Xəbər lenti

 

Artıq 9 gündən sonra Şimali İraqda müstəqillik referendumu keçiriləcək. Regionun bütün dövlətləri-Türkiyə, İran, Suriya, hətta uzaq qonşu Rusiya belə, İraqın torpaq bütövlüyünün qorunmasını əsas gətirib refenduma açıq şəkildə qarşı çıxırlar. Bərzaninin əsas himayədarları sayılan Amerika, İngiltərə kimi dövlətlər belə, üzəvari də olsa, Bərzanini öz sevdasından geri çəkilməyə çağırırlar.

Kürdlərin öz aralarında da referenduma qarşı çıxanlar az deyil. Şimali İraq Kürd Muxtariyyətinin ana müxalifət partiyası Goran Hərəkatı da referendumun keçirilməsini istəməyənlərdəndir.

Bu qədər qarmaqarışıq vəziyyətdə Bərzaniyə ən böyük dəstək isə kimdən gəlsə yaxşıdır - türkmənlərdən. Dünən iki türkmən millət vəkili - Muna Qəhvəçi və Türkmən İnkişaf Partiyasının Sədri Məhəmməd Sadəddin Elxanlı referendumu dəstəkləyən açıqlamalar veriblər. Həmin açıqlamadan bir gün əvvəl isə yenə Məhəmməd Sadəddinin yazılı bəyanatı İraq mətbuatında dərc olunub və ciddi polemikalara yol açıb.

“Axına qarşı üzgü” nümunəsi olan həmin bəyanatı Ovqat.com oxucularına təqdim edirik:

“Referendum təbii və demokratik bir vasitədir və bütün dünya dövlətlərində aparılır. Dünyanın ən inkişaf etmiş ölkələrindən İngiltərədə də, ən geri qalmış dövlətlərindən Sudanda da referendum keçirilib. Onun üçün referendum Kürdüstan bölgəsinin icad etdiyi bir şey deyil və İraq konstitusiyasında da təsbit edilmişdir.

 Türkmənlərin gerçək nümayəndəsi olduğumuz üçün referenduma "Bəli” dedik, çünki türkmənlər referendumu dəstəkləyirlər. Türkmənlər özlərini Kürdlərlə eyni cəbhədə görür və gələcəkdə birlikdə yaşamaq istəyirlər.

 Bir millətin iradəsi bir neçə siyasi tərəfin plan və siyasi proqramından daha üstündür. İraq dövləti yaranandan bu yana türkmən və digər etnik qrupları assimilyasiya etmişdir. Ən adi haqlarından təcrid edilmiş və varlıqları belə inkar edilmişdir. Türkmənlər də kürdlər kimi bir əsr daha gözləmək niyyətində deyillər. Bu məkanda mədəni, çoxmillətli və demokratik bir dövlətin inşası üçün referendumu dəstəkləyirlər.

 Türkiyə ilə mədəni, iqtisadi ortaq maraq bağları olan bir rayonun inkişaf etməsi və rəsmiləşməsi müsbət bir şeydir. Türkiyə üçün Yaxın Şərqdə yeni bir müttəfiq və yaxşı bir qonşu doğulur. Türkiyə uzun müddətli strateji müttəfiq axtarırsa, Kürdüstana dəstək verməlidir.

 Türkmənlərin milli və siyasi hüquqlarına gəlincə... Türkmənlərə vəzifə verilərkən seçkinin nəticələrinə görə deyil, millət olmalarına görə verilməlidir. Hökumətimizdə türkmən mədəniyyət və təhsil baş idarələrimizin olduğu doğrudur. Lakin mədəni haqların alınması ilə icraedici orqanlarda türkmənlərin iştirak etməsi arasında fərq vardır.

 Türkmənlər qanunverici və icra orqanlarında millət olaraq təmsil edilməli və özlərini siyasi uzlaşma içində görməlidirlər. Türkmənlər bütün mərhələlərdə və hadisələrdə milli mənfəətləri istiqamətində hərəkət etmişdir. Amma strateji və milli məsələlərdə kürdlərlə eyni cəbhədədirlər.

 Həm beynəlxalq təşkilatlarda həm də yerli qurumlarda Ərbil ilə Bağdadın masaya oturması və dialoq qurmasını istəyirik. İraqın mərkəzi hakimiyyəti il\ dialoqların davam etməsinə və müzakirədə Birləşmiş Millətlər Təşkilatı ilə Amerika kimi böyük güclərin müşahidəçi və ya nəzarətçilərin iştirakına müsbət baxırıq.

 Əgər Kürdüstan siyasi rəhbərliyi ciddi bir siyasi mövqe nümayiş etdirməsəydi, regiondakı etnik qrupların birliyi-bərabərliyi olmasaydı və referendumdan geri dönüşün mümkünsüzlüyü qənaətinə varılmasaydı, şiə çoxluqlu Bağdad rəhbərliyi bu cür çarəsizlikdə qalıb müsahibə və mətbuat açıqlamaları ilə kifayətlənərdilərmi?”




Ana səhifəyə qayıt        Baxış: 2 802          Tarix: 16-09-2017, 09:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma