Seçkilərdə namizədlərin təsdiqlənməsinə cəmi 6 gün vaxt qalıb. Amma indiyədək YAP-ın Naxçıvan Ali Məclisinə namizədlərinin siyahısı dərc olunmayıb. Maraqlıdır ki, Prezidentin Naxçıvan üzrə xüsusi səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin Bakıda olduğu bildirilir. Onun müavini Samir Seyidəhmədli isə xaricə yay tətilinə gedib.
Məsələ bununla bitsəydi, dərd yarı idi. İş burasındadır ki, mediada yayılan məlumatlara inansaq, Naxçıvan MR MSK-nın sədri Əjdər Əliyev istefa verib, müavini isə qeybə çəkilib. Digər məlumata görə, Əjdər Əliyev deputatlığa namizədliyini vermək istədiyi üçün istefa ərizəsi yazıb. Bəs, seçkilərə 1 həftə qalmış MSK sədrinin istefa verib deputatlığa namizədliyini irəli sürməsi nə qədər qanuna uyğundur?
Ovqat.com-un fikrini öyrəndiyi sabiq dövlət məmurlarından birinin fikrincə, irəli sürülən faktlar öz təsdiqini taparsa, Muxtar Respublikada çox ciddi qanun pozuntularının yaşandığı ortaya çıxacaq.
“Canişin” repressiyalarına məruz qalma ehtimalından sığortalanmaq məqsədilə adının açıqlamanmasını istəməyən mənbəmiz bildirir ki, irəli sürülən iddialar Naxçıvanda seçkilərin açıq şəkildə sabotaj edildiyinə işarədir.
O ki qaldı namizədliklərin qeydə alınamsı mərhələsinin tamamlanmasına 1 həftə qalmış MSK sədrinin istefa verib namizədliyini irəli sürməsinə, mənbəmiz bunun seçki qanunvericiliyinə tamamilə zidd olduğunu bildirdi.
“Birincisi, MSK sədri seçki dövründə bütün işləri özünə sərf edən formada təşkil edib, sonra istefa verib deputatlığa namizəd ola bilməz. Bu, Cinayət Məcəlləsinin 308.2-ci maddəsinə görə, seçkinin nəticələrinə təsir məqsədilə vəzifə səlahiyyətlərindən sui-istifadədir.
İkincisi, o istefa verdikdən sonra bu səlahiyyətləri MSK müavini həyata keçirməlidir. Onun Xatirə İbrahimli adlı müavinin isə seçkilərdə 1 saatlıq da olsa təcrübəsi yoxdur. Xatirə xanım seçkiləri necə keçirəcək? Bu, Əjdər Əliyevin məsuliyyətindən boyun qaçırdığı bir hadisəni qadın həmkarının üzərinə yükləmək cəhdi kimi qiymətləndirilə bilər və qanunvericilik bir tərəfə, heç bir centlemenlik qaydalarına da sığmır.
Üçüncüsü isə seçkilər elan olunandan sonra indiyə qədər heç bir iş qanuna uyğun aparılmır. DSK-lar təşkil olunsa da (qanunsuz olaraq) onların üzvləri və yeri haqqında heç bir məlumat yoxdur. Namizədliyini vermək istəyən vətəndaşlar DSK-nın ünvanını tapa bilmirlər. Əsas namizədlərin də sənədləri MSK-nın binasında işçilər tərəfindən qəbul olunur ki, bu da Cinayət Məcəlləsinin 308-ci maddəsinə görə vəzifə səlahiyyətlərindən sui-istifadədir və cinayət məsuliyyəti yaradır.
Qısacası, heç bir seçki təcrübəsi olmayan Əjdər Əliyev istefa verməklə problemi daha da böyüdüb, həm özünü, həm də bütün MSK-nın işçilərini cinayətə sürükləyib. Naxçıvanın rəhbərliyi isə bundan xəbərdardır və baş verənlərə göz yummaqla öz işini tamamlanmış sayır”.
Həmsöhbətimiz DSK-ların yaradılmasında da ciddi nöqsanlara yol verildiyini bildirib:
“Naxçıvanın MR-in seçki qanununa görə, dairə seçki komissiyalarının tərkibini formalaşdırmaq üçün rayonlarda püşkatma keçirilməlidir. Bu prosesin qısa proseduru belədir: rayonda DSK-ları formalaşdırmaq üçün elan verilir, rayonun camaatı DSK-ların tərkibinə öz namizədliklərini verirlər və ən azı 12-13 namizədin sırasından püşkatma yolu ilə 7 nəfər DSK üzvü seçilir, sonra da onlar öz aralarında səsvermə keçirib sədr və katibi seçirlər. Naxçıvandakı 45 DSK-nın heç birində püşkatma keçirilməyib. Başqa sözlə, DSK-lar qanuna uyğun formada təşkil olunmayıblar və onların heç birinin seçki keçirmək səlahiyyətləri yoxdur. Bu da öz növbəsində Cinayət Məcəlləsinin 308-ci maddəsinə görə, vəzifə səlahiyyətlərindən sui-istifadədir və cinayət məsuliyyətinə səbəb olur”.
Sabiq məmur iddialarının sübut etməyin çox asan yolunu da göstərib:
“Bunu sübut etmək çox sadədir; Naxçıvandakı 45 DSK-ların hər birindən keçirilmiş püşkatmanın yerini və vaxtını soruşmaq olar. Naxçıvan Ali Məclisinə seçkilərdə 300-ə qədər məntəqə seçki komissiyası da qanuna görə püşkatma yolu ilə təşkil olunmalıdır. Amma onların da təşkil olunması Əjdər Əliyevin qeyri-qanuni metodu ilə aparılıb”.
Qısası, Naxçıvan MR-da seçki keçirmək üçün heç bir hüquqi əsas mövcud deyil. Həmsöhbətimizin fikrincə, bütün bunlar sübut edir ki, Naxçıvan hakimiyyətinin yalnız bir məqsədi olub: ya seçkiləri sabotaj etmək, ya da seçkilər üzərində qeyri-legitimlik imici yaratmaq. Hər iki halda da çox ciddi cinayət tərkibi var.
Paylaş: