Xəbər lenti


 

Naxçıvan MR Nazirlər Kabinetinə “Şərq qapısı” qəzetinin fəaliyyətinin legitim əsasları ilə bağlı göndərdiyimiz sorğuya rəsmi cavab verilib.

 

Qurumdan redaksiyamıza göndərilən rəsmi cavabda deyilir:

 

“Ovqat.com xəbər portalının Baş redaktoru Heydər Oğuza

 

Sizin müvafiq sorğunuzla bağlı bildirilir ki, “Şərq qapısı” qəzeti muxtar respublikada yeganə rəsmi qəzetdir və 100 ildən çoxdur ki, fəaliyyət göstərir.

 

Diqqətinizə çatdırılır ki, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 82.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. Həmin Qanunun 82.10-cu maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktlarının rəsmi dərc edilməsi qaydası Naxçıvan Muxtar Respublikasının qanunu ilə müəyyən edilir.

 

“Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, Naxçıvan Muxtar Respublikasının normativ hüquqi aktları rəsmi dərc edilməlidir. Bunları nəzərə alaraq muxtar respublikada rəsmi qəzetin fəaliyyət göstərməsinə ehtiyac vardır.

 

Bildiririk ki, “Media haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq 2023-cü ildə muxtar respublikadakı 8 şəhər və rayon qəzeti ləğv edilmiş, ixtisara düşən işçilərin əksəriyyəti digər qurumlarda işlə təmin olunmuşdur. “Şərq qapısı” qəzetinin fəaliyyətinin “Media haqqında” Azərbaycan Respublikası Qanununa və ya Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli 1844 nömrəli Fərmanına uyğunlaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün müvafiq təkliflər aidiyyəti üzrə təqdim edilmişdir”.

 

Ovqat.com olaraq Naxçıvan MR Nazirlər Kabinetinə sorğumuza göstərdiyi diqqətə görə təşəkkürümüzü bildiririk.




Ana səhifəyə qayıt        Baxış: 5 259          Tarix: 19-02-2024, 12:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma