
Bu yazım bəlkə bir çoxunuza qəribə gələ bilər, "Bu gözəl dövranda bu nə mövzudur?"-deyib haqlı olaraq etirazınızı bildirə bilərsiniz. Amma mən də haqlıyam, çünki yaxın və uzaq keçmişimizlə bu günümüz arasında körpü qurmağa calışıram, nələri itirib, nələri qazandığımızı ortaya qoyub düşünmək və düşündürmək istəyirəm.
Həm də bu elə bir məsələdir ki, çoban da olsan, şah da olsan, yoxsul, gün çörəyinə möhtaç da olsan, "Bunların hansından başlayım, hansı ilə davam edim?"-deyə süfrəyə baxanlardan da olsan, hər kəsin gedəcəyi bir məkandan bəhs etmək istəyirəm. Səbrli olun, düşünərək oxuyun.
Bəri başdan deyim, "Səmti-xamuş" dilimizdə arxaikləşmiş, bu gün işlədilməyən bir ifadədir. Bir zamanlar bu ifadə ilə qəbristanlıq, məzarlıq ifadə edilirdi, yəni sükut, sakitlik məhəlləsi.
Əcdadlarımız bu "sükut məhəlləsi"nə, onun harada salınacağına xüsusi diqqət yetirirdilər. Yəni, məzarlıq salmağın, oraları ziyarət etməyin də bir qayda-qanunu, ədəbi vardı.
Məzarlıqlar yaşayış məntəqəsinin - şəhərin, qəsəbənin, kəndin giriş-çıxışında, yol üstündə, hündür bir təpəlikdə salınırdı. Niyə?
O yaşayış məntəqəsinə gəlib-gedənlər, yoldan keçənlər o məzarlığı görsünlər, orada, o sükut məhəlləsində yatanlara bir "Fatihə" oxusunlar deyə, heç olmazsa, "Burada yatanlara Allah rəhmət etsin," desinlər, dua etsinlər, deyə.
Bir hədisi-şərifə görə kim bir məzarlığın yanından kecər və orada yatanlara dua edərsə, orada dəfn olunanların sayı qədər savab qazanmış olur.
Nə gözəl al-verdir; həm vəfat edənlərə dua etdirirsən, həm də dua edənlər, "Fatihə" oxuyanlar xeyli savab qazanmış olur.
Digər bir qayda. Keçmişdə məzarlıqlar bir mübarək zatın dəfn edildiyi yerdə salınarmış. Diqqət edin, qədim məzarlıqlar, hətta bu günkü məzarlıqların bir çoxu belə məhz bu məntiqlə salınıb.
Mən əvvəllər elə bilərdim ki, qəbristanlıqlardakı İmamzadələr, seyid ocaqları bu qəbristanlıq məşhur olduğu üçün burada salınıb. Sonralar öyrəndim ki, xeyir, əksinə, insanlar vəfat etmiş əzizlərini bu mötəbər adamların yanında dəfn etməklə bu məzarlıqlar meydana çıxıb. Çünki yenə bir hədis var: Vəfat etmişlərinizi xeyirli adamların yanında dəfn edin.
Bir başqa ədəb qaydası da vardı. Yeri gəlmişkən, Bakı, Sumqayıt xaric, digər yaşayış məntəqələrində bu qaydaya əməl edilir: Səmti-xamuşa, yəni məzarlıga girəndə orada dəfn olunanlara salam verib dua edilir və çıxarkən, yenə onlarla vidalaşıb, yenə dua edilir.
Girərkən: "Əssəlamü aleyküm əhləd diyarı minəl-möminin. Və inna inşaallahu biküm lahikün. Əs'əlüllahə ləna və ləkümü'l afiyəh." Yəni, “Salam sizə, ey bu diyarın mömin və müslim xalqı! İnşallah yaxında biz də aranıza qatılacağıq. Allahın bizi də, sizi də bağışlamasını diləyirəm.” (Müslim, Cənaiz 104. Nəsaî, Cənaiz 103; İbni Macə, Cənaiz 36).
Çıxarkən: "Əlvida, əlvida, ey əhləd diyarı minəl-möminin. Və inna inşaallahu biküm lahikün. Əs'əlüllahə ləna və ləkümü'l afiyəh." Yəni, “Əlvida, əlvida, sizə, ey bu diyarın mömin və müslim xalqı! İnşallah yaxında biz də aranıza qatılacağıq. Allahın bizi də, sizi də bağışlasın.”
Fikir verirsinizmi, hər iki halda insanın bu dünyada əbədi olmadığı, bir gün onun da buraya gətiriləcəyi təkrar edilir. Yəqin, insan bu dünyadan dördəlli yapışmasın, əbədi bir həyatın səyyahı olduğunu inutmasın, deyə.
Bu gün məzarlıqlarımız hündür təpələrdən alçaq dərələrə enmişsə, məzarlıqlar bahalığına və ucuzluğuna görə seçilirsə, o zaman dönüb öz səviyyəmizə baxmalı deyilikmi? Bu bizim səviyyəmizin ölçüsü deyilmi?
Biz şəhərləşdikcə bu əxlaqdan sürətlə uzaqlaşırıq. Qəbir ziyarəti çoxdan görüşməyən adamların ülfət yeri, yaş mərasimi bir qab plovla bir stəkan dovğa içib mollanın nə dediyini saymadan, Allahın kəlamı olan "Qurana" əhəmiyyət verməyib deyib-gülən, bununla da vəzifəsini başa vurduğunu sanan əbləh yığınına çevrilmisdir. Bunun fərqindəyikmi?
Burada Şekspirin Hamletin şəhadət barmağını gicgahına dayayıb sual verirdi: - To be, or not to be. That's the question (Olum, ya ölüm? Budur məsələ).
Məncə heç də kiçik məsələ deyildir.
Nazim Əkbərov,
Pedaqoq-publisist
Paylaş: