Xəbər lenti

 
 
“Koronavirus epidemiyası ilə əlaqədar karantin tədbirləri adı altında sanki Azərbaycan xalqının milli adət-ənənələrinə qarşı müharibə aparılır. Toy, yas mərasimlərinin inzibati yolla qarşısının alınmasını başqa cür qiymətləndirmək mümkün deyil”.
 
Ovqat.com xəbər verir ki, Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılov belə fikirləşir. 
 
Onun sözlərinə görə, yas və ya toy mərasimi keçirənlərin cəzalandırılması isə heç başadüşülən deyil: “Çünki inzibati cəzalar inzibati xətalara tətbiq olunur. Xətasız cəza özbaşınalıqdır. Valideyni ölən oğulun, oğlu ölən ananın öz ölüsünə ağlaması, qonum-qonşunun onun yasına gəlməsi nə zamandan xəta sayılıb? O gün oxudum ki, Bakıda bir iş adamının qardaşının yas mərasiminə müdaxilə edən polislər ona 5 min manat cərimə cəzası kəsiblər. Orta aylıq əmək haqqının 300-400 manat olduğu məmləkətdə 5 min manat cərimə hansı məntiqə sığır? Deyək ki, cərimələnən həmin insan iş adamı yox, sadə vətəndaşdır. Az qala 2 illik maaşını el adətinə əməl etdiyi üçün necə ödəyə bilər? Yoxsa, hüquq mühafizə orqanları damara baxıb qan alırlar; kasıbdan başqa, imkanlıdan başqa məbləğdə cərimə istəyirlər? Elədirsə, lap pis. Çünki hər hansı eyni xətanın “damara görə” dəyişilməyən eyni cəzası olmalıdır və o cərimə hər kəsin ödəyə biləcəyi həddə müəyyənləşdirilməlidir. Ən əsası isə, mən indiyədək eşitmədim ki, yol verilən xətalara görə insanlara xəbərdarlıq edilsin. Halbuki, cərimə və cəza hüququn ən son atacağı addımdır. Xüsusilə inzibati xətalarda xəbərdarlıqlara daha çox üstünlük verilməlidir. Məşhur atalar sözündə deyildiyi kimi, “qul xətasız olmaz, ağa kərəmsiz”.  
 
Azərbaycanın müxtəlif rayonlarının sanki vətəndaşları cəzalandırmaq yarışına başladıqlarını bildirən İlyas İsmayılov fikrini belə əsaslandırdı: “O gün oxudum ki, Qazaxda polislər nişana müdaxilə edib, mərasim iştirakçılarını və ailə üzvlərini yüksək məbləğdə cərimələyiblər. İsmayıllıda əsgərlikdən gələn oğlunun hərbi xidməti başa vurmasını qohumları ilə evində şadyanalıq edən ailə də ağır cəriməyə layiq görülüb. Hövsanda və Şəmkirdə yas mərasimlərinə eyni müdaxilələr olub. Digər rayonlardan fərqli olaraq, Şəmkirdə bu qeyri-qanuni müdaxilələrə birbaşa icra başçısının özü rəhbərlik edib. Nəyə görə? Övlada toy etmək, evləndirmək, yaxınına matəm tutmaq nə zamandan günah, qəbahət sayılıb? Qəbahət olmayan bir hadisəyə görə insanlara cəza kəsmək hüququn ruhuna ziddir”. 
 
İlyas İsmayılov matəm mərasimlərinə müdaxiləni ümumiyyətlə ağıla, məntiqə sığmayan bir hadisə kimi qiymətləndirir: “Yas sahibi nə etməlidir: əzizinə deməlidir ki, bu gün ölmə, karantin müddəti bitəndən sonra ölərsən? Yoxsa Azərbaycan hökuməti Əzraili dil tutub onunla nə zaman gələ biləcəyinə dair müqavilə bağlanıla biləcəyinə inanır? Adamın ölüsü  ölübsə, əlbəttə, yas tutacaq. Sən bunun qarşısını necə ala bilərsən?” 
 
Partiya sədri yas mərasimləri kimi toy və nişanlara da polis müdaxiləsini yolverilməz sayır və onun fikrincə, bu cür müdaxilələr milli mentalitetə zidd olduğu kimi dövlət adına da yaraşmır:
 
“Bəllidir ki, bütün xeyir işlərin başlıca məqsədi ailə həyatı quranlara xeyir-dua verməkdir. Milli inanclarımıza görə, bir işin uğurlu başlaması onun perspektivini də müəyyənləşdirər.  Gənclərin ailə həyatı sad-xürrəm keçsin deyə valideynlər onlara toy edirlər. Bir qız uşağının nişanına bu cür şur qatılması həmin gəncin gələcək həyatına da mənfi təsir göstərə bilər. Onların ailə həyatı ilə bağlı xatirələrində xoşagəlməz izlər salar. Məhz buna görə, xalqımız toy-düyündə səs-küy salan insanlara heç zaman yaxşı baxmayıb və onu qınayıb. Bunun dövlət adından edilməsi isə daha böyük qəbahətdir”.
 
İlyas İsmayılovun fikrincə, istənilən ölkədə qəbul olunan yeni qərarlar və qaydalar xalqın milli mentalitetinə, adət və ənənələrinə uyğun hazırlanmalıdır: “Milli adət-ənənələri nəzərə almayan heç bir hüquqi normativ yaşamaq haqqı qazana bilməz. Bu cür normativlər insanların hüquqa hörmətini azaldar və nəticə etibarilə cəmiyyətin kriminal ünsürlərə meyllənməsinə səbəb olar”.
 
Partiya sədrinə ən acıq gələn isə əzizinə matəm və ya toy mərasimi keçirənlərin cinayətkar ünsür kimi media orqanlarının qarşısına çıxarıb üzr istədilməsidir: “Axı onlar nəyin üzrünü istəyirlər? Milli adət və ənənələrinə bağlılıqlarının? Bu həmin insanlarla yanaşı həm də milləti alçaltmaqdır. Onun milli dəyərlərini üzr istəniləcək qədər aşağılamaqdır. İnsanlar Operativ Qərargahın heç bir hüquqi əsası olmayan qaydalarına əməl etmədiklərinə görə uzaqbaşı xəbərdar oluna bilərlər. Kollektiv tədbirlərin insan həyatı üçün necə böyük təhlükə yarada biləcəyi onlara başa salınmalı və əməl edib etməmək hər kəsin öz ixtiyarına buraxılmalıdır. Ən azı ona görə ki, Ümumdünya Səhiyyə Təşkilatı belə, bu karantin qaydalarının nə dərəcədə işə yarayıb-yaramayacağını bilmir. Üstəlik, ÜST-ün bu normativlərində kollektiv həyat tam məhdudlaşdırılmır. Onun yeni qaydaları, belə deyək, sosial məsafələr müəyyənləşdirilir. Mərasimlərə müdaxilə edən polislər də iştirakçılardan və məclis sahibindən yalnız bunu tələb edə bilər. Yoxsa mərasimi tamamilə qadağan etmək olmaz. Mən məhz bu səbəbdən koronavirusa qarşı inzibati yolla deyil, inandırma, maarifləndirmə yoluyla mübarizənun tərəfdarıyam. İstərdim bu iş iri məmurların yaxınlarına, dostlarına yox, həkim mütəxəssislərə həvalə olunsun”. 


Ana səhifəyə qayıt        Baxış: 7 789          Tarix: 6-07-2020, 13:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma