Xəbər lenti


 

“HƏMAS Qəzzada ən azı qarşıdakı beş il ərzində mövcud olacaq. Biz İsraildə HƏMAS-a qarşı uzunmüddətli müharibə planlaşdırırıq, lakin HƏMAS Qəzza zolağında mövcudluğunu davam etdirəcək”.

 

Ovqat.com-un məlumatına görə, bunu İsrail ordusunun sözçüsü Daniel Hagari mətbuat açıqlamasında bildirib.

 

Qeyd edək ki, bu, İsrail ordusunun ilk açıqlaması da deyil. Bundan əvvəl də ordu mənsubları Qəzza zolağında HƏMAS-ı yox etməyin mümkünsüzlüyü barədə fikirlər səsləndirmişdi. Hagari iyunun 19-da verdiyi açıqlamada, “Həmas-ı məhv və ya yox edə biləcəyimiz fikri ictimaiyyəti çaşdırır”, - demişdi.

 

 İsrail ordusunun sözçüsü Daniel Hagari 


Hərbçilərin bu açıqlamaları İsrail hökumətini qəzəbləndirir. İsrailin Baş naziri Benyamin Netanyahu ordunun HƏMAS-ın məhv edilməsinin çətinliyindən danışmasının müharibənin məqsədlərinə ziyan vurduğunu düşünür. O, bu cür fikirlərə münasibət bildirərkən vurğulamışdı ki, ordunun HƏMAS-ı aradan qaldırmağın çətinliyindən danışması müharibənin məqsədlərinə zərər verir.

 

Netanyahunu qəzəbləndirən Hagarinin bu kimi açıqlamalarının daha çox İsrail ictimaiyyətinə yönəldilməsi və bir çoxunun İsrail mətbuatında yer almasıdır. Hagarinin açıqlamalarının ən diqqət çəkən sözlərindən biri də HƏMAS-ın tamamilə məhv edilə bilməyəcəyidir. Hagarinin fikrincə, İsrail HƏMAS-ı yox etmək istəyirsə, ilk növbədə onun alternativini yaratmalıdır:  “Biz HƏMAS-a alternativ hazırlaya bilərik. Əgər alternativ tapa bilməsək, HƏMAS qalacaq. Onu məhv etməkdən danışmaq çətin olacaq. Çünki HƏMAS özünü yenidən formalaşdıra bilər”.

 

Əslində, HƏMAS-ı aradan qaldırmağın çətin olduğunu müdafiə edən tək Hagari deyil. İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzachi Haneqbi də bir müddət əvvəl qeyd etmişdi ki, HƏMAS ideoloji cəhətdən yox ola bilməz, onu ancaq hərbi cəhətdən sıradan çıxarmaq mümkündür.

 

“Bizə təkcə HƏMAS-ın hərbi imkanlarını aradan qaldırmaq yox, həm də alternativ ideologiya yaratmaq lazımdır. HƏMAS-ın ideolojik olaraq aradan qaldırılması çərçivəsində Qəzza zolağında HƏMAS-a alternativ siyasət üzərində işləyirik. Bu siyasət bir neçə gündən sonra üzə çıxacaq”, - Hanegbi vurğulamışdı.

 

Bununla belə, o, Qəzzada idarəçiliyi öz üzərinə götürəcək strukturun necə olacağı barədə təfərrüata varmamışdı.

 

“Independent Arabia”nın məlumatına görə, İsrail ordusunun 12-ci briqada komandiri polkovnik-leytenant Hevri Elbaz da HƏMAS-ın Qəzzada hərbi imkanlarını tamamilə aradan qaldırmağın illər lazım olduğunu bildirib. Polkovnik-leytenantın fikrincə, bunu etmək asan deyil: “Bu, vaxt və böyük hərbi təzyiq tələb edir. Gələn ilə qədər Tel-Əvivdə sirenlərin səssiz qalacağını düşünən hər kəs israilliləri çaşdırır”.

 

Netanyahunu qəzəbləndirən son açıqlamalardan biri də İsrailin kənd təsərrüfatı naziri Avi Dixter tərəfindən verilib. Dixter açıqlamasında bildirib ki, "Həmas rəhbərliyinin Qəzzada ləğvi məqsədi hələ reallaşmaqdan çox uzaqdır".

 

Netanyahunun Dixterə qəzəblənməsinin əsas səbəbi onun bir vaxtlar daxili təhlükəsizlik kəşfiyyatından məsul olan “Şin Bet”in direktoru və Netanyahunun lideri olduğu Likud Partiyasının üzvü olması idi. Bununla belə, Qəzza zolağında müharibə üçün qarşıya qoyulan hədəflərə qarşı çıxan Dixter, HƏMAS-ın qısa müddətdə aradan qaldırıla biləcəyinə inanmır və həll yolunun Qəzzəyə nəzarət altına almaq və ya Qəzzanı idarə edən siyasi qrupa alternativ yaratmaqdan keçdiyini düşünür.

 

İsrailli hərbi analitik Yoav Stern İsrail hökuməti ilə ordu arasında bu fikir ayrılığını şərh edərkən deyib:

 

“Bəzi dairələr düşünə bilər ki, bu açıqlamalar baş nazir Netanyahunun təmsil etdiyi İsrail hökuməti ilə ordu komandanlığı arasında fikir ayrılığının olduğunu göstərir. Hər iki tərəf HƏMAS-ı aradan götürmək və bu məqsədə çatmaq istəyir, lakin fikir ayrılığı yalnız məqsədin müəyyən edilməsindədir”.

 

Ordu rəhbərliyi ilə Netanyahu arasında gərginliyin ən yüksək səviyyədə olduğunu deyən Şternə görə, Netanyahu HƏMAS-ın hərbi imkanlarını məhv etməklə əldə oluna biləcək ən yüksək taktiki zirvəyə çataraq müharibənin hədəflərinin bitəcəyini düşünür. Ordu generalları isə HƏMAS-a alternativ yaratmaq istəyirlər ki, bu səyləri boşa çıxmasın. Di gəl ki, müharibə başlayandan bəri Netanyahu Qəzzada HƏMAS-a alternativ yaratmaqla bağlı bütün ideyaları rədd edib. İsrailin baş naziri onu tənqid edən açıqlamalara cavab olaraq deyib: “Qəzzadakı müharibədə böyük uğurlar gördüm. Biz HƏMAS-ın hərbi gücünü məhv etmək mərhələsinin sonuna yaxınlaşırıq. Biz HƏMAS-ın qalıqlarına zərbələr endirməyə davam edəcəyik”.

 

Netanyahunun fikrincə, müharibəyə son qoymaq üçün HƏMAS-ın hərbi və siyasi cəhətdən məğlub edilməsi kifayətdir: “Bu, HƏMAS-ın hər bir üzvünü məhv etmək yox, onların siyasi və hərbi imkanlarını əlindən almaq deməkdir”.

 

İsraildə HƏMAS-ın necə məhv olunması barədə müzakirələrin qızışması sözügedən təşkilat tərəfindən də diqqətlə izlənilir. HƏMAS Siyasi Bürosunun üzvü İzzat ər-Rişk mövzu ilə bağlı açıqlamasında bunu “İsrail ordusunun HƏMAS-ı məhv edilə bilinməyəcəyinin etirafı” kimi qiymətləndirərək, deyib: “Bu müzakirələr Həmas üçün qələbənin başlanğıcı deməkdir, İsrailin meydanda və strateji sahədə məğlubiyyətinin göstəricisidir”.

 




Ana səhifəyə qayıt        Baxış: 4 674          Tarix: 17-07-2024, 08:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma