
“İran ondan tələb olunan islahatlara getməsə və tədricən teokratik dövlət quruluşundan imtina etməsə, ABŞ-ın Zəngəzur qapısını onun üzünə açması mümkün deyil...”
“ABŞ-ın Zəngəzurla bağlı iddiası ortaya atıldıqdan sonra Cənubi Qafqaz regionu, xüsusilə də Ermənistan dünya geopolitikasının ən ciddi mübahisələr doğuran məsələsinə çevrildi. Səbəb çox sadədir: ABŞ Zəngəzur dəhlizini öz nəzarəti altına almaqla faktiki olaraq Cənubi Qafqazın Rusiyadan asılılığını azaldacaq və region bu dəhliz vasitəsilə iqtisadi cəhətdən Qərb dünyasına bağlanacaq. Bu isə regionun Rusiyanın nəzarətindən tamamilə çıxması anlamına gəlir”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz “Zəngəzur yolu ətrafındakı son prosesləri necə dəyərləndirirsiz?” sualını cavablandırarkən ifadə edib.
“Üstəlik, İran da bu dəhlizin keçdiyi məkana həyati önəm verirdi. Çünki onun xəyali “Ədviyyat dəhlizi” Hindistandan başlayıb İrana, İrandan Zəngəzur vasitəsilə Ermənistana və Gürcüstana, ordan isə Qara dənizi aşaraq Avropaya keçirdi. ABŞ-ın yarı-hərbi özəl şirkəti Zəngəzura yerləşdikdən sonra İranın bu ümidinin də üstündən qara bir xətt çəkilir. Sirr deyil ki, İran ondan tələb olunan islahatlara getməsə və tədricən teokratik dövlət quruluşundan imtina etməsə, ABŞ-ın Zəngəzur qapısını onun üzünə açması mümkün deyil. Məlum islahatlara getmək isə İran İslam Respublikasının tamamilə iflası deməkdir”, -deyə davamında həmsöhbətimiz bildirib.
Heydər Oğuzun fikrincə, nə İranın nə də Rusiyanın bu perspektivlə razılaşma imkanı var:
“Odur ki, İrəvanın bu təklifi qəbul etməsi ilə Zəngəzur üzərində əsl geo-siyasi mübarizələr başlayacaq. Əsas hədəf ölkə isə təbii ki, Ermənistan olacaq. Düzdür, biz də zaman-zaman Rusiya və İranın ideoloji müharibəsinin hədəfə aldığı ölkələrdən birinə çevriləcəyik. Fəqət bizdən daha çox Ermənistan Rusiya və İranın ideoloji hücumlarına və təxribatçı manevrlərinə məruz qalacaq. Çünki Zəngəzur dəhlizinin taleyi əsasən İrəvandan asılıdır. Bölgə Ermənistanın yurisdiksiyasındadır və onun taleyi barədə qərar vermək hüququ İrəvana aiddir. Məntiqlə, təzyiqlər də ona edilməlidir”.
ABŞ-ın Zəngəzuru 100 illik icarəyə götürməsi söz-söhbətləri çıxandan az sonra Paşinyanın Rusiyaya çağırılmasını təsadüfi saymayan Heydər Oğuzun fikrincə, bu səfər zamanı Moskva ondan yəqin ki, mövzu ilə əlaqədar hesabat istəyib:
“Eyni zamanda Rusiya, İran və Çin rəsmilərinin 2 gün əvvəl Tehranda bir araya gəlməsinin başlıca səbəbi Cənubi Qafqazda dəyişilən geo-siyasi konyuktura ilə də bağlı ola bilər. Baxmayaraq ki, rəsmi açıqlamalarda sözügedən 3 ölkənin rəsmilərinin Tehranda İranın nüvə proqramının müzakirə olunduğu bildirilirdi. Əlbəttə ki, İrana qarşı təzyiqlərin gücləndiyi və ABŞ-ın ona uranın zənginləşdirilməsindən imtina etməsi üçün avqustun sonuna qədər vaxt verdiyi bir məqamda keçirilən bu görüşün əsas müzakirə mövzusunun nüvə proqramı ilə bağlı olması təəccüblü deyil. Amma bununla yanaşı yəqin ki, ABŞ-ın Zəngəzur dəhlizini 100 illik icarəyə götürməsi Tehranda bir araya gələn dövlət rəsmilərinin də diqqətindən yayına bilməz. Ən azı ona görə ki, ABŞ-ın bu planını bu 3 ölkəni də narahat edir. Rusiya bu planı özünün Cənubi Qafqazdan 100 il boyunca çəkilməsini şərtləndirəcək layihə kimi görür. İran bu plana Ədviyyat dəhlizinin əlindən çıxması kimi dəyərləndirir. Çin üçün isə Zəngəzurun ABŞ-ın əlinə keçməsi faktiki olaraq “Bir Yol, Bir Kəmər” projesinin ən işlək marşrutunun yad nəzarətə düşməsi deməkdir. Bütün bu amillər onu göstərir ki, yaxın zamanlarda Ermənistanda ciddi qarşıdurmalar yaşanacaq və biz də bundan təsirlənəcəyik”.
Heydər Oğuzun fikrincə, İranla Rusiyanın Xəzər dənizində başlatdığı hərbi təlimlər də ABŞ-ın Zəngəzura oturmasına verilən reaksiyadır:
“Faktiki olaraq, bu iki ölkə Xəzərdə güc nümayiş etdirərək, “Zəngəzur sizin nəzarətinizə keçərsə, biz də digər bir keçid nöqtəsində Ərəbzəngilik edərik” mesajı verirlər. Beləcə, sanki Qərb ölkələrinin də Mərkəzi Asiyaya yolunu bağlayırlar”.
Bütün bunları nəzərə alan Heydər Oğuz Zəngəzur dəhlizi ətrafında başlanan gərginliyin Mərkəzi Asiya ölkələrinə sıçramasından narahatdır:
“Bilirsiniz ki, Zəngəzurla bağlı iki layihə var. Bunlardan biri Çinin, digəri isə ABŞ-ındır. Çinin layihəsində bu marşrut Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Avropa İttifaqından keçərək Böyük Britaniyaya qədər uzanır. ABŞ-ın variantında isə Çin bu layihədən ixtisar olunur. Bunu ABŞ-ın sabiq dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayen ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirmişdi. O, qeyd etmişdi ki, “ABŞ hakimiyyəti Rusiya və Çindən yan keçməklə Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxışı üçün yeni ticarət marşrutunun yaradılması imkanlarını qiymətləndirir”. Zəngəzur dəhlizinə iki böyük dövlətin bu fərqli yanaşması istər-istəməz Mərkəzi Asiya ölkələrini geopolitik mübarizələrin hədəfi halına gətirir”.
Sultan Laçın
Paylaş: