Xəbər lenti


Bir müddət əvvəl NATO-nun Baş katibinin aparat rəisi Stian Yenssenin Ukraynanın ərazisinin bir hissəsindən imtina etmək müqabilində Alyansa üzv ola biləcəyi təklifi ilə çıxış etdiyini yəqin ki, xatırlayırsınız. Onu da bilməmiş olmazsınız ki, bu təklif Kiyev tərəfindən kəskin etirazla qarşılandı və NATO qüvvələri təkzib vermək məcburiyyətində qaldı. Sonda NATO-nun baş katibi Yens Stoltenberq bildirdi ki, Rusiya ilə danışıqlar masasına nə vaxt oturacağına yalnız Ukrayna qərar verəcək.

 

Ovqat.com-un məlumatına görə, bütün bu etiraz və təkziblərdən sonra da NATO-ya bağlı qüvvələrin bənzər təklifləri səngimək bilmir. Belə məlum olur ki, Stian Yenssen həmin sözləri öz başından deməyib və NATO dövlətlərinin həqiqətən də elə bir fikirləri var, onu tədricən Ukraynaya yedirirlər.

 

Hər halda ABŞ-ın The Wall Street Journal nəşrinin bu gün yaydığı məlumatdan belə anlaşılır.

 

Məlumata görə, Ukraynanın ABŞ və onun Almaniya kimi əsas tərəfdaşları Rusiyanın bu müharibədə qələbəsi ssenarisinin qəti əleyhinədirlər. Lakin NATO müttəfiqləri Ukraynanın qələbəsini təmin etməyə də hazır deyillər.

 

Qərb rəsmiləri arasında belə bir qorxu var ki, Ukraynanın öz məqsədləri naminə qətiyyəti uzunmüddətli müharibəyə səbəb ola bilər. Buna görə də Kiyevə belə bir razılaşma təklif oluna bilər: NATO və ya Aİ-yə üzv olmaq müqabilində işğal olunmuş əraziləri vermək və ya uzunmüddətli müharibə üçün Qərb ölkələrindən hərbi və iqtisadi dəstək zəmanət almaq. 

 

Nəşr qeyd edir ki, əsl problem Qərb ölkələrinin mövqeyindən qaynaqlanır. Dərd burasındadır ki, əksər Qərb dövlətləri Ukrayna ilə Rusiya Federasiyası arasında müharibənin dayandırılmasında maraqlıdır, çünki bu müharibə qlobal iqtisadiyyata mənfi təsir göstərir və Avropa ölkələrinin sakinlərinin Kiyevə yardımla bağlı öz siyasətçilərinin qərarlarını dəstəkləməyə hazır olub-olmaması da aydın deyil. 

 

 




Ana səhifəyə qayıt        Baxış: 5 649          Tarix: 20-08-2023, 17:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma