Xəbər lenti

 
Azərbaycanlı rejissor Zaur Tahirsoy böyük səs-küyə səbəb olmuş “Sayrışan işıqlar” serialının ikinci hissəsində azərbaycanlı həkimlərin koronavirus xəstələrinin həyatı uğrunda necə mübarizə apardıqlarını göstərmək qərarına gəlib.
 
Ovqat.com xəbər verir ki, məlumatı “Sputnik”-Gürcüstan informasiya portalı yayıb.
 
"Azərbaycanda COVID-19-la mübarizə aparan həkimlər haqda serial çəkəcəklər" sərlövhəli məqalədə qeyd edilib ki, “Sayrışan işıqlar” “YouTube”da yayımlanan ilk Azərbaycan serialıdır: “Tibbi mövzuda olan filmin ilk seriyası hələ 6 ay əvvəl nümayiş etdirilib. Sonradan rejissor koronavirus pandemiyası üzündən çəkilişləri dayandırmalı olmuşdu. Lakin bu günlərdə yenidən film üzərində işə başlanılıb. Zaur Tahirsoy deyir ki, serialın ilk hissəsinə xeyli əmək və güc sərf olunsa da o, yaradıcı heyətin gözləntilərini doğrultmayıb.
 
İşimiz yetərincə keyfiyyətli alınsa da, baxış sayı o qədər də böyük deyil. Təəssüf ki, Azərbaycanın kino sənayesində bir-birini dəstəkləməyi, həmkarların işlərini paylaşmağı sevmirlər. Üstəlik, biz də filmin birinci hissəsini yaxşı piyar etmədik. Lakin ikinci hissəsinin tanıtdırılması ilə ciddi məşğul olmaq fikrindəyik. Yeni seriya yaxın zamanlarda tamaşaçıya təqdim olunacaq”, - deyə rejissor bildirib.
 
Z.Tahirsoy koronavirus pandemiyası şəraitində Azərbaycanda yaranmış vəziyyəti əks etdirə bilmək üçün serialın ssenarisini dəyişmək qərarına gəlib. Bu səbəbdən bəzi kadrlar yenidən çəkilib.
 

 
“Serial tibb sahəsindən bəhs etdiyi üçün biz koronavirus mövzusuna toxunmaya bilməzdik. Çəkilişlərdən bir neçə ay əvvəl belə xəstələrin müalicəsilə məşğul olan həkimlərlə söhbət etmişik. Onlar bizə çox şey danışıblar və biz bütün bunları yeni seriyada göstərməyə hazırlaşırıq. İnsanlar həkimlərin xəstələri sağaltmaq üçün nələrdən keçdiyini bilməlidirlər. Onlar öz həyatlarını riskə atırlar. Serialda digər xəstəliklərə də toxunacağıq”, - deyə Z.Tahirsoy bildirib.
 
Baş qəhrəmanları oynayan Aysel Nazim, Rəşah Kəsəmənli və altı gənc aktyordan başqa, qalan heyət hər dəfə yenilənəcək. Serial Amerikanın “Netflix” resursunun formatında çəkildiyindən, cəmi 12 seriyadan ibarət olacaq. Əsas məqsəd Azərbaycanda doğrudan da çox yaxşı həkimlərin olduğunu, onları qiymətləndirməyin vacibliyini göstərməkdir: “Sevindirici haldır ki, məndən sonra bir çox həmkarlarım da “YouTube” üçün film və veriliş çəkmək qərarına gəlib. Belə işlərin çoxu sonradan televiziya ekranlarına köçürülür. Artıq mənə yerli telekanallardan xeyli təklif gəlib. Təbii ki, serialımın TV-də nümayiş olunmasına etiraz etmirəm. Bir şərtlə ki, onun “YouTube” formatı saxlanılsın”.
 
Hazırda rejissor başqa layihələr üzərində də çalışır. O, Azərbaycanda məktəb həyatından bəhs edəcək “Səkkizinci dərs” adlı serial çəkməyi planlaşdırır.

"Sayrışan işıqlar"-ın ilk hissəsi

 
 



Ana səhifəyə qayıt        Baxış: 3 822          Tarix: 3-07-2020, 08:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma