Xəbər lenti


 

Tehranda HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Hanıyənin qətlindən sonra da İsrailin dayanmayıb. Onun Qəzza şəridində “düşmən ovu”na davam etdiyini bildirilir.

 

Ovqat.com-un məlumatına görə, 2 gün əvvəl (cümə axşamı) İsrail Qəzzada yeraltı tuneldə hərəkatın siyasi bürosunun iki üzvünü və onlarla birlikdə olan üç hərbi komandirini qətlə yetirib. 

 

“Şərq əl-Əvsat”a danışan mənbələr bildiriblər ki, qətlə yetirilən şəxslər HƏMAS-ın siyasi bürosunun üzvləri Ruhi Müştəhi və Samih əl-Sərracdır.

 

Eyni mənbələrə görə, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının üç hərbi komandiri də eyni hücumda həlak olub: Onlardan biri Qəzza Briqadasının kəşfiyyat xidmətinin rəhbərlərindən biri olan Əbdülhadi Siyam, digəri isə Əl-Qəssam Briqadalarının Baş Təhlükəsizlik Xidmətinin rəhbərlərindən biri Sami Avdedir. Üçüncüsü Qəzza briqadasındakı raket bölməsinə rəhbərlik edən Məhəmməd Hədiddir.

Şəkildə: Ruhu Müştəhi

 


Bildirildiyinə görə, Müstəhi, əl-Sərrac, həmçinin onlarla birlikdə qətlə yetirilən hərbçilər və təhlükəsizlik rəhbərləri cümə axşamı dəfn ediliblər.

 

Öldürülən Müstəhinin HƏMAS hərəkatının hərbi lideri Yəhya Sinvara ona çox yaxın birisi olduğu bildirilir. İkisi də uzun illər İsrail həbsxanalarında birlikdə cəza çəkib və 2011-ci ildə Gilad Şalit müqaviləsi ilə azadlığa buraxılıblar. Onlar HƏMAS-ın daxili seçkilərində iştirak ediblər. 

 

Onların HƏMAS-ın əfsanəvi qəhramanı Məhəmməd əl-Dayf və əl-Qəssam Briqadalarının digər rəhbərliyi ilə də xüsusi əlaqələri var.

 

Samih əl-Sərrac isə mediaya nadir hallarda çıxan şəxslərdən biridir. Bununla belə, onun HƏMAS-ın aparıcı simalarından olduğu vurğulanır. O, hərəkatın yaranma, böyümə və inkişaf mərhələlərini yaşamış ikinci nəsildən sayılır. Sərrac həmçinin üç seçkidə ard-arda siyasi büro üzvü seçilib. Mühüm və nüfuzlu təhlükəsizlik xadimi kimi tanınır. Bəzi maliyyə fayllarının idarə edilməsində də rolu var.

 

İsrailin son zamanlar HƏMAS liderlərinin yerini daha asan təsbit edərək öldürməsinin səbəbi də aydınlaşır. Bildirildiyinə görə, İsrail ordusu iki həftə əvvəl Qəzzada HƏMAS-ın mərkəzi yeraltı tunelini tapıb və təyyarədən atılan bombalarla onu dağıdıb. Bir çox HƏMAS yetkililərinin dağıntılar altında qaldığı bildirilir. Liderlərdən bəzilər çölə çıxmağa məcbur olublar. Nəticədə İsrail ordusu tərəfindən “ovlanılıblar”. Xeyli sayda HƏMAS-çı isə hazırda dağıntılar altındadır. Onların taleyindən xəbər yoxdur. İddialara görə, tuneldə dağıntı altında qalan silahdaşlarını xilas etmək və ya onların taleyini öyrənmək üçün təşkilar rəhbərliyi dağılmış tunelə 4 adam endirib. Onların 4-ü də tuneldən sağ çıxmayıb: bombardıman nəticəsində yaranan zəhərli qazdan təsirlənib həyatlarını  itiriblər.

 

Əl-Qəssam Briqadalarının Baş Qərargah rəisi Məhəmməd əl-Deyf, eləcə də onun müavini Mərvan İsa və Xan Yunis briqadası komandiri Rafi Səlamənin də məhz bu səbəbdən çölə çıxdığı və İsrailin zərbələri nəticəsində öldürüldüyü barədə xəbərlər dolaşır. HƏMAS xüsusilə Məhəmməd Deyfin öldürülməsi xəbərlərini şərh etməkdən boyun qaçırırlar. Bununla belə, HƏMAS-a yaxın mənbələr əl-Deyfi hədəf aldığını əməliyyatdan bir neçə saat sonra Rafi Səlamənin öldürüldüyünü təsdiqləyiblər.

 

Qeyd olunur ki, ötən ilin yanvarında İsrail Beyruta hava hücumu zamanı Haniyənin müavini Salih əl-Arurini öldürmüşdü. Bütün bu sui-qəsdlər İsrailin HƏMAS liderlərini nöqtə atışları ilə sıradan çıxarmaq strategiyasını həyata keçirdiyini göstərir.

  




Ana səhifəyə qayıt        Baxış: 5 380          Tarix: 3-08-2024, 08:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma