuna Ermənistanda ÜDM-in artımı — 2% səviyyəsində olacaqdır ki, nəticədə ÜDM-in həcmi nominal olaraq ilkin proqnozdan 1 milyard 249 milyon dollar daha az, yəni 13.277 milyard dollar səviyyəsinə düşəcəkdir. Eyni zamanda büdcəyə vergi daxilolmaları proqnozlaşdırılandan 346 milyon dollar daha az olacaqdır.


 
Büdcə daxilolmalarının azalmasına baxmayaraq yaranacaq iqtisadi problemlərin qarşısını almaq və sosial narazılığın yaranmasına imkan verməmək üçün hökumət büdcə xərclərini olduğu kimi saxlamaq məcburiyyətindədir. Belə olan halda isə büdcə kəsrinin həcmi büdcə layihəsində proqnozlaşdırılandan iki dəfədən çox artaraq ilin sonuna qədər 663.3 milyon dollar səviyyəsinə qalxacağı gözlənilir. Bu da büdcə kəsrinin büdcə gəlirlərinin 21%-i, ÜDM-in isə 5%-i səviyyəsinə qalxması deməkdir. Büdcə kəsrinin kəskin artmasına imkan vermək üçün Ermənistan hökuməti 2020-ci il büdcə layihəsinə dəyişiklik etməklə yanaşı büdcə kəsri üçün müəyyən edilmiş məhdudiyyətin artırılmasına məcbur olacaqdır.
 
Belə vəziyyətdə Ermənistan hökuməti böyük maliyyə resurslarına malik olmadığından istər iqtisadiyyata dəstək proqramını həyata keçirmək üçün, istərsə də büdcə kəsrini maliyyələşdirmək üçün borc almaq məcburiyyətində qalacaqdır. Proqnozlara əsasən qeyd edilən istiqamətlərdə maliyyələşməni həyata keçirmək üçün Ermənistan hökuməti 532.3 milyon dollar həcmində əlavə borclanmaya getməli olacaqdır. Bunun üçün Ermənistan digər dövlətlərə və beynəlxalq maliyyə təşkilatlarına “üz tutmalı” olacaqdır.



Artıq bir sıra maliyyə təşkilatları Ermənistana yardım ayırmağa hazır olduqlarını bəyan etmişdir. ABŞ Dövlət Departamenti isə Ermənistana ayrılacaq yardımın həcmini 1.1 milyon dollardan 1.7 milyon dollara qədər artırmışdır. Bundan başqa Avropa İttifaqı tərəfindən Ermənistana 92 milyon avro yardımın ayrılacağı elan edilmiş və Dünya Bankı 3 milyon dollar həcmində yardım ayırmışdır. Lakin, yaranan maliyyə problemlərini həll etmək üçün Ermənistanın daha böyük maliyyə resurslarına ehtiyacı olacaqdır.
 
Ermənistan hökumətinin borclanmaya getməsi isə onsuz da son illərdə yüksək olan və artan dövlət borcunun daha da yüksəlməsinə səbəb olacaqdır. Ermənistan Statistika Komitəsinin məlumatlarına əsasən, Ermənistanın dövlət borcu 2019-cu ilin sonuna 7.324 milyard dollar həcmində olmuşdur. Dövlət borcu təkcə dekabr ayında 158 milyon dollar və ya 2,2% artmışdır. Ümumi dövlət borcunun 5.79 milyard dolları və ya 79%-i xarici borclar, 1.53 milyard dolları və ya 21%-i isə daxili borclar olmuşdur. Dekabr ayında xarici borc 163.5 milyon dollar artmış, daxili borc isə 5.39 milyon dollar azalmışdır. 



Xarici borcların 5.3 milyard dolları Ermənistan hökumətinin, 489.32 milyon dolları isə Mərkəzi Bankın borclarıdır. Dekabr ayında hökumətin xarici borcu 186.3 milyon dollar artmış, Mərkəzi Bankın xarici borcu isə 22.8 milyon dollar azalmışdır. Dövlət borcunun iqtisadiyyatda rolunun hansı səviyyədə olduğunu müəyyən etmək üçün istifadə edilən dövlət borcunun ÜDM-ə nisbətinin faizlə ifadəsi 2018-ci ildə 51,3%, 2019-cu ildə isə 50% səviyyəsində olmuşdur ki, bu da çox böyük rəqəmdir. Müqayisə üçün deyə bilərik ki, bu göstərici 2019-cu ildə Azərbaycanda 18%, Gürcüstanda isə 42% səviyyəsində olmuşdur.
 
Göründüyü kimi, dövlət borcunun son illərdə artmasının əsas səbəbi hökumətin xarici borcunun artmasıdır. Daxili borclar  və  Mərkəzi   Bankın   xarici  borcu azaldığı halda, hökumətin xarici borcu təkcə dekabr ayında 3,5% artmışdır. Əgər proqnozlaşdırıldığı kimi, Ermənistan hökuməti 532.3 milyon dollar həcmində xarici borc götürərsə, təkcə bu borc 2019- cu il ilə müqayisədə ümumi dövlət borcunun 7,26%, ümumi xarici borcun 9,2%, hökumətin xarici borcunun isə 10% artmasına gətirib çıxaracaqdır. Onu da nəzərə alsaq ki müxtəlif mənbələrdən 2019-cu il üzrə Ermənistanın dövlət borcu 945 milyon dollar və ya 14,8% artmışdır, o zaman təkcə bir mənbədən hökumətin xarici borcunun 10%-ə qədər artımının nə dərəcədə böyük olduğunu görmək olar.


 
Böyük kapital və maliyyə bazarlarına malik olmayan ölkələr üçün xarici dövlət borcunun həcminin yüksək olması təhlükəlidir. Xarici borcun yüksək olması o anlama gəlir ki, hökumət mövcud olan maliyyə imkanlarından daha böyük öhdəliyi öz üzərinə götürür. Bu isə fiskal siyasətdə böyük disbalansın mövcud olduğunu göstərir. Vəziyyətin düzəlməsi üçün isə hökumət büdcə gəlirlərini artırmalı və ya büdcə xərclərini azaltmalıdır (eyni zamanda hər ikisi edilə bilər). 
 
Bundan başqa, büdcə gəlirlərinin artırılmasında kölgə iqtisadiyyatının aradan qaldırılması da fayda verə bilər. Lakin, hazırkı vəziyyətdə Ermənistan hökuməti bu vasitələrdən istifadə edə bilmir. Ona görə ki, büdcə gəlirlərini artırmaq imkanları zəifdir. Vergi və rüsumlar artırılarsa, sosial narazılıq yarana bilər. Büdcə xərclərinin azaldılması isə müxtəlif iqtisadi layihələrin yarımçıq qalmasına səbəb ola və iqtisadi problemlərə yol açaraq Paşinyan hökuməti üçün təhdidə çevrilə bilər.


 
Kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində son illər müxtəlif tədbirlər həyat keçirilsə də, bu, büdcə gəlirlərinin əsaslı formada artırılmasına imkan yaratmamışdır. Kölgə iqtisadiyyatının aradan qaldırılması prosesi hökumətin böyük nüfuza malik olan oliqarxlara qarşı getməsinə səbəb olur ki, nəticədə prosesi tam olaraq həyata keçirmək çətinləşir.
 
Böyük xarici borcun mövcudluğuna baxmayaraq uzun illər Ermənistan iqtisadiyyatının «ayaq üstə» qalmasının əsas səbəbi digər ölkələrdən və maliyyə təşkilatlarından alınmış yardımlar olmuşdur. Lakin, pandemiya ilə əlaqədar olaraq bütün dünyanı iqtisadi problemlərin bürüməsi və Ermənistana iqtisadi baxımdan əsas dəstək verən Rusiyanın həm virusla bağlı kəskin iqtisadi problemlər ilə qarşılaşması, həm də neft gəlirlərinin kəskin azalması onun Ermənistana dəstək vermək imkanlarını azaldır. Digər tərəfdən post-pandemiya dövründə bir çox kiçik dövlətlərin maliyyə vəsaitlərinə ehtiyacı artacaqdır və nəticədə güclü rəqabət formalaşacaqdır. Bu isə son nəticədə borc almaq imkanlarını azaldacaqdır. Ona görə də hazırkı durumda Ermənistan üçün məcburi şəkildə artacaq büdcə kəsrini maliyyələşdirmək məqsədilə xarici borc alması əvvəlki qədər asan olmayacaqdır.
 
 
 
Son illərdə Ermənistanda baş verən siyasi proseslər onu göstərir ki, Paşinyanın hakimiyyətə gəlməsində və sonrakı dövrdə öz populyarlığını qorumasında iqtisadi amillərin rolu böyük olmuşdur. Əvvəlki hakimiyyətin dövründə kəskin sosial-iqtisadi problemlərin mövcud olması inqilabın baş verməsində böyük rol oynamışdır. Paşinyanın isə iqtisadi sahədə islahatlar həyata keçirilməsi ilə bağlı vədlər verməsi onun seçilməsinə əsaslı formada təsir etmişdir. O prezident seçildikdən sonra da Ermənistanda iqtisadi artım göstəricilərinin yüksəlməsi yeni hakimiyyətin pupulyarlığını qorumasına imkan yaratmışdır. İqtisadi artım göstəriciləri həyata keçirilən iqtisadi siyasətin uğurlu olması, verilən vədlərin yerinə yetirilməsi və sosial-iqtisadi problemlərin həll edilməsi ilə bağlı təbliğatın aparılmasına imkan yaratmışdır. Buna görə də Paşinyan hakimiyyəti üçün xalqın etimadının qorunmasında iqtisadi sahədə əldə edilmiş uğurlar əsas amillərdən biri kimi çıxış edir. Ona görə də pandemiya ilə bağlı iqtisadi problemlərin yaranması və bu problemləri nə dərəcədə səmərəli şəkildə idarə edilməsi yeni hökumət üçün böyük sınaqdır. Pandemiyanın yaratdığı problemlər iqtisadi sahədə verilən vədlərin və planlaşdırılan tədbirlərin həyata keçirilməməsi ilə nəticələnə bilər ki, bu da hakimiyyət üçün təhdidə çevrilə bilər.

Ona görə də büdcə kəsrinin kəskin artmasına və dövlətin borc almaq məcburiyyətində qalmasına baxmayaraq, hökumət büdcə xərclərin azalmasına imkan vermək istəmir. Əsas məqsəd hakimiyyətə olan etimadın qorunmasını təmin etməkdir. Lakin, hazırkı qlobal və daxili iqtisadi vəziyyət Ermənistanın borc götürmək və götürüləcək əlavə borcu ödəmək imkanlarını azaldır. Ona görə ki, tələbin kəskin azalması şəraitində beynəlxalq bazarlarda əmtəələrə, o cümlədən Ermənistanın əsas ixrac məhsullarından olan müxtəlif metallara olan tələbatın azalması ixrac gəlirlərini azaltmaqla Ermənistan iqtisadiyyatının bərpa edilməsini uzadacaq və xarici borcların qısa zamanda bağlanılmasına imkan yaratmayacaqdır. 
 
 
 
Eyni zamanda tərəfdaş ölkələrin özlərinin iqtisadi problemlər ilə qarşılaşması və borc almaq üçün rəqabətin güclənməsi borc almaq imkanlarını da azaltmışdır. Son illərdə Ermənistanda xarici borcun həcminin daima artması hökumətin borclar əsasında öz iqtisadi siyasətini həyata keçirdiyini və sosial narazılıqları aradan qaldırıldığını göstərir. Ona görə də zəruri həcmdə xarici borcun əldə edilməsində yarana biləcək problemlər Ermənistanda ciddi iqtisadi böhranın yaranmasına səbəb ola bilər. Digər tərəfdən isə Ermənistanda yaranan iqtisadi problemlərin aradan qaldırılması üçün ayrılan vəsaitin həcmi azdır və onun nə dərəcədə səmərəli olacağı məlum deyil. 
 
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ermənistanın iqtisadi resurslarının az olması və iqtisadi sisteminin xarici yardımlardan asılı olması ümumilikdə iqtisadiyyatın pandemiya ilə bağlı yaranan problemlərə qarşı həssaslığını artırır. Ona görə də yaranan iqtisadi problemlərin nə dərəcədə səmərəli idarə edilməsi Paşinyan hakimiyyətinin davamlılığına əsaslı sürətdə təsir edəcəkdir.




Ana səhifəyə qayıt        Baxış: 3 934          Tarix: 18-05-2020, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma