Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Üç gündən sonra Türkiyədə keçiriləcək referenduma münasibət birmənalı deyil. Prezident üsul-idarəsinin qardaş ölkəni gücləndirəcəyini düşünənlər kimi, avtoritarlaşdıracağından ehtiyat edənlər də var. Zaman-zaman dəyərli fikirləriylə ölkə rəsmilərinə yol göstərən Türkiyənin sabiq Baş qərargah rəisi İlkər Başbuğ da “ehtiyat igidin yaraşığıdır” atalar sözünə inananlardandır. Bəs, onun bu əndişəsinin əsası nədir?
Türkiyənin məşhur jurnalistlərindən Uğur Dündarın general İlkər Başbuğdan aldığı müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
-"Konstitusiya dəyişikliyi təkliflərində ən çox hansı mövzular sizi narahat edir?"
- Daha əvvəlki müsahibələrimizdə, prezident sisteminin sağlam fəaliyyət göstərməsi üçün üç təməl xüsusdan imtina edilməz olduğunu ifadə etmişdik. Bunlar; qanunvericilik, icra və məhkəmənin bir-birindən sərt şəkildə ayrılması, qanunun aliliyi, səmərəli nəzarət və balans sisteminin qorunmasıydı. 16 Aprel 2017 günü referenduma təqdim ediləcək Konstitusiyaya dəyişiklik təkliflərinin bu üç fundamental prinsipi qarşıladığını söyləmək mümkün deyil. Venesiya Komissiyasının 13 Mart 2017-ci il tarixli hesabatı da bu məqamın üzərində xüsusi durur. Ayrıca, unudulmasın ki, Türkiyə, 150 ilə yaxın müddətdir -yaxşı və ya pis – parlamentar sistemlə yaşayan ölkədir. 150 illik parlament sisteminə söykənən bir konstitusiya mədəniyyətimiz var. İndi, birdən-birə, qəflətən, xüsusilə Konstitusiya dəyişiklikləri parlamentə gəlmədən əvvəl ictimaiyyət arasında müzakirə olunmadan, cəmiyyətin böyük əksəriyyətinin dəstəyi alınmadan, Konstitusiya mədəniyyətimizdə çox böyük bir radikal dəyişməyə, qırılmağa səbəb olacaq təklifi referenduma götürürük. Məncə, bu səhv olmuşdur.
-Bu çərçivədə sizi ən çox narahat edən mövzu nədir?
- Güner Toprak "Çarə Prezidentlikmi?" adlı kitabında yazdığı kimi, yaxın tarixdə parlamentar sistemdən prezident sisteminə keçən 8 ölkə var. Bunlar; Burundi, Qana, Əfqanıstan, Malavi, Nigeriya, Syerra Leone, Sudan və Zimbabvedir. Əfqanıstan xaric, yeddi ölkə Afrikadandır. Bu ölkələrdə orta hesabla adambaşına illik gəlir 1.150 ABŞ dollarıdır. Amma qəbul olunan prezidentlik sistemi onların iqtisadiyyatlarını inkişaf etdirməmişdir! Böyük əksəriyyəti də demokratik deyil. Bu xüsus istər-istəməz insanı narahat edir. İnsanı əsl düşündürən, narahat edən məsələ isə; bu gün dünyada prezidentlik üsulu ilə idarə olunan ölkələrdə siyasi sistemin ağırlıqlı olaraq federativ olmasıdır. Zatən, prezidentlik sistemi federasiyalar üçün planlaşdırılmış və tətbiq olunmuş bir üsul-idarə kimi qarşımıza çıxır. Bunun ən real və əhəmiyyətli nümunəsi ABŞ prezidentlik sistemidir. ABŞ bir İngilis koloniyası idi. 1776-cı ildə 13 əyalət İngiltərədən ayrılıb, müstəqilliklərini elan etdi. Bu 13 müstəqil əyalət və ya dövlət, 1787 Konstitusiyası ilə prezident sistemini və federal quruluşu öz istəkləriylə qəbul edərək qurdular. Əyalətlərin müstəqilliklərini böyük ölçüdə qoruması ABŞ Konstitusiyasının ən təməl xüsuslarından birini meydana gətirdi.
- Bazar günü referenduma təqdim ediləcək Konstitusiya dəyişiklikləri ilə Türkiyənin dərhal federasiyaya çevrilə biləcəyini önə sürmək mümkünmü?
-Xeyr, bunu söyləyə bilmərik. Ancaq gətirilən prezidentlik sisteminin zamanla bu məsələni Türkiyənin gündəminə daşıya biləcəyini söyləyə bilərik. Mövcud 1982 Konstitusiyası Türkiyənin siyasi quruluşunu "unitar dövlət" olaraq təyin edib. Türkiyə, 1984-ci ildən bəri "etnik milliyyətçilik" istiqamətində hərəkət edən bir terror təşkilatı ilə mübarizə aparmaqdadır. Bu terror təşkilatı "cari siyasi həll” olaraq Türkiyədə federasiya quruluşunu hədəfləməkdədir. İraqda yaşananlara baxılsa, 2003-cü il sonrasında bu ölkədə qurulan sistem federasiya quruluşu təəssüratını yaranmaqdadır. Əvvəla, İraqın parçalanaraq müstəqil dövlətlərin qurulması müzakirələrinə hər gün daha çox şahid olmaqdayıq. Bu şərtlərdə Türkiyənin də federativ quruluşa çevrilməsinin onun bölünməsinə yol aça biləcəyini görməmək tarixi və bağışlanılmaz səhv olar. Kimsə türk millətinin bütövlüyünü və ölkənin bölünməzliyini hər şeyin üzərində tutanlardan belə bir şeyi qəbul etməsini gözləməsin.
- Hörmətli prezidentin yerli rəhbərliklərə baxan baş müşaviri bunları söyləyir: "Konstitusiya dəyişikliyi ilə icra orqanlarında təkbaşçılıq təmin edildikdən sonra bunun şəhərlərin hamısında tətbiqinə keçilməlidir. Sonrakı mərhələdə isə şəhər rəhbərliklərinə yeni hökumət sisteminə uyğun bir şəxsiyyət qazandırılması istiqamətindəki tənzimləmələr aparılmalıdır". Bu mövzuda nə düşünürsünüz?
-Mətbuata yansıyanlardan aydın olduğu kimi baş müşavir Çindəki modeli bir nümunə olaraq araşdırmışdır. Onun bu mövzuda bir ifadəsi xeyli maraqlıdır: "Çin böyüyən və inkişaf edən şəhərlərinə yeni rəhbərlik modelləri tətbiq edir. Təhlükəsizlik qayğısıyla rəsmi açıqlamalar yüksək səslə dilə gətirilməsə belə, Türkiyə də bu prosesdən təsirlənir!..” Baş müşavirin toxunduğu Çin; 23 əyalət, 5 muxtar bölgə ilə 2 xüsusi statuslu əyalətdən meydana gəlir. Təbii, prezidentin baş müşavirinin bu açıqlamasının özü də federasiyaya isti baxdığını göstərir. Bu xüsus da prezidentlik sisteminin zamanla federasiya qurulmasına yol aça biləcəyinə dair duyulan narahatlıqları və ehtimalları gücləndirməkdədir.
-Konstitusiya dəyişiklik təkliflərində, birbaşa olmasa belə, bu mübahisələrlə paralellik ifadə edən bəzi xüsuslar varmı?
- Mövcud Konstitusiyanın 126-cı maddəsi "Mərkəzi İdarə"ylə əlaqədardır. Maddənin 3. bəndinin ikinci cümləsi belədir:
"Mərkəzi inzibati təşkilatın vəzifə və səlahiyyətləri qanunla tənzimlənir."
Bu cümlə yeni təkliflə qüvvədən düşürülür. Maddəyə aşağıdakı bəndlər əlavə olunur:
"Mərkəzi inzibati mahiyyətli ictimai qurum və təşkilatlarının; quruluş, vəzifə, səlahiyyət və məsuliyyətləri Prezident Fərmanı ilə tənzimlənir."
Bu dəyişikliyə görə, prezident qərarnamələrlə istəsə, bir neçə əyaləti birləşdirə bilər. Təbii, bu tətbiq unitar dövlət quruluşunu ortadan qaldırmaz. Çünki, federasiyanın qurulmasında əyalətlərin öz icra, qanunverici və məhkəmə orqanları olmalıdır. Ancaq bu müddəlar əyalətlərin və federasiyanın formalaşması üçün bir alt bazisi meydana gətirə bilər. Bu da təhlükəli yolun başlanğıcı olar.
- Təkliflərlə Prezidentə verilən səlahiyyətlər mövzusunda nə düşünürsünüz?
-ABŞ Prezidentinə verilən səlahiyyətlərlə Konstitusiya dəyişikliyi ilə seçiləcək Türkiyə dövlət başçısına veriləcək səlahiyyətlərə baxılsa, soruşduğunuz sualın cavab daha yaxşı aydın olar. ABŞ başçısına Qanun verilən səlahiyyət sayı altıdır. Bunlar bu şəkildədir:
1. Beynəlxalq razılaşmaları imzalamaq.
2. səfirləri təyin etmək.
3. Ali Məhkəmə hakimlərini təyin etmək.
4. Konqresin qərarıyla yaradılan digər əhəmiyyətli federal subyektlərin üst səviyyəlı bürokratlarını təyin etmək.
5. Baş Komandanlıq vəzifəsini icra etmək.
6. Qanunlara veto qoymaq.
Ancaq ABŞ prezidenti bu səlahiyyətlərin heç birini təkbaşına həyata keçirə bilməz. Son dərəcə güclü və müstəqil olan Senat və Konqresin dəstəyini alması lazımdır. Məsələn; bu günə qədər ABŞ prezidentlərinin təyin etmək istədiyi federal hakimlərin az qala dörddə biri Senat tərəfindən rədd edilmişdir. Konstitusiya dəyişiklik təklifləri ilə Türkiyə Prezidentinə bütün ali dərəcəli idarəçiləri, nazirləri, səfirləri, Konstitusiya Məhkəməsinin üzvlərini və Hakim Prokuror Ali Qurumunun 13 üzvündən altısını təyinetmə səlahiyyəti verilir. Konstitusiya dəyişikliyi təklifləri Baş Komandanlığın TBMM-nin mənəvi varlığından ayrılmayacağı və Prezident tərəfindən təmsil ediləcəyi qanununu olduğu kimi qorumaqdadır. Ancaq Baş qərargah sədrinin vəzifə və səlahiyyətlərindən görə Prezident qarşısında məsul tutulmasıyla, Prezidentə sülh zamanında bir ölçüdə "təmsil" səlahiyyətinin fövqündə imtiyazlar verildiyi görülməkdədir. Prezidentə verilən səlahiyyətlər arasında "Türk Silahlı Qüvvələrindən istifadə edilməsinə qərar verir" xüsusu da var. Eyni səlahiyyət 1982 Konstitusiyasında eynilə yer almaqdadır. Ancaq Konstitusiyanın 92. maddəsi bu səlahiyyəti bir şərtə tabe tutur:
"TBMM tətildə və ya fasilədə ikən ölkənin ani bir silahlı hücuma məruz qalması və bu səbəbdən Silahlı Qüvvələrdən istifadə edilməsinə dərhal qərar verilməsinin qaçınılmaz olması halında..."
Yeni Konstitusiya dəyişiklik təklifləri ilə Prezidentə iki əhəmiyyətli səlahiyyət və imkan verilir. Prezidentinin partiyası ilə əlaqəsinin kəsilməsinə yönəlik tənzimləmənin ləğvi və buna qarşı möhkəm və qəti partiya intizamının var olacağı, yəni qorunacağı bir mühitdə "hakimiyyət bölgüsünə" və "nəzarət və balanslaşdırma" prosesinə Türkiyədə necə təminat veriləcək? ABŞ-dakı sistemdə belə bir xüsus yoxdur və yaşanmamışdır. ABŞ-da prezidentin Konqres seçkiləri keçirməsiylə bağlı bir səlahiyyətindən də söhbət gedə bilməz. Ölkəmizdəki Konstitusiya dəyişikliyiylə Prezidentə TBMM seçkiləri keçirməsinə qərarvermə səlahiyyəti verilir. Göründüyü kimi; Konstitusiya dəyişiklik təklifləri ilə Prezidentə verilən səlahiyyətlər -ki burada hamısına toxunulmamışdır- fövqəladədir. Məhz bu yerdə Mustafa Kamal Atatürkün bizlərə nəsihət ola biləcək, yol göstərəcək iki düşüncəsini xatırlatmaq faydalı olacaq. Birincisi nəsihət 24 Sentyabr 1924-cü il tarixində Samsunda söylədiyidir: "Hər hansı bir adamı istədiyiniz kimi sevə bilərsiniz. Lakin bu sevgi sizi, milli varlığınızı bütün sevgilerinizə baxmayaraq, hər hansı bir sevdiyinizə verməyə yönəltməməlidir".
İkinci düşüncəsini isə 1930-ci ildə Yalovada açıqlamışdır:
"Millətin şəxslərə, özünü unudacaq və özünü itirəcək qədər bağlanmış olması yaxşı nəticə verməz. Bunun tarixdə nümunələri çoxdur. "
Hər zaman sağlamfikirli hərəkət etdiyinə inandığım Uca Türk Milləti bu səfər də mütləq sağlamfikirli olaraq hərəkət edəcək. Türk Milləti yalnız ölkənin və millətin gələcəyini və yaxşılığını deyil, 2019-ci ildə seçiləcək prezidentinin də gələcəyini və yaxşılığını düşünərək, sağlamfikirli hərəkət edərək qərar verəcəkdir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar