Naxçıvan MR Səhiyyə Nazirliyində növbəti “canişin”sayağı kadr təyinatı baş verib.
Ovqat.com-un məlumatına görə, ötən ilin 3 iyulunda yaradıldığı elan olunan “Naxçıvan MR Mərkəzi Təcili Tibbi Yardım” publik hüquqi şəxsin icraçı direktoru vəzifəsinə Tural Ələkbərov gətirilib.
Bəs səhiyyə sisteminin ən həyati sahələrindən sayılan Təcili Tibbi yardım müəssisəsinə bundan sonra rəhbərlik edəcək Tural Ələkbərov kimdir, hansı tibbi savad və qabiliyyətə malikdir?
Suallarımızı cavablandıran Naxçıvan həkimlərindən birinin (təəssüf ki, Naxçıvan hələ də “xan” xofundan xilas olmadığı üçün həmsöhbətlərimiz adlarının anonim qalmasını tələb edirlər) bildirdiyinə görə, Tural Ələkbərov tibb mütəxəssisi yox, sığortaçıdır. O, vaxtilə “xanzadə” ləqəbilə məşhur olan Seymur Talıbovun yaratdığı “Naxçıvan Sığorta”nın İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2014-cü ildə yaradılan və səhmlərinin 100 %-i "Naxçıvan Bank" ASC-yə məxsus olan bu şirkət ötən ayın 8-də ləğv olunub. Səbəbi isə çox sadədir. Onun bağlı olduğu “NaxçıvanBank” fəaliyyətində yol verdiyi qanunsuzluqlar və yeyintilər səbəbindən ötən il özünü buraxmışdı. Dolayısıyla “Naxçıvan Sığorta” da bu maxinasiyalardan sığortalanmış deyildi və bu səbəbdən də ləğv olunmuşdu.
Buna baxmayaraq, fəaliyyəti müəmmalı sığorta şirkətinə rəhbərlik edən Tural Ələkbərov “Naxçıvan Sığorta” ləğv olunduqdan sonra cəmi ayyarım işsiz qalıb. Seymur Talıbovun baş sığortaçısının “bənzərsiz məharətini” nəzərə alan Naxçıvan MR Səhiyyə Nazirliyi tibbi savadının olub-olmamasına əhəmiyyət vermədən ona yeni yaradılan “Muxtar Respublika Mərkəzi Təcili Tibbi Yardım” publik hüquqi şəxsin taleyini tapşırıb.
Sual oluna bilər: Tural Ələkbərovun “Naxçıvansığorta”dakı bənzərsiz fəaliyyətindən başqa hansı işgüzar keyfiyyəti Muxtar Respiblika Səhiyyə naziri Samiq Sadıqovun diqqətini cəlb edib ki, bu qərara imza atmağı lazım bilib? Axı istənilən sahədə bu qabiliyyətə malik şəxsiyyət tapmaq olardı. Deməli, Tural Ələkbərovu fərqləndirən digər “müsbət keyfiyyətləri” də var ki, Samiq müəllim onu əvəzedilməz kadr kimi seçib və peşəsi baxımından heç bir aidiyyəti olmayan qurumun rəhbəri vəzifəsinə gətirib.
Mənbəmizin bildirdiyinə görə, Tural Ələkbərov vaxtilə "Naxçıvansığorta" ASC-nin İdarə Heyətinin üzvü vəzifəsində çalışıb. Başqa sözlə, o, Naxçıvan MR Səhiyyə Nazirliyinin indiki aparat rəhbəri Vüsal Məmmədovun ən sadiq işçilərindən olub.
“Nazirliyin aparat rəhbəri Vüsal müəllimin “Naxçıvansığorta”dakı müdiri olub. Son zamanlar kadr təyinatları Səhiyyə Nazirliyində xüsusi seçmələrlə həyata keçirilir. Kadrlar Vüsal bəyin məsləhəti ilə təyin edilir. Soruşarlar adamdan, özünü doğrultmamış, “xanzadə” Semurun biabırçı sığorta şirkətinin Turalının səhiyyədə, bir də onun ən vacib sahəsində - təcili tibbi yardımda nə işi var?”, - deyən həmsöhbətimiz xatırladıb ki, nazir Samiq Sadıxov da əvvəllər Naxçıvan MR Tibbi Sığorta qurumunun rəhbəri olub:
“Tural Ələkbərov və Vüsal Məmmədovla Samiq Sadıxovun yaxın dostluq əlaqələri ilə tanınıblar. Görünən budur ki, Naxçıvan MR Səhiyyə Nazirliyi məşhur sığortaçıların dostluq klubuna çevrilib. Muxtar Respublikanın səhiyyə sistemində idarəçiliyin tibbi savadı olmayan şəxslərin ixtiyarına verilməsinin əsas səbəbi də budur”.
Həmsöhbətimiz onu da bildirdi ki, Vasif Talıbovun zamanında ən bərbad şəkildə işləyən qurum da elə tibbi sığorta idi: “Həmin dövrdə tibbi sığortada yeyintilər elə səviyyəyə yüksəlmişdi ki, artıq bu qurumun kassasında pul qalmamışdı. Bu səbəbdən də bir müddət, demək olar ki, xəstələrin heç birinə tibbi sığorta verilmirdi. Və o zamanlar Samiq Sadıxov həmin quruma rəhbərlik edirdi:
Maraqlıdır ki, Naxçıvan səhiyyəsinin “3 muşketyoru” adlandıra biləcəyimiz bu şəxslərin ən azı ikisi 2020-ci ildə siğorta şirkətlərində rəhbər vəsifəyə təyin olunmuşdular. Samiq Sadıxov 08. 12. 2020 tarixində Naxçıvan “Tibbi Sığorta”ya, Tural Ələkbərov 10. 07. 2020 tarixində “Naxçıvan Sığorta”ya. Səhiyyə Nazirliyinin indiki aparat rəhbəri Vüsal Məmmədovun nə zaman “Naxçıvan Sığorta”nın İH üzvü vəzifəsinə təyin olunduğunu isə aydınlaşdıra bilmədik.
Qeyd edək ki, Naxçıvandan fərqli olaraq, Azərbaycanın digər bölgələrində xəstəxanaların icraçı direktoru vəzifəsinə birqayda olaraq tibb mütəxəssisləri təyin edilirlər. Görünür, “xan” həzrətləri kimi, “canişin” əfəndi də fərqlənməyi Naxçıvanın müstəsna muxtar hüququ kimi başa düşür.
Paylaş: