Xəbər lenti


Atakişiyeva Həcər 

Panislamizm
 
Əhməd bəy Ağaoğlunun XX əsrin əvvəllərinin dövri mətbuatında nəşr olunan dünya dinlərinin yaranma tarixinə, inkişaf yollarına, dinlərin bir-birinə təsirinə, münasibətinə, şəriət hökmlərinə və s. məsələlərə həsr olunmuş yazıları onlarladı. Bu nəşrlər onun dünya dinlərinə münasibətini tam aydın göstərir. Əhməd bəy dünya dinlərinə öz yaradıcılığında obyektiv münasibət göstərmişdir. O, yaradıcılığı boyu bu tarazlığı qoruyub saxlaya bilmişdir.                                                     
        
Əhməd bəy Ağaoğlunun İslam dininə münasibəti birmənalı olaraq, müsbət olmuşdur. Əhməd bəy Avropada təhsil almasına, Qərb ədəbiyyatı, tarixi, fəlsəfəsi, mədəniyyəti ilə yaxından tanış olmasına, dünyagörüşünün formalaşma prosesinin məsul bir dövründə xristian əqidəli mütəfəkkirlərin əhatəsində yaşamasına baxmayaraq, İslam dininə, onun Peyğəmbərinə və ailə üzvlərinə (Əhli-beytə), Qurana dərin inam və etiqadına heç bir zaman xələl gətirməmişdir. O, dünya dinləri içərisində İslam dininə xüsusi hörmət bəsləyirdi, İslamın dünya tarixində oynadığı rolu yüksək qiymətləndirirdi. Ədib Qərbdə geniş yayılan, müxtəlif mövqelər tərəfindən dəstəklənən “panislamizmə’’ aid bir çox məqalələr yazmışdır. Əhməd bəy yaradıcılığı vasitəsilə çalışırdı ki, panislamizm haqqında yanlış məlumatların, həyəcan təbillərinin qarşısını ala bilsin. Əhməd bəy eyni zamanda panislamizmi mürtəce bir hərəkat kimi qələmə verənlərlə, müsəlman olmayan xalqlarda İslam dininə qarşı qəzəb və nifrət oyadanlarla, öz məkrli siyasətlərini həyata keçirməyə səy göstərənlərlə mübarizə aparırdı. Onların iç üzlərini açıb göstərməyə, İslam dini barədə deyilənlərin doğru olmadığını sübut etməyə çalışırdı. Əhməd bəy Ağaoğlu “Panislamizm, onun xarakteri və istiqaməti” adlı məqaləsində məqsədinə nail ola bilmişdi. Əhməd bəy İslamın müqəddəs kitabı olan Quranın hər cür millətçiliyə qarşı olduğunu bildirirdi. Quran bildirir ki, bütün möminlər qardaşdırlar. Möminlər Allah və Quran qarşısında bərabərdirlər və heç kim bir-birindən üstün deyil. İslamda millət ayrıseçkiliyi yoxdur. Sənin türk, ərəb, fars, hindu, zənci, ağ və qara olmağının heç bir fərqi yoxdur. İslam dini bütün müsəlmanları bərabərlik prinsipləri əsasında dəyərləndirir. Müsəlmanlar arasında fərqlilik yoxdur, onların fərqliliyi yalnız itaətin dərəcəsindədir. Yaradana və onun qayda-qanunlarına nə dərəcə vicdanla əməl etməyindədir. Əhməd bəy Ağaoğlu özünün “Panislamizm, onun səciyyəsi və istiqamətləri” (1900), “İslamın mənşəyi, onun Xristianlığa və Yəhudiliyə münasibəti” (1903), “Ricəti-İslam” (1909) kimi əsərlərində İslam dininin xüsusiyyətlərindən bəhs etmişdir. O, bu əsərlərində xalqı İslam dininin qayda-qanunlarına əməl etməyə səsləmişdir. Eyni zamanda bu əsərlərində İslam dinindən öz məqsədləri üçün sui-istifadə edən ruhaniləri, müftiləri, şeyxülislamları da ifşa etmişdir, onları İslamın yüksək dəyərə malik əхlaq prinsiplərini, bəşəri mahiyyət daşıyan ideyalarını nüfuzdan salmaqda mühakimə etmişdir. Buna səbəb kimi də Əhməd bəyin çox ziddiyyətli bir dövrdə yazıb-yaratmağı göstərilmişdir. XX əsrin əvvəlləri dövründə cəmiyyətdə elmsizlik, cəhalət, nadanlıq, dinə, din xadimlərinə inamsızlıq o qədər yüksək səviyyədə idi ki, bu dövrdə yazılan əsərlərdə də ədəbi tarazlığı qorumaq həddindən artıq çətin idi.        


 
Əhməd bəy Ağaoğlu “Nədən bu günə qaldıq?” məqaləsində yazır ki, müsəlmanlar üçün nicat yolu ancaq Qurandır. Ondan başqa bizim qurtuluş yolumuz yoxdur. Əhməd bəy Avropa ilə Şərqi müqayisə edərək qeyd edir ki, Avropa necə cəhalətdən və zülmətdən Jan Husların, Lyüterlərın, Qalonilərın və Qromeylərın vasitəsilə çıxdısa müsəlmanlarda cəhalətdən və zülmətdən Quran vasitəsilə çıxacaqlar. Əhməd bəy məqalələrində İslam dininin siniflərə, təbəqələrə, zümrələrə qarşı münasibətini tam şəkildə əks etdirə bilmişdir. O, müsəlmanların düşdükləri ağır və çətin vəziyyətdən  çıxış yolunu Qurana, Allaha yalvarmaqda görürdü. Əhməd bəy çox yaxşı anlayırdı ki, insanların maddi və mənəvi həyatında İslam dininin rolu danılmazdır. Müsəlmanların bir ümmət kimi, bir millət kimi formalaşmasında, İslam dininin qadağan etdiyi, nifrət etdiyi zülmə, istismara, ədalətsizliyə qarşı mübarizənin rolu böyükdür. Müsəlmanların birləşməsində,  cəmiyyətdə hökm sürən mənfi hallara qarşı mübarizə işində iman, əqidə, inam, etiqad kimi məfhumlar böyük rola malikdir. 
 
Necə ola bilir ki, bu qədər humanist dəyərlərə malik olan bir dinə mənsub olan millət çətinliklər zamanı doğru yolu tapa bilmir? Əhməd bəy bu sualı “İdareyi-ruhaniyyəmizin islahı” məqaləsində cavablandırmışdır. Əhməd bəy yazır ki, Allahı, Quranı dünya malına, mənsəbə, dövlətə satanlar xalqın, kütlənin inandıqları yüksək rütbəli ruhanilərdir. O, yüksək rütbəli ruhaniləri ifşa edərkən, onları bu vəzifəyə məqsədli şəkildə yerləşdirən hökumət, dövlət məmurlarının rəzil üzlərini də ifşa edə bilmişdir. Əhməd bəy “İdareyi-ruhaniyyəmizin islahı” məqaləsində xalqa haqdan, ədalətdən, sədaqət və etiqaddan, halal-haramdan, insana qayğıdan, məzluma, yetimlərə, əlsiz-ayaqsızlara yardımdan, qeyrət, namus, mənlik və vicdanın təmizliyindən, xalqa sədaqətlə xidmət etməyin fəzilətindən danışan dövlət ruhanilərinin özlərinin törətdikləri cinayətləri kəskin ifşa etmişdir. İdareyi-ruhaniyyələri, şeyxül-islamlığı, müftiliyi təsis edən hökumətin əsas məqsədi idareyi-ruhanilər vasitəsilə müsəlmanları özünə tabe edib, onları öz məqsədləri üçün istifadə etmək idi. Bu məkrli planı görüb, başa düşən Əhməd bəy xalqın gözünü açmaq üçün camaatla görüşlər keçirir, məqalələr yazır, onları maarifləndirmək üçün bütün yollara əl atırdı.                                        
 
Əhməd bəyin “Nədən bu günə qaldıq?” məqaləsi katolik məzhəbinin bəşər mədəniyyətinə, incəsənətinə, ədəbiyyatına, tarixinə, mənəviyyatına vurduğu ağır zərbələrdən, səlib yürüşlərindən, katolik ruhanilərinin göstərişi ilə görkəmli alimlərin diri-diri tonqallarda yandırılmasından, əsrlər boyu toplanan elm və biliklərin xəzinəsi olan kitabxanaların yandırılıb məhv edilməsindən, maddi mədəniyyət və tarixi abidələrin, əvəzsiz sənət incilərinin vəhşiliklə məhv olunmasından ürək ağrısı ilə bəhs edir. Əhməd bəy “Nədən bu günə qaldıq?” məqaləsindəki fikirlərinin doğruluğunu fransız mütəfəkkiri və yazıçısı olan Volterdən sitat gətirərək təsdiq edir. Məşhur  Volter “Qandid” adlı əsərində deyir: “Xristian aləmində mənfur və məkruh nə qədər işlər və əməllər zühur etdisə, buna səbəb xristian dini oldu. Yəni katolik ruhanisi oldu. Bir sözlə, xristianlıq dini yarandıqda, xristianlığın bərəkətindən Yunan və Rum mədəniyyəti məhv oldu. Bu min dörd yüz il müddətində Avropa heç bir elmə və fənnə dair kitab üzü görmədi. Elə bir cəhalət, zülm, fəsad üz verdi ki, dünya yaranandan bəri elə bir zülm görməmişdi”.                


                                               
Əhməd bəy İslam dini ilə Xristian dinini müqayisə edərək qeyd edir ki, İslam dininin mərkəzində ən şərəfli və hörmətli, heç bir şeylə əvəz oluna bilməyən, ən qiymətli varlıq olan insan durur. Yaradan yaratdığı insanın simasında təcəlli edir: insan  nə qədər böyük işlər edərsə, insanlara nə qədər xeyir, fayda verərsə, nə qədər çox ali və ülvi məqsədlərin gerçəkləşməsinə çalışarsa, bir-birinə kömək edərsə, bir-birinə qayğı göstərərsə, zəruriyyət məqamında öz canını, malını başqalarının yolunda sərf edərsə, bir о qədər Yaradanın sevgisini qazanar, ona daha da çox yaxınlaşar.
 
Əhməd bəy daim öz əsərlərində İslam dininin elmin, tərəqqinin, maarifin tərəfdarı olduğunu qeyd etmişdir. O, bildirirdi ki, İslam dini insanları həyatı, həqiqəti dərk etməyə, ədalətli olmağa, vətəni, torpağı, namusu göz bəbəyi kimi qorumağa, valideynə, elm sahiblərinə, ağsaqqallara, ağbirçəklərə, yaşlılara, kiçiklərə qarşı səmimi olmağa, hörmət göstərməyə, qayğı ilə yanaşmağa çağırır. Əhməd bəy qeyd edirdi ki, İslam dininin elm tərəfdarı olması Məhəmməd peyğəmbərin elm öyrənməyin vacibliyi haqqında söylədiyi kəlamdan aydın olur: “Elm Çində belə olsa, arxasınca gedin!”, “Elmi öyrənmək beşikdən qəbrədək vacibdir”, “Elm öyrənmək həm kişi, həm də qadın üçün zəruridir”, “Alimin qələminin mürəkkəbi ilə şəhidin pak qanı eyni dərəcədə müqəddəsdir”.

(Ardı var)


Ana səhifəyə qayıt        Baxış: 5 305          Tarix: 18-06-2021, 08:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma