Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
Səudiyyə Ərəbistanı dünən gecə 10-larla yüksək rütbəli məmurun istefa xəbərlərilə çalxalanıb. Ölkə kralı Salman bin Əbdüləzizin fərmanlarıyla bir çox önəmli fiqur öz postuyla vidalaşıb.
Ovqat.com-un bildirdiyinə görə, vəzifəsindən uzaqlaşdırılan iri məmurlar arasında ölkənin Vaşinqton səfiri, kəşfiyyat idarəsinin sədr müavini, Quru qüvvələri Komandiri və bəzi nazirlər də var.
Səudiyyə Ərəbistanı Kralı Səlman bin Əbdüləziz tərəfindən geniş miqyaslı kadr dəyişikliyi üçün bir gündə 40-dan çox kraliyyət fərmanının imzalandığı xəbər verilir.
Kadr islahatları sayəsində üzü gülənlərin arasında kralın 2 oğlu da var. Kralın övladlarından biri Əmir Xalid bin Salman Vaşinqton səfiri Abdullah bin Faysalı əvəz edib. Digər oğul Əmir Əbdüləziz bin Salman isə Enerji naziri vəzifəsinə təyin olunub.
Səudiyyə Ərəbistanında “inqilabi dəyişikliklər” yalnız kadr islahatları ilə də məhdudlaşmayıb. İqtisadi və sosial təhlükəsizlik siyasətində də önəmli qərarlar verilib. Məlumata görə, ötən ilin sentyabrda iqtisadi böhrandan dolayı təxirə salınan sosial yardım və əlavə ödənişlər kralin əmrlərilə yenidən bərpa olunub. Həmçinin Yəməndəki Husilərlə döyüşlərdə xidmət edən hərbi qulluqçulara və təhlükəsizlik xadimlərinə iki əlavə maaş müavinətı ödənilməsi qərarlaşdırılıb.
Bəzi kadr islahatları lap Azərbaycansayağı olub-məmurlar ya kreslodan zindana, ya da hakimiyyət ierarxiyasında bir yerdən başqa yerə göndəriliblər. Məsələn, Quru qüvvələri komandiri general-leytenant Aid bin Avad bin Aid əş-Şələvi vəzifəsindən uzaqlaşdırılaraq Müdafiə Nazirliyinə baş müşavir təyin edilib. Səlahiyyət müddəti başa çatan Kəşfiyyat İdarəsinin sədr müavinin yerinə isə Koalisiya sözçüsü Əhməd Həsən Asiri gətirilib. Ölkədə Təhlükəsizlik Şurasının qurulmasına və rəhbərliyinə Məhəmməd Qafilinin gətirilməsinə, Sosial məsələlər naziri Xalid bin Abdullahın isə vəzifədən uzaqlaşdırılaraq, haqqında cinayət işi açılmasına qərar verilib.
Səudiyyə Ərəbistanı ierarxiyasında əhəmiyyətli yerə sahib olan Mədəniyyət və İnformasiya naziri Adil Tureyfi də vəzifəsini itirənlərdən olub. Onun yerinə Avad min Saleh əl-Avad təyin edilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Nazirlər Şurasının Baş Katibi, İnvestisiya Baş Katibi, Meteorologiya və Ətraf Təhlükəsizlik Ümumi Katibliyi, Gömrük Ümumi Müdirliyi, Bələdiyələr Nazirliyi kimi bir çox “Əmirliklərə” "əmir müavinləri" təyin olunub.
Səudiyyə Ərəbistanında həyata keçirilən bu islahatlar saraydaxili mübarizənin ən ciddi həmləsi kimi qəbul edilir. Krallıq yöntəmi ilə idarə olunan ölkədə bütün nazir və komitə rəhbərləri bir tayfanın nümayəndələrindən təşəkkül tapır. Konstitusiyaya görə, əmioğlu kralların bir-birini əvəz etdiyi ölkədə elitar nəslin nümayəndələrinin ömrü uzun olduğundan uzun illər kadr dəyişikliyi aparmaq imkansız hala gəlir. Bu da bütün sahələrdə durğunluq və inhisarlaşmalara yol açır.
Ölkənin indiki kralı kifayət qədər yaşlı və ağır xəstə olduğundan vəzifəyə gəldiyi ilk gündən bəri hakimiyyətdaxili mübarizələr qızışmış, Səudi əmioğluları arasında zirvəyə dırmanmaq yarışını sürətləndirmişdi. Kralın iki mühüm vəzifəyə öz oğlunu təyin etməsi də hər an yaşana biləcək növbəti kral itkisi vəziyyətində hakim ailənin mövqeyini möhkəmlətməyə xidmət edir. Krallıqda seçkiylə hakimiyyət piramidasının ən uca zirvəsinə çatmaq ənənəsi olmadığından xalqın yox, ABŞ-ın xeyir-duasını almaq siyasi yüksəlişin əsas yoludur. Kralın oğullarından birini ABŞ-a səfir göndərməsi bu mənada təsadüfi deyil. Krallığın əsas gəlir mənbəyi enerji resurslarının ixracından gələn qazanc olduğundan digər oğulun məhz Enerji naziri təyin olunmasında da, görünür, pula, sərvətə nəzarət, dolayısıyla Səudi ierarxiyasında yerini möhkəmlətmək məqsədi güdülür. Zira krallığı ayaqda tutan bu sahə kimin əlindədirsə, gələcəyin hakimi də o olur.
Kadr islahatında ordu və təhlükəsizlik orqanlarının xüsusi yer tutması da hakimiyyət ierarxiyasının əsas şərtiylə bağlıdır. Heç uzağa getməyək, indiki kral Salman bin Əbdüləziz də hakimiyyətə məhz Müdafiə naziri postundan gəlmişdi.
Bütün bu amilləri nəzərə alsaq, Səudiyyə Ərəbistanında baş verən kadr islahatları əslində kralın öz əmioğlanlarına qarşı “dövlət çevrilişi” kimi xarakterizə edilə bilər.
Heydər Oğuz
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar