Xəbər lenti


Atakişiyeva Həcər

Əhməd bəy Ağaoğlunun yaradıcılığının böyük bir hissəsini kulturoloji fikir tariximizin öyrənilməsi təşkil edir. Əhməd bəy milli kulturoloji fikirdə mədəni qələbənin qazanılmasını Azərbaycan xalqının Qərb mədəniyyətinə meyillənməsində görürdü. Ə.Ağaoğlu yaradıcılığında mədəniyyətin tarixi tipologiya problemlərinə daim nəzər salmışdır. O, dünyada üç böyük mədəniyyətin olduğu fikrini irəli sürmüş və bu fikri dəstəkləmişdir. Şərq mədəniyyətini və Budda-Brahma mədəniyyətini bütün dünyaya hakim olan Qərb mədəniyyətinə məğlub olmaqda günahlandırırdı. Ə.Ağaoğlu yaradıcılığında ən çox toxunduğu mövzulardan biri də məhz mədəniyyət anlayışıdır. O, “Mədəniyyət demək - həyat tərzi deməkdir” - fikrini həyat və yaradıcılığında rəhbər tutmuşdur.      

 

Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixindəki yeri danılmazdır. Ə.Ağaoğlunun dünyagörüşü və kulturoloji fikri dövrün ziddiyyətləri ilə əlaqədar olaraq, mürəkkəbdir. O, mədəniyyət və maarif anlayışlarının ayrılmazlığını öz əsərlərində dönə-dönə vurğulayırdı və mədəniyyəti “Yaxşıları özündə birləşdir” prinsipində görürdü. Əhməd bəy İslam mədəniyyətindən Quranı kamil şəkildə dərk edib, onun şərtlərinə əməl etməyi məsləhət görür, Qərb mədəniyyətindən isə elm və texnikanı dərindən öyrənməyi tövsiyə edirdi. 

 

Ə.Ağaoğlu Azərbaycan xalqı üçün tərəqqini elm və təhsil sahəsində uğur qazanmaqda görürdü. Bunun da yolunu xalqın maarifləndirməsində olduğunu bildirirdi. 

 

Əhməd bəy Ağaoğlunun əsərləri onun kulturoloji görüşlərini tamamilə əks etdirə bilmişdir. Dünya mədəniyyətşünasları mədəniyyət tarixinin inkişaf mərhələlərinin müxtəlifliyini dünyanın müxtəlif ölkə və xalqlarının mədəniyyətlərinin müxtəlifliyi ilə əlaqələndirmişlər. Dünya sivilizasiyalarında daim  müxtəlif yerdəyişmələr olmuşdur, bu dəyişmələr Şərqdən Qərbə, bəzi hallarda isə Qərbdən Şərqə doğru baş vermişdir. 

 

XX əsrin əvvəllərində artıq Türkiyə və Azərbaycanda modern Qərb dəyərləri tarixə “yeniləşmə”, “müasirləşmə”, “qərbliləşmə” kimi adlar şəklində daxil olmuşdur. Azərbaycanda müasirləşmə prosesi dövlət səviyyəsində deyil, qabaqcıl ziyalılar tərəfindən aparılırdı. Buna görə də, Azərbaycanda qərbliləşmə prosesi ciddi nəticələr verə bilməmişdir. Əhməd bəy Ağaoğlu kulturoloji fikrində ifrat qərbçi mövqeyi ilə tanınırdı. Əhməd bəy Ağaoğlu Avropa mədəniyyətinin uğurunu onların elm və texnika sahəsində qazandıqları  nailiyyətlər ilə əsaslandırırdı.                                                  

XX əsrin I yarısında Azərbaycanda mədəniyyət məfhumu cəmiyyətin maddi və mənəvi həyatına köklü dəyişikliklər gətirməyi bacardı. Tarixi şəraitin özü bu vəziyyəti formalaşdırdı. Azərbaycan Rusiya və İranın tərkibində iki yerə bölünmüşdü. Şimali Azərbaycanda da Rusiyadakı kimi 1905-1907-ci illər inqilabının, birinci Dünya müharibəsinın və vətəndaş müharibələrinin təsiri görülürdü. Azərbaycanda da ictimai-siyasi fəallıq özünü açıq bir şəkildə göstərirdi. Azərbaycan mütəfəkkirləri də öz növbələrində bu prosesdən kənarda qalmırdılar. XX əsrin I yarısında Azərbaycanda kulturoloji fikrin daha çox inkişaf etdiyi açıq bir şəkildə görülürdü. XX əsrin əvvəllərində artıq “mədəniyyət” anlayışına dair fikirlər dövrü mətbuatın  mərkəzində dayanırdı.                                                             

 

XX əsrin birinci yarısında Azərbaycanda başqa sahələrdə yaranan çətinliklər kimi kulturoloji fikir də müəyyən çətinliklərlə və maneələrlə qarşılaşdı. Bu çətinliklərə baxmayaraq inkişaf edib, millətin inkişafına tərəqqisinə istiqamətlənə bildi. XX əsrin ilk onilliklərində Azərbaycan kulturoloji fikri Şərq ilə Qərb arasında körpü rolunda idi. Həmin ideoloji düşüncələr çərçivəsində mədəniyyət probleminə dair fikir və mülahizələr Əlibəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Yusif Vəzir Çəmənzəminlinin, Məhəmməd Əmin Rəsulzadənin, Hüseyn Mirzə Camalovun, Ömər Faiqin, Hacı İbrahim Qasımovun, Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, Üzəyir Hacıbəylinin və digərlərinin yaradıcılığında öz əksini tapmışdır.             

 

İctimai-siyasi, fəlsəfi baxışların geniş vüsət alması qaçılmaz hala çevrilir, azadlıq hərəkatının miqyası getdikcə genişlənirdi. Bu dövrdə artıq inqilabi və demokratik dünyagörüşün formalaşması, ictimai fikrin siyasi mübarizə ilə əlaqələndirilməsi üçün bacardıqlarından da artığını edən Əlibəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Üzəyir bəy Hacıbəyli bu proseslərdə xalq üçün böyük xidmətlər etmişdilər.                                                                                                   

Ə.Ağaoğlunun Azərbaycan kulturoloji fikir tarixində böyük xidmətləri olmuşdur. Əhməd bəy Rusiya və Qərbi Avropada tanınmış şərqşünas - alim, publisist, ictimai xadim və ideoloq olmuşdur. Əhməd bəy Ağaoğlunun dünyagörüşü və ictimai fəaliyyəti mürəkkəb olması ilə yanaşı eyni zamanda bir qədər də ziddiyyətli olmuşdur. Görkəmli mütəfəkkirin mədəniyyətə baxışı onun yazmış olduğu çox dəyərli əsərlərində - “Üç mədəniyyət”, “Azərbaycanın əhəmiyyəti”, “Türk hüquq tarixi”, “Sərbəst insanlar arasında”, “Sərbəst insanlar ölkəsində”, “İslama görə və islamda qadınlıq’və digərlərində öz əksini tapmışdır. Ağaoğlunun ədəbi irsinin çox mühüm və qiymətli bir hissəsini bədii-fəlsəfi və publisist məzmunlu traktatlar təşkil edir. Bu əsərlərdə utopik sosializm, xalq hakimiyyəti, mənəvi təkamül, müasirləşdirmə ideyaları, əməkçi insanın qüdrətinə və gələcəyinə inam əksini tapmışdır. Ə.Ağaoğlu əsərlərində daim qeyd edirdi ki, mədəniyyət və maarifin tərəqqisi milli istiqlaliyyətin qazanılmasından keçir. Əhməd bəy tərəqqiyə çatmağın yolunu yenidən tərbiyələnməkdə görürdü. O, öz növbəsində məqsədinə nail olmaq üçün  yollar da axtarırdı. Əhməd bəy bunun yolunu Quranın kəlamlarını dərindən bilib, onlara əməl etməkdə və eyni zamanda Avropanın mədəni xalqlarının ən yaxşı ənənələrini tətbiq etməkdə, elmi və texniki nailiyyətləri dərindən öyrənməkdə görürdü. Müsəlman xalqların yüksəlişinin bu şərtlərə əməl olunmasında olduğunu bildirirdi. 

 

Əhməd bəy hər zaman Azərbaycan xalqının dünya miqyasında tanınmağının   yolunu elm və təhsildə görürdü. Buna görə də bütün səyləri ilə bacardığı qədər xalqın maarifləndirilməsinə çalışırdı. Artıq XX əsrin əvvəllərində Əhməd bəy Ağaoğlu “Asiyanın oyanması” dövründə Şərq və Qərb mədəniyyətləri arasındakı anlaşılmazlıqların aradan götürülməsinin mümkünlüyünü irəli sürən bir mütəfəkkir olmuşdu.                                        

 

Ə.Ağaoğlunun “Üç mədəniyyət” əsərini milli kulturoloji fikrin tarixi qaynağı hesab etmək olar. Müasir Azərbaycan milli kulturologiyasının öyrənilməsində Ağaoğlunun “Üç mədəniyyət” əsərinin böyük rolu vardır. Əhməd bəy Ağaoğlunun kultuoloji görüşlərini əks etdirən bu traktat onun yaradıcılığının şah əsəridir.                                

 

Əhməd bəy mədəniyyətdə böhran, tənəzzül, geriləmə və onlara əks olan tərəqqi, intibah, çiçəklənmə hallarının törənmə və yaranma səbəblərini izah edirdi və onları qarşılaşdırırdı. Şərq və Qərb mədəniyyətlərinin “məğlub” və “qalib” edən şərtləri bir-biri ilə müqayisə edirdi. Müasir, sivil dünya mədəniyyətinin çökməkdə olan mədəniyyətlərin hesabına yarandığını qeyd edirdi. Ə.Ağaoğlunun fikrinə görə, hər millət mədəniyyət hadisəsini özünəməxsus şəkildə anlayır. Əhməd bəy bildirir ki, mədəniyyət müxtəlif millətlərin  təfəkküründə formalaşan məfhumdur.

                                

Ədib mədəni müxtəlifliyi tərəqqinin əsas şərtlərindən biri kimi görürdü. Milli özünəməxsusluğu mədəniyyətlərarası tərəqqinin şərtlərindən biri kimi analiz edirdi. Əhməd bəy bildirirdi ki, hər bir xalqın mədəniyyəti onun keçmişi, ənənəvi dəyərləri, dini inancları, mənsub olduqları milli kimlikləri, yerləşdikləri region ilə çox sıx bağlıdır.                                                                                                            

Ədib Avropanın digər mədəniyyətlər üzərində qələbə qazanmağının səbəbini yalnız elm və mədəniyyətdə uğur əldə etməsində görmürdü. Onun gəldiyi nəticəyə görə, Avropa mədəniyyəti başqa mədəniyyətlərə qalib gəlmişsə, o bu qələbəni bütün gücü ilə, bütün qüvvələri ilə, bütün səhvləri ilə birgə qazanmışdı.                                 

 

Ə.Ağaoğlu “Üç mədəniyyət” traktatında həm keçmişin, həm öz dövrünün, həm də gələcəyin təsvirini vermişdir. Ədib azərbaycançılıq ideologiyasından çıxış edərək, ümumbəşəri dəyərlərə və Azərbaycan xalqının  mədəni ənənələrinə söykənərək milli mədəni inkişaf konsepsiyasını yaratmağa çalışmışdır. Mədəniyyətşünas alim “Üç mədəniyyət” əsərində müsəlman xalqlarının milli tərəqqiyə çatmağı üçün Qərb mədəniyyətini öyrənməklərinin vacibliyini dönə-dönə qeyd edirdi. Əhməd bəy Qərbin dünyagörüşü və kulturoloji fikir cəhətdən sürətlə irəliləməsinin səbəbini onların ən azı üç Avropa dilini - fransızcanı, inciliscəni, almancanı bilmələrində görürdü. Qərbdə  alim və ədiblərin demək olar ki, hamısı ortaq Avropa dillərini bilir. Məhz dil vasitəsilə onlar Avropa mədəniyyətini bu qədər geniş yaymağa və yaşatmağa nail ola bilirlər. Qərbdə ümumi götürdükdə mədəniyyət dili kimi yunan və latınca qəbul edilib və buna görə də mədəniyyətləri yaşadıb gələcək nəsillərə ötürmək üçün bu dilləri gənc nəslə uşaqlıqdan  öyrədirlər. İslamda ərəbcə və farsca ortaq mədəniyyət dili olduğu kimi, Qərbdə də ortaq mədəniyyət dili latınca sayılır. 

 

Əhməd bəy Ağaoğlu Şərq mədəniyyətinin çökməsinin səbəbini Şərqdə hökmdarlara, Qərbdə isə qanunlara itaət edilməsi ilə əlaqələndirir. Ədib mədəniyyət anlayışını xarakterizə edərək onu - ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s. kimi bölmələrdə təhlil edir. Ədib “Üç mədəniyyət” əsərində xalqın əxlaqının formalaşmasında dindən sonra ən çox təsir göstərmək gücündə ola biləcəklər kimi ədəbi və fəlsəfi əsərləri görür.                                                                                                                  

Ə.Ağaoğlu qeyd edir ki, məktəblərimizdə tədris olunan Sədi Şirazinin “Gülüstan”ı və “Bustan”ı zamanla səviyyə cəhətdən uyğun gələ bilmir. Əhməd bəyin də dünyagörüşü və kulturoloji fikri o idi ki, yenilikçi olmaq, zamanla uyğunlaşmaq lazımdı. Ədib milli tərəqqi üçün yeganə yol kimi Qərb mədəniyyətini görürdü. Əhməd bəy mədəniyyəti həyat tərzi adlandırırdı. Ortaq mədəniyyətin xalqları birləşdirmək gücündə olduğu fikrini irəli sürürdü. Ortaq mədəniyyətin xalqların xarici görünüşləri, qan, cins, rəng müxtəlifliklərinə rəğmən onları birləşdirməyə qadir olduğunu bildirirdi. Bu mədəniyyət ortaqlıqları tərəflərarası mədəniyyətin ruhunu təşkil edirdi. 

 

Əhməd bəy bildirirdi ki, hər bir kəsin xarici görünüşü onun ruhunun, dünyagörüşünün, mədəniyyətinin təzahürüdür. Mədəniyyətşünas alim eyni zamanda bildirirdi ki, mədəniyyət məsələlərinin bir qismi maddi, digər bir qismi isə mənəvidir. Maddi qisim, məsələn, geyimlərin forması, binaların arxitekturası, ibadət və ayinlərin icra forması və sairələrdən ibarətdir. Mənəvi qisim isə düşüncə və mənəviyyata aid olduğuna görə daha genişdir. Ümumiyyətlə, hər bir xalqın mədəniyyətinin özünəməxsus bir düşünmə gücü, düşünmə tərzi, düşünmə zəkası vardır. Əksər hallarda mədəniyyətlər bu xüsusiyyətlərə sahibdirlər. Bununla yanaşı hər bir mədəniyyətin bir qəlbi, bir duyum tərzi vardır. Ortaq mədəniyyətə sahib olan xalqlar ortaq əxlaqa, dəyər duyğusuna, ortaq yaxşı və pis, gözəl və çirkin görünüşə sahibdirlər.                 

 

Əhməd bəy Ağaoğluya görə, İslam dini təhsil sisteminin və mədəniyyətin problemlərində islahatçı mövqedən çıxış edir. Məhz buna görə də Əhməd bəy İslam dinini mədəniyyətə, onun inkişafına zərər gətirməyən, elmə və təhsilə böyük önəm verən bir ideologiya kimi qiymətləndirmiş, onun daim elmi və mədəni inkişafa meylləndirən islahatçı mövqeyindən araşdırılımasına səy göstərmişdir. Ə.Ağaoğlu İslam dinini Şərqdən deyil, Qərbdə - Fransanın Sarbonna Universitetinin tarix - Şərq dilləri və məzhəbləri şöbəsində öyrənirdi. Əhməd bəyin islahatçı dünyagörüşünün bu qədər kəskin şəkildə formalaşmasında məhz bu səbəbin olması üstünlük təşkil edirdi.                      

 

Əhməd bəy Ağaoğlunun Avropada təhsil almasının, Qərb ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yaxından tanış olmasının, dünyagörüşünün formalaşması prosesinin məsul bir dövründə Xristian əqidəli mütəfəkkirlərin əhatəsində yaşamasının yaratdığı  və yaşatdığı çətinliklərə baxmayaraq, Əhməd bəydə İslam dininə, onun peyğəmbərinə və ailə üzvlərinə (Əhli Beytə), Qurana dərin inam və etiqadına zərrə qədər də olsun bir azalma yarada bilməmişdir. Əhməd bəy İslama xüsusi hörmət bəsləyir, onun bəşər tarixində oynadığı mütərəqqi rolu yüksək qiymətləndirirdi.                                                 

 

Əhməd bəyin fikrincə, mədəniyyətlər qəlb və beyində meydana gəlmişdir. Belə olan halda eyni mədəniyyət zümrəsi eyni baş ilə düşünər, eyni qəlb ilə duyar, eyni mənəvi duyğularla hiss edər. Əhməd bəy yaradıcılığında Avropa yaşam tərzi ilə başqa millətlərin yaşam tərzini müqayisə edərkən üstünlüyü Qərbə verir. 

 

Ağaoğlu, yaradıcılığında ran cəmiyyətinin bəzi mənfi nəticələrini, “təzahürlərini” də önə çıxarmışdır. Məsələn, o Nəsirəddin şahla fransız dövlət başçısı Carnotun görüşü hadisəsini təsvir edərkən birinin - Nəsirəddin Şahın təkəbbürlü tərzini, göz qamaşdıran mücəvhərlərlə örtülü ədalı geyimini və Fransız dövlət başçısı Sadi Carnotun sadə qara geyimini, təvazökar davranışını müqayisə edərkən burada belə bir nəticəyə gəlir ki, mədəniyyət həyat tərzi kimi dəyərləndirilməlidir. Əhməd bəy onların hər ikisinin timsalında Şərqlə Qərbi müqayisə edir. ahın bu ədasını Şərq despotizminin mahiyyətini göstərən açıq örnək kimi dəyərləndirir. 

 

Əhməd bəy Ağaoğlunun kulturoloji düşüncələrini Nəsrəddin Şahla bağlı başqa bir fikrində də aydın bir şəkildə görmək olur. Əhməd bəy qeyd edir ki, Nəsrəddin Şah gecə vaxtı küçədən keçərkən mantosunu çiynindən yerə atıb arxasınca gələn sədri-əzəmə hökmlə “götür!” - deyir. Sədri-əzəm dərhal uşaq kimi əyilib mantonu götürür və qolu üstə salıb Şahın arxasınca gedir. O, bu fikirləri ilə Şərqdə hökmdarın hökmlərinin sorğu-sualsız qəbul olunduğu fikrini təsdiqləyirdi. Əhməd bəy Şərqdə Qərbin azadfikirliliyinin olmamasını bu kimi qısa tarixi faktlara əsaslanan xatırlatmalarla sübut edirdi. 

 

Əhməd bəy Ağaoğlu iddialarını tarixi faktlarla əsaslandırmağı çox gözəl bacarırdı. Əhməd bəyin mədəniyyət anlayışı bölünməzlik, tamlıq prinsipinə əsaslanırdı. O, deyirdi ki, Qərb mədəniyyətinin üstünlüyünü və qələbəsini etiraf ediriksə, bu qələbənin yalnız elm, siyasi və ictimai təşkilata bağlamamalıyıq, mədəniyyətin bütünlükdə zehniyyətinə, görüş tərzinə, ruhuna, dünyagörüşünə, beyninə, şüuruna, qəlbinə, yaşam tərzinə, mühitinə bağlanmalıyıq. Qərb həyatı bizim həyatımıza bütünlükdə qələbə qazanıbsa demək ki, bizim təkcə geyimlərimiz deyil, beynimiz, ruhumuz, zehniyyətimiz də dəyişilib, Qərb həyatına uyğun olmalıdır.                                      


Əhməd bəy Ağaoğlu mədəniyyətdə şəxsiyyət anlayışına aydınlıq gətirərkən, onu dil kimi millətin maddi varlığı hesab edirdi. Hər maddi vücudun da bir şəxsiyyəti vardır deyirdi. Kainatda eynilik yoxdur, insanlar şəxsiyyətləriylə mütləq surətdə digərlərindən ayrılırlar. Əhməd bəyin fikrincə, şəxsiyyətlər hansısa əxlaqla, hüquqla, memarlıqla fərqlənmir, inkişaf dərəcəsinə görə fərqlənir. Onun fikrincə, şəxsiyyəti yalnız hərəkətsizlik öldürür. İstər fərdlərdə və istərsə də millətlərdə həyat nə qədər hərəkətli və qüvvətlədirsə, şəxsiyyət də o qədər fəaldır.                                                       

Əhməd bəy Ağaoğlu bildirirdi ki, bəşər tarixində cəmiyyətlərsiz din olsa da dinsiz bir cəmiyyətə rast gəlinməmişdir. Dinlərin sivilizasiyaların inkişafında, insanların həyat tərzinin formalaşmasında böyük rolu olmuşdur. Hər bir din cəmiyyətin tarixində, təhsil və incəsənətində böyük əhəmiyyətə malik olmuşdur. Din bəzən adət-ənənələrin arasında sıxışdırılaraq xalqların yaranış xüsusiyyətlərindən qidalanaraq əsas mahiyyəti etibari ilə dəyişilmiş, öz həqiqi çərçivəsindən kənara çıxmağa məcbur olmuşdur

 

Əhməd bəy Ağaoğlu “Nədən bu günə qaldıq?” məqaləsində yazır ki, müsəlmanlar üçün nicat yolu ancaq Qurandır. Ondan başqa bizim qurtuluş yolumuz yoxdur. Əhməd bəy Avropa ilə Şərqi müqayisə edərək qeyd edir ki, Avropa necə cəhalətdən və zülmətdən Jan Husların, Lyüterlərın, Qalonilərın və Qromeylərin vasitəsilə çıxdısa müsəlmanlarda cəhalətdən və zülmətdən Quran vasitəsilə çıxacaqlar. Əhməd bəy Ağaoğlunun bu fikirləri onun dünyagörüşünü açıq bir şəkildə göstərir.  Əhməd bəy savadlı,  Avropa təhsili almış, Qərb, Avropa mədəniyyəti ilə tanış olmuş bir ziyalıdır. Mədəniyyətşünas alim Əhməd bəy böyük bir xalqın, millətin geridə qalmasının səbəbini Qurana olan inamın zəifliyində görürdü və eyni zamanda çıxış yolunuda Quranda axtarmağı məsləhət görürdü

 

Əhməd bəyin yaradıcılığındakı kulturoloji fikrin əsas hissəsini İslam mədəniyyətinin müdafiəsi təşkil edir. Qərb cəmiyyətində belə bir fikir formalaşıb ki, müsəlman cəmiyyətində baş verən geriliyin, xaosun günahkarı təkcə İslam dinidir. Şərqi tərəqqi etməyə qoymayan İslamdır və bu din olmasaydı, Şərqdə hər şey tərsinə ola bilərdi. Ə.Ağaoğlu Qərblə Şərq arasında uçurum yaradan bu fikirləri Qərbin özünün məqsədli şəkildə yaratdığını qeyd edirdi. O, bildirir ki, bu fikirlərin formalaşdırılmasında məqsəd islamın zərər görməsi olmuşdur. Bu fikrin tərəfdarlarının əsas məqsədi o idi ki, müsəlmanlar tərəqqiyə çatmaq üçün İslam dinindən imtina etməlidirlər. Ə.Ağaoğlu Qərbin bu fikirlərini əsla qəbul etmir və özünün dünyagörüşü səviyyəsində bu fikirləri qəbul edilməz sayırdı. Şərqlə Qərb arasında olan bu münaqişəyə özünün “Üç mədəniyyət” əsərində geniş şəkildə aydınlıq gətirirdi. 

 

Ə.Ağaoğlunun dünyagörüşünü təhlil edərkən onun İslam dininə və onun banisi Hz. Məhəmmədə olan fikirləri önəmlidir. O, dünya ədəbiyyatşünasları və şərqşünaslarının İslam dini və Hz. Məhəmmədə olan münasibətlərini kəskin şəkildə tənqid edirdi, onların fikirlərini əsassız olduğuna görə qəbul etmirdi. Əhməd bəy Hz. Məhəmmədi “dəvə sarvanı”, “yalançı ərəb peyğəmbəri” adlandıran, parodiya edən, İslam peyğəmbəri haqqında “camaatı yoldan çıxaran və buynuzlu bir şeytan” adlandıran Dante, Şekspir, Volter, Leybnits, Qottinger, Marraqi və s. kimilərini dünyagörüşünə uyğun olaraq qəbul etməmişdir. Ə.Ağaoğlu Danteni məşhur “İlahi” komediyasında Hz. Məhəmmədi təhqir etdiyinə, Şekspir və Leybnitsini kütləni güldürmək üçün İslam peyğəmbərini lağa qoymalarına, Volterin Papa tərəfindən bağışlanmaq üçün peyğəmbərə uyğun olmayan sözlər işlətməsinə görə qəbul etmirdi və onları bu əsassız fikirlərinə görə tənqid edirdi. Əhməd bəy Ağaoğlu Şekspir, Volter, Monteskyö, Bethoven, Qriq, Mendelson, Puşkin, Lermontov kimi mütəfəkkirlər məhz azad fikirli cəmiyyət yarada bilər fikrində idi. Ə.Ağaoğlunun dünyagörüşünün formalaşmasında E.Renan, İ.Ten, Qaston Pari, Z.Oppert, Madam və Müsyö Diyolafya, Darmsteter kimi mütəfəkkirlərin böyük rolu olmuşdur. 

 

Ə.Ağaoğlu bu qədər Qərb sivilizasiyası ilə əhatə olunmasına baxmayaraq, o, özünün müsəlman kimliyinə sadiq qalmış, yaradıcılığında da Qərbə nisbətən Şərqə, Şərq sivilizasiyasına üstünlük vermişdir. Onun məqsədi Şərqi tənqid etmək deyildi, sadəcə nə yolu ilə olursa olsun Şərqdə yeni intibah yaratmaq istəyirdi. Əhməd bəy Şərqi sivilizasiyanın beşiyi sayırdı. Bu fikirlərini də günəş belə Şərqdə doğur və Qərbə də Şərqdən gedir deyərək  təsdiqləyirdi. Əhməd bəyin yaradıcılığında sivilizasiyanın Şərqdəmi və ya Qərbdəmi təşəkkül tapması mübahisə predmenti olmayıb. O, qeyd edirdi ki, Şərqlə Qərb arasında heç bir düşmənçilik olmamalıdır. 

 

Ə.Ağaoğlu Şərqdə sivilizasiyanın tez yaranmasına baxmayaraq, gec inkişaf etməsinin bir səbəbi kimi də əlifbanı göstərirdi. Ərəb qrafikalı əlifbaların çətin öyrənilməsi tərəqqiyə problemlər yaradırdı. Ərəb əlifbasının öyrənilməsinin çətin olduğunu əsas gətirən Əhməd bəy əlifba dəyişikliyini labüd hesab edirdi. Müsəlman əhalisinin aciz olmalarının, dünya elmlərini çətin öyrənmələrinin səbəbini ərəb əlifbasında görən ədib əlifbaya tənqidi yanaşırdı.                                                                                       

Ə.Ağaoğlunun dünyagörüşünün hədəfi müsəlman cəmiyyətlərini tərəqqiyə çatdırmaq idi. O, bütün ömrü boyu buna çalışmışdır. Əhməd bəyin bu sahədə xalqı üçün etdikləri əvəzolunmazdır. O, müsəlman cəmiyyətində sivilizasiyanı daha geniş və daha sürətli yaymanın yolunu milli mətbuatın gücündə görürdü. Milli dildəki mətbuatın daha da çox geniş vüsət alması üçün Əhməd bəy əlindən gələni edirdi. Onun kulturoloji fikirlərinin əksəriyyəti də məhz milli mətbuat ilə bağlı idi. Əhməd bəy Şərqin mətbuata dair münasibətindəki laqeydliyi tənqid edirdi. Sivilizasiyaya aparan yolun mətbuatdan keçdiyini qeyd edirdi. O həmçinin mədəniyyəti yaymağında yolunu milli mətbuatın inkişafında görürdü. Əhməd bəyin kulturoloji düşüncələrinin təhlili zamanı açıq bir şəkildə görünür ki, o, Şərqdə mətbuat nə səbəbə inkişaf edə bilmir sualını geniş bir şəkildə araşdırmışdır. O, Şərq mətbuatının lazımsız məlumatlarla dolduğunu, yazı dili kimi çətin üslubun seçildiyini qeyd edirdi. O, Qərb və Şərq sivilizasiyalarını müqayisə edərkən, bu nöqsanlara təkcə Şərqdə deyil Qərbdə də rast gəlindiyini qeyd edir. Buna görə də Əhməd bəy Qərb mətbuatı ilə yanaşı Şərq mətbuatını da öyrənməyi məsləhət bilirdi. 




Ana səhifəyə qayıt        Baxış: 4 306          Tarix: 7-09-2022, 07:46      

Xəbəri paylaş


Paylaş:   

Prizma