Xəbər lenti

 

İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə hücumu və mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayət İtaliya mətbuatında geniş işıqlandırılıb.

Ovqat.com Trend-ə istinadən bildirir ki, ölkənin "Agenzia Nova" xəbər agentliyi mütəmadi olaraq mövzu barədə məlumatlar yayımlayıb.

Məlumatlarda baş vermiş hadisə ilə bağlı Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliklərinin bəyanatları, İtaliya parlamentində Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri, senator Sercio Divinanın Ermənistan silahlı qüvvələrinin Azərbaycan vətəndaşlarını hədəfə almasını pisləyən açıqlamaları öz əksini tapıb.

İtaliyanın nüfuzlu KİV-lərindən olan "L'Opinione" qəzetində də Ermənistanın ölkəmizə qarşı son təxribatı və nəticədə mülki vətəndaşların qətlə yetirilməsi barədə jurnalist-tədqiqatçı Domeniko Letizianın müəllifi olduğu "Ermənistan tərəfindən atılmış minaatan Azərbaycanda mülki şəxsləri qətlə yetirib" adlı məqalə dərc olunub.

Məqalədə İtaliya parlamentinin üzvləri deputatlar Kristina Bargero və Xalid Çauki, senatorlar Vito Petroçelli və Sercio Divinanın Ermənistan silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətləri pisləyən, eləcə də Ermənistanın işğalçı siyasətini qınayan bəyanatları öz əksini tapır.

"Notizie Geopolitiche" analitik portalında dərc olunmuş "Azərbaycan, Dağlıq Qarabağ: Minaatan iki mülki şəxsi, bir yaşlı qadın və bir uşağın həyatına son qoyur" başlıqlı məqalədə baş vermiş hadisə ilə bağlı məlumatlar verilir.

İtaliyanın iqtidar Demokratik Partiyasına bağlı "L'Unita" və "Mondo Democratico" qəzetlərində də "Dağlıq Qarabağ, "dondurulmuş münaqişə"nin təhlükəli oyanışı" və "Dağlıq Qarabağ: unudulmuş münaqişə. 1994-cü ildən bəri bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmağı gözləyir" sərlövhəli məqalələr dərc olunub. Müəllifi Cənubi Qafqaz üzrə tədqiqatçı Daniel Pommier Vinçelli olan hər iki məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, baş vermə səbəbləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü, mülki əhaliyə qarşı törətdiyi cinayətlər və beynəlxalq ictimaiyyətin mövqeyi ilə bağlı fikirlər yer alır, habelə münaqişəyə beynəlxalq hüquq nöqteyi-nəzərdən qiymət verilir.

Habelə, İtaliyanın "İl Roma" gündəlik qəzetinin çap versiyasında jurnalist-tədqiqatçı Domeniko Letizianın "Ermənistanın azərbaycanlı dinc əhaliyə qarşı təcavüzü" başlıqlı məqaləsi dərc olunub. Məqalədə İtaliya Parlamentinin müxtəlif partiyalardan olan üzvlərinin - deputatlar Kristina Bargero və Xalid Çauki (Demortaik Partiyası), senatorlar Vito Petroçelli (5 ulduz hərəkatı partiyası), Maria Rizzotti (İrəli İtaliya Partiyası), Sercio Divinanın (Şimal Liqası Partiyası) baş vermiş hadisə ilə bağlı yekdil mövqedən çıxış edərək, Ermənistanın təcavüzünü pisləməsi barədə məlumat verilir, eləcə də Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin məsələ ilə bağlı açıqlamaları yer alır.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 572          Tarix: 10-07-2017, 19:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma