Xəbər lenti
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
Sabah İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin ölümünün 31-ci ildönümüdür. İrandakı rejimi bəyənib-bəyənməməyimizdən asılı olmayaraq, heç kimi imkar edə bilmədiyi bir həqiqət var: Ruhullah Xomeyni dünyanın nəbzinin atdığı Yaxın Şərqdə bütün daşları yerindən oynatdı. Xomeyniyə qədər Yaxın Şərqdə ABŞ-ın əsas koloniyalarından biri olan İran bu gün supergücə meydan oxuyur. Nə qədər riskli olsa da, hər halda bunu bacarır.
Ovqat.com 4 il bundan əvvəl Baş redaktorumuz Heydər Oğuzun Xomeyninin ölüm gününə həsr etdiyi məqaləni dəyərli Oxucuların diqqətinə sunur.
Tarix: 4 iyun 1989-cu il.
Məkan: Tehran.
Düz 27 il öncə dünya bu məkanda indiyə qədər bənzəri görünməmiş bir qələbəliyin ağlaya-ağlaya, özünü döyə-döyə bir tabuta toxunmaq, altına çiyin vermək yarışına girdiyinin şahidi oldu. Bəzi məlumatlara görə, 10, bəzi məlumatlara görə isə, 15 milyon insanın vidalaşdığı bu adam İran islam inqilabının rəhbəri Ruhullah Xomeyni idi. Həmin gün qızmar iyun günəşinin altında son vida yarışına girən qələbəlik içərisində insan sıxlığının yaratdığı bir də əlavə hərarət vardı və bu hərarətə tab gətirməyib ölənlər, dini rəhbəri o biri dünya yolçuluğunda tək buraxmayanlar da az olmadı.
Sözsüz ki, bu son vida hərarəti səbəbsiz deyildi, mərhuma duyulan hədsiz məhəbbətdən irəli gəlirdi. Bu sonsuz məhəbbətin sirri isə Xomeyninin keçdiyi həyat yolunda, İranın və İslam dünyasının ictimai-siyasi vəziyyətində oynadığı rolda gizlənmişdi.
İlahi bəxşiş: Tale sünnəti ona özü də bilmədən yaşadıb
Haqqında bəhs etdiyimiz bu adamın nə zaman dünyaya gəldiyi barədə səhih məlumat yoxdur. Onun 1900-cü ilin 17 mayında anadan olduğunu bildirən tarixi sənədlər də var, bu tarixi il yarım sonraya – 1902-ci ilin 22 sentyabrına çəkən versiyalar da.
Anadan olduğu tarix tam bəlli olmasa da, balaca Ruhullahın dindar bir ailədə dünyaya göz açdığı məlumdur. Atası dövrünün tanınmış din alimlərindən hesab olunan Seyid Mustafa Musəvi ailənin 6-cı övladı Ruhullah hələ 5 aylığındaykən, bir sui-qəsdə qurban getdi. Beləcə, körpə yaşından yetim qalan Ruhullah anasının və xalasının himayəsi altında yaşamağa başladı. 15 yaşında o, sığındığı bu doğmalarını da itirdi.
Bundan sonra dayılarının köməkliyi ilə ayaqda dayanmağa çalışan Ruhullah 17 yaşından etibarən dini təhsil almağa başlayır. O dövrün əksər din xadimlərindən fərqli olaraq, siyasi mövzulara çox müdaxilə etməyi xoşlamayan şeyx Əbdülkərim Xeyrinin açdığı mədrəsədə ilk təhsilini alır. Dərrakəsi və tez qavrama qabiliyyətilə müəlliminin rəğbətini qazanan Ruhullah şəxsən onun əlindən aldığı qabiliyyətin simvolu sayılan əmmamə ilə mükafatlandırılır. Bu, Xomeyninin öz zəhməti sayəsində taledən aldığı ilk mükafatı idi.
Yaşadığı İsfahanın Xomeyn qəsəbəsində ilk təhsili başa vurduqdan sonra ölkənin dini mərkəzlərində sayılan Quma gəlir. Ali təhsilini Qum şəhərində alan Ruhullah bu dövrdən sonra regional mənsubiyyətini bildirən Xomeyni ləqəbini götürür. Onu sonradan bütün dünyada məşhur edən, adının önünə keçən ləqəbi heç də doğulub boya-başa çatdığı məmləkətinə duyduğu bağlılığından irəli gəlmirdi. 1925-ci ilə qədər İranda hər kəs adı və soyadı ilə tanınırdısa, həmin il qəbul olunan yeni qanunlara görə, vətəndaşların regional mənsubiyyətini ifadə edən xüsusiyyəti də kimlik məlumatlarına əlavə olunmalıydı. Xomeyni ləqəbinin ortaya çıxması da bu qanunla bağlı idi.
İsfahanlı gəncin həyatının Qum dövrü xeyli parlaq keçir. Təhsil aldığı dini məktəb İranın sosial aktivlik baxımından ən öndə olan məkanlarından biri kimi bu gənc adamın da inkişafında mühüm rol oynayır. O dövrdə keçirilən bütün dini tədbir və toplantılarda fəal iştirakıyla yadda qalan Ruhullahın böyük din xadimləriylə şəxsi təmasları yaranır. Bu yaxın münasibətlərin nəticəsində 1927-ci ildə dövrün tanınmış din alimlərindən birinin qızıyla evlənir. Xomeyninin parlamasında bu evliliyinin də önəmli rolu olduğu, hələ 30 yaşındaykən ayətullah ünvanı aldığı bildirilir.
Yeri gəlmişkən, qeyd edim ki, Xomeyninin yaşadığı bu həyatla peyğəmbər ömrü arasında maraqlı bir paralellik aparmaq olar. İstər uşaqkən yetim qalması, istərsə də evliliyinin gələcək həyatında müstəsna rol oynaması baxımından Xomeyni İslam peyğəmbəriylə eyni taleyi yaşamışdır. Bir çox müsəlman ibadət xatirinə sünnətə uyduğu halda, tale Ruhullaha bu şərəfi özü bəxş etmişdir. Kim bilir, bəlkə onun sonrakı taleyində bu ilahi bəxşişin də müstəsna rolu olmuşdur.
Tələbəlik illəri
Xomeyninin tələbəlik illəri İranın siyasi baxımdan ən təlatümlü dövrünə təsadüf edir. Tələbəliyinin ilk illərində İranda uzun əsrlərdən bəri hakimiyyətdə olan Qacariyyə səltənəti zəifləmiş, ölkədə separatçı meyllər ortaya çıxmışdı. Bu separatizmə qarşı amansız mübarizə aparan Qacariyyə ordusunun generalı Rza Pəhləvi daha sonra ingilislərin dəstəyini qazanaraq çevriliş etmiş, 1925-ci ildə Pəhləvi səltənətini qurmuşdu. Dövrün din xadimlərinin əksəriyyəti, milli mənsubiyyətindən asılı olmayaraq, bu çevrilişin əleyhinə idilər. Xüsusilə ona görə ki, Rza şah müsəlmanların düşməni hesab olunan ingilislərin dəstəyiylə hakimiyyətə gəlmiş və İranda qərbləşmə siyasəti yürüdürdü.
Dindarlarla Pəhləvi sülaləsi arasında ən böyük uçurum isə 1928-ci ildə yaşandı. Həmin il İran kraliçası Məşhəddə keçirilən ənənəvi ayinə qatılmış və ayin sırasında birdən-birə başındakı örtüyü açmışdı. Bu da din xadimlərinin ciddi etirazlarına səbəb olmuşdu. Beləcə, ingilis köləsi olan Rza Pəhləviyə və onun ailəsinə qarşı müsəlman din xadimlərinin savaşına start verilmişdi. Pəhləvi sülaləsini ən çox tənqid edənlər arasında isə Xomeyni də vardı. Xomeyninin uzun illərlə davam edən bu mübarizəsi Rza şahın oğlu Məhəmməd Rza Pəhləvi dövründə daha geniş vüsət alacaq və bu, Ruhullahın həbsi, daha sonra isə ölkədən sürgün olunması ilə nəticələnəcəkdi.
Taleyin ikinci mükafatı: Ayətullahı-üzma ünvanı
Zənnimizcə, Pəhləvi rejiminə qarşı bu savaşın körüklənməsində, yüz illərdir, İranda hökm sürmüş türk xalqlarının hakimiyyətdən uzaqlaşdırılmasının doğurduğu əks-reaksiyalar da başlıca rol oynamışdı. Təsadüfi deyil ki, Xomeyninin mühafizə olunmasında Azərbaycan türklüyünün hüquqlarını müdafiə eşqiylə ortaya çıxan Şəriətmədarinin də misilsiz rolu olub. Xomeyniyə ayətullahi-üzma ünvanını verən Şəriətmədari bu addımla gələcəyin İslam inqilabının liderinə toxunulmazlıq haqqı bəxş etmişdi. Bu da Xomeyniyə taleyin verdiyi ikinci böyük mükafat idi və son mükafatın yolunu açırdı. Baxmayaraq ki, İslam inqilabından sonra Xomeyni ona mükafatı bəxş edən əli kəsmiş və Azərbaycan türkünün milli-azadlıq istəyinə zərbə vurmuşdu.
Şəriətmədaridən alınan bu mükafat təsadüfi deyildi. Ümumiyyətlə, Pəvləvi səltənətinin qurulmasından İran İslam inqilabına qədər davam edən 54 illik zaman ərzində anqlo-sakson imperializminin müstəmləkə siyasətindən narazı salınmış bütün qüvvələrin eyni cəbhədə birləşdiyini görə bilərik. Bu cəbhədə kommunistlərdən tutmuş dindara, neft dollarlarının zənginləşdirdiyi bir ovuc oliqarxın özbaşınalığından təngə gəlmiş sadə vətəndaşlara, hər an aşağılanan və istismar olunan orta sahibkara qədər hər kəsim yer alırdı. İngiltərə və ABŞ-ın müstəmləkəçilik siyasətinin yerli idarəçisi kimi özünü aparan və minillik yerli mədəniyyəti yox etməyə çalışan Pəhləviliyin zorla bu coğrafiyaya yamamağa çalışdığı yeni idarəçilik sistemi ölkənin bütün kəsimlərində ciddi narazılıq doğururdu. Bu etirazlar arasında eşidilən ən ciddi səslərdən biri də Xomeynin sədası idi. Təbii ki, Azərbaycan xalqının yetişdirdiyi mümtaz şəxsiyyətlərdən olan Məhəmməd Kazım Şəriətmədari də bu proseslərdən kənarda dayana bilməzdi.
Pəhləvilərin strateji səhvi
Amerikan və ingilis köləsi olan Pəhləvi səltənətinin əsas zərbəni SSRİ-dən gözləməsi və sekluyar müxalifəti yox etməsi Xomeyninin də aralarında yer aldığı dini siyasi qrupları gücləndirir, uzun bir dönüşüm prosesindən sonra ortaya çıxacaq İslam inqilabına yol açırdı. Xüsusilə, 1953-cü ildə İranın baş naziri olmuş sekluyar düşüncəli Müsəddiqin ingilislər tərəfindən devrilməsindən sonra İran vətəndaşlarının demokratik yolla hakimiyyəti dəyişdirmək ümidləri tükənmiş və bu da insanların dini siyasətə daha çox meyllənməsinə yol açmışdı. Çünki Müsəddiqin həyata keçirmək istədiyi və ingilislərin ciddi reaksiyası ilə qarşılaşdığı islahat İranın təbii sərvətlərinin milliləşdirmə amalıyla bağlıydı.
O dövrlərdə bir barrel neftin qiyməti 1-2 dollar arasında dəyişilirdi. Bu su qiyməti belə, İranın və həmçinin, Yaxın Şərq ölkələrinin özlərinə qalmırdı. İngilis şirkətləri “qara qızıl” hasilatından əldə olunan pulların böyük hissəsini özlərinə götürür, neft zəngini islam ölkələrinə isə ancaq neftçilərə verilən maaşlar çatırdı. İsveçrədə təhsil alıb vətəninə qayıdan Müsəddiq isə İranda neft çıxaran “Anglo-Iranian Oil Company Ltd.” şirkətinin milliləşdirilməsi tələbi ilə ortaya atılmış və xalqın rəğbətini qazanaraq, hakimiyyətə gəlmişdi. Onun hazırladığı Milliləşdirmə proqramı 1951-ci ildə İran parlamenti tərəfindən böyük səs çoxluğuyla qəbul olundurğundan, Pəhləvi səltənətinin yeni şahı Məhəmməd Rza qorxuya düşmüş, Müsəddiqi baş nazir vəzifəsinə təyin etmək məcburiyyətində qalmışdı. Nəyə uğradığına çaşan və İranda başlayan reform hərəkatının qarşısı alınmasa, bütün Yaxın Şərqə yayılmasından ehtiyatlanan İngiltərə yeni baş nazirin bu addımlarını cavabsız qoymayacaqdı. Necə ki, Milliləşdirmə qərarından dərhal sonra öz hərbi donanmasını İrana göndərən Böyük Britaniya ən yaxın müttəfiqi ABŞ-la bərabər Müsəddiqin devrilməsinə qərar verdi.
İmperailistlərin bu tələblərinə boyün əyən İran şahı yeni baş naziri istefaya göndərdi və onu ömrünün axırlarına – 1967-ci ilə qədər ev dustağına çevirdi. Daha sonra isə bütün demokratik qüvvələrə qarşı represiya siyasətinə başladı.
Məhəmməd Rza şahın bu hərəkəti istər-istəməz ictimai narazılığı artırdı və xalqı demokratik qüvvələrdən boşalan siyasi həyatda sığınacağı yeni ünvan arayışına təşviq etdi. Yeni ünvan isə dini müxalifət ola bilərdi.
Di gəl ki, o dövrün din xadimləri represiyaların onlara yönələcəyindən çəkinib cınqırlarını çıxarmaq istəmirdilər. Bu fakt Xomeyninin o dövrlərdə qələmə aldığı kitablarda da öz əksini tapıb. Din xadimlərini zalımlara qarşı susqunluqda günahlandıran Xomeyni bununla da onların zülmdə iştirak etdiyini bildirir və birbaşa şahı hədəf alan əsərləriylə mübarizlik örnəyi ortaya qoyurdu. 1958-ci ildə daha çox radikallaşmağa başlayan mövqeyi 3 il keçəndən sonra Xomeynini İşretabad hərbi həbsxanasına salacaq, daha sonra yuxarıda da qeyd etdiyimiz kimi, Şəriətmədarinin verdiyi toxunulmazlıq statusu ona azadlıq bəxş edəcəkdi.
Sürgün
Amma bu azadlıq da elə-belə verilməmişdi. Xomeyni 1965-ci ildə İrandan Türkiyəyə sürgün edildi. Qısa müddət Türkiyədə yaşadıqdan sonra İraqın Nəcəf şəhərinə getməyi tərcih edən Xomeyni həyatının 15 illik qismini bu şəhərdə özünə tələbə yetişdirməyə və Pəhləvi rejiminə qarşı kəskin çıxışlarına həsr etdi. Ruhullah həyatının bu hissəsiylə də peyğəmbərin mühacirətini xatırladır və İran müsəlmanları arasındakı nüfuzunu artırırdı.
Xomeyni İraq sürgünündə qaldığı bir zamanda İranda sosial vəziyyət gərginləşməkdə davam edirdi. Müsəddiqin hakimiyyətdən devrilməsinə baxmayaraq, onun ortaya qoyduğu milliləşmə siyasəti bütün Yaxın Şərq ölkələrində yayılmağa başlamışdı. Bu ideyanın yayılmasında imperilazmin amansız istismarı kimi, İsrailin ərəblərə qarşı zülmü də ciddi rol oynayırdı. 1967-ci ildə tarixə bütün ərəb ölkələrinin məğlubiyyəti kimi düşən 6 günlük müharibə Yaxın Şərqdə populyar olan millətçilik ideyasının tənəzzülüylə nəticələnirdi. Elə həmin ərəfələrdə Xomeyniylə İranda başlayan dini inqilabi hərəkat ideyası istər-istəməz ərəb dünyasında da yeni tendensiyaların ortaya çıxmasını tətikləyirdi. Xüsusilə onun Fələstin məsələsiylə bağlı çıxışları ilk dövrlər ərəblər arasında da rəğbətlə qarşılanırdı. Hərçənd, İran İslam inqilabından sonra Xomeyninin şiə məsələsini gündəmə gətirməsi körfəz ölkələri hakimiyyətlərinin qarşı çıxışlarıyla islam dünyasında məzhəbləşmə çatının böyüməsinə səbəb olsa da, bu, nəinki onun başlatdığı islami irşadın qarşısını almadı, əksinə hərəkata yeni rəng qataraq, dini-siyasi təmayüllərin şiəçiliyə əks reaksiya kimi sünni dünyasında da yayılmasını tətiklədi.
İran İslam İnqilabında neft amili
Müsəddiqlə başlayan və Xomeyniylə yeni rəng alan imperializmə qarşı mübarizə 1973-cü ildə OPEK-də təmsil olunan ərəb ölkələrinin neftdən strateji silah kimi istifadəsinə yol açdı. İsraili dəstəkləyən ölkələrə neft satmayacağını bəyan edən ərəblərin bu etirazları öz təbii sərvəti olan ABŞ-a heç bir təsir etməsə də, tamamilə başqa istiqamətdə ciddi nəticələr doğurdu: neftin qiyməti gözlənilməz dərəcədə bahalaşdı. 1973-cü ilin yanvar ayında bir barreli cəmi 2.59 dollar olan neft həmin ilin oktyabr ayında 5.11, 1974-cü ildə isə 11.65 dollara sıçradı. Bu isə bir il içində 400% artış demək idi və bütün sənaye ölkələrini qorxudurdu.
1973-74-cü illərdə neftin qiymətlərinin bu şəkildə artması İran xalqının rifahına heç bir təsir etmirdi. Neftdən gələn pullar sadəcə şahı və onun ətrafını zənginləşdirir, sadə xalq kütləsi isə daha da kasıblaşırdı. Kasıblaşma prosesində həyata keçirilən torpaq islahatlarının və zənginləşən oliqarxların münbit əraziləri almasının da mühüm rolu vardı. Beləcə getdikcə çörək ağacını itirən yerli əhali bir də şah ailəsinin astronomik xərcləmələrinin və dəhşətli israfçılığının şahidi olurdu. Getdikcə, sosial narazılığın son həddə çıxması inqilabi situasiyanı dərinləşdirirdi. Nəhayət, 1978-ci ildə yaşanan iki hadisə dolmuş bardağı daşıran son damlalar oldu. Hadisələrdən biri ölkədəki bütün iş adamlarının şahın qurduğu “Diriliş” partiyasına məcburi üzvlüyü və Məhəmməd Rza Pəhləvinin kiçik və orta sahibkarları geridə qalmışlıqla suçlaması idi. Bu hadisə istər-istəməz iş adamlarının da dini müxalifət ətrafında toplaşmasına yol açdı.
Bardağı daşıran əsas hadisə isə rəsmi qəzetlərdə Xomeynini təhqir edən bir yazının dərc olunmasıydı. Buna qəzəblənən tələbələr 1978-ci il 6 fevral tarixində ayağa qalxdı. Üsyanın qarşısının sərt şəkildə alınması nəticəsində bir neçə tələbə öldü. Daha sonra həmin tələbələrin dəfni yeni etiraz aksiyalarına səbəb oldu. Yenə eyni ölüm hadisələri yaşandı. Üsyançılar yoldaşlarının 40-ı mərasimində növbəti aksiya keçirməyi qərara aldılar. Hər 40 mərasimi yeni ölümlər gətirdi və getdikcə, bu proses bütün İrana yayıldı. Şah rejiminin qətl etdiyi adamlar arasında Xomeynin oğlunun olması rejimə qarşı mübarizəni daha da radikallaşdırdı.
Son bəxşiş
Getdikcə nüfuzu artan bəzi önəmli din adamları əsgərlərin hadisələrə qarışmaması haqqında fitva verdilər. Nəticədə ordu şahı dinləmədi və Məhəmməd Rza 1979-cu il 16 yanvar tarixində tətilə getmək bəhanəsilə ölkəni tərk etdi. 1 fevralda isə Xomeyni Tehrana qayıtdı. Böyük izdihamla qarşılaşan yeni lider qısa müddətdən sonra İran İslam Respublikasının qurulduğunu elan etdi.
Xomeynini İrana qayıtmamışdan əvvəl Fransaya getməsi və ölkəyə məhz Parisdən təyyarə ilə qayıtması da təsadüfi deyildi. II Dünya müharibəsindən sonra imperializmin planetimizi bölüşdürməsində oyundankənar vəziyyətə salınan Fransa öz gücünü yenidən ortaya qoymaq üçün yeni fürsətlər arayırdı. Dünya neft ehtiyatlarının hardasa 15-20%-ni özündə cəmləşdirən İranın nəzarət altına alınması rəsmi Paris üçün gözəl fürsət yarada bilərdi.
Üstəlik, İranda Müsəddiq islahatlarından sonra imperializmə qarşı üsyanın mümkünlüyünə inanan ərəb dünyası özəlliklə sionizm qarşısında vahid qüvvə kimi ortaya çıxırdı. 1967-ci ilin 6 günlük müharibəsi tədricən ərəblərin eyni cəbhədə birləşə biləcəyini göstərirdi.
Rəsmi Təl-Əviv üçün ən qorxunc hadisə isə ərəblərin artıq millətçilik ideyalarından sıyrılıb sionizmə qarşı dini şüarlar altında mübarizəsini davam etdirməsi ehtimalı idi. Bu tendensiyanın qarşısını yalnız islam dünyasını içdən parçalamaqla almaq olardı. Sionist strateqlərindən birinin – sabiq diplomat Oded Yinonun qələmə aldığı “Sionizmin 1980-cı il strategiyası” (digər adı “Davamlılıq strategiyasi”) əsərində də bu məsələ öz əksini tapmışdı.
İslam dünyasını daxilən parçalamaq üçün ən yaxşı vasitə isə məzhəb müharibələri idi. Bu mənada qatı şiə ideologiyasına istinad edən Xomeyninin hakimiyyətə gəlməsi rəsmi Təl-Əvivin də işinə yarayırdı.
Sözsüz ki, bu fikirləri deyərkən, heç də İslam inqilabının Fransa və onunla yaxın müttəfiqlik halında olan İsrail tərəfindən hazırlandığını iddia etmək fikrində deyilik. Sadəcə, hesab edirik ki, Xomeyninin Fransadan İrana qayıtmasının qarşının qlobal imperializm tərəfindən alınmaması, prinsip etibarilə, müəyyən beynəlxalq qüvvələrə də sərfəliydi. Onların əsas məqsəd isə İslami vəhdətin qarşısını almaq idi.
İnqilabdan sonra
Amma İran ictimaiyyətinin imperializmə qarşı mübarizəsi daha bitməmiş, sadəcə, yeni formada zühur etmişdi. İran ictimaiyyəti altına imza atdığı İslam inqilabından sonra öz qarşısında Amerika və İngiltərəni deyil, onların dəstəklədiyi İraqı gördü. 8 il davam edən İraq-İran müharibəsində, ən azı, 1 milyon iranlı öldürüldü.
Nəhayət, Xomeyni bu mübarizəni davam etdirə bilməyəcəyini anlayıb müharibədə qarşısına qoyduğu heç bir hədəfini reallaşdıra bilmədən sülhə razı oldu. Bu məcburi addımı o, müharibə dövründə ürək yanğısını və istəksizliyini dilə gətirərək, atdı.
İraq-İran müaribəsindən qısa müddət sonra Ruhullah Xomeyni dünyasını dəyişdi. Düz, 27 il bundan əvvəl Tehranda yaşanan qələbəlik də onun son mənzilə yola salan heyranları idi.
İran İslam İnqilabının nəticələri
İran İslam inqilabının bütün müsəlman ölkələrində ciddi nəticələri oldu. Əsas nəticələrdən biri, şübhəsiz ki, ABŞ-ın Yaxın Şərqdəki ən yaxın müttəfiqini itirməsiydi. Məhz bu hadisədən sonra bütün Yaxın Şərq coğrafiyasında imperializmə qarşı dini müqavimətin əsası qoyuldu. Hətta bəzi mütəxəssislər “ərəb baharı”nı belə, Xomeyninin səpdiyi toxumların gözləniləndən bir qədər gec cücərməsi kimi qiymətləndirirlər.
Təbii ki, imperializm də bu hadisələrə laqeyd qalmadı. Ərəb ölkələrindəki sülalə rejimlərinin inqilab xofundan istifadə edən müstəmləkəçilər məzhəb müharibələri çıxararaq, müsəlmanları bir-birinə qırdırmaq və beləcə, öz hegemonluqlarını qorumağa çalışdılar.
Bu gün hələ də İslam dünyası həmin siyasətin ağır bədəllərini ödəyir…
Heydər Oğuz
Strateq.az
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar