İranda etirazlar başa çatsa da, təsirləri hələ də davam edir. Məlum olduğu kimi, İran polisi saxlanılan şəxslərin əksəriyyətinin azad edildiyi, bəzilərinə qarşı isə rəsmi ittiham irəli sürüldüyünü bəyan edib.
Həftənin əvvəlində isə ali dini lider Ayətullah Seyid Əli Xameneyi ölkənin dini-ideoloji mərkəzi Qumdan gələn nümayəndələrin qarşısında geniş çıxış edərək etirazların təşkil olunmasında Qərb ölkələrini və bəzi ərəb hakimiyyətlərini ittiham edib. Onun dediklərinə görə, ölkə daxilində təxribatları törədən xaricilərin dəstəyi ilə “Xalqın Mücahidləri” qruplaşması olub.
İranı kim və niyə qarışdırıb?
Ancaq görünən odur ki, İranda baş verənlərdə həm də “daxili amillər” rol oynayıb. SEPAH rəhbərliyinin eks-prezident Mahmud Əhmədinejadı üstüörtülü şəkildə aksiyaları qızışdırmaqda ittiham etməsi, ardınca eks-prezidentin həbs xəbərinin yayılması, eləcə də Məşhəd aksiyalarında prezidentliyə sabiq namizəd, eləcə də dini liderliyə iddialılar sırasında adı keçən İbrahim Rəisinin və onun qayınatasının ittiham olunması (qeyri-rəsmi şəkildə, mediada – K.R.) etiraz aksiyaları prosesinin həm də daxili siyasi proseslərə də təsir etdiyini göstərdi.
Yeri gəlmişkən, bəzi dairələrdə Məşhəddən başlayan aksiyaların İranda hakimiyyət çevrilişi ssenarisinin bir hissəsi olduğu haqda informasiyalar yaydılar. Xüsusən də bu hadisələrin hazırkı dini liderin vəzifədən kənarlaşdırılmasına hesablanmış bir provokasiya olması ilə bağlı məlumatlar sosial şəbəkələrdə dolaşdı. Əlbəttə, bunu təsdiq və ya təkzib etmək imkanımız yoxdur, amma bir halda bu məlumatlar ciddi mənbələrdən tirajlandısa, demək ki, bunu yayanların məqsədi olub.
İranda son illərdə Ruhani komandası ilə (başqa adla, “islahatçılar” və “mühafizəkarlar”) hazırkı dini liderə bağlı camiə arasında bir gərginlik müşahidə olunur. Bu barədə mediada bir çox məlumatlar və analizlər yer alıb. Xüsusən də dini liderə sıx bağlı olan hərbi elita ilə Ruhani komandası arasında müxtəlif mövzularda üzə çıxan anlaşmazlıqlar da qismən təsdiqlənir. İki ay əvvəl Ruhaninin generalları qəbul edib söhbət etməsinin detalları bilinməsə də, bunu hökumət və liderlər arasında fikri ayrılığının görünən hissəsi də adlandırmaq olardı.
Məsələ ondadır ki, həm daxili idarəçilik, həm də xarici siyasətlə bağlı hazırkı hökumətlə “mühafizəkar” camiə arasında fikri ayrılıqları var. “İslahatçılar” İranın xaricdəki fəaliyyətlərinə qarşıdır, eləcə də Qərblə güzəşt və anlaşmağa meyllidir. Əks cəbhə isə əksini, daha aktiv xarici siyasət və daxilə hesablanmış “müdafiə iqtisadiyyatı” qurmağı təklif edir.
Hər kəsin öz “davası” və ya aksiyalar Vəliyyi-Fəqih namizədlərini necə “vurdu”?
Bütün bunlar ötən aksiyalardan diqqət çəkən fraqmentlərdir, necə deyərlər. Ancaq nisbətən kölgədə qalan və İran siyasətinin hər iki cinahının haqqında danışmağa həvəs göstərmədiyi başqa bir element də var. Söhbət hazırkı dini liderin xələfindən gedir. İranın növbəti dini lideri kim olacaq? İran dövləti bütün siyasi cəbhələri ilə birlikdə qarşıdakı 10 il ərzində bu sualın cavabını, yəni əslində yeni namizədi tapmalıdır. Gerçəkdə isə bütün cinahlar artıq axtarışdadırlar.
İranın növbəti Vəliyyi-Fəqihi kim olacaq?
Bu sual indiki gərgin dövrünü yaşayan Yaxın Şərq və müsəlman aləmi üçün də aktual sualdır. Ayətullah Əli Xameneyinin siyasi varisinin kim olacağı mövzusu xeyli zamandır gizli gündəmin ön sırasındadır. Son hadisələrə baxdıqda gizli şəkildə də olsa, həm də bu prosesin getdiyini görmək olar. Məsələn, İranda ali dini lider postuna adı hallanan əsas şanslı namizədlərdən biri olan Ayətullah Seyid Mahmud Haşimi Şahrudidir. Yeri gəlmişkən, ötən il avqustun 14-də İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi Ayətullah Seyid Mahmud Haşimi Şahrudini ölkənin ən yüksək dövlət qurumu olan İslam Respublikası Nizamın Faydasının Məsləhəti Şurasına sədr vəzifəsinə təsdiq edib. Qərara əsasən, SEPAH-ın keçmiş komandiri Möhsün Rezayi isə baş katib təyin olunub.
Qeyd edək ki, Məsləhət Şurası İranda ən yüksək dövlət qurumu hesab olunur. 35 nəfərdən ibarət Şuranın üzvləri arasında İran prezidenti, parlament və Ali Məhkəmə sədri, o cümlədən nüfuzlu din xadimləri, dövlət adamları var. Şuranın formal olaraq vəzifəsi Konstitusiyanı Mühafizə Şurası “(Şuraye Negahban) və parlament arasında qanunların təsdiqi ilə bağlı anlaşmazlıqların aradan qaldırılması, həmçinin İranın ali dini liderinə siyasi və hərbi məsələlərlə bağlı məsləhət orqanı funksiyası həyata keçirir. 1988-ci ildə qurulan Şuraya 1989-cu ildən bu günə qədər bir neçə ay əvvəl dünyasını dəyişmiş Ayətullah Haşimi Rəfsəncani rəhbərlik edib.
Ancaq Ayətullah Şahrudinin vəziyyəti bu ilin sonunda daha da pisləşib və bu günlərdə məlum olub ki, o, beyin xərçəngi diaqnozu ilə Almaniyaya aparılıb. Artıq Almaniyadan gələn etirazlardan sonra onu bu gecə təcili İrana qaytarıblar.
Dini lider postuna adı daha çox hallanan ikinci şəxs isə Məşhəd aksiyalarının təşkilində ittiham olunan Ayətullah İbrahim Rəisi idi. Hansı ki, son aksiyalardan sonra onun dini lider olmaq şansları ciddi şəkildə zədələnib. Bununla da faktiki olaraq mühafizəkar camiədə dini liderliyə əsas iddialılar, necə deyərlər, sıradan çıxıb və ya çıxarılıb. “İslahat” camiəsində isə dini liderliyə iddialılar sırasında hazırkı prezidentin, yəni Həsən Ruhaninin adı hallanır.
Daha bir maraqlı hadisə dünən baş verib. İran müdafiə naziri general Əmir Hatəmi (əslən azərbaycanlıdır, Zəncan vilayətindəndir – K.R.) və İran qoşun komandirləri ölkənin dini mərkəzi olan Qum şəhərinə səfər ediblər. Generallar Qumda müqəddəs ziyarətgahda olublar, eyni zamanda şiə mərceyi-təqlidləri Ayətullah Nuri Həmədani, Ayətullah Ələvi Gürgani, Ayətullah Cavad Amili və Ayətullah Misbah Yəzdi ilə görüşüblər. Generalların üləma ilə nəyi müzakirə etdiyi bilinmir, amma ordu komandiri və qoşun qüvvələri komandirlərinin Quma gedib üləma ilə söhbət etməsi sıradan bir görüş sayıla bilməz.
İranın növbəti dini liderinin kimliyi mövzusu həddən artıq həssas məsələdir. Məsələ ondadır ki, dini lider dini bilikləri, siyasət təcrübəsindən də daha çox çoxmillətli, mürəkkəb İran cəmiyyətində qəbul olunan bir şəxs olmalıdır. Üstəlik, nəzərə almaq lazımdır ki, söhbət yalnız İrandan deyil, həm də şiə və bütövlükdə müsəlman aləminə mümkün təsirdən gedir.
Növbəti lider türk (azərbaycanlı – K.R.), fars, yoxsa ərəb olacaq? Əgər növbəti lider fars olacaqsa, azərbaycanlıların buna reaksiyası necə olacaq? Bu hadisə İranda etnik millətçiliyi daha da qızışdıra bilərmi?
Nəzərə almaq lazımdır ki, İranda böyük etnik qrup olan azərbaycanlıların hazırkı rejimə bağlılığında indiki dini liderin türk olması amili də rol oynayır. Bütün bunlar təbii ki, mümkün kriteriyalardır və yəqin ki, İran dövlətinin “dərin ağlı” bu amilləri düşünür. Son müşahidələrimizə görə, bu sualın cavabı da hardasa tapılmış kimi görünür. Söhbət liderliyə namizədlərdən gedir.
Növbəti İran ali dini lideri İslam inqilabının qurucusu Ayətullah Ruhullah Xomeyninin nəvəsi Əli Xomeyni ola bilər. Bu istiqamətdə müəyyən proseslər artıq özünü büruzə verir. Məsələ ondadır ki, Əli Xomeyni inqilab liderinin (Ayətullah Xomeyninin İranda nüfuzu çox yüksəkdir – K.R.) nəvəsidir. Dini təhsili var, dini dairələrdə qəbul olunur. Maraqlıdır ki, indiki dini lider də ayətullah Xomeyninin qardaşı, “islahatçılara” yaxın Həsən Xomeynidən fərqli olaraq Əli Xomeyniyə daha isti münasibət göstərir.
Babasının sevimlisi - Əli Xomeyni
Seyid Əli Xomeyni 10 aprel 1985-ci ildə İranda doğulub. O, Ruhullah Xomeyninin kiçik oğlu Əhməd Xomeyninin kiçik oğludur. 15 yaşından Qumda təhsil alan Əli Xomeyni artıq 22-23 yaşlarından təhsilini davam etdirməsilə yanaşı bəzi dini hövzəyə aid dərsləri tədris etməyə başlayır. 30 yaşından artıq Ali hövzənin müəllimləri arasında yer alır. Şeyx Ənsarinin “Kifayə” kitabından dərs verməyə başlayır.
Seyid Əli Xomeyni xalq arasında “Kiçik Əli” kimi tanınır. Ayətullah Ruhullah Xomeyni xəstəxanada olarkən çəkilmiş şəkilləri ilə məşhurlaşıb. Deyilənə görə, Əli Xomeyni baba Xomeyninin ən çox sevdiyi nəvəsi olub. Ruhullah Xomeyni onun barəsində “Mən Əlinin üzündə nur və nur üstünə nur görürəm”, yazıb. Əli Xomeyni həmçinin Ayətullah Seyid Əli Sistaninin kürəkəni və tam ixtiyarlı nümayəndəsi Seyid Cavad Şəhristaninin kürəkənidir. Onların kəbinini Seyid Əli Sistani özü kəsib.
Seyid Əli Xomeyni böyük qardaşı və Ruhullah Xomeynin dəfn edildiyi mavzoleyin rəhbəri olan Həsən Xomeynidən fərqli olaraq son bir neçə ildir ki, ölkənin ictimai-siyasi arenasında görünür. Artıq bir neçə şəhərdə, hətta Tehranın özündə Cümə namazından öncə çıxış üçün dəvət edilib. Müxtəlif şəhər və qəsəbələrə dəvət alan Əli Xomeyninin çıxışları çox rəğbətlə qarşılanır. Yalnız islahatçı qanadla isti münasibətdə olan qardaşı Həsən Xomeynidən fərqli olaraq, Əli Xomeyni mühafizəkar qanad ilə də isti münasibətdədir və sevilir. Hətta mühafizəkar qanada mənsub cavanlar sosial şəbəkələrdə onu Tehran İmam Cüməsi olaraq görmək istədiklərini yazırlar.
Bundan başqa, çıxışlarında Ruhullah Xomeyninin qurduğu Vilayəti-Fəqih sistemini ciddi müdafiə edən Əli Xomeyni həmçinin İranla düşmən mövqedə olan Amerika rəhbərliyini də sərt tənqid edir. Trampın İrana qarşı sərt çıxışlarına kəskin mövqe sərgiləyən Əli Xomeyni həmçinin “Xalqın Mücahidləri” terror qruplaşmasının inqilabdan sonra edamlarını müdafiə edən sözlər danışıb. Ölkədə olan iqtisadi və siyasəti vəziyyəti də tənqid edən Əli Xomeyni, hökuməti xalqın rifahının yaxşılaşdırmasına çağırır və xalqın problem və çətinliklərinin dinlənilməsinin zəruri olduğunu bildirir. Əli Xomeyni höccət əl-islamdır (elmi-dini titul – K.R.).
Ruhani tələbələrlə görüşlər keçirən Əli Xomeyni ruhaniləri xalqın problemlərinin həllində yaxından iştirak etməyə dəvət edib. Ruhanilərlə sıravi camaat arasında yaranmış məsafəni yığışdırmanın zəruriliyini diqqətə çatdırır və xalqla sıx ünsiyyətdə olmağa səsləyir.
Belə görünür ki, son zamanlar Əli Xomeyni sürətlə babasının qurduğu sistemin olimpinə yaxınlaşır. Bir çox kriteriyalara görə (onları yuxarıda qeyd eləməyə çalışdıq – K.R.), dini lider statusuna Əli Xomeyni xeyli dərəcədə uyğundur. Sadəcə yaşı bir qədər gəncdir. Əli Xomeyninin 33 yaşı var. Ancaq hələlik zaman var, ayətullan Xameneyi iş başındadır və Əli Xomeyninin yaş və təcrübə qazanması üçün zamanı çoxdur.
Kənan Rövşənoğlu,
musavat.com
Paylaş: