Xəbər lenti


“Bütün bəhs olunan amilləri bir araya gətirəndə ortaya bu həqiqət çıxır: Pəhləviçilik İranın ölü tarixidir və ölüləri heç kim dirildə bilməz...”

 

“İranın aparıcı sosial bazalarından olan farslar da Pəhləviçiliyi qəbul edəcək qədər gericilikçi deyillər. Onlar demokratik rejimdə yaşamağa çalışırlar...”

 

“Böyük fədakarlıq göstərib mollakratiyanı yıxan İran xalqı yenidən hansısa şahın boyunduruğu altına girməkdəndirsə, indiki rejimin qalmasına razı olacaq...”

 

Məlum olduğu kimi, İsrailə bağlı bəzi saytlarda yayılan məlumata görə, İranın sonuncu şahının oğlu və vəliəhd şahzadə Rza Pəhləvi İsrailin bu ölkəyə hücumundan sonra yaranmış vəziyyətdən yararlanaraq İran xalqını hazırda küçələrdəki etiraz aksiyaları ilə rejimi devirməyə çağırıb. Bundan əlavə, bəzi mənbələr onun Amerikada İsrailin bir neçə nazirləri ilə görüşdüyünü və onlarla birgə fotolar da paylaşdığını bildirir. Xatırladaq ki, şahzadə Rza Pəhləvi 2023-cü ilin aprelində Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu və həyat yoldaşı Sara Netanyahu ilə, həmçinin İsrail prezidenti ilə də görüşüb.   

 

Bəs görəsən, şahın varisini İran daxilində dəstəkləyən real qüvvələr varmı və onun bu çağırışını ciddiyə almaq mümkündürmü?..


Siyasi şərhçi Heydər Oğuzun Moderator.az-a bildirdiyinə görə, o, şahzadə Rza Pəhləvinin İranda hakimiyyətə gəlmə ehtimalına inanmır:

 

“Pəhləvi ailəsinin İranda ciddi dəstəyi yoxdur. Bu ailənin xüsusilə İran-İraq müharibəsində Səddam Hüseynin yanında yer alması xalq arasında olan-qalan nüfuzlarını da itirməsi ilə nəticələndi. Hazırda belə, ABŞ-dan çox İsrailin yanında yer alması, yəhudilərin “Ağlama divarı” adlanan ziyarətgahının qarşısında şəkil çəkdirməsi də İran toplumu tərəfindən çətin həzm olunan əməllərdəndir. Son zamanlar verdiyi açıqlamalarda da milli azlıqların, xüsusilə Azərbaycan türkləri (burada söhbət hüquqi baxımdan gedir) barəsində hədyanlar danışması onun populyarlığına müsbət yox, mənfi təsir göstərmişdir. 40 milyona yaxın Azərbaycan türkünün könlünü almadan isə İranda hakimiyyətə gəlmək müşkül məsələdir”.

 

Hər dəfə İranda inqilabi əhval-ruhiyyə yüksələndə özünü “yuyulmamış qaşıq kimi ortaya atan” Rza Pəhləvinin bu davranışının “mollakratiya”ya  xidmət etdiyini bildirən Heydər Oğuz xatırladıb ki, özünü “şahzadə” adlandıran bu adam Tramp hakimiyyətinin birinci dövründə də eyni addımı atmışdı: 


“Amma bu təşəbbüsü heç bir nəticə verməmişdi. İranda 2017-ci ilin dekabrında başlayan və 2018-ci ilin yanvar ayına qədər davam edən küçə iğtişaşları zamanı bəzi etirazçılar Pəhləvi sülaləsini dəstəkləyən şüarlar səsləndirsə də,  “şahzadə” başqa siyasi qruplardan və ya cəmiyyətin müxtəlif təbəqələrindən kifayət qədər dəstək görməmişdi. Sonunda Rza Pəhləvi məcbur qalıb İranın müxtəlif siyasi qrupları arasında əlaqələndiricilik missiyasını həyata keçirə biləcəyini demişdi. Halbuki, İranda fəallıq göstərmək potensialı olan qrupların heç biri onu rahatlıqla qəbul edə biləcək düşüncədə deyildilər, yenə də olmayacaqlar. Məsələn, uğuruna böyük ümidlə baxılan Xalqın Mücahidləri  Təşkilatının ən böyük düşməni Pəhləvi sülaləsidir. 1960-cı illərdə bu sülaləyə qarşı amansız mübarizə aparmaq üçün yaradılan təşkilat 1970-ci illərin ortalarında Xomeyni tərəfdarları ilə birləşmiş və inqilabdan sonra yeni rejimə qarşı da müxalif mövqe tutmuşdu. Nəticədə yüzlərlə tərəfdaşını qurban verərək ölkədən qaçmışdı. Eynilə İran kürdləri, beluclar, ərəblər də ideoloji baxımdan Pəhləvinin yanında ola bilməzlər. Çünki onların məqsədi nəinki hansısa krallığın nökəri olmaq deyil, əksinə İrandan ayrılmaqdır. Rza Pəhləvi isə İranı yenidən mollakratiya rejimindən krallığa aparmaq istəyir. İranın aparıcı sosial bazalarından olan farslar da Pəhləviçiliyi qəbul edəcək qədər gericilikçi deyillər. Onlar demokratik rejimdə yaşamağa çalışırlar. Bütün bəhs olunan amilləri bir araya gətirəndə ortaya bu həqiqət çıxır: Pəhləviçilik İranın ölü tarixidir və ölüləri heç kim dirildə bilməz...”


Heydər Oğuzun fikrincə, Rza Pəhləvinin ABŞ və İsraildəki müəyyən qüvvələr tərəfindən qəbul olunmasının bir səbəbi var: “İranda ciddi siyasi dəyişikliklərə nail olmaq istəyən xarici qüvvələr toplumun bütün kəsimlərini mübarizəyə cəlb etməyə çalışırlar. Rza Pəhləvi də müəyyən marjinal qrup tərəfindən dəstəklənən fiqurdur. Təbii ki, onun da bu proseslərdə yer almasına yaşıl işıq yandırılıb. Amma bu o demək deyil ki, Rza Pəhləvi mütləq İran şahənşahı olacaq. Hətta deyərdim ki, hadisələr irəlilədikcə, “şahzadə”yə “sənin missiyan bitdi, artıq dəyişim prosesinin önündə əngələ çevrilirsən”, deyib onu kənarda saxlayacaqlar. Əks halda, böyük fədakarlıq göstərib mollakratiyanı yıxan İran xalqı yenidən hansısa şahın boyunduruğu altına girməkdəndirsə, indiki rejimin qalmasına razı olacaq...”

 

Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 5 922          Tarix: 20-06-2025, 11:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma