Xəbər lenti

 

İraqın şimalındakı Kürd muxtar vilayətinin müstəqillik referendumu üçün zaman daraldıqca ölkədə növbəti etnik qarşıdurma ehtimalı böyüyür.

Ovqat.com-un İraq mediasına istinadən verdiyi məlumata görə, ölkənin orta və cənub bölgəsində yaşayan və “Feyli kürdlər” kimi tanınan vətəndaşlar şiə iraqlılar tərəfindən təhdid olunmağa başlayıblar. 

Təhlükənin ciddi həddə çatdığı və bəzi şəhərlərdə Feyli kürdlərin evlərinə, "Bölgəni tərk edin, Kürdüstana gedin" yazılı təhdid məktublarının göndərildiyi, vəziyyətdən xeyli narahatlıq duyanlardan bəzilərinin artıq işə gedə bilmədikləri xəbər verilir. Təhdidlər qarşısında silahlı dirəniş gücü qurmağa çalışan Feyli kürdlərinin tayfa liderləri dünən axşam bir araya gələrək 600 nəfərdən ibarət müdafiə dəstəsi yaradıblar.

Tayfa liderləri arasında referenduma qarşı çıxanlar da az deyil. Onlardan biri mətbuata açıqlamasında bütün Feyli kürdlərinin referenduma dəstək vermədiklərini və gözlənilən qarşıdurmanın qurbanı olmaq istəmədiklərini söyləyib.

Kürdlərlə yerli əhali arasında gərgin münasibətlər İraqın yalnız cənub və mərkəzi hissəsində deyil, şimalında da arzuolunmaz həddə yüksəlib. Xüsusilə türkmənlərin çoxluqda olduğu bölgələrdə vəziyyət həddindən artıq kritikdir. Hətta Tuzxurmatu şəhərində iki müxtəlif milli qrupun yaşadığı bölgələr arasında postların qurulduğu, kürdlərin türkmən, türkmənlərin kürd məhəllələrinə  keçişlərinin məhdudlaşdırıldığı bildirilir. Bölgə hər an partlamağa hazı olan barıt çəlləyini xatırladır.

İraqın şimalında referendumun 25 sentyabrda keçirilməsi planlaşdırılır və qarşıdan gələn payız aylarında gərginliyin konflikt səviyyəsinə yüksələcəyi güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 081          Tarix: 27-06-2017, 15:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma