Xəbər lenti

 
Rus hərbçiləri Suriyanın Rif əl-Həsəkə bölgəsində bu yaxınlarda qurulan hərbi bazanı tələsik tərk etmək məcburiyyətində qalıb.
 
Ovqat.com Suriyanın Al Furat News nəşrinə istinadən xəbər verir ki, Rusiya hərbi birləşmələrinin hərbi bazanı tələsik tərk etməsinin səbəbi yerli əhalinin və könüllü silahlı qüvvələrin sərt reaksiyası ilə üzləşməsidir.
 
Bildirildiyinə görə, Amerika tərəfdarı olan könüllü qüvvələr Rusiya əsgərlərinə hərbi bazanı dərhal tərk etməyəcəkləri təqdirdə hücumla hədələyiblər. Ruslar da bu təhdidi ciddi qəbul edib bölgədən çəkiliblər.
 
Suriyanın şimalında yerləşən Rif əl-Həsəkə Suriya Demokratik Qüvvələrinin nəzarəti altındadır. SDQ isə PKK-nın dominantlığındadır. Görünən budur ki, bir neçə gün əvvəl Moskvada kürd separatçılar ilə Bəşər Əsəd rejimi arasında vasitəçilik edən və Türkiyənin sərt etirazı ilə üzləşən Rusiya bu “fədakarlığının” qarşılığını bölgədə ala bilməyib.


 
Xatırladaq ki, avqustun son günlərində Kreml Suriya rejiminin nümayəndəsi ilə PKK/YPG rəsmilərini  Rusiyanın paytaxtında bir araya gətirmiş və aparılan danışıqlar nəticəsində 5 maddəlik saziş imzalanmışdı. Görüşdə kürd separatçılarını Demokratik Suriya Şurası təşkilatının üzvləri İlham Amed, Sanharib Barsum, Sihanok Dibo və Hikmət Həbib təmsil edirdilər. Əsəd rejiminin təmsilçisi isə Moskvaya yaxınlığı ilə tanınan  Suriya Xalq İradəsi Partiyasının başçısı Qədri Cəmil idi. 
 
Avqustun son həftəsi boyunca davam edən danışıqlar çərçivəsində imzalanan müqavilə Moskva tərəfindən də dəstəklənirdi. Hətta danışıqların sonunda kürd separatçılarının nümayəndə heyətinin rəhbəri İlham Amedi qəbul edən Rusiya Xarici İşlər naziri Sergey Lavrov ona ölkəsi adından mükafat da vermişdi. 
 
Bu görüşdən sonra Suriyanın şimalında PKK/PYG tərəfindən qırmızı xalça ilə qarşılaşacağına ümid bəsləyən rus əsgərlərinin girdikləri Rif əl-Həsəkə bölgəsindən qısa zaman ərzində başlarını götürərək qaçmalarını tarixin ironiyası da adlandırmaq olar.



Ana səhifəyə qayıt        Baxış: 3 294          Tarix: 6-09-2020, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma