Xəbər lenti


1969-cu ildə Brejnevin dönəmində Azərbaycan KP MK-nın 1-ci katibi təyin edilən Heydər Əliyev 1982-ci ilə qədər bu vəzifədə qaldı. Həmin il Yuriy Andropov SSRİ KP MK-nın Baş katibi seçilməsindən dərhal sonra Heydər Əliyevi Siyasi Büro üzvlüyünə, eləcə də SSRİ Nazirlər Sovetinin müavini vəzifəsinə təyin etdi.[1] Heydər Əliyev bu vəzifəni Andropovun ölümündən sonra da davam etdirdi. 1985-ci ildə Konstantin Çernenkonun vəfatından sonra SSRİ KP MK-nın Baş katibi Mixail Qorbaçov seçildi. Heydər Əliyev Siyasi Büro üzvləri ilə müzakirələrdə Qorbaçov lehinə çıxış etməsinə baxmayaraq bir müddət sonra ona qarşı başlanan kampaniyadan sığortalana bilmədi. Mixail Qorbaçov Heydər Əliyevi Brejnev nomenklaturasının üzvü kimi formalaşdırdığı “yenidənqurma” siyasətinə təhdid kimi görürdü. Həyat yoldaşı Zərifə Əliyevanın ölümü bu dövrdə Heydər Əliyevin sağlamlığına pis təsir etdi. 1987-ci ilin may ayında Əliyev infarkt keçirdi. Bu hadisədən 5 ay sonra isə SSRİ Nazirlər Sovetinin müavini və Siyasi Büro üzvlüyü vəzifələrindən istefa verdi. Heydər Əliyev həmin günləri “The Washington Post” qəzetinə verdiyi müsahibədə belə xatırlayırdı:

Qorbaçovun hakimiyyətinin ilk iki ilində birlikdə yaxşı işləyirdik. 1987-ci ilin oktyabrında mənim və bir neçə yoldaşımın məsələsi Siyasi Büroda müzakirəyə çıxarılmazdan əvvəl hiss etdim ki, onun mənə münasibəti dəyişib. Bir gün özü mənə yaxınlaşaraq getməyin lazım olduğunu dedi. Mən də Baş katib nə vaxt desə, o vaxt da getməyə hazır olduğumu bildirdim.”

Bir müddət SSRİ Nazirlər Sovetinin Dövlət müşaviri işləyən Heydər Əliyev 1988-ci ildə təqaüdə çıx(arıl)dı.

1988-1990-cı illər SSRİ üçün ağır keçdi. İqtisadi tənəzzül, mərkəzi hakimiyyətin regionlara nəzarəti itirməsi dövlətin faktiki olaraq dağılmasına gətirib çıxardı. Heydər Əliyev istefa verdikdən sonra Mixail Qorbaçova qarşı sərt mövqedə duran əsas fiqurlardan biri idi. Bu baxımdan Naxçıvan MSSR rəhbərliyi də prinsipial olaraq fərqlənmirdi. 1988-ci ildən etibarən Naxçıvanda AXC-nin təşkilatçılığı ilə güclü millətçi hərəkat formalaşmışdı. Bu hərəkatın təşkil etdiyi ilk vacib aksiya Naxçıvan ərazisində SSRİ-İran sərhədlərinin sökülməsi idi.[2] 1990-cı ilin əvvəlində Naxçıvanda faktiki olaraq Sovet hakimiyyəti devrildi. Səkinə Əliyevanın rəhbərlik etdiyi Naxçıvan MSSR 19 yanvar 1990-cı ildə SSRİ tərkibindən çıxaraq öz müstəqilliyini elan edən ilk respublika oldu. Heydər Əliyev həmin günü daha sonralar belə xatırlayır:

“ Mən Moskvada olarkən eşitdim ki, Naxçıvan MSSR SSRİ tərkibində çıxmaq haqqında qərar qəbul edib. İndi Sovetlər İtiifaqı dağılıb. O vaxtdan çox illər keçib, çox şeylər unudulub. Sovetlər İttifaqında olan ölkələr öz müstəqilliklərini elan ediblər. Ancaq naxçıvanlıların bu cəsarətli addımı o vaxt Sovetlər İttifaqında yeganə addım idi.” (Hacıyev, 2015:297)

Həmin gün AXC-nin Bakıda da Sovet hakimiyyətini devirməyə çalışması şəhərə ordunun daxil olması, əksəriyyəti mülki şəxslərin olduğu 170-ə yaxın insanın ölümü ilə nəticələnən qarşıdurmalarla yekunlaşdı. Bu hadisə Heydər Əliyevin siyasi səhnəyə qayıtmasına gətirib çıxardı. Faciədən 1 gün sonra Moskvadakı Azərbaycan nümayəndəliyində təşkil edilən brifinqdə Heydər Əliyev açıq formada Bakıya qoşunların girməsi pislədi və bu faciənin günahkarı kimi Əbdürrəhman Vəzirovu göstərdi:

Əziz həmvətənlilərim, xanımlar və cənablar! Sizə məlum olduğu kimi, mən uzun illər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində işləmişəm, Sov. İKP MK Siyasi Bürosunun üzvü olmuşam. Geniş infarkt keçirmişəm. Xəstəliyimlə əlaqədar iki ildən artıqdır ki, təqaüddəyəm. Azərbaycanı tərk etdiyim 1982-ci ilin dekabrından keçən müddətdə bu gün ilk dəfədir ki, Azərbaycan SSR-in Moskvadakı daimi nümayəndəliyinin astanasına qədəm qoyuram. Mən baş vermiş hadisələr haqqında dünən xəbər tutmuşam və təbiidir ki, bu hadisəyə laqeyd qala bilmədim. Buraya ən əvvəl ona görə gəlmişəm ki, Azərbaycanın Moskvada kiçik parçası olan daimi nümayəndəliyində böyük itkilərə səbəb olmuş faciə ilə bağlı bütün Azərbaycan xalqına başsağlığı verim. İkinci tərəfdən, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Azərbaycanın Moskvadakı daimi nümayəndəsi Zöhrab İbrahimovdan xahiş edirəm ki, mənim sözlərimi, kədərimi, başsağlığımı Azərbaycan xalqına çatdırsın. Hazırda başqa imkanım olmadığı üçün təəssüf hissi keçirirəm. Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm. Qırğını törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır.”

Sovet Ordusunun Bakıya və ölkənin digər ərazilərinə daxil olmasından sonra Sovet hakimiyyətinin müvəqqəti devrildiyi rayonlarda hökumət strukturları bərpa edildi. 18 yanvarda istefa verən Əbdürrəhman Vəzirovun yerinə Azərbaycan SSR Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov Azərbaycan KP MK-nın 1-ci katibi seçildi. İqtidara gəldikdən sonra Ayaz Mütəllibov Naxçıvan MSSR KP MK-nın baş katibi Heydər İsayevi vəzifəsindən azad etdi, onun yerinə isə Afiyəddin Cəlilov təyin edildi. Bundan başqa, Naxçıvan MSSR-in Azərbaycan SSR tərkibindən çıxaraq özünü müstəqil elan etməsi haqqında qərar anti-konstitutsion olduğu üçün 27 yanvar tarixində Azərbaycan Ali Soveti tərəfindən ləğv edildi (“Kommunist” qəzeti, 28.01.1990:1). Heydər Əliyevin Moskvadakı məlum çıxışından sonra ona qarşı qaralama kampaniyasının başladılması[3] Rusiyada yaşam imkanlarını məhdudlaşdırmışdı. Əliyev təqibdən qurtulmaq üçün 1990-cı il iyulun 20-də Bakıya gəldi. Ayaz Mütəllibov Heydər Əliyevi köhnə nomenklatura üzvü olması və eyni zamanda iqtidarına təhlükə kimi gördüyü üçün ona qarşı izolyasiya siyasəti apardı. Bakıda yaşamın mümkün olmayacağını yəqin edən Heydər Əliyev 2 gün sonra Naxçıvana getmək məcburiyyətində qaldı (Orucov,2003:117).

Heydər Əliyevin ilkin dövrlərdə Naxçıvanda fəaliyyəti

Heydər Əliyevin Azərbaycandan fərqli olaraq Naxçıvanda nüfuzu çox böyük idi. Naxçıvandakı nomenklatura Azərbaycandakı nomenklatura ilə müqayisədə beynəlmiləlçilikdən uzaqda durmuşdu və millətçi xüsusiyyətləri ilə tanınırdı. Heydər Əliyev də ona qarşı edilən təqiblərdən sonra kommunist ideala qarşı fikirləri getdikcə soyumuşdu və bu baxımdan özünü Naxçıvan nomenklaturası ilə daha yaxın hesab edirdi. Heydər Əliyev sonralar həmin günləri belə xatırlayıb: “Ətrafımdakı səlahiyyətli şəxslər mənə maneə törədirdi. Keçmiş fəaliyyətimi nəzərdən keçirmək üçün komissiya yaradıldı. Moskvadakı isti mənzilimdən qışda 40 dərəcə şaxta olan Naxçıvana gəlməyə məcbur oldum. Kabinetimdə palto və papaqla otururdum, əllərimi isitməyə belə imkan tapmırdım. Mən belə şəraitdə yaşayırdım və inanırdım ki, daha siyasətə qayıda bilməyəcəm” (Çernyavskiy, 2002:62). Naxçıvana gəldikdən sonra Heydər Əliyev qısa müddət əvvəl vəfat edən bacısı Sura Əliyevanın evində yaşamağa başladı (Andriyanov və Miralamov, 2005:115). O, bacısının dəfnində Moskvadakı rəhbərlikdən icazə ala bilmədiyi üçün iştirak edə bilməmişdi. Regiona gəlməsindən 1 ay sonra, 21 avqust 1990-cı il tarixində Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Afiyəddin Cəlilov[4] Naxçıvan və Azərbaycan tarixindəki xidmətlərini nəzərə alaraq Heydər Əliyevə muxtar respublikanın vətəndaşı statusunu verdi (Hacıyev, 2015:297). Bu status ona sentyabr ayında baş tutacaq Azərbaycan SSR parlament seçkilərində iştirak etməyə imkan verdi. Heydər Əliyevin Ayaz Mütəllibov və eləcə də Moskvaya qarşı sərt münasibəti onu AXC nümayəndələri ilə mövqelərini yaxınlaşdırdı. 1990-cı ilin sentyabrın 30-da keçirilən seçkilərdə Heydər Əliyev AXC ilə birgə formalaşdırılan müxalif “Demokratik Azərbaycan” bloku tərkibində 34 nömrəli Nehrəm seçki dairəsindən deputatlığa namizədliyini irəli sürdü. Ölkədə müxalifət 15 faiz səs alsa da Naxçıvanda böyük uğur qazandı. Burada parlamentin demək olar ki, yarısı “Demokratik Azərbaycan” bloku namizədlərindən ibarət idi. Seçkilərdə müxalifətdən ən yüksək nəticəni Heydər Əliyev göstərmişdi. Belə ki, Nehrəm seçicilərinin 95 faizi ona səs vermişdi. Yeni formalaşdırılan məclisin ilk sessiyası noyabrın 17-də həyata keçirildi. Bu sessiyada mühüm qərarlar qəbul olundu. Naxçıvan Ali Məclisinin Birinci sessiyasında deputat Heydər Əlirza oğlunun təklifi ilə Naxçıvan Ali Məclisi qərara aldı:

– Azərbaycan Demokratik Respublikasının üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunsun. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının ali qanunvericilik orqanlarından xahiş edir ki, Azərbaycan Respublikasının dövlət rəmzləri haqqında məsələyə baxsın və Azərbaycan Respublikasının yeni dövlət rəmzləri – bayrağı, gerbi və himni qəbul olunsun.

– Naxçıvan MSSR-in adı dəyişdirilərək Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Respublikası adlandırılsın.

– “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsi qəbul edilsin. 20 yanvar Naxçıvan Muxtar Respublikasında “milli matəm günü” kimi qeyd edilsin (Orucov, 2003:118-119, “Kommunist” qəzeti, 21.11.1990:2).

Bu qərarlardan sonra 1918-ci ildə qəbul edilmiş Azərbaycan Demokratik Respublikasının bayrağı rəsmi dövlət atributu kimi zala gətirildi. Birinci sessiya zamanı eyni zamanda Naxçıvan MSSR Ali Rəyasət Heyəti sədri vəzifəsi ləğv edildi. Bu vəzifəni daşıyan Afiyəddin Cəlilov Naxçıvan Ali Məclisin sədri seçildi (“Kommunist” qəzeti, 19.11.1990:2). Naxçıvan Ali Məclisinin bu qərarları Azərbaycan SSR rəhbərliyi tərəfindən qəbul edildi. Noyabrın 29-da Azərbaycan SSR-in prezidenti Ayaz Mütəllibovun fərmanında qeyd edilir: Respublikanın ictimai həyatında baş verən dəyişiklikləri, milli mənlik şüurunun artdığını, Azərbaycan dövlət quruluşunun inkişafını nəzərə alaraq Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsini zəruri hesab edirəm:

– Bu məqsədlə Respublika Ali Sovetinə tövsiyə olunsun ki, Azərbaycan SSR Konstitusiyasında dəyişikliklər edilməsi haqqında qanun qəbul edilsin. Həmin qanunla respublikanın adı “Azərbaycan Respublikası” adlandırılsın.

– Dövlətin bayrağı eni bərabər, rəngli üç üfüqi zolaqdan ibarət düzbucaqlı parça şəklində təsbit olunsun : üst zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdə olsun, qırmızı zolağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz təsviri verilsin.

– Azərbaycanın Dirçəliş günü olan “28 May” istirahət günü kimi elan edilsin (“Kommunist” qəzeti, 01.12.1990:1).

Naxçıvan Ali Sovetinin bu müraciəti rəsmi olaraq 5 fevral 1991-ci ildə Azərbaycan Ali Soveti tərəfindən qəbul edildi. Həmin gün həm Naxçıvan MSSR-in adı, həm də Azərbaycanın dövlət bayrağı dəyişdirildi. Bu ortaq qərarlara rəğmən Azərbaycan və Naxçıvan MR arasında uzlaşmazlıqlar davam etdi. Azərbaycan rəhbərliyi 1990-cı il dekabrından etibarən SSRİ-də müzakirə edilən yeni ittifaq müqaviləsi (Suveren Respublikalar İttifaqı-SRİ) müzakirələrində daha uzlaşmaçı mövqedə dayanmışdı. Afiyəddin Cəlilov-Heydər Əliyev tandemi isə Azərbaycanın heç bir ittifaqa daxil olmamasını, müstəqil siyasi kursa davam etməsini müdafiə edirdi. Bununla bağlı yekun qərar 7 mart 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbəti sessiyasında qəbul edilməli idi. Bu sessiyada iştirak edən Heydər Əliyevin çıxışında deputatları referendumun əleyhinə çıxmağa çağırdı:

Hörmətli xalq deputatları! Yeni İttifaq müqaviləsi ilə əlaqədar olaraq təyin olunmuş referendumda iştirak etmək və ya etməmək çox mühüm məsələdir. Azərbaycan xalqının gələcək taleyi həll olunur. Ona görə də mülahizə və təkliflərimi mən də bildirmək istəyirəm. 1922-ci ildən Azərbaycan Sovet İttifaqının tərkibindədir. Bu müddət ərzində xalqımız tarixi yol keçib, nailiyyətlər əldə edib. Eyni zamanda çox itkilərə, çətinliklərə də məruz qalıb. Bunları inkar etmək olmaz. Biz hamımız, hər halda tam əksəriyyətimiz bu İttifaqa həddindən artıq inanmışıq, sədaqətlə xidmət etmişik, xalqımızın səadətini, xoşbəxt gələcəyini bu İttifaq daxilində görmüşük. Mən və mənlə birlikdə xeyli müddət respublikaya rəhbərlik edən həmkarlarım İttifaqın möhkəmlənməsi üçün daim çalışmış, Azərbaycan xalqında da bu İttifaqa sadiqlik və məhəbbət hissiyyatları yaratmağa cəhd etmişik. Fəqət son illərdə dünyada, ölkədə gedən ictimai, siyasi proseslər keçmişimizə münasibəti, ümumi dünyagörüşünü dəyişdirmiş, Sovet İttifaqında mərkəzlə respublikalar arasında olan iqtisadi, siyasi əlaqələr açılmış, çılpaqlaşmış, hansı tərəfin daha çox xeyir götürdüyü, zərər çəkdiyi aydınlaşmışdır. Bir neçə respublikada baş vermiş milli demokratik hərəkatların İttifaq dövləti tərəfindən zorakılıqla, hərbi qoşun hissələri vasitəsilə boğulması tədbirləri İttifaqın imperiya siyasəti apardığını tam aşkar etmişdir. İttifaq dağılmağa başlamışdır. Ölkənin rəhbərliyi yetmiş il mövcud olan İttifaqın yararsız olduğunu bəyan edərək, respublikaları yeni İttifaq yaratmağa dəvət edir. Qorbaçov bir neçə çıxışında hətta belə demişdir ki, guya ölkədə indiyə qədər həqiqi İttifaq olmayıb, respublikalar heç də İttifaqda yaşamayıb, əsl İttifaq bundan sonra yaranacaqdır. Həqiqəti isə desək, yeni İttifaq müqaviləsinin layihəsi əvvəlkindən də yararsızdır. Respublikanın keçmiş rəhbəri kimi, mən də belə yararsız və naməlum İttifaqa xidmət etdiyimi, buraxdığımız səhvləri etiraf edirəm və heyfsilənirəm. Nəzərə almaq lazımdır ki, hər dövrün öz hökmü var. Biz də, demək olar ki, bu salonda oturanların hamısı, o hökmün təsiri altında olmuşuq. İndi isə hesab edirəm ki, bizim xalqımız üçün yetmiş illik imtahan bəsdir. Yeni bir İttifaqa girməyi Azərbaycan xalqına rəva bilmirəm. Bir sözlə, mən yeni İttifaqa nail olmağın və bunun üçün referendum keçirməyin heç bir şərt qoymadan əleyhinəyəm. Bu, bütün seçicilərimin, deputatı olduğum Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının yekdil fikridir. Azərbaycanın tam istiqlaliyyət, azadlıq, iqtisadi və siyasi müstəqillik yolu ilə getməsinin tərəfdarıyam.”

Lakin bu çıxışa baxmayaraq Azərbaycan Ali Soveti deputatlarının böyük əksəriyyəti referendumun keçirilməsinin lehinə səs verdi. Naxçıvan MR Ali Məclisi isə martın 14-də verdiyi qərarla referendumu boykot etdi (Zenkoviç, 2007:232). Bu qərar Naxçıvan MR ilə Azərbaycan hökuməti arasındakı münasibəti gərginləşdirdi. Martın 17-də keçirilən referendumda Azərbaycan vətəndaşlarının 93,3 faizi respublikanın SSRİ tərkibində saxlanmasına səs verdi. Naxçıvanda isə əhalinin 20 faizi referendumda iştirak etmişdi. Heydər Əliyevin “ANS” telekanalına verdiyi müsahibədə Naxçıvandakı referendumda iştirak edənlərin 18 faizinin Sovet hərbçiləri, 2 faizinin isə yerli vətəndaşlar olduğunu bildirdi. Naxçıvanın referendumu boykot etməsindən sonra Azərbaycan hökuməti burada aprelin 5-də faktiki çevriliş həyata keçirdi. Naxçıvan Ali Məclisinin sədri Afiyəddin Cəlilov vəzifəsindən kənarlaşdırıldı, onun yerinə isə yetərsay olmadan keçirilən sessiyada Azərbaycan KP üzvü Əkbər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildi (Hacıyev, 2015:309). Əkbər Əliyev Suveren Respublikalar İttifaqı (SRİ) haqqında müqaviləni işləyib tamamlamaq və imzalamaq üçün Azərbaycan Respublikasının 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyətinin tərkibində idi. Bununla da boykot qərarına rəğmən Naxçıvan MR-in gələcəkdə qurulacaq SRİ tərkibində qalacağı dəqiqləşdi. Bu qərar qəbul edildikdən 1 ay sonra, iyulun 19-da Heydər Əliyev Sov. İKP üzvü sıralarından çıxdığı barədə bəyanat verdi (Orucov,2003:61).


Əliyevin Naxçıvanda iqtidara gəlişi və Azərbaycanla pisləşən münasibətlər


Azərbaycanın yaz-yay aylarında DQMV və ətraf ərazilərdə Sovet qoşunları ilə birlikdə həyata keçirdiyi əməliyyatlar ölkədəki siyasi vəziyyəti nisbətən sabitləşdirmişdi. Həm DQMV-nin Azərbaycan tərkibində qalmağa razı olması, həm də Naxçıvanda Bakının diqtəsi ilə yeni hökumətin qurulması Ayaz Mütəllibovun siyasi qələbəsi demək idi. Lakin avqust ayında Moskvada həyata keçirilən uğursuz çevriliş bütün bunların üzərindən xətt çəkdi. Azərbaycan hökumətinin əvvəlcə bu çevrilişi dəstəkləməsindən müxalifət məharətlə istifadə etdi. 29 avqust 1991-ci ildə Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasında çıxış edən Heydər Əliyev hökuməti istefaya çağırdı:

Hörmətli xalq nümayəndələri! Ölkədə siyasi-iqtisadi böhran, dövlət hakimiyyətinin böhranı kəskin şəkildə kəskinləşib. Bu dövrdə respublikamızın vəziyyəti xüsusilə ağırdır. Bunun əsas səbəbi ölkədəki mürtəce siyasəti davam etdirən Azərbaycan Kommunist Partiyası və onun kobud səhvləridir. Bu siyasətin nəticəsidir ki, respublikanın kommunist rəhbərliyi avqustun 19-22-də ölkədə həyata keçirilən dövlət çevrilişini faktiki olaraq təsdiqləyib və bununla da Azərbaycan xalqını çox pis vəziyyətə salıb. Bu mövqeyinə görə Azərbaycan Kommunist Partiyası dərhal hakimiyyətdən getməlidir.” (Andriyanov və Miralamov, 2005:123).

Bu sessiyadan 1 gün sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul edildi. Lakin bu qərar Naxçıvan MR ilə Azərbaycan arasındakı ziddiyyətləri azaltmadı. “QKÇP” çevrilişi digər respublikalarda olduğu kimi, Naxçıvana da ciddi təsir etdi. Bu regionda əhalinin mütləq əksəriyyəti Heydər Əliyevi Naxçıvan Ali Məclisinin sədri kimi görmək istəyirdi. 60 min nəfərin Naxçıvanda həyata keçirdiyi mitinqdən sonra 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Ali Məclisinin fövqəladə sessiyası çağırıldı. Bu sessiyada AXC deputatlarının dəstəklədiyi[5] Heydər Əliyev respublika Ali Məclisinin sədri seçildi.[6] Heydər Əliyev iqtidara gəldikdən dərhal sonra Naxçıvanda Azərbaycan KP-ni, eləcə də komsomolun fəaliyyətini dayandırdı, onların bütün strukturları ləğv edildi (Hacıyev, 2015:309). Heydər Əliyevin qərarı ilə Naxçıvan Baş naziri vəzifəsinə AXC üzvü Becan Fərzəliyev təyin edildi. Bundan başqa, Əliyevin müavinləri seçilən Qafar Məmmədov və Asif Kələntərli də AXC üzvləri idi. Sədr seçildikdən 2 gün sonra Nehrəm kəndindəki çıxışında Heydər Əliyev AXC-ni ölkədəki demokratik qüvvələrin simvolu adlandırdı:

Gəlin, bir həqiqəti deyək. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan Xalq Cəbhəsi, Naxçıvan Xalq Cəbhəsi yaranan vaxtdan demokratiya uğrunda mübarizə aparıb. Azərbaycan Kommunist Partiyası və onun mürtəce rəhbərliyi – Vəzirov, Mütəllibov başda olmaq şərtilə bütün demokratik hərəkatları boğub. Bu, həqiqətdir. İkinci həqiqət də ondan ibarətdir ki, 19 avqustda Moskvada dövlət çevrilişi olub və iqtidar mürtəce qüvvələrin əlinə keçib. Azərbaycan Xalq Cəbhəsi, o cümlədən Naxçıvan Xalq Cəbhəsi iqtidarın Yazov və Kryuçkovun əlinə keçməsinə baxmayaraq bu rejimə qarşı fikrini çəkinmədən qeyd edib və açıq şəkildə demokratik qüvvələrin tərəfində olduğunu bildirib.

Azərbaycan hökuməti Naxçıvandakı seçimi faktiki olaraq tanımadı. Həmin dövrdə Heydər Əliyevi Naxçıvan Ali Məclisi sədri vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edən yeganə lider Ermənistan Ali Sovetinin sədri Levon Ter-Petrosyan olmuşdu.[7] Hakimiyyətə gəldikdən sonra Heydər Əliyev Azərbaycanda keçiriləcək prezident seçkilərini boykot etdi. Buna səbəb Konstitusiyaya yaşı 65-dən yuxarı olan vətəndaşların Azərbaycan Respublikasının Prezidenti seçilə bilməyəcəyi haqqında maddənin əlavə olunması idi.[8] (Zenkoviç, 2007:247-434) Bununla seçkilərdə Heydər Əliyevin iştirakına imkan verilməməsi nəzərdə tutulmuşdu. Naxçıvan MR Ali Məclisinin verdiyi qərarda deyilirdi:
  1. Azərbaycan Respublikası Prezidentinin seçilməsi üçün 8 sentyabr 1991-ci il tarixə təyin edilmiş seçkilərin Naxçıvan MR ərazisində keçirilməsi dayandırılsın.
  2. Azərbaycan Respublikası Ali Sovetindən respublika prezidentliyinə seçkilərin daha sonrakı müddətə keçirilməsi xahiş edilsin (Hacıyev, 2015:316)
Boykot barədə qərar onsuz da mürəkkəb olan Naxçıvan MR-Azərbaycan münasibətlərini daha da gərginləşdirdi. Ayaz Mütəllibov Heydər Əliyevə və onun qərarına münasibəti daha sonra belə açıqlamışdı: “Əliyevin yerində olsaydım, siyasətə ümumiyyətlə qayıtmazdım. Ümumiyyətlə, keçmiş liderlərin aktiv siyasi fəaliyyətə qayıtması həm demokratiyanın uğuru kimi, həm də əskikliyi kimi qiymətləndirmək lazımdır. Mən bir şeyi istisna, hər şeyi bağışlaya bilərdim. Mən gözləmirdim ki, Naxçıvan Ali Soveti ilk ümumxalq prezident seçkilərini boykot etmək qərarı verəcək. Hesab edirəm ki, bu təhqirə təkcə mən yox, bütün xalqım məruz qalıb.”[9] (Çernyavskiy, 2002:63).

Prezident seçkilərini Naxçıvan MR-dən başqa DQMV və Goranboyun Şaumyan hissəsindəki ermənilər boykot etmişdi. Buna baxmayaraq, sentyabrın 8-də səsvermə baş tutdu. AXC-nin qatılmadığı prezident seçkilərində Ayaz Mütəllibov və Azərbaycan Sosial Demokrat partiyasının üzvü Zərdüşt Əlizadə mübarizə aparırdı. Lakin seçkilərə az qalmış Zərdüşt Əlizadə namizədliyini geri götürdü. Əhalinin 84,4%-in iştirak etdiyi seçkilərdə tək namizəd olan Ayaz Mütəllibov 98,5% səslə prezident seçildi. Seçkilərdə NMR-in iştirak etməməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Mərkəzi Seçki Komissiyasının sədri Məmməd Qazıyev “Kommersant” müxbirinə verdiyi müsahibədə bu addımı anti-konstitutsion adlandırmışdı: “Naxçıvan MR Ali Məclisi NMR-də yaşayan Azərbaycan vətəndaşlarının 170 min seçki bülleteninin hamısını Mərkəzi Seçki Komissiyasına qaytarıb. NMR Ali Məclisi özbaşınalıq edərək vətəndaşları konstitusion seçkilərdə iştirak hüququndan məhrum edib”. Heydər Əliyev isə “Kommersant”ın müxbirinə verdiyi müsahibədə rəsmi Bakını günahlandırdı: “ Sentyabrın 4-dən (prezident seçkilərinin dayandırılması barədə qərar qəbul edilən gündən) Naxçıvan MR Bakı tərəfindən iqtisadi və informasiya blokadasına məruz qalıb. Yanacaq tədarükü tamamilə kəsilib. Muxtar respublikada bütün avtomobillər, o cümlədən təcili tibbi yardım maşınları yerində dayanıb. Bakıdakı milislər sənədləri yoxladıqdan sonra “yuxarıdan” verilən əmrə istinad edərək naxçıvanlıları Bakı bazarlarından qovublar. NMR Məclisinin qərarları respublika mətbuatında dərc olunmur. Hal-hazırda bizdə olan yoxlanılmamış məlumatlara görə, NMR Ali Məclisinə qarşı repressiv tədbirlər görmək üçün Bakıda respublika Daxili İşlər Nazirliyinin və DTK-nın əməkdaşlarından ibarət xüsusi dəstələr yaradılıb.”

Sentyabrın 10-da “İnterfaks”a verdiyi müsahibədə Prezident Ayaz Mütəllibov Heydər Əliyevin iddiasını faktiki olaraq etiraf etdi: “Mənim məlumatıma görə, Dağlıq Qarabağda seçicilərin 12 faizi seçkilərdə iştirak edib. Naxçıvan Muxtar Respublikasındakı vəziyyəti isə “konstitusiyaya zidd aksiya” və “Heydər Əliyevin siyasi ambisiyalarının reallaşması” hesab etmək olar. Bununla bağlı xüsusi istintaq komissiyası yaradılacaq və Azərbaycan hökuməti olaraq Əliyevin ağlını başına gətirəcəyik.” Bu açıqlamaya qarşı Heydər Əliyevin cavabı isə belə idi: “Bakıdan silahlı hücum olarsa rusların Ağ Evi müdafiə etdiyi kimi, Naxçıvanın 330 min sakini də öz Məclisini müdafiə etməyə hazırdır”. Bununla belə, Ayaz Mütəllibov Heydər Əliyevi həbs etmək üçün cəhd etdi. İki qrup xüsusi təyinatlı gizlicə Naxçıvana gələrək əməliyyat həyata keçirməyə çalışsa da buna nail ola bilmədi. Əməliyyatdan vaxtında xəbərdar olan Heydər Əliyev Naxçıvan televiziyasında Prezident Ayaz Mütəllibova müraciət ünvanladı : “Səhərə kimi adamlarınız Naxçıvandan çıxmasa camaat ayağa qalxacaq, bu sizin başınızın bəlaya düçar olması ilə nəticələnəcək.” (Furman və Abbasov, 2001:169). Əməliyyat uğursuz alındığı üçün göndərilən xüsusi dəstə Naxçıvandan çıxdı.

Azərbaycanla Naxçıvan MR rəhbərliyi arasında bu dövrdə əsas ziddiyyətli məqamlardan biri də blokada idi. Azərbaycan hökuməti DQMV-yə, eləcə də Ermənistana tam iqtisadi blokada həyata keçirmək istəyirdi. Belə ki, Ermənistan və DQMV ərazisinə təbii qaz və elektrik xətləri Azərbaycan ərazisindən gəlirdi. Bundan başqa, Ermənistana gedən malların ən azı 2/3 hissəsi Azərbaycandan keçirdi (Çernyavskiy, 2002:36). Bu blokadanın həyata keçməsi Ermənistanla bərabər Naxçıvana da ciddi iqtisadi zərbə demək idi. Belə ki, Naxçıvan MR-in enerji sistemi və iqtisadiyyatı Ermənistanla bağlı idi. Ermənistandan keçən əsas dəmir yolu xətti Naxçıvan üçün böyük əhəmiyyət daşıyırdı. Heç bir müstəqil infrastrukturu olmayan Naxçıvanın tam blokada qalması əhalinin ac qalması demək idi. Bu səbəbdən Heydər Əliyev blokadaya qarşı çıxırdı. 1991-ci ilin sentyabr aylarında dəmir yolu xəttində hərəkət Heydər Əliyevlə Levon Ter-Petrosyan arasındakı danışıqlardan sonra bərpa edilmişdi (Hacıyev, 2015:323). Lakin qısa müddət sonra yenidən qatarlara hücumların baş verməsi hərəkətin dayanması ilə nəticələndi. Heydər Əliyev 1991-ci il 14 oktyabr tarixində bu dəfə Meğri rayonunun rəhbəri Yemok Andriasyanla danışıqlar apardı. Andriasyanın cavab məktubu “İzvestiya” qəzetində yayımlandı : “Mən əminəm ki, bütün mübahisələr danışıqlar yolu ilə həll oluna bilər və bu, tədricən iki qonşu region arasında münasibətlərin normallaşmasına gətirib çıxaracaq. Biz Naxçıvana gedən qatarların Meğri hissəsindən keçən hissəsində təhlükəsiz hərəkətin təmin ediləcəyinə tam zəmanət veririk”. Həmin günləri Ermənistan Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Aşot Manuçaryan belə xatırlayır: “Heydər Əliyevlə əla münasibətimiz var idi. Biz onlara Naxçıvanda bir çox cəhətdən kömək etdik. Məsələn, Ermənistan Respublikasının Nazirlər Şurası Naxçıvanı blokadaya alınmaması barədə qərar qəbul etmişdi. Azərbaycan Ermənistanı blokadaya alsa da Ermənistandan Naxçıvana rabitə, dəmir yolu, elektrik, təbii qaz xətləri işləyirdi.” Heydər Əliyevin Ermənistan dövlət nümayəndələri ilə apardığı danışıqlar müttəfiqi olduğu AXC ilə münasibətlərin soyuması ilə nəticələndi. Bu baxımdan Naxçıvan Xalq Cəbhəsi ilə Azərbaycan Xalq Cəbhəsi arasında uzlaşmazlıqlar yaranmışdı. Belə ki, Azərbaycan Xalq Cəbhəsinin Heydər Əliyevi Ermənistanla separat danışıqlar aparması haqqında iddiası Naxçıvan MR-in Baş naziri, AXC üzvü Becan Fərzəliyev tərəfindən yalanlanmışdı (“Ayna” qəzeti, 01.09.1991:2).


Azərbaycanın müstəqilliyi və 1992-ci il may çevrilişinə qədərki proseslər


1991-ci ilin sentyabr-oktyabr ayları Azərbaycan üçün çox gərgin keçdi. Avqust çevrilişindən sonra sərhəd ərazilərdə Sovet bölmələrinin fəaliyyəti faktiki olaraq dayanmışdı. Bu erməni hərbi qüvvələrinin Dağlıq Qarabağ və ətrafında, eləcə də Naxçıvandakı ərazilərə hücumu ilə nəticələndi. Ermənilər Qarabağda “Halqa əməliyyatı” zamanı itirdikləri əraziləri (Çaykənd və Qarabulaq istisna) qısa müddət ərzində geri qaytara bildilər. Ermənistanın daxili işlər naziri Aşot Manuçaryan xatırlayır: “Biz hər bir şeyi Sovet hökumətindən gizli yaratmağa məcbur idik, buna görə də biz ordu yaratmağa müvəffəq olduq. Azərbaycanlıların sərəncamında isə yalnız milis qüvvələri var idi.” ( De Vaal, 2008:192). Azərbaycan Prezidenti Ayaz Mütəllibov sentyabrın 5-də Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin yaradılması haqqında, oktyabrın 9-da isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanunu imzalasa da ölkədə faktiki olaraq heç bir hərbi birləşmə yox idi. Azərbaycanın ikinci müdafiə naziri olmuş Tacəddin Mehdiyev xatırlayır: “ Heç bir hərbi avadanlığımız yox idi. Heç kəslə danışmaq mümkün deyildi. İndi mobil telefonlar var. O vaxt bütün danışıqlarımız dinlənilirdi. Nə kazarma, nə silah, nə də texnikamız var idi.” ( De Vaal, 2008:192).

Ermənilərin qısa müddət ərzində uğurları müxalifətin Ayaz Mütəllibova ciddi təzyiqi ilə nəticələndi. Azərbaycanın oktyabrın 18-də müstəqilliyini elan etməsindən sonra bu təzyiqlər daha da gücləndi. Prezident Ayaz Mütəllibov müxalifətə güzəştə gedərək Azərbaycan Ali Sovetini faktiki olaraq məhdudlaşdırdı və onun səlahiyyətləriniAzərbaycan Ali Sovetinin Milli Şurasına verdi. Azərbaycan Ali Sovetinin Milli Şurası hər biri 25 nəfərdən ibarət olan 2 fraksiyadan ( “Demokratik Blok” və “Kommunist blok”) ibarət idi. Bu hökumət səlahiyyətlərinin faktiki olaraq bölünməsi demək idi. Azərbaycandan fərqli olaraq Naxçıvanda respublika tam olaraq “Demokratik Blok”un üzvləri tərəfindən idarə olunurdu. Azərbaycan hökuməti ilə Naxçıvan MR hökuməti arasındakı gərginlikdə vasitəçi kimi çıxış edən Azərbaycan Demokratik Qüvvələrin Məsləhət Şurasının nümayəndələri oktyabrda Naxçıvana gələrək burada NMR Ali Məclisinin sədri Heydər Əliyevlə bağlı qapılar arasında görüş keçirdi. (“Ayna” qəzeti, 01.10.1991:2). Bu görüşün nəticələri ilə bağlı açıqlama verilməsə də Azərbaycanla Naxçıvan MR arasındakı münasibətlər ilin sonuna doğru yumşalmağa başladı. Bunda Azərbaycanın Naxçıvana həyata keçirdiyi yardımın miqdarının artmasının böyük rolu vardı. Lakin Naxçıvanın ərzaq sıxıntısından başqa müdafiəsi ilə bağlı ciddi probleməri mövcud idi. 1991-ci ilin sentyabrın 7-də Naxçıvan MR-də “Dövlət Müdafiə Komitəsi” yaradılmışdı. Bu muxtar respublikanın müstəqil ordu quruculuğunda atdığı ilk addım idi. Komitəyə coğrafiya müəllimi, baş leytenant Elman Abbasov rəhbərlik edirdi (“Ayna” qəzeti, 01.11.1991:2). Naxçıvanda bu dövrdə Sovet Ordusunun 75-ci motoatıcı diviziyası və 41-ci sərhəd dəstəsi fəaliyyət göstərirdi. Bu qoşunların statusu ilə bağlı Naxçıvan MR Ali Məclisi oktyabrın 26-da və dekabrın 16-da qərarlar qəbul etsə də ordunun taleyi ilə bağlı dövlətlərarası müqavilə olmadığı üçün mərkəzi hökumət bu aktlarla bağlı yekun qərarı vermədi (“Səs” qəzeti, 09.10.1992:2). Heydər Əliyev 1992-ci ilin yanvarın 16-da Naxçıvan Muxtar Respublikasının ərazisindəki bütün hərbi hissələrin Ali Məclisə tabe olması haqqında qərar qəbul etdi. Bu qərarla regiondakı keçmiş Sovet bölmələrinə aid hərbi qulluqçular şəxsi əşyalarından başqa heç nəyi respublikadan çıxara bilməzdi.

1992-ci il Azərbaycan xalqı üçün ağır başladı. 1992-ci ilin fevral ayına qədər Dağlıq Qarabağdakı erməni bölmələri anklav içərisində qalan azərbaycanlılar yaşayan Xocalı istisna, bütün yaşayış məntəqələrini ələ keçirdi. Növbəti hədəf Xocalı idi. 1989-cu ilə qədər kənd olan Xocalı 1992-ci ilə kimi süni şəkildə böyüdüldü və ona şəhər statusu verildi. Ayaz Mütəllibov Xocalını Azərbaycanın regionda əsas dayaq məntəqəsinə keçirmək planı var idi. Bu səbəblə şəhərə böyük sərmayə qoyuldu, binalar tikildi. Lakin Ayaz Mütəllibov SSRİ-nin dağılmasını hesablamamışdı. Sovet DİN qoşunlarının köməyindən məhrum olan Xocalı 1992-ci ilin əvvəlindən blokadada qaldı. Bu dövrdə Azərbaycandakı siyasi proseslər Ayaz Mütəllibovun əleyhinə işləyirdi. Prezidentə qarşı faktiki ikili ittifaq (Naxçıvan MR hökuməti – Azərbaycan Ali Sovetinin Milli Şurası ) mövcud idi. Azərbaycan Ali Sovetinin Milli Şurası 1991-ci ilin dekabrın 20-də MDB-yə daxil olmama haqqında qərar qəbul etmişdi. Azərbaycanın bu qərardan 1 gün sonra “Alma-Ata konfransı”na dəvət edilməməsi Rusiyanın Qarabağ münaqişəsində neytral mövqeyini dəyişməsi demək idi. Ayaz Mütəllibov xatırlayır:
Azərbaycana qarşı təxribat hazırlanmışdı. Bizi Alma-Ataya dəvət etməmişdilər. Mən öz təşəbbüsümlə ora getdim. Mən dövlət başçılarının toplaşdığı otağa daxil olanda çoxları məni orada görəcəyini gözləmirdi. Məni görən Yeltsin Şuşkeviçə üzünü tutdu və onun danışmasını istədi. Şuşkeviç belə dedi: “Ayaz Niyazoviç, bizim belə bir fikrimiz var ki, Azərbaycanı hələlik MDB-yə qəbul etməyək. Sizin respublikanızda münaqişə başa çatandan sonra biz bu məsələyə qayıdacağıq. Bizi səhv başa düşməyin. Biz hələ SSRİ dövründə başlayan münaqişəni MDB-yə ötürmək istəmirik. Biz MDB tarixinə sıfırdan başlamaq istəyirik”. Yeltsinin yanında Levon Ter-Petrosyan oturmuşdu. Mən ona işarə edərək Qarabağda İrəvandan gələn erməni ekspedisiya korpusunun legionerlərinin vuruşması barədə Yeltsinə məlumat verdim. Yeltsin arqumentlərimi dinlədi və sonra dedi : “Azərbaycan MDB-yə daxil olmalıdır”. (Çernyavskiy, 2003:73).

Lakin Milli Şura Mütəllibovun fikirləri ilə razılaşmadı. Bu amil Qarabağdakı 366-cı motoatıcı alayın regiondan çıxarılmasını gecikdirdi. 14 fevral 1992-ci il tarixində Minskdə keçiriləcək Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının konfransında MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması haqqında müqavilənin imzalanması gözlənilirdi. Mütəlibovun bu məsələ ilə bağlı millət vəkilləri qarşısında çıxışından əvvəl Rusiya prezidenti Boris Yeltsin ona zəng edərək 366-cı alayın Xankəndidən çıxarılacağını vəd etdi. Yeltsin bunun üçün əsas şərt kimi Azərbaycanın MDB Birləşmiş Silahlı Qüvvələrinin yaradılması barədə müqaviləsini imzalamasını istədi. Ancaq buna baxmayaraq, AXC-dən olan deputatların təzyiqi ilə parlament Azərbaycanın MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin yaradılması ilə bağlı razılaşmaya qoşulmama barədə qərar verdi. Bu qərar Xocalının taleyini həll etdi. Şəhərin Azərbaycan bölmələrinin nəzarət etdiyi ərazilərdən çox aralı olması blokadanı yarmağı demək olar ki, mümkünsüz etmişdi. Buna baxmayaraq, fevralın əvvəlində Azərbaycan bölmələri Əsgəran istiqamətindən hücuma keçərək Xocalıya yol açmağa cəhd etdi. Lakin ermənilərin ciddi müqavimətinə rast gələn bölmələr hücumu dayandırmağa məcbur oldu. Ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücum edərək şəhəri ələ keçirdilər. Xocalının itirilməsi Ayaz Mütəllibov iqtidarına ağır zərbə idi. Prezident bu hadisənin Rusiya ilə əlaqəli olduğuna inanırdı. Bu səbəblə Rusiya ilə danışıqlara gedərək Dağlıq Qarabağın təmas xəttində bu ölkənin sülhməramlılarının yerləşdirilməsinə icazə verdi. Prezident əsas şərt kimi Xocalının, eləcə də Əsgəranın Azərbaycana geri qaytarılmasını irəli sürdü. Martın əvvəlində Ağdama gələn rus bölmələri Əsgəran və Xocalı əməliyyatına başladı. Lakin əməliyyatın əvvəlində Bakıda baş verən hadisələr buna imkan vermədi. AXC-nin güclü təzyiqindən sonra martın 5-də Ali Sovetin sədri Elmira Qafarova, 1 gün sonra isə Ayaz Mütəllibov istefa verməyə məcbur oldu (De Vaal, 2008:202). Əsgərana daxil olan rus bölmələri prezidentin devrilməsindən sonra geri qayıdaraq ərazini tərk etdilər. Prezident səlahiyyətlərini martın 5-də Ali Sovetin sədri seçilmiş Yaqub Məmmədov icra etməyə başladı.

Ayaz Mütəllibovun devrilməsi həm Naxçıvan MR lideri Heydər Əliyev, həm də AXC üçün böyük qələbə idi. Buna baxmayaraq, Ali Sovetdə Mütəllibovun tərəfdarları çox idi. Yeni seçilən Ali Sovetin sədri Yaqub Məmmədovun siyasi təcrübəsinin azlığı ona dövləti idarə etməyə imkan vermədi. Onun Tehranda Levon Ter-Petrosyanla görüşü zamanı erməni hərbi bölmələri hücuma keçərək Şuşa şəhərini ələ keçirdi. Şuşanın işğalı yeni hökumət böhranı formalaşdırdı. Ayaz Mütəllibovun tərəfdarları bundan istifadə edərək eks-prezidenti yenidən hakimiyyətə gətirməyə çalışdı.[10] Bu, Heydər Əliyev və AXC-nin ciddi etirazı ilə nəticələndi. AXC liderləri kifayət qədər güclü olduqları üçün Heydər Əliyev faktoru ilə hesablaşmamağa başlamışdı. Müttəfiqlər artıq bir-birinə qarşı idi. Heydər Əliyev “Aydınlıq” qəzetinə verdiyi müsahibədə hadisələrlə bağlı bunları qeyd etdi:

Dövlət çevrilişi ediləcəyini mən burada eşitmişdim. Mayın 13-dən 14-nə keçən gecə mən Yaqub Məmmədova telefonla zəng etdim və nəhayət, gecə saat 1-dən sonra onu evində tapa bildim. Mən həmin gecə dövlət çevrilişi olacağı haqqında əldə etdiyim məlumatı ona çatdırdım. O da məni əmin etdi ki, bu haqda ona da xəbər çatıb, ancaq bunun qarşısını alacaq. Mən ona xatırlatdım ki, əgər Siz – Yaqub Məmmədov buna qol qoysanız Azərbaycan xalqı qarşısında cavabdeh daşıyacaqsınız və heç kəs bunu bağışlamayacaq. O qətiyyətlə bildirdi ki, buna yol verməyəcək. Ancaq təəssüf ki, Yaqub Məmmədov bu çevrilişin çox fəal iştirakçısı oldu. Vəziyyətdən çıxış yolu tapmaq lazım idi. AXC-dən Qurban Məmmədov mənə zəng etdi. Bildirdim ki, mən xalq hərəkatını müdafiə edirəm, biz Naxçıvanda Ayaz Mütəllibovu heç vaxt Azərbaycan Prezidenti kimi tanımayacağıq. Səhərisi gün hələ Mütəllibovun hakimiyyətdə olduğu anlarda, axşam saat 7-də Naxçıvan televiziyası ilə çıxış etdim. 20 dəqiqəlik həmin çıxışın lent yazısını Azərbaycan televiziyasına göndərdim. Ancaq təəssüf hissi ilə deməliyəm ki, həmin çıxışın Azərbaycan xalqına çatdırılmasına AXC rəhbərliyi bütün vasitələrlə mane oldu. Mənim çıxışım yüksək səviyyəli AXC senzurasından keçmədi.” (“Aydınlıq qəzeti”, 03.06.1992:3).

Mayın 15-də İsgəndər Həmidovun rəhbərliyi altında olan AXC könüllüləri əsgərlər və zirehli texnikadan istifadə edərək parlamentin binası və şəhər televiziya stansiyasını hücumla ələ keçirdi. Atışmada ona yaxın şəxs həlak oldu ( De Vaal,2008:213). Bu dəfə Ayaz Mütəllibov istefa verərək ölkəni tərk etməyə məcbur oldu. Yaqub Məmmədov çevrilişdəki roluna görə mayın 18-də Ali Sovetin sədri vəzifəsindən istefa verdi. Həmin gün deputatlar Ali Sovetin sədri vəzifəsinə 2 nəfəri təklif etdilər. Onlardan biri Azərbaycan Ali Soveti Milli Şurasının müavini İsa Qəmbərov, digəri isə Naxçıvan Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinin sədr müavini Heydər Əliyev idi. Deputatların əksəriyyəti İsa Qəmbərovun seçilməsini təkid edirdi, lakin digər deputatlar israrla Heydər Əliyevin adını səsverməyə daxil edilməsini tələb etdi. Qısa fasilədən sonra Azərbaycan Ali Sovetinin Milli Şurasının sədr müavini Ziyad Səmədzadə Heydər Əliyevə zəng etdiyini, lakin ona zəng çatmadığını bildirdi (“Xalq qəzeti”, 19.05.1992:1). Heydər Əliyev “Aydınlıq” qəzetinə verdiyi müsahibədə isə ona heç kəsin zəng etmədiyini bildirmişdi:

– Heydər bəy, mayın 18-də Azərbaycan Ali Sovetinin sədrliyinə namizədliyinizə irəli sürülməsi üçün Sizə zəng edilmişdimi? Ziyad Səmədzadə elan etdi ki, Sizi tapa bilməyib.

– Xeyr, heç kəs mənə zəng etməyib. Həmin gün gecədən xeyli keçənə qədər öz iş yerimdə olmuşam. Ermənistanla sərhəddə vəziyyət çox gərgin idi.

– Əgər zəng etsəydilər nə cavab verərdiniz?

– Olmayan bir şey haqqında fikir yürütməyin heç bir mənası yoxdur (“Aydınlıq qəzeti”, 03.06.1992:2).

Beləliklə, səsverməyə təkcə İsa Qəmbərovun adı daxil edildi. Mayın 18-də aparılan səsvermədə tək namizəd İsa Qəmbərov Ali Sovetin sədri vəzifəsinə seçildi. Azərbaycan Prezidenti səlahiyyətlərini həyata keçirən İsa Qəmbərov növbəti gün Ali Sovetin Milli Şurasının adını dəyişdirdi. Bununla da ölkənin parlamenti Milli Məclis adlandırıldı. Beləliklə, mayın 18-dən etibarən ölkədə iqtidar faktiki olaraq AXC-nin əlinə keçdi. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevlə AXC arasında münasibətlər tamamilə pozuldu. İlk qarşıdurma artıq Sədərək döyüşləri ilə başlamışdı.

 Tural Həmid
Azlogos






Ana səhifəyə qayıt        Baxış: 9 275          Tarix: 27-06-2022, 19:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma