Bir müddət əvvəl facebook hesabımızda adının açıqlanmasını istəməyən bir mədəniyyət xadiminin NDU-nun simfonik orkestri barədə tənqidi fikirlərini yayımlamışdıq. Gözlədiyimiz kimi, bu paylaşımımıza ciddi təpkilər gəldi. Biz də həmin əks-arqumentləri də saytımızda dərc etdik.
Dünən Ovqat.com-un e-mail adresinə mövzu ilə əlaqədar növbəti məktub daxil olub.
Sağlam polemikaları cəmiyyətimizin inkişafı üçün vacib məsələ hesab etdiyimizdən Azərbaycan Respublikasının əməkdar artisti Elman Əliyevin həmin məktubunu olduğu kimi diqqətinizə çatdırırıq.
“Hörmətli Heydər bəy!
Ovqat.com saytında yayımlanan “Fuad Nəcəfliyə qarşı hazırlanan “mədəni təxribat” yoxsa NDU-nun uğurlarına qısqanma” adlı məqaləni oxudum. Məqalədə qaldırılan məsələ bu gün Naxçıvanın musiqi mədəniyyətnin inkişafı üçün çox mühüm bir mövzudur.
İlk olaraq Naxçıvanda simfonik orkestrin yaradılması tarixinə nəzər yetirək:
Hələ 2010/2011- ci ildə Naxçıvan Musiqi Kollecinin mərhum direktoru, Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi Yusif Babayevin təşəbbüsü və Azərbaycan Respublikasının xalq artisti Çingiz Axundovun rəhbərliyi ilə Naxçıvanda ilk simfonik orkestr yaradılmış və konsert proqramı ilə çıxışları olmuşdur. Orkestrin yaradılması üçün Yusif Babayev öz şəxsi vəsaiti hesabına zəruri, lakin Naxçıvanda tapılmayan bir çox Avropa musiqi alətlərinin alınmasını təmin etmiş, bu alətlərdə ifaçıların yetişməsi üçün musiqi kollecində kurslar yaradaraq alt, violençel, kontrabas, faqot, mis nəfəs alətləri və bu kimi digər ixtisaslar üzrə gənc kadrların yetişməsində müəllimlərlə birlikdə fəal iştirak etmişdir.
Onu da qeyd etmək lazımdır ki, ilk yaradılacaq simfonik orkestrin təşkili ilə əlaqədar Yusif Babayev Azərbaycan Respublikasının xalq artisti, bacarıqlı və öz işinin öhdəsindən peşəkarlıqla gələ bilən Çingiz Axundovun təşəbbüsü və məsləhətinə əsaslanaraq bu işi həyata keçirmişdir. Orkestrin tərkibinin müəyyənləşdirilməsi, repertuarın tərtib olunması partituraların hazırlanmasında Çingiz Axundovun əvəzsiz zəhməti xüsusi qeyd olunmalıdır .
İlk konsertdən sonra Naxçıvan musiqiçilərinin hər birində böyük fəxarət hissi və ruh yüksəkliyi yaranmışdır. Hər kəs Naxşıvanda Simfonik orkestrin yaranması münasibəti ilə biri-birini təbrik edir, davamlı olacağını arzulayırdılar.
Lakin, Yusif Babayev dünyasın dəyişəndən sonra Simfonik orkestr də dağıldı.
Sonralar Çingiz Axundov ilə bu yazının müəllifi tərəfindən Naxçıvan Musiqi Kollecində yardılmış olan orkestrin fəaliyyətinin Naxçıvan Dövlət Filarmoniyasında bərpa edilməsi üçün cəhd edilsə də, aidiyyatı orqanların biganəliyi və maliyyə problemi ucbatından nəticə əldə oluna bilmədi.
Nəhayət 2021-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin, Naxçıvan Musiqi Kollecinin müəllim - tələbə heyətinin birgə iştirakı və Azərbaycan Respublikasının xalq artisti, professor Çingiz Axundovun rəhbərliyi ilə Naxçıvanda Simfonik orkestr yenidən fəliyyətə başladı. Orkestrin fəaliyyəti və inkişafı üçün NDU-nun rəhbərliyi tərəfindən böyük dəstək və qayğı göstərilmiş və göstərilməkdədir.
İnanırıq ki, bu kollektiv davamlı və ardıcıl olaraq fəaliyyət göstərmiş olsa həqəiqətən də arzu olunan yüksək səviyyəli peşəkar kollektiv olacaqdır. Lakin, hələ yeni fəaliyyətə başlamış, üzvlərinin əksəriyyəti kollecin birinci və ikinci kurs tələbələri olan bir kollektivdən daha böyük işlər tələb etmək düzgün deyil.
Simfonik orkestrin işinin davamlılığı və inkişafı üçün Usaq Musiqi məktəblərində müvafiq ixtisaslar üzrə siniflərin açılması və fəaliyyət göstərməsi ən ümdə məsələdir. Təəssüflər olsun ki, müvafiq təşkilatlar nəinki bu haqda heç bir əməli iş görmür, bununla əlaqədar düşünmək belə istəmirlər. Çünki...............
Elman Əliyev
Azərbaycan Respublikasının əməkdar artisti
Paylaş: