Bu gün Azərbaycanda polis günüdür.
Tam 99 il bundan əvvəl-1918-ci ilin 2 iyul tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sərəncamı ilə Daxili İşlər Nazirliyinin tərkibində müstəqil polis orqanları yaradılıb.
Var olduğu qısa müddət ərzində Azərbaycan polisi ölkə əhalisinin asayişini qorumaqda misilsiz xidmətlər göstərib, dövlətçiliyimizin keşiyində dayanıb. AXC süqut etdikdən sonra, bolşevik diktaturasının hədəflərindən biri də milli polis orqanlarını ləğv etmək olub.
Məhz bundan sonra milli polis orqanlarının məhvi üzərində milis qurumu yaradan bolşeviklər cinayətkarlıqla mübarizədən daha çox, milli məfkurə adamlarının represiyasını həyata keçiriblər.
Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, onun funksiya və vəzifələri dəqiqləşdirilib. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Daxili İşlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfəri bu müharibədə şəhid olub.
Bir sözlə, Azərbaycan polisinin Qarabağ döyüşlərində göstərdiyi rəşadət həqiqətən də təqdirə layiqdir. Biz də artıq 99-u tamamlayıb 100 yaşına qədəm qoyan asayiş keşikçilərimizi Ovqat.com adından Baş redaktorumuz Heydər Oğuzun “Polis marşı” şeirilə təbrik edirik.
Polis marşı
Haqq – Tanrının adıdır,
Mənsə Haqqın əsgəri.
Xalqın keşiyindəyəm
Var olan gündən bəri!
Zillətin boğazında
Hüzurun pəncəsiyəm.
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Mən Vətənin içində,
Əsgərlər eşiyində,
Birlikdə bu ölkənin
Durmuşuq keşiyində!
Hər kəsin inam yeri,
Ümidi, Haqq səsiyəm.
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Evindən əmin əsgər
Məndən alıb gücünü,
Sərhədlərdə yağıdan
Alır yurdun öcünü!
Sabitliyin qarantı,
Əminlik qüvvəsiyəm!
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Xalq rahat yatsın deyə,
Uyumadan gəzirəm.
Salıb çəkmə altına
Qaranlığı əzirəm.
Haqqın nahaq önündə
Keçilməz pərdəsiyəm!
Azərbaycan polisi –
Haqqın güvəncəsiyəm!
Paylaş: