Xəbər lenti

 
Moskva ilə endirimli neft və qaz qiymətlərində razılıq əldə edə bilməyən Minskin ABŞ-dan aldığı neftin ilk partiyası Belarusa çatdırılıb.
 
Ovqat.com ölkənin dövlət enerji şirkəti Belneftxim
istinadən xəbər verir ki, dünən Belarusa gətirilən neftin miqdarı 77 min ton olub.
 
Məlumata görə, Texasdan gəmilərlə Baltik dənizinə nəql edilən neft Litvada dəmir yolu tankerlərinə doldurularaq Belarusa daşınıb və ABŞ şirkətləri ilə sövdələşərək alınan malın tamamı 10 gün ərzində ölkəyə idxal olunacaq.


 
Belarusun Xarici İşlər naziri Vladimir Makey də faktı təsdiqləyib və ABŞ-dan neft alma qərarını “enerji resurslarının şaxələndirilməsi strategiyasının tərkib hissəsi" adlandırıb. Bundan əvvəl isə Belarus may ayında Səudiyyə Ərəbistanından neft almışdı.
 
Minskin nefti yaxın qonşusu və “böyük qardaşı” Rusiyanı kənarda qoyub, ABŞ-dan və Səudiyyə Ərəbistanından neft almasının əsas səbəbi əslində Makeyin dediyi kimi “enerji resurslarını şaxələndirmək” strategiyasından irəli gəlmir. Belarusu bu addımı atmağa vadar edən başlıca amil Moskvanın ona eyni malı yüksək qiymətə satmaq istəməsidir. Prezident Lukaşenkonun apardığı uzun danışıqlara baxmayaraq, rus şirkətlərinin Belarusa enerji resurslarının qiymətində heç bir güzəştə getmədiyi, əksinə, “kiçik qardaşa” normal dəyərindən xeyli baha qiymət oxuduqları xəbər verilir. İnsafən, Moskva da öz mövqeyində haqsız deyil.



Belarus “kiçik qardaşlığına” salıb indiyədən Rusiyadan aldığı neft və qazı “nisyə dəftərinə” yazdırırdı. Moskva ötən il nəhayət, bu “qardaş müftəxorluğundan” bezib ona ucuz neft və ya qaz almaq istəyirsə, ilk əvvəl ya borcunu ödəməsinin, ya da Rusiyanın tərkib hissəsinə çevrilməsinin vacibliyini xatırlatmışdı. Lukaşenko üçün bu iki şərtin heç biri əlverişli deyil. O, nə Belarusun “dəmir əli” olmaq sevdasında əl çəkmək, nə də borcu bağlamağa gücü çatır. Minskin təkcə qaza görə “Qazprom”-a 110 milyon dollar borcu var. Bu borcu ödəməkdənsə, tələb olunan enerji resurslarını ABŞ-dan və ya Səudiyyə Ərəbistanından ala biləcəyini düşünən Minsk Vaşinqtona üz tutmağa üstünlük verdi. Necə olsa, ABŞ Rusiyadan daha güclüdür və ikitərəfli münasibətlərdə statusun “kiçik qardaşlıqdır”sa, güclünün “kiçik qardaşı” olmaq belə anlaşılır ki, Minksə daha “ağılabatan” görünür və əslində onun başqa çarəsi də qalmayıb. Zira ötən ilin son günlərində Rusiya ilə apardığı danışıqların baş tutmamasından sonra Qazaxıstana səfər edən Lukaşenko Nursultandan da əliboş dönmüşdü. Bu ilin ilk günlərində isə Rusiyadan Belarusa neft və qaz nəqli dayandırılmışdı. Minsk çarəsizlikdən dünyanın o biri başına üz tutmalı olmuşdu.



 
Bu ilin fevral ayında Minskə gələn ABŞ Dövlət Departamentinin sədri Mayk Pompeo Kreml tərəfindən “qara siyahı”ya salınan Belarusa qahmar çıxmış, istədiyi qaz və ya nefti okeanın o tayından ala biləcəyini bildirmişdi. Pompeonun Minsk səfərinin yekunlarına dair səsləndirdiyi fikirlər Rusiyadan üz döndərməyə hazırlaşan digər ölkələri də həvəsləndirmə nitqinə bənzəyirdi: “ABŞ-la Belarus arasındakı iqtisadi əlaqələri prezident Lukaşenko ilə ətraflı müzakirə etdik. Amerika istehsalçıları Belarusa lazım olan nefti 100 faiz nisbətində rəqabətçi qiymətlərlə satmağa hazırdır. Biz dünyadakı ən böyük enerji istehsalçısıyıq. Sadəcə bizə müraciət etmək yetər”.
 
Həmin səfərin üzərindən cəmi 5 ay keçəndən sonra ABŞ-dan Belarusa göndərilən neftin mənzilə çatdırılması Ağ evin pos-sovet ölkələrini Moskvanın orbitindən ayırmaqda nə qədər maraqlı  olduğundan xəbər verir.
 
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 3 518          Tarix: 14-06-2020, 08:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma