Xəbər lenti

 

Gələn ayın axırında keçiriləcək referendumuna hazırlaşan Şimali İraq kürd müxtariyyəti müstəqillik arzularının ağır bədəlini iqtisadi tənəzzüllə ödəyə bilər. Bunun ilk mesajının artıq mərkəzi Bağdad hökumətinin Kərkük neftinin nəqlini dayandıqmaqla verdiyi bildirilir.

Ovqat.com İraq mətbuatına istinadən xəbər verir ki, ölkənin Neft naziri Kərim Xəttab Cəfəri dünən təmsil olunduğu hökumətin qəti qərarını açıqlayıb: "Quzey Neft Şirkətindən kürd muxtariyyətinə  neft nəqli dərhal dayandırılmalı, əlavə istehsala isə son verilməlidir."

Nazirin yaydığı yazılı açıqlamada nəqlin dayandırılmasının səbəbi  göstərilməyib.

Qeyd edək ki, Şimali İraqın iqtisadiyyatı tamamilə neft gəlirlərinə bağlıdır. Bölgənin neft hasılatının böyük hissəsi isə Kərkükdəki quyulardan əldə olunur.

Bildirildiyinə görə, bu qədim türkmən əyalətində 5 neft yatağı fəaliyyətdədir. Onlardan 3-ü Bağdad mərkəzi hakimiyyətinə bağlı Quzey Neft Şirkəti tərəfindən işlədilir. Digər iki quyu isə müxtariyyətin istismarındadır. Kərkükdən çıxarılan neft muxtariyyətə, ordan isə Türkiyənin Ceyhan limanına nəql olunur.

Bu kəmərlə neft nəqlinin dayandırılması rəsmi Ərbili xeyli çətin vəziyyətə sala bilər. Necə ki, ötən il də Bağdad heç bir səbəb göstərmədən nəqli dayandırmış, Şimali iraqlılar ciddi problemlərlə qarşı-qarşıya qalmışdılar.

Bağdad hökumətinin Şimali İraqda müstəqillik referendumu yaxınlaşdığı ərəfədə yenidən eyni addımı atması təsadüfi görünmür. Mütəxəssislər bunu bölgə xalqına iqtisadi təzyiq kimi qiymətləndirir və beləcə, “müstəqillik istəyirsinizsə, acından ölməyə də hazır olmalısınız” mesajının verildiyinə inanırlar. Ehtimal doğrudursa, məlum qərarın istənilən nəticəni verməsi üçün hələ uzun zaman neft nəqlinin dayandırılacağı istisna edilmir.




Ana səhifəyə qayıt        Baxış: 1 606          Tarix: 8-08-2017, 09:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma